Ötən gün VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində  Heydər Əliyev Sarayında “Əbədi məşəl” adlı konsert proqramı keçirilib.

TEZADLAR.AZ xəbər verir ki, konsertdə Forumun iştirakçısı olmuş 100-dən artıq artıq ölkənin yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslər, jurnalistlər, eyni zamanda incəsənət və mədəniyyət xadimləri, QHT rəhbərləri və üzvləri də iştirak edirdilər.

Yüksək səviyyədə təşkil edilmiş konsert proqramında tematik səhnə dekorasiyalarından, içərisində su olan hovuzdan, arxa planda tamaşaçıya canlı təsiri bağışlayan görüntülərdən istifadə edilmişdi.

İfaçıların, rəqqas və rəqqasələrin xüsusi olaraq hazırlanmış geyimləri, rəqsləri göz oxşayırdı. Konsert proqramı tamaşa kimi qurulmuşdu və keçmişimizdən bu günümüzə sanki səyahət idi.  Əvvəlcə bəstəkar Qara Qarayevin  əfsanəvi "Yeddi gözəl" baletindən Vals və Adogionu səsləndirildi. Səhnədə ilk olaraq Əməkdar artist Fərqanə Qasımova Vüqar Camalzadənin Məhəmməd Füzulinin qəzəlinə həsr etdiyi “Eşitməzdim” əsərini ifa etdi.

Xalq artistləri Teyyub Aslanov, Yusif Eyvazov, Elçin Həşimov, Əməkdar artistlər Əliağa Sədiyev, Toğrul Əsədullayev, Şirzad Fətəliyev, Kamran Kərimov, Afaq Abbasovanın möhtəşəm ifaları Forumun qonaqlarını, tamaşaçıları valeh etdi və onların bu ifaları sürəkli alqışlarla müşayiət edilirdi.

Bu möhtəşəm tədbirdə milli musiqi alətimiz olan tarın qəlbləri riqqətə gətirən səsinin müşayiəti ilə təqdim olunan rəqslərin ahəngi maraqlı kompozisiya yaradırdı və bu qeyri adi gözəlliklər tamaşaçıları ağuşuna alırdı.

Qeyd edək ki, konsertdə Fikrət Əmirovun "Gülüstan Bayatı-Şiraz" simfonik muğamından fraqment, "1001 gecə" baletindən Şəhriyar və Şəhrizadın dueti, Üzeyir Hacıbəylinin "Koroğlu" operasından qızların rəqsi, "İldırımlı yollarla" baletindən "Ümumi rəqs", Firəngiz Əlizadənin "İntizar" operasından final səhnəsi də  təqdim edildi.

Zövq oxşayan konsert proqramı tamaşaçılara unudulmaz bir gün yaşatdı.

Əlavə edək ki, konsertin tamaşaçıları sırasında Forumda iştirak etmək üçün Bakıya gələn Azərbaycan əsilli məşhur fotoqraf Reza bəy Deqati də vardı.  

Xatırladaq ki, Bakı Konqres Mərkəzində mayın 1-də öz işinə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mayın 2-də yekunlaşıb.

Y.MƏMMƏDLİ

yasemen-reza1

e

 e

e

e

e

e

e