DataLife Engine > Çap üçün versiya > Əbədiyyət qalasısan, İsmayıl!
DataLife Engine Azerbaijan Support > Cəmiyyət, Sağ Manşet > Əbədiyyət qalasısan, İsmayıl!

Əbədiyyət qalasısan, İsmayıl!


7-05-2019, 14:07. Yerləşdirdi: admin
Yenə də Dədə Qorqud gəlməyində, qopuzunu çalmağında, söz söyləməyində, boy boylamağında, hanı mən dediyim bəy ərənlər, dünya mənimdi deyənlər, yer yedi, göy uddu, fani dünya kimə qaldı söyləməyində, yenə də vəfasız zaman ley kimi şığımağında, bir göz qırpımında dünənki körpələr bu gün böyüyüb cavan, sabah qocalıb ağsaqqal, ağbirçək olmağında, əsillər, nəsillər, günlər, həftələr, aylar, illər, qərinələr, əsrlər bir-birini əvəz etməyində... Bir insan ömrünə əsrlərin, min illərin bir-birini əvəz etməsini görmək nəsib olmasa da, on illərin, qərinələrin bir-birini əvəz etməsini görmək nəsib olur. Bu fəna mülkünün Azərbaycan adlanan başı bəlalı məmləkətində qüdrətli qələm sahibi İsmayıl Qəhrəman oğlu Şıxlı ilə xoşbəxt şair taleyim məni bir qərinə dost elədi.

Bizim bu dostluğumuz bütün təmənnalardan uzaq, vətən, millət eşqi ilə bağlı ülvi, ilahi bir dostluq idi. Artıq bir qərinədir ki, dostum İsmayıl Qəhrəman oğlu Şıxlı bu fani dünyadan köçərək haqqın dərgahına qovuşub. Novruz müjdəli bahar nəfəsli bu mart günlərində Türk dünyasının qüdrətli yazıçısı dostum İsmayıl Şıxlının anadan olmasının 100 illiyi tamam olduğundan könlümdən keçən ürək sözlərimi oxuculara söyləməyi vacib bilirəm.

İsmayıl Şıxlını Tanrı kefinin kök vaxtında ata-anasına yeganə oğul övladı bəxş etmişdi. Ona yaraşıqlı qədd-qamət, simasına könülləri məftun eləyən Yusif gözəlliyi, təbiətinə əzəmət, alicənablıq xasiyyətinə təvazö, mərhəmət, xeyirxahlıq kimi nəcib xüsusiyyətlər vermişdi. İsmayıl Şıxlının qəlbi, gözü, könlü gözəl olduğu kimi, səsi, sözü, niyyəti də gözəl idi. Adam onunla söhbət edəndə onu xoş əhval-ruhiyyə bürüyərdi, özünü çox gümrah hiss eləyərdi. İsmayıl Şıxlının sağlığında Azərbaycan adlı məmləkətdə onun qədər elmi, helmi kamil olan insan görkəmli riyaziyyatçı, optimal-idarəetmə nəzəriyyəsinin banisi, elm və insanlıq korifeyi akademik Qoşqar Əhmədlini gördüm. Öz-özümə düşünürəm: “Qoşqar Əhmədlinin və İsmayıl Şıxlının yaşadığı illərdə Azərbaycan dünyanın necə də gözəl məmləkəti imiş. Çünki o illərdə Azərbaycanın qoynunda Qoşqar Əhmədli və İsmayıl Şıxlı kimi iki insanlıq günəşi zülmətə bürünmüş Azərbaycanı öz nuruna qərq eləyirdi və onları Türk dünyasının böyük şairi Hüseyn Arif öz şeirlərində vəsf eləyirdi. Hüseyn Arifin İsmayıl Şıxlı ilə dostluğunun uzun tarixi vardı. Onlar çox səfərlərdə olub, çox məclislər yola vermişdi. Hətta, İsmayıl Şıxlı Hüseyn qağamın baməzə söhbətlərini toplayıb oxuculara çatdırmışdı. Qoşqar Əhmədli dünyadan tez köçdüyündən Hüseyn Arifin onunla bu səfərləri, bu saz-söz məclisləri az olmuşdu. Hüseyn Arif əziz dostu Qoşqar Əhmədli dünyasını dəyişəndə ona həsr etdiyi “Hesablamazdı” şeirində belə deyirdi:

...Nə deyə bilərəm sirli aləmə,
Nə məni eşidir, nə sənə baxır.
İtki var bir evi batırır qəmə,
İtki var bir eli yandırıb, yaxır.

Qoşqar Əhmədliyə mən də ayrı-ayrı qəzet səhifələrində çoxlu məqalələr, şeirlər və nəzmlə “Qoşqar” dramını yazıb nəşr elətdirmişəm. İnşallah Qoşqar Əhmədlinin növbəti ad günlərində də öz ürək sözlərimi yenə söyələyəcəyəm.

İndisə İsmayıl Şıxlı haqqında söhbətimi davam etdirəm. İsmayıl Şıxlının boynumda haqqı-sayı böyük olduğundan onun 100 illik yubileyi ərəfəsində daha ətraflı danışmaq fikrindəyəm. İlk dəfə İsmayıl Şıxlı ilə Yazıçılar Birliyində onun iş otağında görüşəndə (onda İsmayıl Şıxlı Yazıçılar Bilirinin birinci katibi idi). O, məndən bir neçə şeirimi söyləməyi xahiş etdi. Əvvəlcə “Yadda saxlar ellər məni” gəraylımı dedim:

Qalxdım uca dağ başına,
Salamladı güllər məni.
Düşdüm leysan yağışına,
İtirmə di ellər məni.

Nə ipəyi bezə verdim,
Nə dərdimi üzə verdim.
Ömrü günü sözə verdim,
İtirmədi ellər məni.

Hava çalmaz saz qırığı,
İşə keçməz söz sırığı.
Fəzailəm haqq aşığı,
Yadda saxlar ellər məni.

Gülümsəyib dedi: “Niyə haqq aşığı olmaq istəyirsən, xalq şairi olmaq istəmirsən?” Cavab verdim: “Haqq aşığı olmayandan, xalq şairi çıxmaz”. “Eləsə bir gəraylı da söylə” - dedi. Atama həsr etdiyim “Yenə sığar ocağına” gəraylımı söylədim:

Ata məni endirəmməz,
Hökümdar da ayağına.
Ömrüm vaxtsız söndürəmməz,
Min dərd gəlsə, ha yaxına.

Oğlum gələr hala, dəmə,
At nigili, batma qəmə.
Bircə nolar yazma-demə,
Ürəyimin varağına...

Şair ollam sözüm qalsa,
Həkim ollam can sağalsa.
Fəzailin Şah da olsa,
Yenə sığar ocağına
Sənin ata qucağına.

İsmayıl Şıxlı heyranlıqla dilləndi: “Deyə bilərsənmi ata ocağına həsr etdiyim bu gəraylının sonuncu bəndində bir misra niyə artıq oldu?” Cavab verdim: “Çünki atamı dünyada hamıdan çox istəyirəm. Ona görə də bir misranı artıq demişəm”. Eləsə atana həsr etdiyin ən gözəl bildiyin şeirini söylə” - dedi. Baş üstə deyib “Atam gəldi, atam getdi” şeirimi söylədim:

Atam gəldi, uzaq yolu,
Gözü dolu, könlü dolu.
Kəndimizdə körpələnmiş,
Bakımızda səpələnmiş.
Dörd baladan olsun halı,
Atam gəldi, gətirdi əynində
Dörd il əvvəlki paltarı,
Atam gəldi, gətirdi ürəyində,
Ata həsrəti, ata intizarı...
Atam gəldi, bu gəlişdən
Duydum nələr, duydum nələr...
Bunu yazsam çatan deyil,
qələm-dəftər,
Yazmasam da ürəyimi ağrı dələr...
Bu gəlişdən mən oxudum -
Ağıl sərvət, zəhmət sərvət.
Bu gəlişdən mən oxudum,
harınlara sonsuz nifrət.
Çox şükür ki, atam mənim -
xəsis deyil, xəbis deyil.
Müftəxorlar məclisinə -
doğma deyil, əziz deyil.
Atam deyər:
- Pulu səpən insan qolu sınmalıdır,
Atam üçün -
Bir qəpik də gərəklidir, mənalıdır.
Atam gəldi,
Bircə gecə qala bildi,
Bunu bizim gen Bakıda,
Qəhqəhəli şən Bakıda,
Bir dar daxma,
Bir yatacaq,
Bir də dördcə bala bildi.
Atam getdi -
Amma bilmirəm niyə, nədən?
Qabarlı əllər tikən,
Adam deyə haray çəkən.
Üzü bər-bəzəkli,
İçi tər-təzəkli.
Saraylara söymədi getdi,
Şükürlər olsun Allaha!!!-
Alçaqların qapısını döymədi getdi.

“Atam gəldi, atam getdi” seirimi dinləyib İsmayıl Şıxlı dilləndi: - “Oğlum daim belə şerilər yaz səninlə ömürlük dost olum. Bu şeirin yazılma tarixini danış. İsmayıl Şıxlıya dedim: “Atam I qrup hərbi əlildir. Onun beş qızı, bir oğlu var. Mən Tibb İnstitutunda, üç bacımsa universitetdə oxuyurlar. Mən Tibb İnstitutunun yataqxanasında qalırdım. Üç bacıma da mən qaldığım yataqxanaya yaxın kirayə tapmışdım. Tibb İnstitutunun yataqxanası təmirə bağlandığından mən də bacılarımla birgə kirayədə qalmalı oldum. Atam Bakıya yanımıza gəldiyi gün mən təcili yardımda növbədə olduğundan evə gec gəldim. Atamla görüşüb, öpüşüb, yatmağa yer olmadığından o gecəni sübhə qədər şirin-şirin söhbət etdik. Sabahısı atamı kəndə yola salandan sonra xəyalımdan təcili yardım stansiyasında tibb qardaşı işlədiyim vaxt ərzində Mərkəzi Komitə katiblərinin, birinci katiblərin, nazirlərin, məhkəmələrin, prokurorların və bu zümrədən ağır xəstələnənlərin çağırışına gedəndə onların hansı mənzillərdə, hansı millətdən olanlarla necə şəraitdə yaşadıqlarını xatırladım... Bir sözlə, ağaların tənəzzülünü və gədaların tərəqqisini təhlil edərək bu şeirimi qələmə aldım. İsmayıl Şıxlı çox dərin fikrə gedərək dedi: “Deməli, sənin atan da əsilzadə nəslindəndir”. “Bəli, həm atam, həm də anam əsilzadə nəslindəndir” - deyə cavab verdim. Beləliklə, mən İsmayıl Şıxlıyla ömürlük dost oldum. Elə həmin günün sabahından da Yazıçılar Birliyinin Şüvəlan Yazıçılar Evində İsmayıl Şıxlının adına olan otağı onun göstərişiylə mənə verdilər. İsmayıl Şıxlı tez-tez yaradıcılıq evinə gələrdi. Orada şairlərlə, yazıçılarla, tənqidçilərlə görüşlər keçirərdi. O, görüşlərdə mən də yazdığım təzə şeirləri oxuyardım. Bəyənilən şeirlərim “Ulduz”, “Azərbaycan” jurnallarında, “Ədəbiyyat və incəsənət” qəzetində və rus dilinə tərcümə edilərək “Molodlyoj Azerbaydjan” və digər qəzetlərdə dərc edilərdi. Bir sözlə İsmayıl Şıxlının YB-nə rəhbərlik etdiyi dövr mənim yaradıcılığımın qızıl dövrüdür.

İsmayıl Şıxlıyla ilk dəfə görüşəndən sonra o, Yazıçılar Birliyinin ədəbiyyat fondunun sədri Adil Hacıyevi çağırıb dedi: “İndi gedib Fəzailə ədəbiyyat fondunun birinci mükafatını verərsən. Sonra da hər ay 150 manat pul kömək edərsən”. “Ehtiyacım yoxdur”, - deyə dilləndim. İsmayıl Şıxlı gülümsəyərək dedi: “Şairin könlü səxavətli olduğu kimi, əli də səxavətli olmalıdır”. Adil müəllim məni öz ötağına apardı və mənə 400 manat pul verərək dedi: “Bu pul İsmayıl Şıxlının təzə nəşr olunan kitabının qonorarının pulundandır. Yəni, bu pulun ədəbiyyat fondunun puluna dəxli yoxdur. Əslində bu pula İsmayıl Şıxlı təqaüdü deyilsə daha doğrudur.

Yəqin ki, hər ay da sənə verdiyi 150 manat pul da İsmayıl Şıxlı təqaüdünə aid olan puldan olacaqdır”. (Mən o vaxt Yazıçılar Birliyinin üzvü deyildim. Həm də ədəbiyyat aləmində indiki qədər öz bəhrəmi verməmişdim. İşə baxın ki, dövlətimizin müstəqil olmasından 28 il keçməsinə baxmayaraq, Yazıçılar Birliyindən zəhmət haqqı olaraq, bir qara qəpik də almamışam, daha üzləşdiyim haqsızlıqları da yada salmaq istəmirəm). Doğrusu, İsmayıl Şıxlının alicənablığına heyran qaldım. Axı mən o vaxt heç Yazıçılar Birliyinin üzvü deyildim, Azərbaycan müstəqil dövlət olmadığı üçün Yazıçılar Birliyinə üzv olmaq fikrim də yox idi.
Bir dəfə İsmayıl Şıxlı Şüvəlan Yaradıcılıq Evində mən qaldığım otağa (yəni öz otağına) gəldi. Mən mütaliə etdiyim kitabları nəzərdən keçirərək dilləndi: “Əhsən zəndinə, Şüvəlan Yaradıcılıq Evinin kitabxanasındakı oxunmalı kitabları düz seçib götürmüsən. Fikir verirəm ki, mütaliə etdiyin kitabların çoxu Avropa, ABŞ, Türkiyə, Yunanıstan, Yaponiya və digər ölkələrin yazıçılarının, şairlərinin kitablarıdır. Dostum, əslində insan beyni arı şanına bənzəyir, qədim yunan, hind, çin, yapon ədəbiyyatından tutmuş, Avropa, Amerika ədəbiyyatına qədər oxunulası bütün yaxşı kitabları imkanın daxilində oxuyub, öyrən və ordakı gözəl fikirləri beyninin şanələrinə doldur ki, onlar boş qalmasın, misraların daha salğarlı, fikirlərin daha dolğun və sanballı olsun. Görürsənmi, Şüvəlan Yaradıcılıq Evində nə qədər bədbəxt şair, yazıçı və tənqidçi var. Gündüz axşama qədər yazıb-yaratmaq əvəzinə, yeyib-içib laqqırtı vurub, boşboğazlıq eləyirlər. Nəbadə onlarla bir məclisdə oturasan. Elə bilmə ki, onlar istedadsız qələm sahibləridir. Mən onların çoxunu gənclik illərindən yaxşı tanıyıram. Onların içərisində vaxtilə çox istedadlı yazıçılar, şairlər, tənqidçilər olub. Onlar o vaxt həm abırlı, həm də həyalı adamlar idilər. Amma yaradıcılıq prosesində beyinlərinin şanələri boş olduqlarından və qaraya ağ deməyi də bacarmadıqlarından içkiyə qurşandılar, sonra ağıllarına gələn ağ yalanları, fantaziyaları uyduraraq camaata sırımağa çalışdılar. Amma oxucu məhəbbəti qazana bilmədilər.

(Davamı var)

Fəzail İsmayıl Böyükkişi


Geri