 Ramiz Rzayev hakimləri müstəqil qərar qəbul etməyə çağırdı Avropa İnsan Haqları Məhkəməsinin qərarına görə ödənilən təzminat buna bais olan hakimin məvacibindən tutulsa, necə olardı? Ali Məhkəmənin sədri: "Bu gün bizim əsas məsələlərdən biri ədalət mühakiməsində məhkəmələrin müstəqilliyi məsələsidir. Bütün dünyada, beynəlxalq səviyyələrdə keçirilən seminarlarda da bu məsələ ortaya gəlir". Hakimlərin müstəqil qərar qəbul etməsi ölkədə ədalət mühakiməsinin bərqərar olmasını şərtləndirən məsələlərdəndir. Elə bu prinsipləri əsas tutan aidiyyəti qurumlar məhkəmələrin müstəqilliyinin formalaşmasında maraqlı kimi görünürlər. çünki məhkəmə hakimi yeganə qurum səlahiyyətlisidir ki, o, dövlətin adından çıxarılan qərarında məhz öz qənaətinə və mülahizəsinə, təhlil və araşdırmasına söykənir. Bu isə o deməkdir ki, hakimlər nə qədər müstəqil olsalar və ədalətli qərar çıxarsalar, deməli, Avropa İnsan Haqları Məhkəməsinə edilən şikayətlər də az olar. "Əsas məsələ hakimlərin özlərindən asılıdır..." Elə Ali Məhkəmənin sədri Ramiz Rzayev də srağagün keçirilən mətbuat konfransında bu məsələləri diqqətə çatdırdı. Ali Məhkəmə sədrinin sözlərinə görə, Azərbaycanda məhkəmə və hakimlərin müstəqilliyinin təmin edilməsi üçün dövlət tərəfindən bütün məsələlər həll olunub, qanunverici baza hakimlərin və məhkəmələrin müstəqilliyini tam təmin edir: "Ən müasir, Avropa standartlarına cavab verən qanunvericilik mövcuddur. Amma əsas məsələ hakimlərin özlərindən asılıdır. Qanunlardan da başqa, hakimlər özləri daxilən müstəqil olmalıdırlar və müstəqil qərar qəbul etməkdən çəkinməməlidirlər. Bu çox vacib bir məsələdir, çünki müstəqil məhkəmə hakimiyyəti olmadan hüquqi dövlətdən söhbət gedə bilməz. Ona görə də əsas məsələlərdən biri hakimlərimizin müstəqilliyinin inkişaf etdirilməsidir".(APA) "Ali Məhkəmənin Plenumunda ayrı-seçkilik yoxdur..." R.Rzayev daxil olan şikayətlərin Ali Məhkəmənin Plenumuna çıxarılmasına qoyulan ayrı-seçkilik barədə ittihamlara da münasibət bildirdi: "Bəzi dırnaqarası hüquqşünaslar belə bir fikir yaradırlar ki, Ali Məhkəmənin sədri istədiyi işi plenuma çıxarır, istəmədiyini yox. Belə bir şey yoxdur. Ali Məhkəmənin plenumunda İnsan Hüquqları üzrə Avropa Məhkəməsində ləğv olunmuş işlərə, Konstitusiya Məhkəməsinin konstitusion hüquqların pozulması ilə bağlı işlərinə və yeni açılmış hallarla bağlı müzakirələr aparılır. Bu hallar olmayandan sonra biz hər hansı məsələni plenuma çıxara bilmirik..." "Mətbuat Ali Məhkəmənin işinə diqqətli olmalıdır..." R.Rzayev medianı Ali Məhkəmənin fəaliyyətinə diqqət yetirməyə də çağırdı: "Biz açıq bir qurumuq, sualları soruşun, yazın, tənqid edin. Amma haqqı və düzü yazın. Bəzən yalan yazılara rast gəlirik, bizi ağır cinayətlərdə ittiham edirlər. Bu məsələlərə son qoymaq üçün kifayət qədər qanuni əsaslarımız var. Əgər hansısa hakim ağır bir cinayətdə ittiham edilirsə, biz müraciət edib o insanları cinayət məsuliyyətinə cəlb edə bilərik. Kimsə narazı qala bilər, tənqid edə bilər, amma ağır cinayətdə ittiham etmək üçün onu dilə gətirən adam məsuliyyət daşıyır". R.Rzayev Avropa Məhkəməsinin qəbul etdiyi qərarların yerinə yetirilməməsi ilə bağlı səslənən ittihamların da doğru olmadığını bildirib: "Avropa Məhkəməsinin qərarlarını icra etməmək mümkün deyil. Avropa Məhkəməsinin müəyyən etdiyi kompensasiyanı Maliyyə Nazirliyi ödəyir..." Ali Məhkəmə sədri əvvəllər yerli məhkəmələrin qərarlarının icrası ilə bağlı müəyyən problemlərin yarandığını da dedi: "Bu ədliyyə Nazirliyinin səlahiyyətindədir, bununla əlaqədar nazirlik baş nazirə müraciət etdi. Ondan sonra böyük dəyişiklik oldu, icra olunmayan qərarların böyük hissəsi qısa müddətdə icra edildi. İndi bu məsələ ciddi nəzarətə götürülüb və qərarların icrasına tam nail olacağıq. Bizim üçün problemli olan məsələ yalnız məcburi köçkünlərlə, onların yaşadıqları yerlərdən çıxarılması ilə bağlı qərarların icrasıdır". Ramiz Rzayev həm də bəzi hakimləri sərt tənqid etdi... "2000-ci ilə qədər Azərbaycanda həbs-qətimkan tədbirinin seçilməsi prokurorluğun səlahiyyətində olub. Amma həmin ildən bu səlahiyyət məhkəmələrə verilib. Bunun da əsas məqsədi insanların hüquqlarının daha yaxşı qorunması idi. Amma təəssüflə demək lazımdır ki, bu belə olmadı... Bununla bağlı Bakı şəhəri və Sumqayıtdakı vəziyyət öyrənilib və ortaya acınacaqlı faktlar çıxıb. Bu məsələni Ali Məhkəmənin 2009-cu ilin noyabrında keçirilən plenumunda müzakirəyə çıxardıq. Təəssüflər olsun ki, hakimlər qətimkan tədbiri kimi həbsə üstünlük verirlər. Azərbaycanda girov qətimkan tədbiri tətbiq olunmur, başqa yerə getməmək, ev dustaqlığı qətimkan tədbirləri seçilmir". R.Rzayevin sözlərinə görə, həbs ən ağır, ən sərt qətimkan tədbiridir və bu tədbir müstəsna hallarda seçilməlidir: "Əgər şəxsin istintaqdan qaçıb gizlənməsi, istintaqa təsir etməsi üçün əsaslar olarsa, həbs seçilməlidir. Məhkəmə həbslə bağlı qərar qəbul edərkən bu halları əsaslandırmalıdır". R.Rzayev pozuntulara yol verən hakimlərin cəzalandırıldığını, 3 hakimin səlahiyyətinə xitam verildiyini, bir neçə hakimə isə töhmət verildiyini, bəzilərinin isə vəzifəsinin aşağı endirildiyini vurğulayıb. "Avropa Məhkəməsinin qəbul etdiyi qərarların icrasının ləngidilməsi barədə iddialar əsassızdır" 2009-cu ildə Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə hüquq pozuntuları ilə bağlı edilmiş 7 şikayət təmin edilib... Bunu dilə gətirən Ali Məhkəmənin sədri Ramiz Rzayev həm də bildirdi ki, bu vaxta qədər həmin qərarların 3-ü hüquqi qüvvəyə minib və digər 4 qərar isə məhkəmə qərarının qəbul olunmasından sonra 3 ay müddətində qüvvəyə minəcək. R.Rzayevin sözlərinə görə, indiyə kimi Azərbaycanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsində 26 işə baxılıb, onların 23-ü hüquq pozuntuları ilə bağlı olduğundan təmin edilib: "ötən il Avropa Məhkəməsinə bütün Avropadan 35 min 560 iş daxil olub, ondan 33 min 65-nə baxılmayıb, rədd edilib. 2395 işə baxılıb. Bununla müqayisədə Azərbaycandan müraciətlər çox azdır". R.Rzayev onu da qeyd etdi ki, Avropa Məhkəməsinin qəbul etdiyi qərarlar Azərbaycanda tam olaraq yerinə yetirilir... *** Beləliklə, Ali Məhkəmə rəhbərliyi bir daha məhkəmə islahatlarının tərəfdarı olduğunu dilə gətirdi, hakimlərə müstəqil qərar qəbul etməkdən çəkinməməyi, həmçinin ədalətli qərarlar qəbul etməyi tövsiyyə etdi. Hansı ki, belə ədalətsiz qərarların ucbatından bəzən Azərbaycan dövləti Avropa Məhkəməsinin qərarını icra etməli və təzminat ödəməli olur. "Təzadlar" isə bir dəfə məsələ qaldırmışdı ki, Avropa Məhkəməsinin qərarına görə ödənilən təzminat buna bais olmuş hakimin əmək haqqından tutulsun. Belə olarsa heç bir hakim sifarişli qərar çıxarmaz və ədalət mühakiməsi həmişə qalib müstəvidə olar... A.Məmmədli
Bu xəbər 176 dəfə oxunub. |