 Deyim-deməyim?!. ATƏT Parlament Asambleyasının prezidenti Joao Soaresin deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində son addımı atmaq üçün siyasi iradəyə və mərdliyə ehtiyac var... P.S. Görəsən, bu keyfiyyətlər addım atanın özündə yoxdursa, o zaman nəyə ehtiyac var?.. *** Koreyanın torpaq və dəniz məsələləri üzrə naziri Bakıya gələcək... P.S. Əgər qonaq torpaq almağa gəlirsə, özünə əziyyət verib o boyda yolu gəlməsin, çünki merimiz hələ neçə il öncə bildirib ki, vallah, Bakıda sattığa torpaq qalmayıb... *** ABŞ prezidenti "erməni soyqırımı" haqqında qərar layihəsinin əleyhinə çıxıb... P.S. Ermənilərin Obamanın bu addımını necə qarşıladıqlarını fikirləşəndə, nədənsə, "Ulduz" filmini xatırladım: "Müxbirin apardığı mandarinlər burnundan gəlsin..." *** Bu ayda qeyri-iş günü sayılan 8 mart, Novruz bayramı və şənbə-bazar günlərini də cəmləməklə düz 14 gün istirahət olacaq. Ayın təxminən yarısını dincələcəyik... P.S. 14 günün dadını çıxarın, əziz xalqımız, sizə bol-bol istirahət və səbr arzulayırıq... *** Sudanın cənubunda 2 yerli tayfa arasında 1 baş qaramal üstündə toqquşma baş verib. Hökumət qüvvələrinin müdaxiləsi ilə ara daha da qızışıb, nəticədə 89 adam ölüb... P.S. Yəni iki tayfa arasındakı toqquşmaya qarışan ordu qaş düzəltmək əvəzinə, göz çıxarıb... *** MŞ "qara siyahı" ilə bağlı şikayətlərin araşdırılmasına başlayıb... P.S. Bu lap qaranlıqda qara pişik axtarmağa bənzəyir... *** Kiyev-Təl Əviv reysi ilə uçan içərisində 100 sərnişin olan "Boing 737" tipli təyyarənin pilotu hər dəfə istifadə etdiyi təzyiq dərmanı yerinə yuxu dərmanı atıb... P.S. Bir sözlə, pilot yatıb, təyyarə başsız qalıb. Yaxşı ki, köməkçi pilot varmış... *** Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində əsgər əsgəri güllələyib... P.S. Ordumuzun yata-yata yanı, dura-dura beli ağrıyır, torpaqlarımızı ermənidən azad etmək üçün tezliklə döyüşə başlanılmasa, silahlarını paslanmağa qoymayan əsgərlərimiz bir-birini qırıb qurtaracaq... *** Model Tunay Əliyeva açıqlama verib ki, pulunun olmaması onu çox şeyə sövq edə bilər... P.S. Təzad! Kişilərinsə pulunun çox olması onları çox şeyə sövq edir... *** Gəncə məktəblərində "8 mart"la bağlı pulyığdı kampaniyasına artıq start verilib. Şəhərin 39 və 11 saylı orta məktəbində təhsil alan şagirdlərin valideynləri nazirliyin qaynar xəttinə müraciət edib. 28 nömrəli orta məktəbdə də anoloji fakt aşkar olunub... P.S. Qəzanız (oxu: cəzanız) mübarək olsun, əziz direktorlar... *** Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, Azərbaycan müxalifətində demokratiya yoxdur... P.S. ümumiyyətlə, olmayan şeydə nəyin olub-olmadığını necə bilmək olar?.. *** Aida Quliyeva (f.el.n. Bakı ş, 18 saylı orta məktəbin müəllimi) və Məmmədxan Soltanovun (f.el.n. Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti) ədəbiyyatdan 5-ci sinif üçün test tapşırıqları vəsaitindən: Qabil nə vaxt anadan olmuşdur? A) 1139-cu ildə B) 1140-cı ildə C) 1141-ci ildə D) 1142-ci ildə E) 1143-cü ildə. Yaxud, Süleyman Rüstəm nə vaxt vəfat etmişdir? A) 1899-cu ildə B) 1903-cü ildə C) 1906-cı ildə D) 1907-ci ildə E) 1909-cu ildə... P.S. Düzgün variantı tapana test kitabçasını hədiyyə edəcəyik. (Ardı var)... ELBAR
Bu xəbər 149 dəfə oxunub. |