DataLife Engine > Çap üçün versiya > Onu sındıran həyatdır
DataLife Engine Azerbaijan Support > Cəmiyyət, Sağ Manşet > Onu sındıran həyatdır

Onu sındıran həyatdır


4-08-2018, 11:39. Yerləşdirdi: memmedov
Əlizamin Yelmaroğlunun yeni çapdan çıxan kitabı belə adlanır: “Bir parça çörək”.

Kitabda Qarabağ müharibəsi dövründəki çətinliklərdən, əsərin müsbət qəhrəmanı Sənanın döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan, ailəsinə, elinə-obasına, vətəninə göstərdiyi xidmətlərdən, həyatda üzləşdiyi haqsızlıqlardan, çətinliklərdən bəhs edilir.

Qeyd etdiyimiz kimi, əsərin müsbət qəhrəmanı Sənandır. Sənan kimdir?
- Sənan gələcəyə ümidlə baxan bir gəncdir. Orta məktəbi bitirdikdən sonra Sovet ordusunda xidmətə yollanır. Sevastopol şəhərində qulluq edir. Hava hücumundan müdafiə batalyonunda xidmət edir. Tezliklə hərbi hissədə igidliyi və çalışqanlığı ilə böyük hörmət qazanır. Ona çavuş rütbəsi verilir. Orduda ləyaqətlə xidmət etdikdən sonra vətənə qayıdır. Sənanın gəlişi böyük toy-bayrama çevrilir.
Sənan orta məktəbdə oxuyarkən Nərgiz adlı bir qızı sevirdi. Hətta əsgərlikdə olarkən Nərgiz Sənana sevgi dolu məktublar da yazırdı. Məktublaşmada hər ikisi bildirirdilər ki, Allahdan başqa heç kim onları ayıra bilməz. Bizim məhəbbətimiz o qədər saf və təmizdir ki, heç bir qüvvənin onu ayırmağa gücü çatmaz. Lakin nə qədər aralarında mehribanlıq olsa da, nədənsə, Nərgiz nə vaxtsa Sənanı itirəcəyini fikirləşir. Sənan Sovet ordusundan gələn kimi anasının əli – xeyir-duası ilə Nərgizə nişanlanır. Qohum-qonşu – hamı hər iki gəncə qayğısız, təmiz həyat arzuladılar. Nərgiz orta təhsilini başa vurduqdan sonra pedaqoji texnikumu da qurtardı. Bərəkətli bir payız günündə Sənanla Nərgizin toyu da olur. Nərgiz saf məhəbbətlə sevdiyi Sənana qovuşur, Sənan da Nərgizə öz məhəbbətini bildirərək deyir ki, anasının süd haqqı, qəlbində isə nişanlısının məhəbbəti qarşısında həmişə özünü borclu biləcək. Anasına övladlıq borcunu, nişanlısına isə sonsuz məhəbbətini ömrünün sonuna kimi yerinə yetirəcək.
Sənan tikinti idarəsində işə girir, səhərdən axşama kimi çalışır. Nə qədər yorğun olsa da, evə gələndə Nərgizin gülər üzlə qarşılaması ona ləzzət verirdi. Bir müddətdən sonra Nərgiz Sənanı daha da sevindirir – Nərgiz ana olmağa hazırlaşır.
Lakin “sən saydığını say, gör fələk nə sayır” – deyiblər. Sənan eşidir ki, ermənilər Xankəndində ayağa qalxıb, mitinq keçirirlər. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbini irəli sürürlər. Azğınlaşmış ermənilər yolları kəsir, kəndlərə basqınlar edir, dinc insanları məhv edirlər. Ermənilər hər gün yeni-yeni qırğınlar törədir, günahsız qanlar tökürdülər. Başqaları kimi Sənan da könüllü dəstələrə yazıldı. Onun döyüş yolu Ağdərədən, Naxçivanikdən, Ağbulaqdan, Əsgərandan keçdi. Sənan eşitdi ki, Xocalıda qan su yerinə axıdılır, qadınlar əsir götürülür, namusları ləkələnir, cavanların diri-diri dərisi soyulur, tonqallarda yandırılır. Sənan fikirləşirdi ki, bəs bunların qisasını kim almalıdır?! Sənanın Naxçivanikdəki döyüşlərdə gördükləri heç vaxt onun yadından çıxmayacaq. Verdikləri itkiləri, itirdikləri dostlarının yerini, əlbəttə, heç nə doldura bilməzdi. Lakin Sənan həm də bilirdi ki, müharibənin qanunları belədir. Sənan evə dönəndə daha dəhşətli hadisənin şahidi olur. Həyətlərinə - evlərinə mərmi düşüb, anası həlak olub. Axşam Sənan hərbi hissəyə qayıtdı. Onun sonrakı döyüşləri Ağdərənin Canyataq, Gülyataq, Mehmanə, Drambom kəndlərindən keçdi. Növbəti döyüşlərin birində yaralandı, dörd aya qədər hərbi hospitalda yatdı. Nərgiz də xəstəxanaya düşmüşdü, o ana olmuşdu, qızının adını Nargilə qoydular.
Sənan hərbi hospitaldan çıxandan sonra evdə müalicə aldı. Kiçik təqaüd evdəki ehtiyaclarını ödəmirdi.
***
Kitabda yaxşı adamlarla yanaşı, zəhmətin qədrini bilməyən, müftəxor həyat keçirən Bəhruz kimi gənclər də təsvir edilir. Bəhruz simasını itirmiş, hətta vətənini də sərvətə qurban vermiş şərəfsiz gənclərin tipik nümayəndəsidir, nanəcib övladdır. Onu düşündürən yemək-içmək, pul qazanmaqdır.
Kitabda Sənanın dolana bilmədiyi, bir parça çörək pulu qazanmaq üçün işləməkdən ötrü Bakıya köçməsi təsvir olunur. Sənanın əsl müsibəti də elə bundan sonra başlayır. Gələcəyə ümidlə baxan bu gənc oğlanın bütün arzuları puç olur, həyat onu qatilə, caniyə çevirir. İstəmədiyi halda günahsız yerə həbsxanaya düşür, şər-şəbədə, haqsızlıq onu məğlub edir, yalan ayaq tutur, hətta həbsdə olarkən onu orada məhv etmək istəyirlər. Körpə qızını itirir, canından artıq sevdiyi Nərgizin özünə qəsd etməsi Sənanı üzür.
Nə idi Sənanın günahı?! Müharibə olmasaydı, yəqin ki, bunların heç biri olmazdı. Müharibə çox insanları bədbəxt etdi. Qaçqınlıq həyatı, köçkünlük dərdi, insanların üzləşdiyi problemlər azdırmı? Vətəndə vətənsiz olub insanlar. Bu gün əzizlərini, vətənini itirmiş, yaşamaq eşqi çoxdan sönmüş insanın yaşamağının nə mənası var?! Kimdir günahkar?!
Vəzifə stolu üçün dartışanlar, vuruşanlar, düşmən dəyirmanına su tökənlər ermənipərəst adamlardır.
Əziz oxucu, əsərdə təsvir edilən gəncin müsibətli həyatı onun istəyi, arzusu ilə deyil, amansız taleyin, yaşadığımız zamanın təsiri altında baş verir. Həyat onu qatilə, caniyə çevirir. Bütün bu günahların səbəbi kimdədir? Yaşadığımız zamandamı, yoxsa milyonlarla insanlara fəlakət, işgəncə gətirən müharibədəmi?!
Kimdir günahkar? Sənan kimi gənclər, müharibə, yoxsa bir parça çörək?!
Qaçqınlıq həyatı, köçkünlük ömrü! Qaçqın adı bəlkə də dünyanın ən bədbəxt insanlarıdır. Qulağın eşidə-eşidə bir də görürsən deyir: “Buna bax, qaçqın köpək oğlu!”. Çək görüm, bu dərdi necə çəkirsən?! Hərdən sənə satqın da deyirlər. Döz görüm, necə dözürsən?! Hansı yolla olursa- olsun, biz Qarabağa qayıtmalıyıq. Özü də tezliklə, sonra gec olacaq.
Güclü iqtisadiyyatımız, güclü ordumuz, güclü Ali Baş Komandanımız var.
Əlizamin Yelmaroğluna yeni yaradıcılıq uğurları arzulayıram.

Qarabağda görüşmək arzusu ilə:
Səlim Əzimov,
Əməkdar müəllim


Geri