Azərbaycanda bir sıra sərnişin aviareysləri qeyri-müəyyən müddətə təxirə salınıb ( 2010-02-07 )
Azərbaycanda bir sıra sərnişin aviareysləri qeyri-müəyyən müddətə təxirə salınıb
Azərbaycanda dünəndən bu günə təxirə salınmış bir sıra xarici sərnişin aviareysləri yenidən təxirə salınıb. Heydər Əliyev Beynəlxalq Hava Limanından «APA-Economics»ə verilən məlumata görə, qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakı-Rostov, Bakı-Tehran, Bakı-Aktau, Bakı-Tiflis və Bakı-Həştərxan aviareysləri müəyyən edilməmiş vaxtadək təxirə salınıb: «Bu gün sözügedən aviareyslər yerinə yetirilməyəcək. Hava şəraiti bir qədər yaxşılaşan kimi bu aviareyslər həyata keçiriləcək».
Hava limanından həmçinin bildirilib ki, ümumiyyətlə, aeroportdan heç bir kiçik tipli təyyarə (ATR kimi avialaynerlər) qeyri-sabit havaya görə uçuşlar yerinə yetirməyəcək.
«Bu gün yalnız Bakı-Dubay və Bakı Moskva marşrutları üzrə aviareyslərin həyata keçirilməsi nəzərdə tutulub. Bakı-Dubay saat 15:00-da, Bakı Moskva isə axşam saat 20:00-dan sonra yerinə yetirilməsi planlaşdırılır», - deyə aerovağzaldan bildirilib.