DataLife Engine > Çap üçün versiya > “Bakı Lift-2”nin sabiq rəisi: Hər lift üçün nağd 1200 manat pul ödəyirdik
DataLife Engine Azerbaijan Support > Son Dəqiqə, Kriminal > “Bakı Lift-2”nin sabiq rəisi: Hər lift üçün nağd 1200 manat pul ödəyirdik

“Bakı Lift-2”nin sabiq rəisi: Hər lift üçün nağd 1200 manat pul ödəyirdik


18-12-2019, 14:22. Yerləşdirdi: admin
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham olunan “Bakı Lift-2” İstehsalat Birliyinin (İB) sabiq rəisi Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin baş mühəndisi olmuş Cilovxan Əliyev ifadə verib.

O qeyd edib ki, 2013-2015-ci illərdə yeni liftlərin quraşdırılması və köhnə liftlərin təmir olunması ilə bağlı proseslərdə iştirak etsə də, vəsaitlərin hesablanması və xərclənməsi ilə bağlı rəqəmləri xatırlamır.
Prokuror bildirib ki, onun iştirakı ilə imzalanan 12 aktda şişirdilmiş rəqəmlər müəyyən edilib və söhbət 1 milyon manatdan artıq vəsaitdən gedir.

C.Əliyev bildirib ki, həmin aktlar 71 ədəd liftin quraşdırılması və təmir işləri ilə bağlıdır: "Həmin pullar işlərə sərf edilib. Lakin mən vəsaitlərin xərclənməsində iştirak etməmişəm. Nəyin haradan alınmasını, pulun nəyə xərclənməsini rəis özü müəyyən edirdi və vəsait xərclənirdi".
Şahidin istintaqa ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğundan ifadəsi elan edilib.

C. Əliyev istintaqda verdiyi ifadəni təsdiqləməyib.

Təqsirləndirilən Ruslan Dilanov bildirib ki, "Forma 2"-də yazılan məbləğlərdən əlavə də görülən işlərlə bağlı nağd ödəmələr də olub: “3 ay ərzində 1000 ədəd lift quraşdırmalı olmuşuq. Gecə-gündüz işləmişik. Quraşdırma işlərinə kənardan əlavə briqadalar cəlb edilirdi və onlara nağd ödənişlər edirdik. Hər lift üçün 1200 manat pul ödəyirdik".
Proses dekabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, R. Dilanova qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
İş üzrə zərərçəkmiş qismində “Bakı Lift-2” İstehsalat Birliyi tanınıb.

İttihama görə, binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün vəsait ayrılıb. R. Dilanov ayrılan vəsaitin təxminən 1 milyon 835 min manatı mənimsənilib. Həmçinin qeyd olunub ki, dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqlar təyinatı üzrə istifadə olunmayıb, ticarətlə məşğul olan şəxslərə satılıb. Amma saxta sənədlər tərtib edilərək həmin materialların istifadə olunduğu rəsmiləşdirilib.

apa

Geri