Tele-aparıcı Ülvira Qarayeva qısa geyimdə, oturacaqda çəkdirdiyi şəkli “İnstaqram” hesabında paylaşıb. Bu şəkli isə, bir sayt belə təqdim edib: “Aparıcı Ülviranın ehtiraslı görüntüsü gündəm oldu”. Bərəkallah! Yazmır e, Ülviranın ağlı gündəm oldu. Rəhmətliyin uşağı, Ülvira və digər şou-əhli ehtirasın nə olduğunu çoxdan unudublar e. Onlarda indiyə qədər ehtiras qalar? Bu zümrə üçün budlarını, sinələrini, göbəklərini bayırda qoyub, özlərini bu şəkildə reklam etmək və sponsora göstərmək artıq bir dəb halını alıb. Bu zaman abır, həya və ismətin nə olduğunu heç bilən də yoxdur. Bu yerdə Masallıdan olan satirik və iki gözdən əlil olan şair İlham Dadaşovun “Səndən əcəb deputat olar” şeirindən bir bənd yada düşür:

“Ar, namus dəbdə deyil, indi biz avropalıyıq,

Paltarı rədd eləyib, lüt bədənə baxmalıyıq,

Məcramızı dəyişib, Qərbə tərəf axmalıyır,

Dur belə fırlan görüm, səndən əcəb deputat olar,

Arxalı deputat olan, hər zaman, həh an ucalar”.

İndi Ülviranın budları çöldə qalan və uzanmış vəziyyətdə olan şəkili, Rəsul Quliyev demiş, ay badbaxtlar, ehtiras yox, özlərini avropalıya oxşatmaq üçün bir dəbdir. Yox bir ehtiraslı görüntüsü... Ətiniz tökülsün elə.

***

Deputat Vüqar Bayramov mayın 15-dən maaş və pensiyaların artırıla biləcəyi barədə belə deyib: “”Büdcə Sistemi” haqqında Qanuna əsasən may ayının 15-dən tez və oktyabrın 15-dən gec olmayaraq, cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər. Bu kontekstdən gözlənilir ki, hökumət tərəfindən fiskal dəyərləndirmə aparıldıqdan sonra bu istiqamətdə yekun qərar veriləcək”.

P.S. Hörmətli Vüqar bəyin sözlərindən aydın olur ki, mayın 15-dən maaş və bütün pensiyalar artırıla bilər. Amma inanıram ki, son 5 ildə bütün ərzaq məhsulları və digər sahələrdə qiymətlərin 60-70 faiz, bütün pensiya və sosial müavinətlərin isə 10-15 faiz artmasına baxmayaraq, 2019-cu ildən Qarabağ veteranlarına təyin edilən 80 manat təqaüd artmayacaq. Çünki bu veteranlar niyə axı ya şəhid, ya da şikəst, əlil olmayıblar və niyə sağ-salamat qayıdıblar? Şəhid və yaralı qardaşlarının həm yarımçıq qalmış döyüş tapşırığını axıra qədər yerinə yetirərək, azad olunan yerlərdə bayrağımızı qaldıran, həm də şəhid və yaralı qardaşını döyüş meydanından çıxaran bu diri şəhidlərə 80 manat da çoxdur. Elə ona görə də DSMF-nin sədri Himalay Məmişov deyir ki, veteranlara 63 manat 20 qəpik verilməlidir.

***   

Xəbər verilir ki, Yeni Klinikanın Daxili Mühafizə rəisi, Baş həkim Barat Yusifovun qohumu Bəxtiyar Novruzov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Bundan əvvəl mühafizə rəisi olmuş, 44 günlük Vətən Müharibəsinin iştirakçısı, bir çox orden və medallarla təltif olunmuş polkovnik-leytenant Coşqun Məmmədov TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun xidməti maşınının qapısını açmadığına görə, Baş həkim Barat Yusifovun qəzəbinə tuş gələrək işini itirmişdir.

P.S. Əvvəlla, indiki mühafizə rəisi Bəxtiyar Novruzov korrupsiya əməlinə yol verməklə Baş həkim və qohum kimi Barat Yusifovun etimadını çox yüksək səviyyədə doğruldub. Bunu niyə həbs etsinlər, bilmirəm. Bu, bir. İkincisi, sabiq mühafizə rəisi Coşqun Məmmədov döyüşçü kimi peşəkar olub, kiməsə qapı açıb-bağlamaq üzrə yox. Ona görə də Coşqun bəyə əmr düzgün verilməyib. Əgər polkovnik-leytenanta əmr edilsəydi ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova qarşı “döyüşə, irəli!”, o zaman keçmiş döyüşçü dərhal xidməti silahını çıxardıb maşının qapısını güllə-baran edib, açardı və Vüqar bəyin yaxasından tutub bayıra çıxardaraq, soruşaşrdı: “Şəkər xəstələrinin həkimlərin icazəsi olmadan insulin və dərmanlarını niyə keyfiyyətsiz və ucuz insulinlərlə, dərmanlarla əvəz edirsiniz?” Yazıq qazini yarıtmaz işə göndərirlər, sonra da adını yarıtmaz qoyurlar. Hələ üstəlik işdən də çıxardırlar.

***

Ermənistanın baş naziri Nikol Paşinyan “Vətəndaş Günü” münasibətilə Qavar şəhərində gənclərlə görüşü zamanı belə deyib: “Real Ermənistan naminə xəyalı Ermənistandan imtina etmək zamanıdır”.

P.S. Bax, belə yerdə deyiblər e, “dəlidən doğru xəbər”. Amma bu Paşinyan dəli yox, tam ağıllıdır. Doğurudan da, nə qədər ki, ermənilər beyinlərinə yeridilmiş xəyalı, mifik Ermənistandan qurtara bilməyəcəklər, bir o qədər də çətinliklər, problemlər yaşayacaqlar. Hətta müstəqil dövlət kimi mövcudluğunu itirə bilərlər və beləcə yaşamaq üçün onlara hava-su kimi lazım olan Türkiyə və Azərbaycanın ayaqları altında qalacaqlar.

***

“Xəzər” TV-də yayımlanan və xalq arasında artıq ikrah doğuran verilişlərdən biri olan “Təsir dairəsi” verilişində, guya anasını axtaran bir qızın yalan danışdığı məlum olub və aparıcı Lalə Azərtaş ona qapını göstərərək, studiyanı tərk etməsini istəyib.

P.S. A kişilər, Məşədi Kazımın ruhuna and olsun, adət-ənənələrə, mentalitetə, əxlaqa və mənəviyyata zidd olan bu verilişlərin aparıcısına da, ekspertlərinə də və qonaqlarına da qapını göstərib, efirlərdən birdəfəlik qovmaq lazımdır ki, bəlkə bu xalqın gözü və canı bir az dincələ. Hər iki zaurların, xoşqədəmlərin, bu azərtaşların, elgizlərin verilişlərindəki biabırçılığa Prezident Admnistrasiyasında da narazılıq edirlər. Ona görə də həmin verilişlərin yayıldığı televiziya rəhbərlərini bu yaxınlarda babat danlayıblar da. Lakin heç bir faydası yoxdur. Yəni doğurudanmı bu səviyyəsiz, əxlaqsız verilişlərə və onların düşük aparıcılarına gücü çatan bir şəxs, dövlət orqanı yoxdur? Bəlkə nəhayət həvəsdir, bəsdir deyəsiniz!

***

Xalq artisti, xanəndə Nəzakət Teymurova “Zaurla Günaydın” proqramında qonaq olarkən, aparıcı Zaur Baxşəliyevdən belə bir xahiş edib: “Bəzi ifaçılar var ki, sən Allah onları danışdırma, gülünc olurlar”.

P.S. Eh, ay Nəzakət xanım, sən nə qoyub, nə axtarırsan? Efirdəkilərin elə 90 faizi ağzının danışığını bilməyənlərdir dəə... Onları nəinki danışdırırlar, hətta səsi olmasa da belə oxutdururlar. Bu yerdə yenə mövzuya uyğun olduğundan aşıq Abbas Tufarqanlının məşhur şeirindən bir bənd yada düşdü. Aldı görək nə dedi:

“Adam var ki, adamların naxışıdır,

Adam var ki, heyvan ondan yaxşıdır,

Adam var ki, dindirməsən yaxşıdır,

Dindirərsən, yol, ərkanı bəyənməz”.

İndi ay Nəzakət xanım, sənin  də iki əlin var, iki ağız bağlaya bilərsən. Efirlərə qarğa, quzğun kimi daraşmış, bu ağzının danışığını bilməyənlərin hansı birini susdurasan? Yenə ümid qalır Allaha. Heç olmasa, Allahın bizlərə yazığı gəlsin.

***

Üçü birində, bəstəkar, müğənni, şairə və hər üçündən də alayarımçıq olan Elza Səycahan belə deyib: “Tac da aksesuarlarımdan biridir. Mən tacla doğulmuşam. İlhamə xanımın sağlığında da mən tacdan istifadə edirdim. O, da taclara görə mənə qarşı çıxdı. İlhamə xanımın yerində heç kim otura bilməz. O, hər zaman yaşayacaq”.

P.S. Bəli, Elza xanım, bir vaxtlar estradamızın “vor zakon”u olmuş, hazırda isə, o dünyada “Qır qazan” MMC-nin sahibi İlhamə Quliyeva doğurudan da həmişə yaşayacaq. Məhz buna görə də, Elza xanım, gəl belə elə. Necə deyərlər, tənbəllik eləmə, sən umu-küsünü bir kənara qoyaraq, get İlhamə xanımın yanına və o taclardan istifadə etdiyinə görə primadonnadan halallıq istə. Qoy o da sağ əlini qoysun sənin başına və halallıq versin. Sən də İlhamə xanımın halallığı və xeyir-duası ilə istəyərsən başına tac qoyarsan, ya da istəyərsən sac qoyarsan. Bu, daha sənin öz  işindir. Sən əndrabadi geyimlərə onsuz da öyrəşmisən. Amma İlhamə xanımdan halallıq almaq mütləq lazımdır.

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.