DataLife Engine > Çap üçün versiya > ŞƏKİDƏ MÜƏMMALI İNTİHAR HADİSƏSİ
DataLife Engine Azerbaijan Support > Hadisə, Sağ Manşet > ŞƏKİDƏ MÜƏMMALI İNTİHAR HADİSƏSİ

ŞƏKİDƏ MÜƏMMALI İNTİHAR HADİSƏSİ


20-05-2018, 14:40. Yerləşdirdi: memmedov
"Mənə elə gəlir ki, qardaşımın intihar etməsinə son illərdə kənd sakinlərinə və fermerlərə taxıl əkini üçün dövlət tərəfindən hər hektar üçün ayrılan 50 manat yardım subsidiyalarının yeni kənd təsərrüfatı naziri tərəfindən yoxlanılması barədə göstərişi səbəb olub"

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyin Təbii Ehtiyatların Kosmik Tədqiqatlar İnstitunun aparıcı elmi işçisi, Yasamal rayonu, Zərdabi küçəsi, ev 73, mənzil 39-da yaşayan Hümmətov Ramis Mürsəl oğlunun "Təzadlar" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub.

Qəzetimiz vasitəsilə prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, baş prokuror Zakir Qaralova və digər aidiyyəti qurum rəhbərlərinə müraciət ünvanlayan R.Hümmətov intihar etmiş qardaşı Hümmətov Rasim Mürsəl oğlunun korrupsiyalaşmış mütəşəkkil cinayətkar dəstə tərəfindən özünü öldürmə həddinə çatdırıldığını bildirir.

Şikayətçinin yazdığına görə, Şəki rayonunun Baş Göynük kəndində mayın 13-də, səhər saat 7:00 radələrində kiçik qardaşı Rasim Hümmətov yaşadığı evin həyətindəki tövlənin çardağında özünü trosla asıb: "Qardaşımın bu addımı atmasını əvvəlcə başa düşə bilmədim. Mən rayona gələnədək Şəki polisi hadisə yerinə baxış keçirib və Rasimin cibindən çıxan məktubu da özləri ilə aparıblar. Nə qədər yalvarsa da, polis hələlik məktubu ailəsinə təhvil vermək fikrində deyil.

Mən məsələnin niyə və nə səbəbdən baş vermə ehtimallarını araşdırdım. Xatırladım ki, qardaşım Rasim Hümmətov son gününədək Baş Göynük kənd Bələdiyyəsində əmək müqaviləsi əsasında torpaq bölgülərinin aparılması, Şəki Rayon İcra Hakimiyyətinın Baş Göynük kənd nüməyəndəliyində isə dünyasını dəyişən Sərvər Aslanovun yerinə torpaqla bağlı sənədləşmə işlərini aparırdı. Ölümündən bir neçə gün əvvəl ona kənd icra nümayəndəliyində bildiriblər ki, o, icra nümayəndəsinin qohumu Yusif adlı şəxsə gördüyü işləri öyrətsin və saxladığı bütün sənədləşmə işləri olan kompüteri və fleşkaları ona təhvil versin.

Bundan sonra o, mayın 12-də kənd icra nümayəndəsi Rza müəllimin ad günü mərasimində iştirak edib. Rasimə İbad adlı şəxs telefonla hədə-qorxu gəlib ki, gördüyü bütün işlərlə bağlı məsuliyyət onun üzərindədir və bütün dəymiş ziyana görə o cavabdehdir.

Verilən məlumata görə, Rasim həmin məclisdə bir tikə belə, çörək yeyə bilməyib. O, avtomobilini yüksək sürətlə idarə edərək öz evinə gəlib. Evdəkilər onun sifətinin bozardığını görüb narahat olublar. Deyilənə görə, Rasim məclisdə təhdid edilib və konkret mənimsənilən pullar onun üzərinə yüklənib.

Rasim ailəsinə bildirib ki, onu işdən çıxarıblar, ona görə keyfi yoxdur. O, evdə kağıza nəsə qeydlər edib. Bunu ailəsi də görüb. Rasim fikirləşib ki, ev-eşiyini də satsa, onun üzərinə yüklənən yüksək məbləği ödəyə bilməyəcək, ona görə əlacsız qalaraq intihar edib.

Mən hərdən-bir rayona - ata evinə gedəndə hiss edirdim ki, Rasim babat dolanır. Çünki mal-qarası, qoyunu vardı. Hətta avtomobil də almışdı. Yəni, bu gün fikirləşirəm ki, onun əlilə torpaq işlərində qazanılan milyonların əvəzinə, ona verilən qəpik-quruşla o, özünə babat şərait yaradıbmış.

Hadisə baş verən günün səhəri Şəki polisi araşdırmaya gəldiyi zaman kənd icra nümayəndəsi Rza Calalov da Rasimin evinə daxil olaraq orda axtarış aparmaq istəyib, ancaq polis ondan dərhal evi tərk etməyi tələb edib. Belə olan halda, ortaya sual çıxır: görəsən, kənd icra nümayəndəsi Rza Calalov Rasimin evində nəyi axtarırmış? Elə həmin ərəfədə səhər tezdən Baş Göynük kənd Bələdiyyəsindən iki minik avtomobilini sənədlərlə doldurub təcili olaraq naməlum istiqamətdə aparıblar.

Xatırladım ki, kənd bələdiyyəsinə məxsus 270 kv.m otaq sahəsi kənar müdaxilə nəticəsində yanıb, bir çox sənədlər məhv olub.

Mənə elə gəlir ki, qardaşımın intihar etməsinə son illərdə kənd sakinlərinə və fermerlərə taxıl əkini üçün dövlət tərəfindən hər hektar üçün ayrılan 50 manat yardım subsidiyalarının yeni kənd təsərrüfatı naziri tərəfindən yoxlanılması barədə göstərişi əsas səbəb olub. Hansı ki, bu torpaq işlərinin də texniki tərəfinin hamısını Rasim sənədləşdirib. Deməli, rəhbərliyin göstərişləri nəticəsində, kimlərinsə üzərinə torpaq sahəsi olmadığı və əkilmədiyi halda, çox miqdarda hektar torpaq formal yazılaraq dövlət pullarının mənimsənilməsi illər üzünü baş verib. Bu, bir faktdır. Digərlərini də yəqin ki, polis araşdırması ortaya çıxardacaq.

Şəki RPŞ-nin əməkdaşlarının Rasimin məktubunun ailəsinə qaytarmamasından çox narahatam və xahiş edirəm ki, həmin məktubun orijinalı dəyişdirilmədən ailəsinə qaytarılsın. Məktubun əvvəlində böyük qardaşı Zinyətə yazmışdır ki, "məni yoldan çıxartdılar, evimi yıxdılar...". Davamını oxumağa polis imkan verməyib. Polis evdən kadastr sənədlərini, Rasimin mobil telefonunu, pulunu və mənim aldığım kompüteri də aparıb.

Hörmətli cənab Prezident!

Hörmətli cənab Baş prokuror!


Sizdən xahiş edirəm, qardaşım Rasimi əvvəlcə bacarıqlı işçi kimi bələdiyyə və icra nümayəndəliyinə qanunsuz işə götürüb, onu şirnikləndirərək məhz torpaq işləri ilə bağlı ağır cinayətlərə sürükləyən və sonda ona hədə-qorxu gələrək bütün məsuliyyəti üzərinə götürməyə vadar edən, onu intihar həddinə çatdıran korrupsiyalaşmış cinayətkar dəstənin son illərdəki fəaliyyətinin araşdırlmasına göstəriş verəsiniz. Əvvəlcədən sizə təşəkkürümü bildirirəm.

Xahiş edirəm, məni bu məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri cənab Fuad Ələsgərov və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyev qəbul etsin.

Xatırladım ki, Rasim Hümmətovun bir xəstə oğlu və 8-ci sinif şagirdi olan qızı yetim qalıb".

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

E.ŞİRİNOV

Geri