DataLife Engine > Çap üçün versiya > Onun “İkinci həyat”ı
DataLife Engine Azerbaijan Support > Mədəniyyət > Onun “İkinci həyat”ı

Onun “İkinci həyat”ı


15-05-2018, 15:43. Yerləşdirdi: memmedov
Bu günlərdə Qurbanova Ləman Elxan qızının “İkinci həyat” adlı kitabçası əlimə düşdü. Vərəqlədim. Etiraf edim ki, müxtəlif səhifələrdə gözümə sataşan qara hərflərlə verilmiş cümlələr məni çaşdırdı.

Açığı, oradakı fikirlərin IX sinif şagirdinə məxsus olmasına inanmadım. Ancaq sonadək oxuduqdan sonra kitabın həm də bir gəncin ilk qələm təcrübəsi olduğuna əmin oldum. Ayrı-ayrı mövzular hansısa bədii janrda yazılmamışdı. Belə ki, bu yazıları nə mənsur şeir, nə də esse adlandırmaq mümkün deyil. Ancaq heç bir bədii janr ölçüsü nəzərə alınmasa da, kiçik həcmli bu yazılarda fikir, məntiq və düşüncə var.

Təbiət və cəmiyyət haqqında düşüncələrini qələmə alan Ləmanın hər bir yazısının sonunda aforizm səviyyəsində fikirləri çox maraqlıdır. Yəqin ki, diqqətimi çəkən fikirlərdən nümunələr vermək yerinə düşər. “Nəfəs almağımın tək səbəbi eyni havanı paylaşmağımızdır”, “Bəziləri dərdini gizlədə bilməz, bəziləri də gizlətməyə bilməz”, “Fərqli görünmək üçün özünü başqası etmə”, “Sənin buludların göyləri bəzəməyə yox, göyləri qara etməyə hazırdır”, “Güzgü də ona baxanla qocalır”, “Yol gedərkən gülsən, dəli deyəcəklər. Ağlasan, baxan olmaz, öz işidi deyərlər”, “Bildiyimiz tək şey heç nə bilməməyimizdir”, “Sən gülüşünün səbəbi ol, niyəsinin səbəbi olma”, “Həyatınızı qoruyun, oğurlamağa gələcəklər”, “Ən sadiq dostun vicdanındır”, “Mənim səhvlərimi tapdın, öz səhvlərində yox oldun”, “Həyat obrazımız ikiüzlülük, ssenarisi yalanlar” və s.

Mən kitabın müəllifi yeniyetmə Ləmanla görüşdüm, onun daxili dünyasına bələd oldum. Öyrəndim ki, qələmə aldığı mövzuları əvvəlcədən planlaşdırmır, qeydlər etmir. Ruhunu rahatsız edən, yazılmaması mümkün olmayan fikirləri qələmə alır. Söhbətimiz zamanı soruşanda ki, səni yazmağa vadar edən nədir? O da cavabında dedi ki, insan yaşamaqla yox, yaratmaqla ikinci həyatında özü olur...

Valideynlərinin hər ikisi ali təhsilli olsa da, onlardan heç bir kömək, məsləhət almadan Ləman “İkinci həyat”ı çap etdirmişdir. Yazdıqlarını bir müddət gizli saxlasa da, ilk oxucusu bacısı Zivər olmuşdur.

Kitabın “Ön söz”ündə oxuyuruq: “Hamının yaşadığı iki həyat var. Birinci həyatımızda bizim “kukla” ipimizi (teatrdakı kuklaları hərəkətə gətirən ip - müəllif) necə tutublarsa elə yaşayırıq. İkinci həyat istədiyimiz həyat... Kim istəməz ki, istədiyi kimi yaşasın. Ancaq buna sahib olmaq əlçatmaz yerlərdə mümkündür. Bəlkə də yazdıqlarımı oxumayacaqsınız, fikirlərimlə razılaşmayacaqsınız. Kitab fikirlərimi qəbul etmək üçün yazılmayıb. Sadəcə, ruhumu duymağınız üçün oxumağınızı istərdim. Günə ən sevimli mahnınızla başlayın...”

Nitşe yazırdı ki, uçurumu sevənlərin qanadı olmaz. Səhvlərindən çəkinən və ya çəkindirilən yeniyetmələrin bəzən istedad cücərtiləri elə ürəyindəcə ölür. İnsanın bacarmadığı iş yox, istəmədiyi şeylər var. Ləman çalışır, nəsə yaratmaq istəyir, özünü tanıtmaq istəyir. Onun gözəl rəssamlıq bacarığı var. O indi müxtəlif sahələrdə kövrək addımlarını atmaqdadır. Hansı sahədə uğur əldə edəcəyini isə zaman göstərəcəkdir. Hər birimiz yeriməyi yıxıla-yıxıla öyrənmişik. Odur ki, mən Ləmanın kitabındakı nöqsanlarına toxunmadım, onun haqqındakı ilk qeydlərimdə çatışmazlıqları kölgədə qoydum. Onu da deyim ki, insan müdrik doğulmur, əməlləri, çalışqanlığı onu müdrikləşdirir.

İstedaddan, qabliyyətdən söz düşəndə mərhum şairimiz B.Vahabzadənin aşağıdakı misralarını xatırlayıram:

Daşın dibindən də göyərib çıxar
Çiçəyin toxumu dolu olanda.


Onu da qeyd edim ki, Ləman ziyalı bir ailədə dünyaya göz açıb. Böyük bacısı İqtisad Univerisitetinin 3-cü kurs tələbəsidir. Özü Bakı şəhər 278 saylı tam orta məktəbin IX sinif şagirdidir. Hər cür qayğı ilə əhatə olunub. Ailə mühiti onu nümunə ola biləcək səviyyədə mənəvi-psixoloji və maddi qayğı ilə təmin etməkdədir. Ləmana qalan odur ki, ailəsinin imkanlarından daha səmərəli şəkildə istifadə etsin, bəhrələnsin. Arzusunun-psixoloq təhsili almasını gerçəkləşdirsin.

Ləman ən kiçik yazılarında təkrar olunma yan müqaisələr yaratmaqla fikir söyləməyi bacarır. Onun “Qəhvə” adlı yazısında oxuyuruq: “Qoxusu hüzur verər. İçiləndə acıdır... Qəhvənin gecə kimi qarası, həyat kimi acısı yaxşıdır. Dadına baxdıqca öyrəşirsən acıya. Həyatdakı acılar kimi...”

Belə nümunələrin sayını artırmaq olar.

Ləman ilk addımlarını atmaqla özünü təsdiq, özünü ifadə yaşlarındadır. O doğru bildiyimiz yanlışlıqlar olmasın deyə hələ çox oxumalı, çox çalışmalıdır. Gələcəyin böyük yazıçısı olmaq istəyirsə, dünya və zəngin Azərbaycan ədəbiyyatını, folklorunu oxumalıdır.

Bu yazının sonunu Ləman Elxanqızının “Rahatlaş” adlı yazısı ilə bitirirəm. O yazı ilə ki, o həm də onun yaşıdları üçün tövsiyə xarakterlidir: “Xəyallarına qovuşmağın tək yolu onlara inanmaqdır. Nə edirsənsə, peşiman olma. Peşimançılığının səbəbi özün ol. Yıxıldınsa, bir də dur. Nə səni yıxsınlar, nə də qaldırsınlar. Özün hər şeyi öyrən. Bu günü və sabahı düşün. Bu gün sonradan keçmiş olacaq. Hər bir qərarı özün ver...”

Uğur olsun, Ləman!

Yusif Millətoğlu,
AYB üzvü, “Qızıl qələm” mükafatı laureatı


Geri