
Gəncəbasar aşıq mühiti bir tərəfdən də indiki Qazax rayonunun bütöv inzibati ərazisini əhatə edir. Adətən, zəngin ədəbi bir mühit kimi tanıdığımız Qazax bölgəsi həm də bir aşıq ocağıdır. Tarixin müxtəlif dövrlərində bu bölgədən olan ustad aşıqların, o cümlədən şair və yazıçıların, ziyalıların aşıq sənətinin inkişafı istiqamətində böyük xidmətləri olmuşdur. Güman edirəm ki, bu haqda əlavə şərhə və sübuta ehtiyac yoxdur. Bu günün özündə belə saza-sözə meylli bütün insanların hər yerdə, ilk növbədə, məhz qazaxlı hesab edilmələri bunu təsdiq edən ən bariz amillərdəndir.