 "Təzadlar"ın daha bir əməkdaşı "Qızıl Qələm" mükafatı aldı Nizami Süleyman oğlu Məmmədov (təxəllüsü Nizami Heydər) 1995-ci ildən "Təzadlar"la əməkdaşlıq edir. 400-dən çox yazısında oxucular onun həm publisist, həm də şairlik qabiliyyətinə illərcə şahidlik edib. Demək olar ki, cümlələrində fikrinin isbatını da verir. Yazılarında hətta yazmadıqlarını da oxutdurmağı, hiss etdirməyi bacarır. Bir bənzərsizliyi də həmkarımızın Azərbaycanda həcvin bağlanmaz qələmi olmasındadır. Şeirin bu növündə yalnız vadar ediləndə, yəni nadir hallarda yazır. Sufizmdən və elmin bir sıra gizli sahələrindən anlayışlıdır. İti sürətli, alternativli və obrazlı təfəkkür tərzinə malikdir. Təsadüfi deyil ki, böyük şair rəhmətlik Bəxtiyar Vahabzadə Nizaminin doqquz məqaləsini öz kitabına salıb. Əməkdaşımızın indiyə qədər 8 kitabı işıq üzü görüb. Bir neçə kitab əlyazmaları isə doğum günlərini gözləməkdədir. Yəni o, işində məhsuldardır və sözün magik təsirini də gözəl bilir: Nizamini mətbuatda narahat edən amillərdən biri də yersiz və qərəzli qeybətçilikdir. O, qeyd edir ki, əsl tənqid təkzib doğurmamalıdır, çözüm yolu isə daha üstündür. çünki bu yol seçkin qələm əhlinin yoludur. Həmkarımız düşünür ki, mətbuat dövlətlə xalq arasında ziddiyyət yaratmamalı, əksinə, mənəvi körpülər qurmağa xidmət etsə yaxşıdır. Bunu Azərbaycanın özünəməxsus tarixi və taleyi tələb edir. Doğurdan da insanın dəyəri gördüyü işindən, niyyətindən bəlli olur. Yeri gəlmişkən, bir təzadlı müqaisəyə nəzər salaq. Mətbuat Şurası qəzetimizin adını "damğalayıb" "qara siyahı"ya saldı. Sanki buna mənəvi cavab olaraq Azər KİVİHİ sədri, yazıçı-ilahiyatçı, hörmətli Oqtay Salamzadə isə əməkdaşlarımızı, bu dəfə də Nizami Heydəri "Qızıl Qələm" mükafatı laureatı diplomu ilə şərəfləndirdi. Sağ olsunlar! Qurani-Kərim (Nisa surəsi, 86-cı ayədə) buyurur: "Bir salam aldığınızda daha gözəl bir salam ilə qarşılıq verin və ya bənzəri ilə. Şübhəsiz Allah hər şeyin hesabını tutmaqdadır". ötən həftə isə qəzetimizin digər əməkdaşı Yusif Millətoğlu "Qızıl Qələm" mükafatına layiq görülmüşdü. Aid olan insanlara sözümüz ondadır ki, işığı qaranlıqla aramaq olmaz. Başqalarının gözlərində tük axtarışı heç yaxşı vərdiş deyil... Redaksiya adından əməkdaşımızı təbrik edir, ona mükafat verənlərə dərin təşəkkürümüzü yetiririk. Bizi qərəzlə suçlayanlar da olur, səmimi alqışlayanlar da. Onu bilirik ki, hər uğurun öncəsində uğur inancı gəlir. "Təzadlar" qəzet olaraq uğurunu xalqın, dövlətin, vətənin taleyində arayır və görür. Bu geridönməz bir üzün yoldur və bu yol gerçək təzadlarla doludur. ELBAR
Bu xəbər 231 dəfə oxunub. |