DataLife Engine > Çap üçün versiya > Həftəbecər
DataLife Engine Azerbaijan Support > Mədəniyyət > Həftəbecər

Həftəbecər


11-06-2019, 16:55. Yerləşdirdi: admin
Açıq-saçıq şəkilləri ilə həmişə diqqət çəkən aktrisa sayılsa da, bircə rolu belə yadda qalmayan Çimnaz Sultanova, yenə sinəsi çöldə qalan şəklini sosial şəbəkədə paylaşıb və qısa müddətdə 24 min izləyici tərəfindən bəyənilib.
P.S. Görəsən, o 24 min insan Çimnaz Sultanovanın özünü, yoxsa təkcə çöldə qalan sinəsini bəyənib? Xalq həqiqəti bilmək istəyir dəə... İnsanın bir əzasını götürüb bəyənmək düzgün deyil axı. Onda belə çıxır ki, bu Çimnaz xanımın sinəsindən başqa qalan yerləri heç nəyə yaramır. Əgər o 24 min insanın 24 qram ağlı olsaydı, bu qaranlıq məqamlara aydınlıq gətirərdi və qalan yerlərinin də qiyməti məlum olardı ki, bəyənilir, ya yox...

***

Statistikaya görə hazırda Bakıda 1 milyon sahibsiz it var. O da məlumdur ki, iti öldürən 500 manat, qulağını kəsən, dırnağını və dişlərini çıxaran isə 200 manat cərimə olunur.
P.S. Sən öləsən, it olasan elə hörmətin, bəxtin olsun! Az qala iki adama bir it düşən bu cəmiyyətdə, bəs niyə insana it qədər hörmət qoyulmur? Nə qədər ki, itin hörməti insandan çoxdur, Məmməd Araz demiş “iti bazarında atından baha”dır, bundan da betər günə qalacağıq. Sonra da deyirik, it günündə yaşayırıq. Hanı bəs? Allahınıza dua edin ki, kaş elə insandan çox hörmət qoyulan, hüququ qorunan indiki itlərin günündə yaşayaq.
***
Xəbər verilir ki, ABŞ-ın Florida ştatındakı Klironter şəhərində timsah yem məqsədilə bir evin mətbəxinə, şüşəni sındırmaqla girib. Gecə təsadüfən mətbəxə keçən ev sahibi timsahı görüb və dərhal polisə zəng vurub. Polislər də timsah tutan mütəxəssislərlə evə gələrək təhlükəni sovuşdurublar.
P.S. Bu amerikalılarda doğrudan da ağıl deyilən şey yox imiş. Rəhmətliyin uşağı, biz neçə illərdir elə timsahların hücumuna məruz qalırıq ki, sizin gördüyünüz timsahlar bunların yanında uşaq-muşaqdır. Məsələn, bizdəki timsahlar evimizə yox, cibimizə girirlər, haqqımıza girirlər, banklara girirlər, sonra yol, məktəb, “novostroyka” tikintisinə girərək, mal-materialları diri-diri udurlar. Bundan əlavə, canım sənə desin, ərzaqların, pal-paltarların baha qiymətləri ilə canımıza girib, qanımızı elə içirlər ki, heç ruhumuz da incimir və s. Biz isə, canımızı alan bu timsahlara görə nə polis cağırırıq, nə də hay küy salırıq. Amma nə sirdirsə, hər yerə girən bu timsahlar yalnız “içəri” girmək istəmirlər.
***
Bu günlərdə Qarabağda ordumuzun mayoru Aqil Ömərovun şəhid olmasından danışan Aydın Mirzəzadə əsgərlərimizə və snayperlərə xitabən bildirib ki, Paşinyan Qarabağ ərazisinə gələndə onu vursunlar. Bir gün sonra isə hörmətli deputat bildirib ki, fikirləri təhrif olunub və o, elə söz deməyib.
P.S. Hörmətli Aydın müəllim, birinci çıxışınız konstitusiyaya və beynəlxal qanunlara tam uyğun idi. Mən də dəfələrlə yazmışam ki, Qarabağ ərazisinə, Azərbaycan dövlətinin icazəsi olmadan, gələn hər kəs vurulmalıdır ki, dünya birliyi bu ərazinin, həqiqətən də sahibi olduğumuzu bir daha dərk etsin. Bu addım problemin həllini də sürətləndirər. Amma bir gün sonra dediyini danmağın, heç də yaxşı hal deyil, Aydın müəllim. Bəlkə Paşinyanın Bakıdakı dayıları sənə göz ağartdı? Bilmirəm. Hər halda Aydın müəllim, dediyin qızıl kimi sözləri bir gün sonra danmaq bizim yox, ermənilərin dəyirmanına su tökməkdir.
***
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov qaz və elektrik enerjisinə qoyulan limitin ləğvindən danışarkən mətbuata belə deyib: “Bu məhsulların maya dəyəri, dərindən araşdırılsa, onda nəinki limiti ləğv etmək olar, hətta qaz və elektrik enerjisinin qiymətlərini əsaslı şəkildə azaltmaq mümkündür”.
P.S. Hörmətli Fikrət müəllim, ağdamlıların belə bir deyimi var: “Qağa, sən düz deyirsən e, amma elə döyül”. Təbii ki, Fikrət müəllim, haqlısan, amma bizim Tarif Şurası qiymətləri azaltmaq yox, həmişə nəyisə qaldırmaqla məşğuldur. Necə deyərlər, bir kərə yüksələn qiymət, bir daha enməz. Qaldı işığa, qaza qoyulan limitə, bu, tam anormal bir qanundur. Neft, qaz ölkəsində bu limiti təklif edənlərin, onu müzakirəyə çıxaranların və qanun kimi qəbul edənlərin işığa, qaza həsrət qalmalarını arzu edirəm.
***
Moskvada yaşayan vətənpərvər, Azərbaycanın haqq səsini yaymaqdan yorulmayan, çəkinməyən, ermənilərlə istənilən siyasət meydanında, televiziya proqramlarında kəllə-kəlləyə gəlməyi bacaran, savadlı, sanballı, arqumentləri ilə onları pat vəziyyətinə qoyan azərbaycanlı jurnalist Fuad Abbasov nəhayət, saxta məhkəmə qərarı ilə deportasiya olunur. Bununla da Fuad Abbasov düz 50 il, yəni, qalan ömrünün axırına qədər Rusiyaya qayıda bilməyəcək.
P.S. Rusiyada yaşayan azərbaycanlı ziyalılar və Fuadın qovulmasınada canfəşanlıq göstərən ziyanlılar arasında üstünlük ikincilərin xeyrinə oldu. Beləliklə, sübut etdik ki, ölkəmizdən kənarda bizə Azərbaycan həqiqətlərini yayan ziyalı yox, bir tikə çörək üçün, səhərdən axşama qədər başı pul qazanmağa qarışan soydaşlarımız lazımdır. Sapı özümüzdən olan baltaların və arvadı erməni, qızını da erməniyə ərə verən səfirliyimizin əməkdaşı Ağadadaş Kərimov kimilərinin gözləri aydın olsun. Bizlərə isə, bir gurultulu “Ar olsun!” gəlsin.
***
“Dalğa” TV-də yayımlanan “Gün ortası Zümrüdlə” verilişində müğənni Nadir Qafarzadə guya yoqa müəlliminin təlimatı ilə başı üstə, yəni baş-ayaq dayanıb.
P.S. Ay alma yanaqlı, gül dodaqlı, maral gözlü Nadir Qafarzadə, sən bununla da sənətinin elə baş-ayaq olduğunu sübut etdin. Halal olsun, mən ölüm.
***
Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımovanın uzun yarıqlı ətəkdə ayaqlarını nümayiş etdirən şəklini paylaşması bir az təəccübə və qınağa səbəb olub.
P.S. Mən başa düşə bilmirəm, burada təəccümlü nə var axı? Aygün Kazımova da səhnəyə belə gəlib dəə... Estradamızın “diva”sı əvvəlcə ayaqlarını, sonra sinəsini, sonra da hər yerini nümayiş etdirərək, səhnədə soyunmağın “xaç atası” oldu. İndi qızı İlqarə də anasının çıxdığı səhnələri soyuna-soyuna, qarış-qarış gəzməlidir ki, estradada yeni nəfəs, yəni, “sveji” ayaqların addım səsləri eşidilsin.
***
“ATV”-nin “Ulduzlu yayım” verilişində qonaq olan və müğənni sayılan Mətanət Əsədova belə açıqlama verib: “Allah mənə səs, gözəl görünüş, yaxşı qəlb və ağıl verib. Bir damcı səsim tələbatımı həll edib. Oxumasam, acından ölərəm”.
P.S. Əvvəla, gəlin Mətanətin iddia etdiyi “səs, gözəl görünüş, yaxşı qəlb və ağıl” məsələsinə aydınlıq gətirək. Səs, demək olar yoxdur, görünüş var, gözəllik yoxdur, yaxşı qəlbin olması da mübahisəlidir. Ağıl məsələsi isə, bir az şübhəlidir və adam qalır mat-mətəəl ki, nə desin? Ola bilər ağıl bir az var. Ola da bilər həddindən artıq çoxdur və ona görə də qıcqırıb. Mən bunu tam dəqiq deyə bilmərəm. Bu səbəbdən işə mütəxəssislər cəlb olunsa, yaxşıdır ki, şübhələr aradan qalxsın.
***
“Entermaqazin” İnstaqram səhifəsinin yaydığı videodan məlum olur ki, müğənni Şəbnəm Tovuzlu əylənəcə mərkəzlərinin birində pilləkənlərdən düşərkən bərk yıxılıb. Elə yıxılıb ki, sanki uçaraq aşağı düşüb və xəstəxanalıq olub.
P.S. Yazıq neyləsin axı, səhnədə o qədər hoppanıb-düşür ki, axırda hallanır, başları başlayır fırlanmağa və ona görə də pilləkəndən uçaraq aşağı düşür. Amma yuxarıdan sərt enişlə yerə “pasadka” edəndən sonra, müğənninin əllərini arxadan yerə qoyaraq, oturub bir anlıq nə baş verdiyini düşünməsi deməyə əsas verir ki, Şəbnəmin göydə uçan ağlı, ayılıb yerinə gəlib. Arzu edirik ki, Allah bir də müğənni xanımın ağlını göylərə uçurmasın və xəstəxanalıq olmasın.
***
Müğənni Tünzalə Ağayevanın “Pilates” idman növü ilə məşğul olduğunu əks etdirən videosu sosial şəbəkədə yayılıb. Müğənni videoda ayaqları divarın yuxarısında, əlləri yerdə “jım” edir.
P.S. Sən öləsən, bu şou əhli əməlli başlı ağını çıxarıb ee... Nadir Qafarzadə efirdə başı yerdə, ayaqları göydə dayanır. Tünzalənin ayaqları divarda, əlləri yerdə görüntüləri yayılır. Şəbnəm də pilləkəndən aşağı uçaraq düşür. Əsl dəlixanadır, mən ölüm. “Qayınana” filmində Nəsibə Zeynalovanın gəlini Afəti əcaib formalarda görəndən sonra dediyi sözlər burada lap yerinə düşür: “Ağəz, məqamdur, zəng elə dəlixanaya, gəlib aparsınlar”. İndi görək bizim abrımızı tökən bu şou əhli üçün dəlixanaya kim zəng etsin?

ELÇİN
elcinmemmedli
[email protected]

Həftəbecər


Geri