DataLife Engine > Çap üçün versiya > Görünən dağa nə bələdçi?!
DataLife Engine Azerbaijan Support > Cəmiyyət, Manşet, Üst manşet > Görünən dağa nə bələdçi?!

Görünən dağa nə bələdçi?!


12-12-2017, 13:29. Yerləşdirdi: memmedov
...Bu həftə bir gün fərqi ilə Azərbaycanın iki dəyərli şəxsiyyətinin- Azərbaycanın adını dünya elmində parlaq imza ilə şöhrətə mindirən Xudu Məmmədovun və Azərbaycanın tikinti və arxitektura mədəniyyətinə səliqə-sahman, şöhrət gətirən “Şöhrət” ordenli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun yubileyidir. Xudu müəllimin 90, Abbas müəllimin isə 80 yaşı tamam olur.

Qarabağ dərdinə dözməyərək haqq dünyasına qovuşmuş Xudu Məmmədovun elmi fəaliyyətinə kitab dilində bələd olsam da, Abbas Ələsgərovun Bakı kimi necə gəldi tikilməyə itələnmiş paytaxtın arxitektura və tikinti həyatına kitablardan yox, paytaxtın sakini kimi gündəlik həyatımda nəzər yetirmişəm. Xudu Məmmədovun barəsində başqa bir yazıda bəhs etdiyimdən, sadəcə, bu yazıda onu dərin hörmətlə xatırlamağı özümə borc bildim...

Tikilə-tikilə sökülən, sökülə-sökülə tikilən Bakının tikinti nəzarətçisi...

...Abbas Ələsgərovla bir müddət əvvəl, ilk dəfə olaraq canlı görüşüm olmuşdu və bu təəssürat sonradan yazıya çevrilmişdi. Yubilyarın ad günündə bu görüşün bəzi detallarını yenidən xatırlamaq yəqinki yerinə düşər.
Abbas müəllimlə əvvəllər tanışlığım olmayıb. Amma qiyabi olaraq yaxşı tanımışam, fəaliyyətinə dair məlumatım yetərincə olub. Onun rəhbərlik etdiyi komitəyə basqıları da, bu basqıların nə üçün və hardan gəldiyini də yaxşı bilirəm. Və hətta bəzən düşünmüşəm ki, bu bəstəboy KİŞİ Bakını nəfəsçatladan həddə gətirə biləcək “qarış-qarış tikmək” həvəsində olan iri ranqlı məmurların qarşısında, görəsən, necə tab gətirəcək? Bir halda ki, Bakı kimi yaşı min illəri ötən, minlərlə belə “sök-tik”ləri görmüş paytaxt bu vurhavura dözübsə, Abbas müəllimin də sağdan-soldan təzyiq və təpkilərə baxmayraq, özü demiş, göydə Allaha, yerdə Prezidentin iradəsinə və özünün vicdanına, Bakının gələcək taleyinə məsuliyyəti onu əyilməyə, sınmağa qoymayıb.
Bu gün Bakı onun paytaxt adına yaraşmayan tikililərdən azad olunursa, neçə illər əvvəlki “Necə və harda istəyirəm, tikəcəm!” hikkələrdən xilas olubsa, bilirəm ki, bunlar məhz Abbas Ələsgərovun dirənişi hesabına baş verib... Yasamalda, Binəqədidə, Xətaidə, Bakının mərkəzi rayonlarında köhnə birmərtəbəli, küçələrindən yalnız fayton keçə biləcək evlərin yerində parklar salınıb, evlər tikilirsə, bunun müəllifinə ən yksək alqış düşür.

“Özü kölgəli, gözü kölgəsiz...”

...Həmkarım Ənvər Çingizoğlunun bir ədəbi qəhrəmanımız barədə yazdığı fikrini xatırlayıram. Qəhrəmanımız bu dəli-dolu cəmiyyətdə həqiqətən də heç kimdən çəkinmirdi, haqqını tələb edirdi, sözünü deyirdi. Bunun səbəbi o idi ki, o, özü kölgəli, gözü kölgəsiz idi...
***
...Abbas müəllimin ətrafı ilə, onu tanıyanlarla söhbət etmişəm. Onun necə rəhbər işçi olduğunu soruşmuşam... Adətən, məmurlar haqqında haqlı-haqsız müxtəlif sözlər deyilib, deyilir. Birmənalı olaraq mənə məlum olub ki, Bakının bu böyük təəssübkeşinin heç kimdən və heç nədən təmənnası yoxdur. Əgər kiminsə yanında gözü kölgəli olsaydı, heç vaxt bu qədər tikinti maqnatlarının qarşısında duruş gətirməzdi və dirəniş göstərməzdi...
***
Qısa arayış: Ələsgərov Abbas Abbas oğlu, 13 dekabr 1937-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini başa vurduqdan sonra müxtəlif sahələrdə və vəzifələrdə çalışıb... 1962-ci ilə qədər Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Əsaslı tikinti şöbəsində mühəndis, həmin tarixdən 1976-cı ilədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Tikintidə yeni texnikanı tətbiq edən trest “Orqtexstroy”də Layihənin baş mühəndisi, şöbə müdiri və trestin baş mühəndisi,1977-ci ilədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 №-li Trestinin 42 №-li Tikinti İdarəsində baş mühəndis vəzifələrində işləmişdir. 1977-ci ildən 1982-ci ilədək SSRİ Dövlət Tikinti Komitəsinin “Azərdövlətsənayelayihə” İnstitutunda baş mühəndisin müavini, 1983-cü ilədək “Bakıbaştikinti”nin Layihə - Konstruktor Texnoloji Bürosunda direktor və 2007-ci ilə qədər Bakı şəhər İH-nin Bakı Dövlət Layihə İnstitutunun direktoru işləmiş, 2007-ci ildən hazırkı dövrədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədridir... Abbas Ələsgərov “Azərbaycan SSR əməkdar mühəndisi”, “Azərbaycan Respublikasının əməkdar memarı” fəxri adlarına layiq görülüb, Ali mükafatlarla-”Şərəf Nişanı”, “Xalqlar Dostluğu” və “Şöhrət” ordeni ilə təltif olunub.

Elə gördüyümüz kimi də olan Abbas Ələsgərov...

Məqamıdır deyim, Abbas Ələsgərovla ilk və son görüşümüzü, kabinetinə daxil olub hal-əhval tutduğumuz anları bir də xatırlayıram. Nə üçün “Olduğu kimi görünən insan” dedim, bunun açması indi yəqinki lap yerinə düşər: adətən jurnalistlər hansısa statuslu şəxs barədə, təbii ki, tərifli (müsbət), yazı dərc edəndən sonra həmin şəxsin özünə, yaxud köməkçisinə zəng vurub məlumat verirlər... Mən də Abbas müəllim haqqında tərifli demirəm, amma olanları olduğu kimi yazdığım məqalənin dərcindən sonra zəng edib mənə təşəkkür edənlərin bir sualına susurdum: “Abbas müəllim bilirmi? Bilmirsə, zəng elə, görüş və...” sair... Deyirdim ki, axı niyə zəng edim?! Axı mən bu yazını qarşı tərəfin zəng vurub minnətdarlıq etməsi üçün yazmamışam, sadəcə, bir jurnalist və insan borcumu yerinə yetirmişəm. Və bu yazının dərcindən təxminən on gün keçdi, birdən telefonuma maraqlı bir nömrədən zəng gəldi. Abbas müəllim idi... Məni görüşə dəvət etdi. Görüşdük. Bilirsinizmi o, məni niyə dəvət etmişdi? Sözlərini olduğu kimi təqdim xatırlayıram: “...Mənə dedilər ki, bir qeyri-adi yazı yazmısan. Qəzeti gətirdilər, oxudum... Dedim, yəqin özü zəng vuracaq, xəbər verəcək. Düşündüm ki, əgər zəng vursanız, biləcəm ki, məqsədiniz nədirsə, başqadır... Amma siz zəng vurmadınız. Dedim, həəə, bu kimdirsə, əsl mənim adamımdır... Sizi, bunları diqqətinizə çatdırmaq üçün dəvət etdim ki, mən də bir iş görürəmsə, kiməsə, yaxşılıq edirəmsə, ona heç vaxt məlumat vermirəm. Çünki “Balıq bilməsə də, xaliq biləcək”. Sən təmənnasız jurnalist olduğunu sübut etdin...”.
Təvazökarlıqdan çox-çox uzaq olsa da, mən bunları dilə gətirməli idim. Ona görə yox ki, Abbas müəllim mənim kim olduğumu dəyərləndirmişdi. Ona görə yazdım ki, Abbas müəllimin kim olduğunu, nə qədər açıq ürəkli, səmimi və sadə insan olduğunu, bir də olduğu kimi göründüyünü bilməyənlər bilsin...
***
...Yazımın əvvəlində böyük alim Xudu Məmmədovu elə belə xatırlamadım. Dekabrın 13-də Abbas müəllimin, dekabrın 14-də isə Xudu Məmmədovun ad günüdür. Maraqlı tarixdir... Bir də bilirsiniz nəyə görə maraqlıdır, mən Abbas müəllimlə yuxarıda xatırlatdığım birinci görüşümüzdə dərc olunmuş yazıya dair kiçik incikliyini görəndə Xudu müəllimlə bağlı bir hadisəni də xatırlamışdım, həmin yazımda vermişdim (Təsadüfə baxın ki, indi-iki dəyərli insanın gün fərqi ilə ad günlərinə bir gün qalmış bu yazı dərc olunur və mən həmin hadisəni yenidən xatırlamalı oluram).
Yazıdan sitat: “Hiss edirəm ki, yazıdakı bir neçə məsələ Abbas müəllimin bərk xətrinə dəyib. Duyğulu görüb deyirəm:
- Abbas müəllim, Xudu Məmmədovu tanıyardınız...
Üzümə suallı nəzərlə baxıb “Əlbəttə!”, - deyə cavab verir:
- Böyük alim idi, yaxşı insan idi...
- Bir gün Xudu müəllim xəstələnir və evdə heç kimə demədən o vaxt “Kəndçilər xəstəxanası” deyilən xəstəxanaya gedir. Onu 10-15 adamlıq bir palataya yerləşdirirlər... Bir gün yaxın dostu Bəxtiyar Vahabzadə Xudu müəllimin uşaqlıq dostu və qohumu Yusif Səmədova (Neftayırma zavodunun direktor müavini olub) zəng edib deyir ki, Xududan xəbər yoxdur, evdə də harda olduğu bilinmir, təcili öyrən gör hardadır... Yusif müəllim çətinliklə də olsa öyrənir ki, Xudu müəllim xəstəxanadadır... Bir yerdə gedirlər ora. O vaxt həmin xəstəxananın baş həkimi, səhv etmirəmsə, Əlfəddin Abdullayev olur, Bəxtiyar müəllimin gəlişini eşidib onu bütün tibb personalı ilə qarşılayır, amma bilmir ki, nəyə gəlib. Onlar bir-bir palataları gəzib Xudu Məmmədovu axtarırlar. Nəhayət, Xudu müəllimi 10-15 nəfərlik umumi bir palatada tapırlar. İçəridə yemək bişirən kim, kənddən diri gətirdiyi çolpaları kəsimə hazırlayan kim, radio oxudan kim... Görürlər ki, Xudu müəllim lap küncdə çarpayısına uzanıb kitab oxuyur. Bəxtiyar müəllim hirsli vəziyyətdə ona yaxınlaşır və “Xudu, bu nə məsələdir, sən niyə bizə demədən belə bir çirkli, pinti... palataya yerləşmisən?” Həkimlər və baş həkim də Xudu müəllimi görəndə şok düşürlər ki, dünya şöhrətli bir alim niyə kimliyini deməyib, tanışlıq verməyib...
Xudu müəllim çarpayıdan ayağa qalxıb heç nə olmamış kimi deyir:
- Bəxtiyar, əsəbləşmə... Heç bilirsən mən bu on gün ərzində burada nəyi kəşf etmişəm? Sensasiyadır eyyy... Desəm, inanmazsınız, tibb elmində inanılmaz bir hadisədir...
Abbas müəllim diqqətlə mənə qulaq asır. Ürəyimdə düşünürəm, yəqin deyir ki, mən bunu çap etdikləri yazı ilə bağlı izah verməyə çağırmışam, o isə gör mənə nələri danışır... Və bunu hiss edirmiş kimi mənə diqqətlə qulaq asan Abbas müəllimdən təsdiqləyici mövqe istəyirəm:
- Abbas müəllim, sizi yormadım?
- Nə danışırsan, danış, danış görüm o nə kəşf imiş elə...
Söhbətimi davam etdirirəm:
- Və hamı Xudu müəllimə diqqət kəsilir ki, bu kişi belə bir pinti, toz-torpaqlı palatada nəyi kəşf edib görəsən? Nəhayət, Xudu müəllim deyir: “Bəxtiyar, mən burda kəşf etdim ki, sən demə, belə zir-zibilli, tarakanlı, çirkablı... palatada hər gün neçə-neçə adam sağalıb evə gedirmiş...”.
Abbas müəllim ürəkdən gülür... Onun üz cizgilərində əvvəlki talx ovqatdan əsər-əlamət qalmır. Sonra yavaşca əyilib Bakının Baş Planını əks etdirən iri bir albomu mənə göstərir:
- Bunu ilk dəfə mən nəşr etdirdim, indiyədək belə bir Baş Plan olmayıb... Bakı belə olmalıdır. Bu, mənim mənə qoynunda yer vermiş paytaxtımın qarşısında məsuliyyətimdir...”.
***
...İstərdim ki, bu yazını da həmin o məsuliyyət ovqatı ilə tamamlayaq: bəli, hər birimizin qürur mənbəyimiz və paytaxt şəhərimiz Bakının görmək istədiyimiz gələcəyinin arxitektura və tikinti müəlliflərindən biri də Abbas Ələsgərovdur.
Abbas müəllimin 80 illik yubileyində-yaşının bu müdrik zirvəsində gənclik həvəsi ilə gümrah qalmasının səsəbi bilirsiniz nədir? Bütün varlığı ilə bağlı olduğu, dünyaya göz açdığı Bakının gələcəyinə məsuliyyəti! O məsuliyyət ki, onu Bakının gözəlliyi, tarixiliyi və gələcək inkişafı yolunda əlindən gələni etməyə mübariz edib... Və vacib oan budur ki, “Şöhrət” ordenli Abbas Ələsgərovun şöhrətini daha da uca etməyə çalışdığı Baıkının gələcəyinə hesablanmış bu mübarizədə güvəndiyi bir şəxs var, özü demiş, o da Prezident İlham Əliyevdir!
Bizə isə o qalır ki, olduğu kimi görünən və göründüyü kimi də olan Abbas Ələsgərova yubileyi və ad günü ərəfəsində uzun ömür və can sağlığı arzulayaq. Uca yaradandan Bakını qurub-yaradan Abbas müəllimə güc və qüvvət verməsini diləyirik!

Yubilyara dərin hörmətlə:
Asif Mərzili

Geri