ürək xəstəlikləri cavanlaşır Həkim bunu sosial problemlərlə əlaqələndirir Azərbaycanda və eləcə də dünyada ürək-damar xəstəliyi ən çox yayılanlardandır. Fikir, stress, əsəb gərginliyi, həddindən çox işləmək - bütün bunlar insan orqanizminin ən böyük düşmənləridir. Bu cür amillər daha çox ürəyə təsir edir. Bu azmış kimi, insanlar əsəblərini sakitləşdirmək, streslərini atmaq üçün ya siqaret çəkir, ya da içki qəbul edir. Amma bunlar ürəyin daha da zəifləməsinə səbəb olur. Bu problem əsasən inkişaf etmiş ölkələrdə qabarıqdır. Belə ki, keçən il Amerikada 62 milyon insan ürək xəstəliyinə tutulub. 75 yaşından çox xəstələrdə bu faiz 75-dir, 20 yaşındakılarda isə 5%-ə çatıb. Hər il 6 milyon insan ürək xəstəlikləri şikayəti ilə xəstəxanaya gedib və ya müalicə olunub. Belə hesab edilir ki, ürək xəstəlikləri Azərbaycanda və dünyada 2020-ci ildən etibarən ölümə səbəb verən ən başlıca problem olacaq. Hazırda şərq ölkələrində bu faiz gündən-günə artmaqdadır. Bununla belə, ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hazırda insanın həyatdan köçməsilə nəticələnən halların 60 faizi qeyri-infeksion mənşəli xəstəliklər üzündən baş verir. Bu qrupda liderlik edən isə qəfil ölüm və əlilliklə müşahidə olunan ürək-damar xəstəlikləridir. Təkcə 2008-ci ildə insult və infarkt dünyada 17 milyon insanın həyatına son qoyub. ürək-damar xəstəliklərinin geniş yayılması və getdikcə cavanlaşması Azərbaycan üçün də xarakterikdir. ümumiyyətlə, araşdırmalara görə, dünyada insanların 60 faizi məhz ürəklə bağlı xəstəliklərdən vəfat edir. Statistik göstəricilər bu xəstəliklərdən ölənlərin sayının ildən-ilə artdığını və daha cavan yaş həddinə keçdiyini təsdiqləyir. ümumdünya Səhiyyə Təşkilatının apardığı tədqiqatlara görə, Azərbaycan bu sahədə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. ötən ilin əvvəlindən bəri ölkədə ürək-damar cərrahiyyəsilə bağlı 4 mindən artıq əməliyyat keçirilib ki, onların 40%-i Bakının, 20%-i Sumqayıt və Gəncənin, qalanları isə digər rayon və şəhərlərin payına düşür. Məsələyə aydınlıq gətirən həkim Samir Yəhyazadə bu sahədə mövcud olan statistikaya nəzər saldı. Onun sözlərinə görə, hazırda Bakıda bu və digər səviyyədə kardioloji problemlər yaşayan 92 min nəfər var ki, onların 21 mini ürək xəstəsi, 13 mini ağır kardioloji problemləri olan şəxslər, 9500 nəfəri infrakt keçirənlərdir: "Bütün bunlarla yanaşı, ölkə paytaxtında təxminən 3000 nəfər iki dəfə infarkt keçirib ki, onların həyatı tükdən asılıdır: ani stress və ya kiçicik nevroz bu insanların həyatına son qoya bilər. Son illər ürək-damar xəstəliklərinin xeyli cavanlaşması müşahidə olunur. Əvvəllər ürək-damar xəstəlikləri üçün, xüsusən miokard infarkta görə qorxulu hədd 55-59 yaş arası idi. Son 20-25 il ərzində ürək-damar xəstəlikləri, xüsusən miokard infarktı xeyli "cavanlaşıb". Bundan əvvəl miokard infarkta 60-70 yaşlılar arasında təsadüf olunurdusa, indi klinikamıza daxil olan xəstələrin böyük əksəriyyəti 40-50, bəzən 35 yaşında olur. İndi biz tez-tez 40-50 yaşlarında olan qadınlarda miokard infarktla rastlaşırıq. ürək genişlənməsinə də müxtəlif yaş dövrlərində təsadüf edilir. Klimaks dövründə qadınlarda piylənmə, arterial təzyiqin qalxması da ürək-damar xəstəliklərinin əmələ gəlməsinə şərait yaradır. Amma qeyd etmək lazımdır ki, qadınlarda miokard infarktından daha çox, hipertoniya xəstəlikləri müşahidə olunur". ürək xəstəliyinin cavanlaşmasının səbəbinə gəlincə, həkim bunu sosial problemlərlə əlaqələndirdi. Onun sözlərinə görə, psixo-emosional gərginliyin artması cavan nəslin nümayəndələrinin sabahkı günə inamsızlığı, işsizlik və digər çətinliklərlə bağlıdır: "Məsələn, bizdə tıxaclar, onun nəticəsində işə gecikmələr olur. İşə gecikən isə işdə danlana biləcəyini düşünüb stress keçirir. Ona görə də bu kimi hallarla mübarizə üçün dövlət proqramları qəbul olunmalıdır. Sovet dövrünün profilaktik-kardiologiya üzrə böyük nailiyyətləri var idi. ürək-damar xəstəlikləri xronikidir. Bunun kurs müalicəsi yoxdur və müalicə uzun müddət, fasiləsiz aparılmalıdır. Bu da müəyyən miqdarda maddi vəsait tələb etdiyindən, xəstələr bir müddət müalicə apardıqdan sonra onu dayandırmalı olur. ürək-damar xəstəlikləri üzrə göstəricidə əksər faizi irsi keçən xəstəliklər təşkil edir. Nəsildə infarkt, ürək xəstəlikləri kimi problemlərin daşıyıcıları varsa, o nəslin digər nümayəndələri həkimə çox erkən yaşlarında müraciət etməlidir. çünki damarların darlığı və ya genişliyi valideynlərdən övladlarına ötürülə bilər. Daralmış damarlarda isə çox tezliklə ateroskleroz və trombozun yaranması mümkündür. Ən önəmli olan qəbul etdiyimiz qidalardır ki, bu gün onların da hazırlanma metodlarında əvvəlki dövrlərdən çox fərqlər var. Hazırda qidaların uzun müddət saxlanması üçün konservantlardan, kimyəvi elementlərdən geniş istifadə edilir. Bunlar da, sözsüz ki, bizim səhhətimizdə özünü büruzə verir və tək ürək-damar sistemi yox, bütün xəstəliklərdə cavanlaşmanın baş verməsinə gətirib çıxarır". *** S.Yəhyazadə ürək-damar xəstəliklərinin kişilərdə qadınlardan bir neçə dəfə tez baş verməsinin qeydə alındığını diqqətə çatdırdı: "Burada iki faktor var. Birinci amil kişilərlə qadınların hormonal, xromosom quruluşlarında olan fərqdir. İkinci amil streslərin qəbulunda kişilərin qadınlardan fərqlənməsidir. Stressdən çıxmaq qadınlara daha rahat olur. ürək-damar xəstəliyindən qaçmaq üçün sinir sistemini sakitləşdirmək lazımdır. Ataların gözəl bir misalı var. "Qəm qəm gətirər, dəm dəm gətirər". Bir qədər nikbin olmaq lazımdır. Həyatın çətinliklərini yüksək yumor hissilə qəbul etmək, həyata bir qədər fəlsəfi yanaşmaq lazımdır. Qida məhsulları, suyumuz, ekologiyamız, insanlar arasında münasibətlər vacib şərtdir. ürəyə ürəklə yanaşmaq, ürəyə ən rəhmli münasibət lazımdır. Bilməliyik ki, ürək ən zəhmətkeş orqandır. Gecə-gündüz dayanmır. Biz əsəbiləşirik, həddindən artıq sevinirik, ürək yorulur. Fikirləşirik, həyəcan keçiririk, ürək reaksiya verir. ürək xəstəliklərindən danışanda bunların hansı xəstəliklər olduğunu bilmək lazımdır. Ən çox bilinən ürək xəstəlikləri arasında ürək damarlarının divarlarının içəriyə doğru qalınlaşması, qanın az getməsi ilə bağlı infarklar və spazmlar, ürəyin tez-tez döyünməsi və ya anormal döyünməsi əsas problemlərdəndir. Bu xəstəliklərdan zərər çəkən insanlar əsasən döş qəfəsində ağrı və bunun kimi problemlərlə rastlaşır, bəzi xəstələrdə isə bu problem ağır işlə məşğul və ya idmanla məşğul olduqda baş verir. Bəzilərində isə belə ağrılar olmur, sadəcə olaraq ürəkdə anormal döyünmələr olur. Bu kimi ağrılarda mütləq həkimə getmək lazımdır. Son 10-20 il ərzində insan həyatının sürətlənməsi ilə əlaqədar olaraq insanlar daha çox yemək yeyir və özlərinə daha az vaxt ayırırlar. İnfarktla nəticələnən təhlükəli amillərdən biri də siqaret çəkməkdir. Tütün məhsullarının istifadəsi ürəyin ürək əzələlərində qan dövranını azaldır. ürəyiniz üçün görəcəyiniz ən gözəl iş siqareti kənara qoymaqdır". *** Həkim qeyd etdi ki, ürəklə bağlı ölənlərin ən azı 40%-i və dünyada ölənlərin 12,5%-nin səbəbi siqaretdir. Onun dediyinə görə, yer üzündə hər 10 saniyədən bir siqaret çəkilməsi ucbatından bir nəfər həyatını əldən verir... ELMİDAR
Bu xəbər 260 dəfə oxunub. |