DataLife Engine > Çap üçün versiya > Anasını öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib
DataLife Engine Azerbaijan Support > Kriminal > Anasını öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib

Anasını öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib


6-01-2018, 14:35. Yerləşdirdi: memmedov
Ali Məhkəmədə Bakıda qısqanclıq zəminində anasını öldürməkdə təqsirləndirilən Siyavuş Zöhrabovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.Zöhrabovun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, qətl hadisəsi 2015-ci il iyulun 6-da Nizami rayonunda baş verib. Rayonun Mehdi Abbasov küçəsi ev 33 ünvanında yaşayan S.Zöhrabov qısqanclıq zəminində anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən şəxs Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.

Məlumata görə, S.Zöhrabov anasına, təxminən, 10 bıçaq zərbəsi vurub. İstintaqın gedişatından məlum olub ki, T.Zöhrabova bir müddət əvvəl ərindən boşanıb, üç uşaqdan ikisi atası, S.Zöhrabov isə anası ilə yaşayıb.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Zöhrabov 17 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib. S.Zöhrabov daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Geri