DataLife Engine > Çap üçün versiya > Üç ani sevincin 24 illik müsibətləri
DataLife Engine Azerbaijan Support > Cəmiyyət, Sağ Manşet > Üç ani sevincin 24 illik müsibətləri

Üç ani sevincin 24 illik müsibətləri


14-08-2018, 16:39. Yerləşdirdi: admin
Yaxud Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəsmisi Prezident cənab İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncamı təhrif edib?

II məqalə

Birinci məqalədən məlum olduğu kimi, Binəqədi rayon məhkəməsinin 10 sentyabr 2015- ci il tarixli qətnaməsi ilə Misirzadə Faiq Feyruz oğlu, Misirzadə Fəxriyyə Kərim qızı, Misirzadə Aynur Feyruz qızı Səmədov Hikmət Fətulla oğluna məxsus M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev N-3, mən. 32 ünvanında yerləşən 4 mənzildən əşyaları ilə birlikdə çıxarılmalı, mənzil boşaldılıb əsl sahibinə qaytarılmalıdır.

Amma artıq 24 ildir ki, bu mənzil uğrunda mübarizə apaırır. Əvvəllər İcra Hakimiyyəti, Qaçqın də Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, son üç ildə isə Binəqədi rayon İcra Şöbəsinin indiki rəisi İlham Həsənovla. İcra Şöbəsinin əvvəlki rəisi Araz Hüseynov Azərbaycan Konstitusiyasının maddələrini və İcra haqqında Azərbaycan Respublikasının Qanununu əlində əsas tutaraq məhkəmənin qətnaməsini yerinə yetirirdi. Amma təəssüf ki, ondan sonra Binəqədi rayon icra şöbəsinə rəis təyin olunan və “Burada mənəm, Bağdadda kor Xəlifə” prinsipi ilə işləyən İlham Həsənov Hikmət Səmədovu arzuolunmaz müştəri saydı. Təsəvvür edin ki, Hikmət Səmədovun müxtəlif təşkilatlara göndərdiyi şikayətlər, müraciətlər üç ildir ki, Binəqədi Rayon İcra Şöbəsinə göndərilir. Amma indiyə kimi onlarla məktubun birinə belə İlham Həsənov cavab vermir. O, bu işlə bağlı yalnız, bir dəfə jurnalist sorğusuna cavab vermişdir. Onda da bütün suallardan yayınmışdı. O, icra məmuru Vüqar Alıyevə icra qanunu ilə işləməyə, əl-qol atmağa, öz vəzifə borcunu yerinə yetirməyə imkan vermir. Yaxşı bilir ki, imza atdığı hər cavab özünə qarşı yönələcək. Axı, Azərbaycan Konstitusiyasının 129-cu maadəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Onu da bilir ki, yenə konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır və bu hüquq toxunulmazdır.
Vəziyyətin belə kritik həddə çatmasını, icra haqqında qanunun yerinə yetirilməməsini görüb, mən həm jurnalist, həm də Hikmət Səmədovun nümayəndəsi kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra baş İdarəsinin rəisi cənab Nurəddin Mustafayevin qəbulunda oldum. Nurəddin müəllim, məni şikayətçidən çox ziyall kimi dinlədi. Və o dəqiqə də Hikmət Səmədovun haqlı olduğunu bildirdi və şikayəti nazarətə götürdü. Mən ona bildirəndə ki, təxminən bir il əvvəl Hikmət Səmədov sizin qəbulunuzda olub, onda da şikayət nəzarəti götürmüsünüz Nurəddin müəllim dedi ki, o zaman Binəqədi rayonunun kuratoru ilə bağlı müəyyən hadisələr oldu, indi, yenə şikayəti nəzarətə götürürəm. Amma, mənim müəyyən təkidimdən, İcra baş idarəsinin Binəqədi rayonu üzrə kuratoru Rüstəm müəllimin yanına bir neçə ay ayaq döyməyimdən sonra qəribə bir cavab aldım. Həmin məktubu olduğu kimi verirəm: “Məhkəmə qərarının icrası ilə bağlı İcra baş idarəsində keçirilən şəxsi qəbul zamanı etdiyiniz şikayətə baxılmışdır.
Müəyyən edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 10.09.2015-ci il tarixli qətnaməsinə əsasən Faiq Misirzadə və qeyriləri Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsində yerləşən 3 saylı evin 32 saylı mənzilindən çıxarılmalı, mənzil boşaldılaraq Hikmət Səmədovun sahibliyinə və istifadəsinə qaytarılmalıdır.
İcra sənədi üzrə Binəqədi rayon icra və probasiya şöbəsində başlanmış icraat zamanı borcluların Kəlbəcər rayonundan məcburi köçkün kimi mübahisəli mənzildə məskunlaşdıqları və başqa yaşayış yerinin olmaması müəyyən edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqram”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamının müddəaları nəzərə alınmaqla məhkəmə qərarının icrasını hazıradək həyat keçirmək mümkün olmamışdır...”
Zahirən baxanda hər şey yerindədir. Demək cənab Prezidentin Sərəncamı məhkəmə qətnaməsini yerinə yertirməyə mane olur. Sadəlöhv sikayətçi bu cavabla qane olub gedə bilər. Amma iş orasındadır ki, biz sadəlöhv olmaq istəmirik və yaxud ola bilmirik. Düşünürük ki, Azərbaycanda heç bir qanun, fərman, sərəncam, nizamnamə ölkəmizdə ən yüksək hüquqi qüvvəyə malik Azərbaycan Respublikasının Konstitusiyasına qarşı ola bilməz. Əslində belə rəsmi sənədlə hələ ki, heç kim rastlaşmayıb. Şikayətə cavab məktubunda adı çəkilən Sərəncam isə təhrif edilmiş şəkildə təqdim olunur. Sübut? Buyurun, həmin qanunu olduğu kimi veririk:

“QAÇQINLARIN VƏ MƏCBURI KÖÇKÜNLƏRIN YAŞAYIŞ ŞƏRAİTİNİN YAXŞILAŞDIRILMASI VƏ MƏŞĞULLUĞUNUN ARTIRILMASI ÜZRƏ DÖVLƏT PROQRAMI”NIN TƏSDIQ EDILMƏSI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Ermənistanın Azərbaycan Respublikasına hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzindədir.

Son illər bu istiqamətdə bir sıra ciddi addımlar atılmış, Azərbaycan Respublikası Dövlət Neft Fondunun, dövlət büdcəsinin, donor dövlətlərin və beynəlxalq humanitar təşkilatların vəsaiti hesabına on minlərlə ailə üçün yeni qəsəbələr salınmış, ayrı-ayrı şəhər və rayonlarda müasir tipli evlər və mənzillər tikilib qaçqınların və məcburi köçkünlərin istifadəsinə verilmiş, onların sosial müdafiəsi ilə bağlı çoxsaylı humanitar layihələr və digər tədbirlər həyata keçirilmişdir.
Bu sahədə görülən iri miqyaslı işlərə baxmayaraq, qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi hələ də çadır düşərgələrində, dəmir yolu üzərindəki yük vaqonlarında, yaşayış üçün yararlı olmayan ictimai və tikintisi yarımçıq qalmış binalarda, digər müvəqqəti məskunlaşma yerlərində çox ağır şəraitdə yaşayır və bir sıra sosial problemlərlə üzləşirlər.
Azərbaycanın işğal altında olan torpaqları azad edilənə və didərgin düşmüş vətəndaşlar öz doğma yurdlarına qayıdana qədər çadır düşərgələrində, dəmir yolu üzərindəki yük vaqonlarında və yaşayış üçün yararsız yerlərdə məskunlaşmış soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin yaradılmasını və digər sosial problemlərin həllini təmin etmək məqsədilə qərara alıram:
1. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.
3. Özəl müəssisələrin, ali və orta ixtisas təhsil məktəblərinin rəhbərlərinə tövsiyə olunsun ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
-müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə bu Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün lazımi tədbirlər görsün;
-Dövlət Proqramının icra edilməsi ilə bağlı görülən işlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyul 2004-cü il”


İndi isə İcra Baş İdarəsinin Binəqədi rayonu üzrə kuratoru Rüstəm müəllimin hazırladığı, rəisinin imzaladığı məktubla bu sərəncamı tutuşduraq. Sərəncamın ikinci bəndinə nəzər salın. Cənab Prezidentin Sərəncamında açıq-aydın göstərilir. “1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, məzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər”. Yəni söhbət ictimai binalardan, mənzillərdən və s. gedir. Bu isə o deməkdir ki, bu Sərancamda vətəndaşların mülkiyyətlərinə hörmətlə yanaşılır. Onların mülkiyyət hüquqları qorunur. Əgər bu Sərəncam Nurəddin müəllimin cavabı ilə eyniyyət təşkil etsəydi Konstitusiyadakı mülkiyyət toxunulmazlığı maddəsinə qarşı olardı. Bu isə mümkün deyil. Çünki Prezident Sərəncam verərkən yüksək ixtisaslı hüquqşünaslar onun Konstitusiyaya, Beynəlxalq öhdəliklərə və s. uyğunluğunu yoxlayırlar.
İkincisi, cənab Prezidentin Sərəncamında göstərilir ki, bu Sərənəcam 1992-1998-ci illərdə məskunlaşmış qaçqınlara aiddir. Binəqədi rayon Məhkəməsini Hikmət Səmədovla bağlı qətənaməsində göstərilir ki, Faiq Misirzadə Hikmət Səmədovun mənzilini 2003-cü ildə zəbt etmişdir. Ümumiyyətlə F. Misirzadə Kəlbəcərdən Bakıya ötən əsrin 80-ci illərinin ortalarında gəlmiş, həmin illərdə Bakıda ali təhsil almış, Kəlbəcər işğal olunanda Yevlax rayonunda yaşamış, 2000-ci ildə yenidən Bakıya təşrif buyurub Nizami rayonunda məskunlaşmışdır. (Bu haqda Binəqədi rayon İcra şöbəsinə sənədlər təqdim olunub.).
Cavab məktubunu hazırlamış Rüstəm müəllimin diqqətinə başqa bir məqamı da çatdırmaq isəyirik. Bu məktubu hazırlayarkən o qarşısındakı təqvimə nəzər salıbmı? Axı, indi 2018-ci ilin ikinci yarısıdır. Cənab Prezidentin adı çəkilən Sərəncamı isə 2004-2015-ci illəri əhatə edir. Həmin Sərəncamla bağlı Dövlət proqramı, ondan irəli gələn vəzifələr, qarşıya qoyulan bütün məsələlər isə artıq həll olunub.
İndi təsəvvür etmək olar ki, Binəqədi Rayon İcra və Probasiya Şöbəsində, eləcə də Ədliyyə Nazirliyinin Baş İcra İdarəsində vətəndaşların ərizə və şikayətlərinə “diqqət” nə səviyyədədir. Görəsən işin bu səviyyəyə gəlib çatması, Azərbaycan Respublikasının Konstitusiyasının maddələrinə əməl olunmaması, Prezidentin Sərəncamının təhrif olunması (əslində bu cavab ölkə başçısının nüfuzdan salınmağa yönəlib), bizim “şanlı” ədliyyə işçilərimizin qanunu bilməsindən irəli gəlir, yoxsa onlar özlərini bilməməzliyə qoyublar? Ədliyyə işçisinin qanunu bilməməsi ağlasığan deyil. Çünki, onlar bu mərtəbəyə gəlib çıxana kimi, dönə-dönə hüquq fənnindən imtahan veriblər. Xalq arasında belə bir deyim var: “Necədir səninçün, qanmayım, dədən yansın”. Əslinə qalarsa, bu misalın Hikmət Səmədova qarşı haqsızlıq törədən insanlara nə dərəcə aid olması mübahisəlidir. Çünki onlar şəxsi söhbətləri zamanı Hikmət Səmədovun haqlı olduğunu bildirir, hətta bizim də evimizi tutsaydılar, susmazdıq deyirlər. Amma burada başqa bir məqam da var; Vətəndaşların dövlətdən, hakimiyyətdən narazı salmaq cəhdi.
... Nəhayət, güzəştli şərtlərlə pensiyaya çıxan, ömrünün ahıl çağını yaşayan Hikmət kişi də, həyat yoldaşı da, övladları da ali təhsillidirlər. Bu işdə haqlı olduqlarını bilirlər. Amma haqqın harada olduğunu tapa bilmirlər. Əsəbdən Hikmət kişinin həyat yoldaşı şəkər xəstəliyi tapıb, gözləri tutulur, özü isə hipertonik olub, qan təzyiqi kəlləçarxa qalxır, ürək tutmaları artır. Özü də, həyat yoldaşı da evsiz-eşiksiz qalmış övladlarına, nəvələrinə baxanda ürəkləri qan ağlayır. Nəvələrinə almaq istədikləri mer-meyvənin, şirniyyatın pulunu yola, vəkillərə, kompüter yığıcılarına, həkimlərə, dəva-dərmana verirlər. Şübhəsiz onu bu bəlaya düçar edənlərə lənət oxuya-oxuya. Haqsızlıq bu insanları intihar həddinə gətirib çatdırıb. Dost-tanış kim görürsə ondan dörd il nişanlı olan övladını nə vaxt evləndirəcəyini soruşur. O isə qoy mənzilimi boşaltdırım, sonra deyir. Sonranın sonrası görünməyəndə üz tutur Binəqədi rayon İcra Şöbəsinə, ya da Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə. Oralarda isə xeyli qapı arxasından qalandan sonra deyirlər:
- A kişi, sən yenə gəldin...
Kor-peşıman dönür doğma kəndi Xırdalana. Elə avtobusdan düşən kimi haradan gəldiyini bilirlər və soruşurlaır.
- Nə oldu?
- İki-üç gün bundan qəvvəl də qohumlarından biri bu sualla ona müraciət edib. Adəti üzrə susub. Sonra da suala belə cavab verib:
- A bala, bir gün yolda Molla Nəsrəddinin qabağını quldurlar kəsir. Cibində nə var, hamısını süpürləyirlər. Soyundurub əynindəki paltarlarını da alırlar. Molla qalır ağ tuman-köynəkdə. Amma, quldurların ürəyi bununla soyumayır. Başlayırlar kişini döyməyə. Molla da, üzünü tutur oğruların başçısına:
- A kişi, bir soruş, gör bu qor-qaduqlar məni niyə döyürlər. Vaxtında gəlməmişəm, yoxsa az gətirmişəm.
Sonra Hikmət kişi üz tutub sığındığı evə tərəf.

Atababa İsmayıloğlu,
Azərbaycan Yazıçılar Birliyinin,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Əməkdar Mədəniyyət İşçisi

P.S. Məhkəmə Qətnaməsini icra etməmək təkcə hüquq pozuntusu deyil. Dövlətçiliyimizə, ölkəmizin xarici və daxili siyasətinə böyük zərbədir. Bu haqda növbəti məqaləmizdə söhbət açacağıq.

Geri