 Apardı sellər "Sara"nı... Kütləvi savadsızlaşdırmanın zirvəsinə doğru (Əvvəli ötən saylarda) ...İctimai inkişafın hansı istiqamətə getməsini müəyyənləşdirməyin yolu elmi tədqiqatdır. Elə buna görə də (təkrar edirəm!) deyirlər ki, praktika həqiqətin meyarıdır. Praktikadan əldə edilən həqiqətin gizlədilməsindən böyük xəyanət yoxdur. Sözügedən elmi işlə bağlı mənim apardığım elmi tədqiqat praktikasının nəzəriyyəyə uyğun gəlmədiyini aşkara çıxarıb. Mən vəziyyətdən çıxış yollarını axtarmışam. Təhsilin öz ixtisasıma aid olan bir problemini həll etmişəm. Mütləq-müəyyən cəza təyinini elmi-nəzəri, məntiqi cəhətdən əsaslandırmışam. Cinayət-cəza təyininin yeni konsepsiyasını işləyib hazırlamışam. Mənim işim təqdir olunub. Şərti olaraq "Variantlar nəzəriyyəsi" adlandırılan həmin işin qısa xülasəsi "Audit" adlı elmi jurnalda, eləcə də digər mətbuat səhifələrində dərc olunub. Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurası həmin işin monoqrafiya kimi çap olunması haqda qərar çıxarıb, yuxarıda adı çəkilən hüquqşünas alimlər həmin elmi tədqiqat işinin çap olunması haqda Rəy veriblər. İşlədiyim BDSİ Kollecinin hüquq fənn Komissiyası işi çap olunmaq üçün Təhsil Problemləri İnstitutuna göndərib. Sifarişlə yazılmış mənfi bir rəylə iş təkrarən geri qaytarılıb, çapından imtina edilib. Ziddiyyətə fikir verin: I - Akademiya işi çapa məsləhət görür. II - Elmi jurnal işin xülasəsini çap edir. III - Mətbuatda iş çapa gedir. IV - Hüquqşünas alimlər işi çapa məsləhət görür. V - Sifarişlə yazılmış "Rəy" mətbuatda təkzib olunur. Yalnız Təhsil Problemləri İnstitutunun direktoru A.O.Mehrabov sifarişlə, savadsız bir hüquqşünas "alim"ə saxta bir "Rəy" yazdırıb onun çapından imtina edir. Nə üçün? Təhsil Nazirliyində mənə dedilər ki, sizin elmi işinizin çapına mane olan sifarişlə mənfi rəyi Firidun Səməndərov yazdırıb. F.Səməndərov özbaşına belə iş edə bilməz. Ona görə ki, mən Akademiyada işləyəndə sözügedən elmi iş ADU-nun hüquq fakültəsinə xarici rəyə göndərilib. Firidun Səməndərov ona müsbət rəy verib. İndi nə baş verib ki, F.Səməndərov öz iradəsinin əleyhinə gedir? Cinayət Qanunu elə həmin Qanundur. Ancaq tarix dəyişib. Maddələrin sanksiyaları yenə də nisbi-müəyyəndir, alternativdir, mütləq-müəyyən sanksiya yoxdur. Cəzasızlıq şəraitini aradan qaldıran, rüşvətin kökünü kəsən yeni ideyanın əleyhinə çıxmaq nadanlıqdır. Amma bəzən nadan adamlar çox sədaqətli olurlar. Məsələn: Novruzəli (C.Məmmədquluzadə "Poçt qutusu" hekayəsi). H.e.n. R.Ə.Şəmsizadə saxta "Rəy" yazarkən haradan və kimlərdən göstəriş alıb? Bunu inzibati orqanlar müəyyən etməlidir. Hər şey mənə məlumdur. "Bala dili" nəyi öyrədir? Azərbaycanda təkcə yaşlı nəslin elmi-ictimai fəaliyyəti təqiblərə məruz qalmır. Əlbəttə, söhbət əsl elm adamlarından gedir, "Tıqtıqxanımın nağılı"nı yazıb akademik olanlardan yox. Elə vəziyyət yaranıb ki, məntiqi düşüncəni beşikdə boğmaq taktikası həyata keçirilir. Uşağın mənə verdiyi bir sual "Bala dili" adlı kitabça ilə maraqlanmağıma vadar etdi. Kitabça ANS PRESS nəşriyyatı tərəfindən 2009-cu ildə (55-ci nəşr) çap edilmişdir. Kitabçanın 29-cu səhifəsində "Qorxaq dovşan və qar" sərlövhəli nağıl dərc olunub. Nağıl 5 yaşından 10 yaşınadək uşaqlar üçün nəzərdə tutulub. 10 yaşlı uşaq III sinif şagirdidir. Sözügedən nağılın əvvəlində uşaqlara deyilir: "Bu nağılda 40 "o" hərfi var, onları tap". Birincisi, sözügedən nağılda olan sözlərdə 40 "o" hərfi yoxdur. Sonra isə dərsə gedən, getməyən uşaqların nağıldakı sözlərdə neçə "o" hərfinin olmasının uşağın hər hansı bilik sahəsində təfəkkürünün, bilgisinin formalaşmasına nə dəxli var? Olmasın "o" hərfi, olsun "b", "c", "q" və digər hərflər. Uşaq nağıldakı sözlərdə "o" hərflərinin altınldan xətt çəkib onları sayacaq və tapacaq ki, nağılda 36 "o" hərfi var. Şagirdin hər hansı biliyə yiyələnməsində, hər hansı elm sahəsində təxəyyülünün formalaşmasında nağılda olan "o" hərflərinin sayını bilməsi nə kimi rol oynaya bilər? Heç nə! Onda məqsəd nədir? Məqsəd aydındır. Kitabı satıb pul qazanmaq. Ən əsası isə məntiqi düşüncəni beşiyindəcə boğmaq. Sözügedən nağılın çapı xeyirxah məqsəd daşısaydı, nağılın sonunda uşaqlara belə bir sual verilərdi: Dovşan necə yatır? Uşaq da arayıb-axtarıb, soruşub öyrənərdi ki, dovşan gözüaçıq yatır. Bu da olardı bilgiləndirmə. Ağacın köklərini kəsirik, rişəsiz gövdəni basdırırıq yerə, sonra da deyirik: Bu niyə bitmədi? *** Bu, kəsib sonra soymaq məsələsidir. Burada dovşan haqqında bir hikmətli əhvalat yerinə düşür. Dövşan bərk qaçırmış, yolda kirpiyə rast gəlir. Kirpi soruşur: Nə olub, niyə belə bərk qaçırsan? Dovşan deyir, kimin üç qulağı varsa birini kəsirlər. Kirpi deyir, axı sənin üç qulağın yoxdur, ikidir. Dovşan cavab verir, iş ondadır ki, kəsib sonra sayırlar. Bəli, kəsmək, yıxmaq, dağıtmaq asandır, qurmaq, yaratmaq çətindir. *** Sözügedən nağıl şagirdə o zaman müəyyən bir bilgi verərdi ki, nağılda qoşa saitlərin, samitlərin olduğu sözlərdən istifadə ediləydi. Məsələn, "fənn", "bədii", "çaqqal", "saqqal", "təbii" və s. Həmin sözlərdəki saitlərdən, samitlərdən biri yazılmaya bilərdi və şagirddən soruşulaydı: nağıldakı hansı sözlərdə hansı sait və samit çatmır? Şagird də hansı sözdə hansı hərfin yazılmadığını tapıb, dilçilik elmindən biliyini artıracaqdı. Daha çaqqala "çaqal", saqqala "saqal" deməyəcəkdi. Kütləvi savadsızlıq törətmək üçün cürbəcür üsullardan istifadə edilir. Bu kimi çoxlu sayda faktlar gətirmək olar. Belə mövqe şərin idealıdır. Həqiqət isə şərin dar ağacıdır. Şəri dar ağacından asılmaq təhlükəsindən xilas etmək üçün kütləvi savadsızlaşdırma həyata keçirilir. Bu da insanlarda mütilik, ədalətsizliyə dözüm, fanatizm, ümidsizlik, sinizm yaradır. Düşmənə də elə bu lazımdır ki, öz çirkin məqsədlərini həyata keçirmək üçün fanatikləşmiş kütlədən istədiyi kimi istifadə etsin, onu istədiyi istiqamətə çəkib apara bilsin. "Bala dili" kitabçasının səhifələrində yolka ağaclarının ətrafında da eybəcərləşdirilmiş insan şəkillərini uşaq mənə göstərib dedi: "Baba, axı şəhərdə yolkalar ətrafında belə adamlar yox idi. Dedim, bala, o kitabı satıb pul qazanmaq üçün yolkanın ətrafındakı insanları o vəziyyətdə çəkiblər ki, siz maraqlanıb kitabı alasınız. Əslində, bu, elə belədir. III sinif şagirdinə başqa nə deyə bilərdim? Əgər desəydim ki, təsviri incəsənəti məhv etməkdir. Yeni sual veriləcəkdi ki, baba, təsviri incəsənət nə deməkdir? Yox, desəydim ki, bu Rafaeli itirmək deməkdir. Yenə sual verəcəkdi ki, baba, Rəfael kimdir? Və s. İbtidai sinif şagirdləri üçün şəkil albomları satılır. Albomun üz qabığında, demək olar ki, lüt qadın şəkli təsfir olunur. Bu, nəyə xidmət edir, uşağı nəyə alışdırmaq deməkdir? Sualın bircə cavabı var: ƏXLAQIN İNKARINA! Əxlaqın inkarına çalışanlar öz planlarını həyata keçirmək üçün vaxtı ilə "Əyləncə" adlı qəzet nəşr etdilər və həmin qəzet avtobuslarda camaata pulsuz paylanıldı. Qəzetin məqsədi monoqamiyanı ləğv etmək, qrup kəbininə keçidi formalaşdırmaq idi. Dövlətə məlumat verildi, qəzetin nəşri dayandırıldı. Təcrübəli müəllimlərin günahı nə? Kütləvi savadsızlıq təkcə təhsildəki formalizmin nəticəsi deyil. Bu, həm də onun nəticəsidir ki, savadlı, təcrübəli təhsil işçiləri müxtəlif bəhanələrlə təhsil sistemindən uzaqlaşdırılır. Misal üçün, Bakının Xətai rayonundakı 254 saylı məktəbin ibtidai sinif müəllimi Səlimə Məhərrəmovanın başına gətirilən əhvalat "Addım" qəzetinin 10-16 dekabr 2009-cu il tarixli nömrəsində dərc edilmiş "Məktəb direktoru qanunu pozur?" sərlövhəli yazıda təsvir edilib. *** Əmək Məcəlləsinin 78-ci maddəsinin I bəndində deyilir: "Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır". S.Məhərrəmovanın sözlərinə görə, F.İ.Həmzəyev Qanunun bu göstərişinin əksini edib. Yəni uzun illər təhsil sahəsində əmək sərf edən, yüksək peşəkarlığa malik olan savadlı, yaradıcı fəaliyyəti ilə fərqlənən, sənətinin vurğunu olan, peşəsi ilə bağlı tədbirlərdə iştirak edən, fəxri fərmanlar alan, Xətai rayonu üzrə iş təcrübəsi yayılan, ali dərəcəli metodist adını daşıyan təhsil işçisini işdən qanunsuz çıxarıb. Məqalədən məlum olur ki, 26 məqalə müəllifi olan S.Məhərrəmova iki dəfə Az.SSR Təhsil Nazirliyinin fəxri fərmanına (25.11.1983 və 22.06.1988-ci illər) və "Metodist müəllim" (20 iyul 1984-cü il) adına layiq görülmüş, 2002-ci ilin fevralında İnsan hüquqlarının ümumtəhsil məktəblərində tədrisi ilə bağlı keçirilmiş seminarlarda iştirakına görə sertifikat almışdır. Sonluq isə göz önündədir: səriştəli bir müəllim direktorun "şıltaqlığı" üzündən işdən kənarlaşdırılır. "Addım" qəzetinin mövqeyinə Bakının Xətai rayon Məhkəməsi müsbət cavab vermiş, S.Məhərrəmovanın işə bərpaya dair iddiasına baxaraq 11.01.2010-cu il tarixində müəllimənin əvvəlki işinə bərpası haqqında Qətnamə çıxarmışdır. Yəqin ki, bu hal qanunu pozan digər orta və ali təhsil müəssisələri rəhbərləri üçün bir ibrət dərsi olacaq. Sözümü böyük Nizaminin bu beyti ilə tamamlayıram: Qüvvət elmdədir, başqa cür heç kəs Heç kəsə üstünlük göstərə bilməz. Zəkəriyyə Musayev, tədqiqatçı-hüquqşünas
Bu xəbər 157 dəfə oxunub. |