 Əyyub Kərimova hökm oxundu Dünən daxili işlər naziri Ramil Usubovun xüsusi ittiham qaydasında şikayəti əsasında "Femida-007" qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı Yasamal rayon Məhkəməsində bir müddətdir davam edən məhkəmə işi yekunlaşdı. ötən prosesdə müdafiə çıxışı üçün vaxt istəmiş Əyyub Kərimov dünənki məhkəmə prosesində bir daha bəyan etdi ki, o, heç bir halda DİN-ə, onun rəhbərliyinə və ya polis əməkdaşlarına böhtan atmayıb: "...Mən polisin sıralarında son illər baş vermiş və sabiq polis əməkdaşları tərəfindən törədilən, həmçinin Hacı Məmmədov kimilərinin əməllərinə qiymət verərək mülahizələrimi ortaya qoymuşam. Bu isə jurnalist düşüncəsinin məhsuludur və bu cür yanaşmaya görə jurnalist ittiham oluna bilməz..." Ə.Kərimov müdafiə çıxışını başa çatdırdıqdan sonra hakimin ədalətli qərarı ilə şikayətə xitam verilməsini xahiş etdi. Sonda isə bildirdi ki, "Əgər DİN-nin bütün problemləri Əyyub Kərimovla bağlıdırsa, bəzi polis əməkdaşlarının qanunsuz əməllərinin, eləcə də sabiq polis əməkdaşlarının törətdiyi cinayətlərin, hətta Hacı Məmmədov kimilərin də əməllərinin baiskarı mənəmsə, onda başqa sözüm yoxdur". Yəni belə demək istədi ki, məni həbs edin, hamının qulağı dincəlsin... Ə.Kərimovun müdafiə çıxışından sonra DİN-in və nazirin hüquqlarını müdafiə edən vəkil Əlirza Həbilov replika vermək hüququndan istifadə edərək bəzi fikirlərini söylədi və hakimdən Ə.Kərimova Az.CM-nin 147.2 maddəsi ilə 2 il şərti cəza verilməsini xahiş etdi. Hakim Ə.Kərimova son söz verdi. Jurnalist bir daha hakimin ədalətli qərar çıxarmasını xahiş etdi və əvvəlki mövqeyində qaldığını bildirdi: "Mən nə nazir Ramil Usubova, nə də DİN-nin hər hansı bir əməkdaşına böhtan atmamışam və atmaq fikrində də olmamışam..." Bundan sonra hakim müşavirəyə getdi. Müşavirədən qayıdan hakim X.Tağıyev hökmü elan etdi: "...Əyyub Kərimov Azərbaycan CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilsin!" Ə.Kərimov hökmdən 20 gün müddətinə Yasamal rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə biləcək. Elbar ŞİRİNOV
Bu xəbər 196 dəfə oxunub. |