İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə bu həftə icazə verilə bilər. Beynəlxalq Cinayət Məhkəməsi (BCM) müvafiq qərar hazırlayır və bu, İsrail hakimiyyətini ciddi şəkildə narahat edir.

Tezadlar.az xəbər verir ki, bu məlumatı Amerikanın “NBC News” telekanalı İsrail hökumətindəki mənbəyə istinadən yayıb.

Həbs təkcə baş nazir Benyamin Netanyahunu deyil, həm də müdafiə naziri Yoav Qalantı və digər yüksək rütbəli hərbi məmurları təhdid edir.

Bütün bunlar Təl-Əvivi son dərəcə narahat edir. Mənbə bazar ertəsi bildirib ki, İsrail orderləri dayandırmaq üçün "diplomatik kanallarla işləyir".

Netanyahunun partiyası seçkilərdən sonra istefa verdiyini açıqlayıb

BCM qarşıdan gələn həbslərlə bağlı məlumatı hələ təsdiq və ya təkzib etməyib. Beynəlxalq məhkəmənin sözçüsü “NBC News”-a bildirib ki, "Fələstin Dövlətindəki vəziyyətlə bağlı müstəqil araşdırma aparılır" və "Hazırda əlavə şərhimiz yoxdur".

Üç il əvvəl məhkəmə Fələstində törədilmiş hərbi cinayətləri araşdırmağa başlayıb.

BCM-nin baş prokuroru Kərim Xan ötən ilin dekabrında bölgəyə səfər edib və bildirib ki, istintaq “irəliləyir” və “biz emosiyaya deyil, ciddi sübutlara əsaslanaraq hərəkət edirik”.

Netanyahunun mümkün həbsi ilə bağlı xəbərlər Qəzza zolağına hərbi hücumunu dayandırmaq üçün İsrailə təzyiqlərin artdığı bir vaxtda yayılıb. Fələstin anklavı bildirir ki, İsrailin işğalından sonra 34 mindən çox insan həlak olub.

Beynəlxalq Cinayət Məhkəməsi Rusiya, ABŞ, Çin və İsrail də daxil olmaqla bir çox dövlətin qoşulmadığı Roma Nizamnaməsi əsasında yaradılıb.

E.ŞİRİNOV