 Ağıl başdan uçub, Cünun kimiyəm... Səmimiyyət oxucu qəlbinin açarıdır. çünki səmimiyyət təbiiliklə əkizdir. Təbiilik isə həyatın özü qədər inandırıcıdır, zehnə və qəlbə yol tapandır. Poeziyada, xüsusən lirikada bu daha vacibdir. Lirika qəlblərin, hisslərin və duyğuların səsləşməsidir, ən səmimi ünsiyyətidir. Dərd, kədər lirikanın mayası olsa da, son illərin poeziyasında bu motivlər ümumən aparıcı yer tutub. Zəmanəmizin bütün aktuallıqları barədə poeziya ilə oxucu arasında çox səmimi dərdləşmə dialoqu formalaşıb. İstedadlı şair Səlahəddin Quliyevin bir növ yaradıcılıq hesabatı sayılacaq "Məni səniszliyə öyrətmə, gülüm" kitabı da bu cəhətdən daha maraqlı görünür. Oxuculara ünvanlanmış sevgiylə, nəcib duyğularla dolu bu kitab yaşadığı zəmanə, torpaq, vətənə aid hiss və duyğularının, yaşantılarının, düşüncələrinin bədii nümunəsidir. Diqqət edilsə, hər bir sənətkarın (şair və ya nasir olsun) ümumi yaradıcılığında onun özünəməxsus müəyyən səs-intonasiya tembrini, fikri ifadə tərzindəki ümumi pafos diapazonunu müəyyənləşdirmək mümkündür. Bu konteksdən yanaşsaq, sənətkarların da hər birinin fərdi təbiətinə müvafiq oxucu ilə "danışmaq" xüsusiyyəti, ünsiyyət mədəniyyəti və təlqin bacarığının olduğunu görmək mümkündür. Şair var poeziyası od-alov püskürür, şair də var həsrət və nisgil naləsidir... S.Quliyevin poeziyası da fərdi xarakterinin təzahürü olmaqla daha çox təmkinli və səmimi dərdləşmə intonasiyasındadır. öz ömür yolunun keşməkeşli, şirinli-acılı tale payını zəmanəsinin və müasirlərinin taleyi ilə bahəm kövrək şair qəlbi ilə kövrək misralara çevirir və oxucusu ilə elə bil ki, köhnə, mehriban bir dost kimi dərdləşir, gileylənir, hətta bəzən sevinir də... Mənə əziz olan əzablarımla, çarə tapılmayan duyğularımla, Puç olub saralan arzularımla, Bilirdin gedəcəm, gedəcəm, bir gün. Gedirəm sərgərdan yollara sarı, Gedirəm zülmətə: nurlara sarı, Gedirəm, gedirəm ruhlara sarı, Bilirdin gedəcəm, gedəcəm, bir gün. Yaradıcı insanlar, xüsusən də şairlər dərdə daha həssas olurlar; şair ilhamı dərddən daha tez alov tapır... Və xoşbəxtlikləri də odur ki, şəxsi talelərindən tutmuş qlobal, bəşəri mətləblərə qədər istedadları gücünə sənət dilində oxucularla dərdləşə bilirlər. S.Quliyev lirik şair olduğundan onun yaradıcılığı bu cəhətdən daha cazibəlidir. İnsan ömrünün mənası, gözəlliyi və vəfasızlığı S.Quliyevin lirikasının əsas leytmotividir. çox hallarda da insan taleyi ilə təbiət löhvələri müqayisəli, uyarlı paralellərlə verilir və məhz bunda da insan xisləti, insan taleyi daha qabarıq, ifadəli, poetik obrazlı təcəssümünü tapa bilir. Bülbül nəğməsində ötüşəcəyəm, Şaqraq şəlalədən töküləcəyəm, Lalə qönçəsində büküləcəyəm, çəməndə, yamacda soraqlayarsan. Nakam məhəbbət, əziz dostu sevib-əzizləmək xiffəti, pak və təmənnasız sevgiyə insanların etinasızlığı, gəncliyin nisgilli xatirələri beləcə mozaik lövhələrdə birləşib zəngin və bitkin lirik ovqat oyadır, gileyli dərdləşmə ünsiyyəti yaratmış olur. Mən səni sevirdim təmiz ürəklə, Coşub-tükənməyən saf məhəbbətlə, Təmənna bilməyən ülvi niyyətlə, ...Mən səni sevirdim. Əlvan arzularım bozardı indi, Qəlbim yaşamaqdan bezardı indi, ürək daşa dönüb, məzardı indi, ...Mən səni sevirdim. Təbii ki, S.Quliyevin lirikasında doğmalarına, xüsusən dostlarına olan nisgil və məhəbbət böyükdür. Yaşının bu çağında həsrətlə dərdləşən, həsrətin xətrini istədiyi insanın özündən şirin olduğunu dərk edən, hüsnün atəşinə alışıb-yanan şair bir sıra şeirlərində həmin sevgini, məhrəmliyi, bu hisslərin müqəddəsliyini tərənnüm edib, öz taleyi, qisməti ilə barışdığını bir daha bəyan edib. "Həsrətin şirindi" şeirində "Sənan misallıyam, Məcnun kimiyəm" deyərək ardınca söyləyir ki: Ağıl başdan uçub, Cünun kimiyəm, Dünya baş-ayaqdı, səmum kimiyəm. Sanıram bal dadır zəhər də indi, Həsrətin özündən daha şirindi. Bu misralarda yaşadığı psixoloyi sarsıntıları oxucu qəlbinə köçürmək və lazımi bədii effekt yaratmaq üçün poetik obrazlılıq imkanlarından orijinallıqla istifadə edə bilib. Bu bəndin hər bir misrasında bunun şahidi oluruq. öz dərdini sonsuz ümmana bənzədən S.Quliyev dərdini də belə ərz edir: Zümrüd bulaqların sorağı oldum, Laləli dağların yanağı oldum, Bütün sevənlərin marağı oldum, Sonsuz bir ümmanam, dərdim dərindi, Həsrətin özündən daha şirindi. S.Quliyevin lirikasının başlıca təsir gücü məhz səmimiyyət və təbiilikdədir. Şeirlərindəki lirik hisslərin səmimiyyəti ilə bədii ifadə tərzindəki təbiilik bir-birini uğurla tamamlayır. Onun şeirlərinin çoxu müxtəlif məzmunlu lirikadır. Bu nümunələr ümumilikdə S.Quliyevin bir növ həm tərcümeyi-halının ən qəti dönümlərinə, həm də fərdi təbiətinin ən xarakter, yalnız ona məxsus cizgilərinin təzahürünə aiddir. Məlum olur ki, Səlahəddin müəllim tale ərköyünlərindən olmayıb. O, həyatın bir çox ağır imtahan və çətinliyinə dözməli olub, halal və möhnətli bir insan ömrünün acılı-şirinli təzadlarını əsas pənahı olan istedadının dili ilə poeziya nümunələrinə çevirib. Burada mürəkkəb insan taleyi də, əsrarəngiz təbiət gözəllikləri də, cəmiyyət həyatının rəngarəng səciyyəvilikləri də zərif, kövrək şair qəlbindən qopan duyğulara, haraylara, gileylərə qarışıb. Nədənsə, S.Quliyevin "Məni sənsizliyə öyrətmə, gülüm" kitabının adını sevgi şairimiz Musa Yaqubun "öyrətmə özünü, öyrətmə mənə" şeiri ilə müqayisə etməli oldum. S.Quliyev dərdini də, sevincini də, sevgisini də, bu sevgidən yaranmış dostluğu da əzizləyə-əzizləyə, sevə-sevə qoruyur, sanki ləyaqətli dostlarının müsibətini elə onlara layiq ləyaqətlə çəkir. Xıncım-xıncım olmuş arzularına, çiliklənmiş ümidlərinə baxmayaraq, gözlərinin gilələrindən vərəqlərə səpdiyi misralarla layla çalır... Bu misralarsa o qədər duyğusal, o qədər təsirli ki... Başqalarını bilmirəm, mən bu misraların ahəngində şirin xəyalla acı gerçəyin arasında çarpışan, qəfil fəlakətdən sarsılan, fəqət onun özünə meydan oxuyan S.Quliyevin qəhərli, yanğılı səsini eşidirsən... Sükutun bağrını yaran harayını eşidirsən... Tənhalığa yoldaşam, çaşıb yolda qalmışam. Həm baharam, həm qışam, Həm alqış, həm qarğışam. Əl-ayaqsız qalmışam, Apar mənim özümü, İtirdiyim yerlərə. Səsim çıxmır, ünüm yox, Sevincim az, qəmim çox. Eşitmir qulağım da, Danışmır dodağım da. Qaytar mənə özümü, İşığımı, gözümü. Apar mənim özümü, İtirdiyim yerlərə. Kitabın ön sözündə redaktoru Xaqani Həbibov Səlahəddin Quliyevin duyğularının nəticəsini belə hiss edir: "İnsan qarşısına məqsəd qoyub sevmir. Məhəbbət ürəyə ilk bahar kimi xəbərsiz və səssizcə gəlir. Səlahəddinin şeirlərini oxuyanda biz görürük ki, "döyüşən" tərəflərin hər ikisi qalib gəlir. Sanki bu "müharibə" insan ürəyini saflaşdırır, bu ağrılı-acılı məhəbbət zövqü, həzzi daha da artırır. Ən gözəl sevgi daxili dünyanın sevgisidir, Misralara boylandıqca şairin iç dünyası ilə daha yaxından tanış olmaq olur". *** Deyilənlərdən belə nəticəyə gələ bilərik ki, yaradıcılığının poeziya sahəsində bu nümunələri ilə yaxından tanış olmaq imkanı verən Səlahəddin Quliyevin "Məni sənsizliyə öyrətmə, gülüm" kitabı sənətsevərlər və pak sevgini dəyərləndirən poeziya aşiqləri tərəfindən məhəbbətlə qarşılanacaq və sevən ürəklərdə bir daha xoş ovqatlar yaradacaq... E.ŞİRİNOV
Bu xəbər 150 dəfə oxunub. |