10 may - Azərbaycan xalqı üçün olduqca dəyərli bir tarixdir. Ümummilli lider Heydər Əliyevin anadan olduğu bu gün milli qürur ünvanıdır. Azərbaycan tarixində misilsiz mövqeyə sahib olan ulu öndərin xidmətləri nəticəsində xalqımızın həyatında əsaslı dönüşün formalaşdığı, tərəqqiyə uzanan inkişaf yolunun başlandığı hər kəsə məlumdur. Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz bir insan olan ümummilli liderin həyatı xüsusilə gənclərimiz üçün əsl nümunədir.

Həyatını Azərbaycan xalqına həsr edən görkəmli dövlət xadiminin keçdiyi ömür yolu əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Ulu öndər həmişə xalqa arxalanıb və xalqın dəstəyini, sevgisini qazanıb.

Heydər Əliyevin hakimiyyətə gəldiyi andan elan etdiyi inkişaf kursu xüsusilə siyasi-iqtisadi müstəqillik prinsipinin həyata keçirilməsi, sosial rifahın təmin edilməsi, bütün sahələrdə dirçəlişin başlanması kimi şərtləri vacib edirdi. Ulu öndərin bu istiqamətdə atdığı addımlar Azərbaycana yeni həyat bəxş etdi. Heydər Əliyev Azərbaycanın tərəqqisinin başladığı həmin illəri xatırlayarkən deyirdi: “1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”.

Bütün sahələrdə sürətli inkişafın və intibahın təmin edilməsinə xüsusi diqqət yetirən ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Azərbaycan gəncliyinə böyük ümidlər bəslədiyini dəfələrlə qeyd edən görkəmli şəxsiyyət Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu vurğulayırdı. Ulu öndərin müəyyənləşdirdiyi gənclər siyasəti və bununla bərabər bütün sahələrdə əsaslandırılmış inkişaf konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin layiqli siyasi varisi, cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməklə yanaşı, həm də dövlət idarəçiliyində yeni məktəbin yaradıcısıdır. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur. Gənclərin ailə-məişət problemlərinin həllini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.

Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin hələ 2003-cü ildə prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının siqnalı idi. Onun ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Ölkə başçısının bütün sahələrdə müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş daxili və xarici siyasət Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınmasına gətirib çıxarır.

30 illik müstəqillik tarixində Azərbaycanın qazandığı uğurlar, bu tarixin bir parçası kimi, 2003-cü ildə, cənab İlham Əliyevin prezident seçildiyi gündən indiyə qədər nail olunan inkişaf göstəricisi əminliklə söyləməyə əsas verir ki, bu idarəçilik gələcək üçün önəmli siyasi təməldir.

Müstəqilliyin və inkişafın bu cür möhkəm təməlini qoymağı bacaran görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Ramiz NURULLAYEV

ramiz-nurullayev