Rusiyalı politoloq: «Ermənistanın hələ ki, bu vəziyyətdən şərəflə çıxmaq, Dağlıq Qarabağı və işğal olunmuş rayonları Azərbaycana qaytarmaq şansı var» ( 2010-02-07 )
Rusiyalı politoloq: «Ermənistanın hələ ki, bu vəziyyətdən şərəflə çıxmaq, Dağlıq Qarabağı və işğal olunmuş rayonları Azərbaycana qaytarmaq şansı var»
Rusiyalı ictimai-siyasi xadim, «Rus insanına Azərbaycan və azərbaycanlılar haqqında» kitabının müəlliflərindən biri, politoloq Aleksandr Sevastyanovun APA-ya eksklüziv müsahibəsi
- Kitabın əsas ideyası nədir? Bu kitabı yazmağa Sizi nə həvəsləndirdi? - Mən artıq uzun illərdir ki, xarici qüvvələrin necə Rusiyanı sivilizasiyalararası qlobal münaqişəyə çəkmək, özü də mənim ədalətli hesab etmədiyim tərəfdən çəkmək cəhdini müşahidə edirəm. Buna görə də, mənə elə gəldi ki, bizim siyasi xadimləri müsəlman Şərqin daha obyektiv qiymətləndirilməsinə yaxınlaşdıracaq kitab yazmaq zəruridir.
Bilirsiniz, təəssüf ki, rus xalqının problemləri bizim hakimiyyət tərəfindən rədd edilir və Kreml divarları arxasından heç bir hay gəlmir. Məni heyrətə gətirən o idi ki, o vaxt Dumada işləyən və çıxış edən çoxlu millətlərin nümayəndələri arasında, o cümlədən Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqov da daxil olmaqla, yalnız azərbaycanlılar bizim daxili, əsl rus problemlərimizə anlayışla və yoldaşcasına münasibət bəslədilər.
Sonralar, mən Azərbaycanda olarkən, artıq Azərbaycan xalqına tamamilə başqa gözlə baxmağa başladım. çünki mən azərbaycanlıları onlar üçün adi olan şəraitdə gördüm, xalqla tanış oldum. Mən, necə deyərlər, həm dua evində, həm elmi müəssisələrdə oldum. Həm kəndlərdə oldum, həm də bütün Bakını gəzdim...
Bir çox hallarda mən gecə saat ikidən sonra qayıdırdım və tamamilə tək, heç bir müşayiət olmadan gəzirdim. Mən bir dəfə də olsun özümə qarşı tərs baxış, nəzər görmədim, heç bir kobud, kəskin söz eşitmədim, heç bir hədələyici jest görmədim. Mənim üçün Azərbaycan xalqı tamamilə başqa görkəmdə, Sovet hakimiyyəti dövründə bizim onu tanımadığımız tərzdə təzahür etdi...
Bir vaxtlar, biz vahid dövlətin sərhədləri daxilində yaşayarkən, bir-birimizə bir o qədər də nəzər yetirmirdik. Və mən başa düşdüm ki, azərbaycanlıların simasında Şərq və İslam aləmində vacib müttəfiq görməyin vaxtı çatıb.
Bax, elə bu da başlanğıc nöqtəsi oldu. Biz gözəl tarixçi, ciddi alim, məşhur jurnalist Aleksandr Qoryaninlə razılığa gəldikdən sonra işə başladım. İş getdikcə qar topası kimi artmağa başladı: informasiya axını, idrak prosesi başladı və nəticədə bu kitab meydana çıxdı.
- Demək olarmı ki, hər şeyə rəğmən, hazırda Rusiyada Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycan barədə qeyri-obyektiv informasiya üstünlük təşkil edir?
- Təəssüf ki, bu, yüz faiz belədir. Yenə də təəssüflə deməliyəm ki, bu, tarixən yaranmış bir məsələdir. Amma, axı, azərbaycanlılar hər zaman Rusiyanın sadiq müttəfiqi olublar. Onlar heç zaman nə Rusiya İmperiyasına, nə Sovet Rusiyasına xəyanət etməyiblər. Amma onların nə çar dövründə, nə də Sovet dövründə Kremldə havadarları olmayıb. Onların öz lobbisi olmayıb. Erməni lobbisi isə hər zaman güclü olub, yəhudi lobbisi haqqında isə danışmaq məncə artıqdır... çünki yəhudi lobbisi bir çox məsələlərdə bizim ölkəmizin inkişaf yollarını müəyyən edib. Azərbaycanlıların isə hakim dairələrdə həqiqi müdafiəçiləri olmayıb. Mənə elə gəlir ki, bu, ən böyük ədalətsizlikdir və onu aradan qaldırmağın vaxtı çatıb.
İndi, lap bu günlərdə biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın biabırçı siyasi və etik səhvinin şahidi olduq. O, Ermənistanla Azərbaycan arasında hərbi münaqişə baş verəcəyi təqdirdə bizim Ermənistanın tərəfində vuruşmalı olacağımızı bildirib. Bu, heç bir əndazəyə sığmır. Mən Rusiyanın prezidenti olsaydım, bu sözlər Bordyujanın tutduğu vəzifədə son sözləri olardı. Lakin biz bu hadisənin nə qədər səciyyəvi olduğunu görürük. Təəssüf ki, biz ümumilikdə siyasi vəziyyətə və Dağlıq Qarabağla bağlı vəziyyətə münasibətdə qeyri-düzgün mövqenin hakim olmasının şahidiyik.
- öz kitabınızda Siz həm münaqişənin yaranma tarixinə, həm də onun mümkün həlli yollarına yer ayırmısınız. Siz bir müəllif kimi nəyi önə çəkmək istəmisiniz? Siz bununla nə demək istəmisiniz?
- Mən bunları demək istərdim. Ermənistanın hələ ki, bu vəziyyətdən şərəflə çıxmaq, Dağlıq Qarabağı və işğal olunmuş rayonları Azərbaycana qaytarmaq şansı var. Bu zərurət ildən ilə, getdikcə artacaq. Və Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar. Amma əgər vəziyyət hərbi münaqişəyə gəlib çatsa, Rusiyada hakimiyyətdə mən olsaydım, mən Azərbaycanın tərəfini tutardım.