Bakı Apellyasiya Məhkəməsi Pənah Hüseynin şikayətini təmin edib ( 2010-02-07 )
Bakı Apellyasiya Məhkəməsi Pənah Hüseynin şikayətini təmin edib
Bakı Apellyasiya Məhkəməsi Milli Məclisin deputatı Pənah Hüseynin birinci məhkəmə instansiyasının qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı verdiyi apellyasiya şikayətinə baxıb. APA-nın məlumatına görə, hakim Gündüz Quliyevin sədrliyi ilə keçirilən prosesdə apellyasiya məhkəməsi Yasamal rayon Məhkəməsinin çıxardığı qərardadın ləğv edilməsi və baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Milli Məclisin deputatı Pənah Hüseyn bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə deputatı olduğu 63 saylı Sabirabad birinci seçki dairəsi ərazisində ünvanlı sosial yardım alan şəxslərin siyahısı barədə sorğu göndərib. Lakin nazirlik deputatın sorğusunu cavablandırmayıb.
P. Hüseyn isə məlumatların verilməsi tələbinə dair iddia ilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Yasamal rayon Məhkəməsi isə iddianı təmin etmədiyindən deputat Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti edib.