ömrü daşlara həkk edilmiş insan ömür də bir yazıdır, - deyirlər. Elə ən böyük sərvətimiz də ömürdür. Yaradan bizi bu sərmayə ilə göndərib dünyaya. Baxır ki, kim onu necə xərcləyir. Bax, bu məsələdə fərqlənirik. Kimisi daha çox var-dövlət, mal-mülk toplamaq qeydinə qalır. Kim isə xeyirxahlıq toxumu səpməyə, yaxşılıq etməyə çalışır, kimisi də onun-bunun ayağını qazır, mərdimazarlıq edir, bədxahlıqla məşğul olur, bir sözlə, əsl şeytanlıq edirlər. Və ömür payımızı hərə öz bildiyi kimi, beləcə, yavaş-yavaş əridirik. Arif insanlar, dünyanın gedişatını öyrənməyə çalışanlar, özünü dərk edənlər xeyirxahlıq etməyə çalışır, həyatlarını başaqlarının xoşbəxtliyi naminə sərf edirlər, yaxşılıq etdikləri günləri ömürlərinin ən şirin vaxtları hesab edirlər. Belə insanlar haqa qulluq göstərir, pərvanə ömrü yaşayır, ətraflarına xeyirxalıq rahiyəsi saçırlar. Bu gün Hörmüz və Əhrimənin mübarizəsi ürəklərdə də gedir. Başqaları ilə işimiz yoxdur, biz yaxşılar barədə danışmaq istəyirik. *** ...Köhnə tanışım idi. Bir yerdə çörək kəsmişdik. Yolum düşəndən-düşənə baş çəkər, hal-əhval tutar, keyfini soruşardım. Əslində nə mənim ona böyük bir yaxşılığım keçmişdi, nə də onun mənə. Sadəcə, mənəviyyatlı bir insan olduğunu bildiyim üçün təmənnasız olaraq bir-birimizə qarşı ünsiyyət, mehribanlıq yaranmışdı. Sadə bir iş adamı idi. Necə deyərlər çörəyini daşdan çıxarırdı. Qəbirüstü daşlar hazırlayardı. Deyəcəksiniz burda nə qəribəlik var? Belə daşyonanlar çoxdur. Amma mənim tanışım tamamilə başqa bir adam idi. Torpağa bağlılıq, yurdsevərlik, vətənə sevgi onda çox yüksək idi. Qarabağ harayına ilk səs verənlərdən idi. Yaşı çox olduğu üçün əldə silah vuruşa bilməsə də, dəfələrlə cəbhəyə yollanmış, əsgərlərimizə yardım aparmış, onları döyüşə səsləmişdi. Ermənilərin Qarabağda törətdikləri vəhşilikləri eşidəndə az qalırdı bağrı çatlasın, qəzəbdən özünə yer tapa bilmirdi. Qazandığı şəxsi vəsaiti Qarabağ şəhidlərinin yolunda xərcləyirdi. Bu zaman bloknotunu çıxarar və oraya nəsə qeydlər edərdi. Sonradan öyrəndim ki, torpaqlarımzın azadlığı və bütövlüyü uğrunda həlak olan şəhidlərimizin məzarüstü daşlarının qeydiyyatını aparır və onlara təmənnasız olaraq etdiyi yardım barədə qeydlər edərdi. Onun şəhidlərimiz üçün düzəltdiyi qəbirüstü daşların sayı 300-dən artıqdır. Usta Zakir Məmmədov belə bir adam idi. Salyan-Biləsüvar yolunun üstündə yerləşən "Usta Zakir" daşyonma sexinə növbəti gedişim bir qədər fərqli oldu. Maşını saxlatdırıb ustanı soruşdum. İçəridən bir qadın: - Buyurun, içəri keçin, - dedi. Ustanı görmədiyim üçün qəribə hislər keçirdim. Qarşımdakı qadına sual dolu baxışlarla baxdım. - Siz usta Zakiri soruşdunuz, yəqin ki, onun dostlarındansınız. Artıq o yoxdur, - dedi. Mən onun dünyasını dəyişməyini bilmirdim. Odur ki, qəfildən eşitdiyim xəbərdən bir qədər tutuldum və nə deyəcəyimi bilmədim. Onun kim olduğunu soruşdum? Yanağından gilələnən yaş damlalarını əli ilə silərək: - Qızıyam, -dedi. - Atamın oğul övladı olmadığı üçün indi buranın işini mən aparıram. çalışıram ki, onun xeyirxah işlərini davam etdirim. Atam şəhid ailələrinə, kimsəsizlərə həmişə əl tutar, yaxşılıq edərdi. Qarabağa yardım edib. Otuz şəhid ailəsinə hər ay köməkil göstərər, maddi yardım edərdi. *** öyrəndim ki, usta Zakirin qızı Şölə xanım Məmmədova atasının el içində qazandığı hörmət və nüfuzu yaşatmaq üçün əlindən gələni etməyə çalışır. Onda dərin bir ata məhəbbətinin olduğunu gördüm. Şölə xanımla birlikdə ustanın qəbrini ziyarət etməyə yollandıq. Təəssüf duyğuları yaşadan hisslər keçirdik. Məzar daşından boylanan diqqətli baxışlar sanki "Mən yaşayıram", - deyirdi. Usta Zakir həqiqi mənada yaxşı adam idi. Xeyirxahlıq edər, başqalarına əl tutar, alın təri ilə qazandığının çox hissəsini imkansızlara paylardı. Gəlin yaxşı bir iş görmək istərkən böyük Əflatunun sözlərini bir daha yadımıza salaq: Yaxşı adam adını qazanmaq çətindir, çünki Allahlar yaxşı bir iş üçün insandan bollu tər tökməyi tələb edirlər. çalışaq yaxşılardan olaq, onda bizi də daim yad edərlər. Q.Həsənli
Bu xəbər 124 dəfə oxunub. |