DataLife Engine > Çap üçün versiya > YASƏMƏN ƏTRİ
DataLife Engine Azerbaijan Support > Cəmiyyət, Köşə > YASƏMƏN ƏTRİ

YASƏMƏN ƏTRİ


14-05-2019, 12:59. Yerləşdirdi: admin
Elbəyi CƏLALOĞLU

“Urvatlı ölmək yüz il urvatsız yaşamaqdan üstündür”

(Roman)

Tanınmış Azərbaycan yazıçısı Elbəyi Cəlaloğlu bu yaxınlarda tamamladığı, hələ işıq üzü görməmiş “Yasəmən ətri” romanıyla oxucularının görüşünə gəlib. “Təzadlar” bildirir ki, şair-publisist, yazıçı-araşdırmaçı Elbəyi Cəlaloğlunun “Yasəmən ətri” romanında, XX əsrin Azərbaycan türk kişisi obrazı əsərin əsas qəhrəmanı və müəllifin mənsub olduğu tayfanın başçılarından olmuş, dəqiqliyi ilə desək, müəllifin atasının əmisi olmuş real şəxs Süleyman bəyin simasında təqdim olunur. Əsərdə mənəvi-psixoloji, siyasi, mental məsələlərlə yanaşı, Sovet insanlarının düşüncə tərzi təfərrüatları ilə verilir. Məntiq, elm və inanc sisteminin sintezi əsasən dialoqlar və pritçalar vasitəsilə təsvir edilir. Bundan başqa, əsərdə II Dünya Müharibəsindən sonra beynəlxalq səviyyədə gedən siyasi proseslərin şərhinə də yer ayrılır. Sovet siyasi və iqtisadi sisteminin eybəcərlikləri isə əsər vasitəsilə təqdim olunan sovxoz və kolxoz idarəçiliyində öz əksini tapır. Eyni zamanda müasir dünyanın demokratiya uğrunda mübarizəsi ilə bağlı bədii təfərrüatlar da əsərdə nümayiş olunur. Əsərin nəyə görə “Yasəmən ətri” adlandırılmasını isə oxucuların öhdəsinə buraxırıq.

(Əvvəli ötən sayımızda)

- Bala, arzum budur ki, Allah məni Mehribandan heç olmasa bir həftə qabaq aparsın. - Onun duyğusallıqla ifadə etdiyi, özündə bir ömürlük hikmət daşıyan bu sözlər başına toplaşmış hər kəsi düşündürdü, qəhərləndirdi. Kimsə yavaşcadan dedi:

- Elə demə, Süleyman baba, maşallah, hələ sağlamsan, gümrahsan.

- Yox, bala, qurd qocalanda burnunun ucuna kəpənək qonar, deyiblər dədələr. Mən heç kəsə - öz doğma qızıma, gəlinimə belə əziyyət verən adam olmamışam. Hər zaman qulluğumda Mehriban özü dayanıb. Bundan sonra da başqa birisinin xidmətimdə durmasını arzulamıram. Yüz gün gəzərsən quruda, bir gün rast gələrsən qurda, deyib babalar. İnsan xəstələnə də, ağır vəziyyətdə yatağa da düşə bilər. Elə şeylər var ki, onu doğma övlada belə demək olmur, yalnız həyat yoldaşına deyə bilirsən. Bax, ona görə də, arvad kişinin urvatıdır, deyiblər. Urvatlı ölmək yüz il urvatsız yaşamaqdan üstündür.

Süleyman bəyi ağuşuna almış bu duyğusallıq nədən qaynaqlanırdı? Əlbəttə, Mehriban xanımla bir yerdə 55 ilə yaxın ömür yaşamışdılar, özü də necə? Bir-birinə sayğıyla, sevgiylə, bir-birini incitmədən, bir-birinin xırda-para qüsurlarını, nöqsanlarını bağışlayaraq, bir-birinin fikirlərinə hörmət edərək yaşamışdılar. Mehriban xanım Süleyman bəyin şəxsi qulluğunda durmağa heç kəsə icazə verməzdi, gərəkənləri şəxsən özü etməliydi, o, belə düşünürdü, məncə həm də qərarında çox doğru idi. Süleyman bəyin çayına, xörəyinə, paltarının təmizliyinə, geyiminin nizamına, hətta üstünə vurduğu ətirə belə diqqət edirdi. Mehriban xanım Süleyman bəyi ən azından ölkə başçısına bərabər səviyyədə görmək istəyirdi. İnsafən Süleyman bəy bütün əlamətləri ilə buna layiq idi də. Onun savadı, məntiqi, yorulmazlığı, natiqliyi, ləyaqəti və qabiliyyəti bu meyarlara yüksək səviyyədə cavab verirdi. Amma bu ölkə üzü ipək, astarı bez olan SSRİ idi. Bu dövlət qurulandan dağılanadək Süleyman bəy kimi kişilərin təfəkkürünə inteqrasiya edə bilmədi, əksinə günü-gündən çökməyə doğru gedirdi. Üzdə ölkənin rifahı naminə aparılacaq islahatlara dair qərarlar bir-birini əvəz etsə də, altda ölkənin təməlini sökən məkrli işlər səngimirdi. Üzdə gözoxşayan qərarlar qəbul edilsə də, altda bütün siyasi sistem üfunət qoxuyurdu, kif iyi verirdi. Üstdə insanlar savadlılığa, ziyalılığa cəlb edilsə də, altda baş qaldıranın başından vururdular. Gərək savadlanan insanın beyni üzdə yox, üstdə yox, məhz altda edilənlərə köklənəydi. Az qala düşüncələri də nəzarət altında olan insanlar satqınlığa sövq edilirdi, pulpərəstliyə, yaltaqlığa çəkilirdi, maddi maraq qarşılığında agentçiliyə, danosçuluğa, çuğulluğa meylləndirilirdi. Bunların bütün mahiyyətini, kökünü ölkədə hökm sürən rüşvətxorluq təşkil edirdi ki, bu da Süleyman bəyin düşüncə tərzinə tamamilə yad bir məsələ idi. O, ömür boyu belə ünsürlərə qarşı kəskin mübarizə aparmışdı. Eyni zamanda, bu quruluşun uzun müddət ayaqda dura bilməyəcəyinə beş barmağı kimi əmin idi. Bütün bu mənfur qüvvələrə qarşı apardığı davamlı mübarizənin və zəngin mütaliənin içində onun ağlı və məntiqi ülgüc kimi itilənmişdi ki, bu da onun el arasında, qananlar yanında yüksək hörmət qazanmasına, ləyaqət sahibi olmasına səbəb olmuşdu.

İndi isə bu əsərin müəllifi də daxil olmaqla Süleyman bəyin ən yaxınları onun başına toplaşıb bu əzəmətli kişiyə dəxli olan xatirələrini danışır və bu minvalla onu ovundururdular. Süleyman bəy isə görüb-götürdüklərini, başına gələnləri, bir ömürdə yaşadıqlarını nağıl etməklə yanaşı, həm də ara-sıra müasir ictimai-siyasi proseslərə mövqe sərgiləməyi də unutmurdu.

Məsələn, o, çağdaş dövrlə bağlı fikir bildirərkən, postsovet məkanında müstəqillik əldə etmiş dövlətlərin hələ fərqli bir siyasət ortaya qoymadıqlarını deyirdi və bunun səbəbini həmin müstəqil dövlətlərin hələ də keçmiş SSRİ-nin irəlidə gedənləri tərəfindən idarə olunmasında görürdü. O, bunları belə izah etdi: “Siyasi sistem dəyişsə də, dövlətlər öz müstəqilliyini əldə etmiş olsalar da, təfəkkür yeni sferaya, müasir düşüncə tərzinə yüksələ bilmir, çünki keçmiş Sovet məkanında əmələ gəlmiş gənc milli respublikaların üsul-idarəsi hələ də SSRİ qafasının təsirindən sıyırıla bilməyib. Buna keçmiş siyasi sistemin sağ qalmış nəhəngləri və bu inkişafı istəməyən, postsovet ölkələrinin Rusiyanın nüfuz dairəsindən çıxmasını arzulamayan dövlətlər mane olurlar. Biri siyasi, digəri ideoloji, bir başqası isə dini cəhətdən insanların qafasını çaşdırmaqla, beynini qarışdırmaqla, düşüncəsini öz maraqlarına uyğun yönəltməklə məşğuldurlar. Onların məqsədi bu minvalla ayırımçılıq salmaqdan ibarətdir. Çünki bir ölkənin vətəndaşları millətçilik və dövlətçilik baxımından ən doğru olan mövqeni kütləvi surətdə dərk edib, bunu həyata keçirdə bilsələr, o zaman bundan daha böyük arzular doğacaqdır ki, bu da bir çox siyasi qüvvələrin nəfinə deyil, istər siyasi, istər coğrafi, istərsə də milli baxımdan onların istəklərinə ziddir. Məsələn, Azərbaycanın güclü inkişafı İranı hər zaman qorxuya salacaqdır, çünki həm ərazi, həm də millət baxımından Azərbaycanın ən böyük hissəsi bu dövlətin tərkibindədir. Bundan başqa, Güney Qafqaz istər hərbi, istərsə də iqtisadi baxımdan dünya əhəmiyyətli strateji bir məkan olduğu üçün, yer üzündə qütbləşmiş güclərin hərəsinin burada öz maraqları var. Bu gənc dövlətləri hərə öz tərəfinə çəkmək, öz siyasi marağının təsirinə salmaq istəyir, onlar isə hələlik heç bir supergüc dövlətə “yox” deməyə, onların təkliflərindən tamamilə imtina etməyə cəsarətləri çatmır, çünki istər hərbi, istərsə də iqtisadi potensialları bunu şərtləndirə bilmir”. Sonra da, - eh bala, leysan kəsəndən sonra onun səpələntisi bir müddət davam edir. Hələ SSRİ buludları, rus yağmurları başımızın üstündən tam çəkilməyib. Üzərimizdə rus siyasi kursunun güclü təsiri var. Həm Azərbaycan, həm Gürcüstan torpaqlarının bir hissəsinin işğalının kökündə dayanan həmin təsir, həmin siyasi maraq, həmin şovinizmdir. Rus siyasi kursu bizim Avropa siyasi kursuna meyillənməyimizin qarşını kəsmək üçün bu üsula əl atıb, başqa xalqları üstümüzə qaldırıb, özü də arxalarında dağ kimi dayanıb. Necə deyərlər, ilanı seyid əliylə tutur, işğalçı olaraq başqa xalq tanınsa da, əslində işi görən rus şovinizmidir. Ona görə də, indən sonra hələ bir xeyli ağlımızın kəsib-kəsmədiyi çətinliklər olacaq, hərə bir təklif irəli sürəcək, hərə bir məsləhət verəcək, bunun dediyini o bəyənməyəcək, onun dediyini bu bəyənməyəcək, daxili çəkişmələr, iqtidar-müxalifət oyunları səngiməyəcək, iqtisadi böhran, maddi çatışmazlıq, mənəvi sıxıntılar baş qaldıracaq, qərarlar, qanunlar, islahatlar bir-birini əvəz edəcəklər. Hələ bu xəmir çox su aparacaq, - deyə əlavə etdi, sonda isə, - amma illər keçəcək, tədricən hər şey yerini alacaq, gözəl gənc nəsil yetişəcək, yeni gənclik meydana çıxacaq, ictimai mənzərə, siyasi sistem özünün müasir üzünü göstərə biləcək, insanlar yeni quruluşa uyğunlaşacaqlar, - deyə ümid verdi. - Hələliksə rəsmən suverenlik əldə eləmiş olsaq da, faktiki müstəqil deyilik, bunu qazanmağa xeyli vaxt lazımdır, - deyə fikirlərini yekunlaşdırdı.

Bütün bu fikirlər gözəl idi, amma Süleyman bəyin öz həyat xatirələri ondan da maraqlı, ondan da düşündürücü idi. O, danışdıqca sanki istedadlı bir rejissorun çəkdiyi sənədli film gözümüz önündə canlanırdı...

II FƏSİL

Mirzəlik

Süleyman bəyin taleyi əsil əsər mövzusu olduğundan, onun şifrəsinə daxil olmalı, bu şifrəni açmaq üçün ruhumla baş-başa qalmalıydım. Sən demə buna nə az, nə də çox - düz 15 il vaxt lazım imiş. Bu illərin sonucunda Süleyman bəylə canlı təmaslarım artıq keçmişdə qalmışdı. Onu gözümdə canlandırmalıydım. Bu canlandırmanı mənə ancaq ruhum diqtə edə bilərdi. Onunla baş-başa qalmaq üçün inzivaya çəkilməli, uzun müddət xəlvətdə olmalıydım. Səs-küy, izdiham məni rahat buraxmalıydı. Onda bəs necə olsun? Uşaqlarımın anasının bəzən də haqlı saydığım “niyə iş axtarmırsan, bu uşaqlara kitabmı yedirdəcəksən, bu uşaqların əyninə kitabmı geyindirəcəksən, bu ailənin daldalanması üçün evi kitablardanmı tikəcəksən?”, yaxud da “sabah kirayə haqqının ödənilmə vaxtıdır, ev yiyəsinə kitabmı verəcəksən, bu gün-sabah borc sahibləri yenə də qapımızı kəsdirəcəklər, bu dəfə onların qarşısına çıxıb nə deyəcəksən, “gözləyin, hələ kitab yazıram”mı, deyəcəksən? Ay gözlədilər ha!”, demələrinə alışmış qulağımı və öyrəşmiş beynimi silkələyərək, onun deyinməsinə məhəl qoymadan sakit bir yerə, bəlkə də qapısını içəri tərəfdən bağlayacağım otağa çəkilməliydim. Ona - ruhuma mirzəlik etməliydim. O, olmadan istənilən mövzunu gözündə canlandırmaq, hər hansı addımı atmaq mümkünsüzdür. Ona görə də, əsər yazmaq ruha mirzəlik edib, onun dediklərini kağıza köçürmək kimi başa düşülməlidir. Hər dəfə güzgüyə baxanda oradan mənim hərəkətlərimi eyni ilə təkrarlayan, təqlid edən əksimin bütün dostlarımın, tanışlarımın, valideynlərimin, ailəmin yaxşı tanıdığı insan - özüm olduğunu düşünürəm. Qəzet səhifələrində, jurnallarda, almanaxlarda, internet saytlarında, cild-cild kitablarda qarşılaşdığım eyni ad və təxəllüsü görəndə isə onun da özüm, amma mirzəsi olduğum gözəgörünməz - ruhum olduğunu sanıram. Hərdənbir isə, - bunun hansı “özüm”dür görəsən, ikisindən birimi, yoxsa ikisinin cəmimi, - deyə düşünürəm. Sonra da bu qənaətə gəlirəm ki, onların hər ikisi öz köklərinə - biri torpağa, digəri Ulu ruha dönəndə “özüm” də olmayacaq. Demək, “özüm” onların birliyidir. Ruha inanmayanlar bilməlidirlər ki, Onun olmadığı halda beyin düşünə, bədən hərəkət edə bilmir, Onun olmadığı insanlar barədə keçmiş zamanda danışılır. O, bədəndə var ikən, demək insan var. Yoxsa, Sokratın daxilindən, batinindən gələn, onun hərəkətlərini şərtləndirən o ilahi “səs” nə idi, bəs, Sokrat zəhərlənib öldürüldükdən sonra o “səs” bir daha niyə gəlmədi - daha Sokratın bədənində olmadığına görəmi, eynilə, onun cismi kimi, o da öz kökünə - “Ulu Səsə”ə qovuşduğuna görəmi? Yaxud, Hegel kainatı maddələşmiş fikir hesab etməklə başqa bir şeymi demək istəyirdi? Ruhun varlığı, həm də insanın həyatda aparacağı mübarizənin əsasıdır, Onun varlığı insanın həyata olan ən böyük inamıdır. Belə isə insan nədir? Gəlin düşünək!

Bu günə qədər yığdığım təfəkkürə görə, adi insan üç hissədən ibarətdir - bədən ruh və nəfs. Ruh verilənədək bədən ölü sayılır. Nəfs verilənədək isə ruhla bədənin təşkil etdiyi insan heyvani hisslərlə yaşayır. Yəni ruhla bədənin birləşərək təşkil etdiyi insanı, təfəkkürcə hərəkətə gətirən nəfsdir. Nəfs bədənlə ruh arasında rəqabət yaradır. Onu bədən özünə çəkə bilsə, insan cahilliyə yuvarlanar, əksinə ruh nəfsi öz tərəfinə çəkərsə, o zaman insan kamilliyyə doğru gedər. İdrakımın dibi görünməyən quyusundan gələn səs bunları deyir. Bir də istedad var. Bu, nədir? İstedad Allah tərəfindən seçilmiş insanlara verilir. Yəni seçilmişlər dörd hissədən ibarət olurlar - bədən, ruh, nəfs və istedad. İstedad nəfs və ruhla mübarizə aparır. Onun öz gücü, öz məqsədi var. O, heç kimə, heç nəyə tabe olmur, ilk növbədə bədənin nəfsi özünə çəkməsinin qabağını kəsir, sonra isə kamilliyi idrakın ən dərin qatlarına bağlamaq üzərində çalışır. O, insanlığın ən mükəmməl formasını yaradan əsil mələkdir. Onun hansısa bir insana verilməsi böyük, tarixi hadisənin yaranmasına, cəmiyyətin müasir forma tapmasına səbəb olur. İstedadın qarşısında bütün zahiri biliklər acizdir. O, batinidir.

(Davamı növbəti sayımızda)

Geri