DataLife Engine > Çap üçün versiya > Həftəbecər
DataLife Engine Azerbaijan Support > Mədəniyyət, Cəmiyyət > Həftəbecər

Həftəbecər


5-06-2018, 16:13. Yerləşdirdi: memmedov
Müğənni Faiq Ağayev “STOP” verilişində müğənni Röya Ayxanla barışmasından danışarkən deyib: “Röya mənim düşmənim deyil”.
P.S. Amma Röyanın da, sənin də Faiq bəy davranışlarınızla gənclərin mənəviyyatlına vurduğunuz zərbələrə görə, xalqımıza düşmən olduğunuzu çoxdan sübut etmisiniz.

***

Bu günlərdə “Kapital Bank”-ın Binəqədi filialından oğurluğa cəhd edən 17 yaşlı Zeynalov Əhməd Əhəd oğlu polisə daxil olmuş həyəcan siqnalı vsitəsi ilə dərhal həbs edilib.
P.S. Ax, ax, zalım polislər. Uşağın siftəsini gör necə kor ediblər. Bir imkan verəydiniz, heç olmasa yazığın əli pula dəyəydi də. Eybi yox Əhməd bala, beləcə get-gedə peşəkarlığını artırarsan. Gələn dəfə şüşə sındıranda yox, pul əlində olanda tutularsan. Sonrakı dəfə puldan bir az xərcləyəndən sonra ələ keçərsən. Ondan sonra isə pul qarışıq elə yoxa çıxarsan ki, polislər səni tapa bilməyəcək. Amma Əhməd bala, buna sənin ömrün yetəcəkmi?
***
Neftin 80 dolları keçməsinə iqtisadçı-ekspert Fikrət Yusifov belə münasibət bildirib: “Neftin bahalaşması, şübhəsiz, manat üçün müsbət haldır”.
P.S. Maraqlıdır, neftin qiyməti aşağı düşəndə, ərzaq, sənaye və tikinti məhsullarının qiyməti qalxır. Neftin qiyməti yuxarı qalxanda isə, qiymətlər aşağı düşüb, əvvəlki vəziyyətinə gəlmir. Elə qalxdığı yerdə dayanıb, bir az da yuxarı cəhd edir. Axı fizikanın qanunlarına görə qalxmaq varsa, düşmək də var. Bəs niyə bizdə fizikanın qanunlarının əksinə olaraq, qalxan düşmür?
***
Millət vəkili Fəzail Ağamalı mətbuata verdiyi müsahibədə deyib: “Hüseyn Abdullayev 90-cı illərin axırına qədər heç kim idi”.
P.S. Hörmətli Fəzail müəllim, bəs indi kimdi ki?
***
Qəzetlər yazır ki, Nikol Paşinyanın siyasi ömrü sürətlə bitə bilər.
P.S. Kim bilmir ki, kələklə gələn, küləklə gedər...
***
Qəzetlərin birində məşhur “Ağıl yaşda deyil, başdadır” məsəlini dəyişib, yazıya belə başlıqla qoyublar: “Ağıl həm yaşdadır, həm də başda”.
P.S. Çox yanlış və mənasız yanaşmadır. Ağıl nə yaşdadır, nə də başda. Ağıl cibişdandadır. Cibişdanda babat pul olanda, ağıl olmasa da, həmin adam ən ağıllı kimi başa çəkiləcək. Əgər cibdə pulun yoxdursa, ən ağıllı başın da olsa, heç kimə gərək deyil. Ona görə də məşhur “ağıl yaşda deyil, başdadır” məsələni müasir formada belə demək lazımdır: “Ağıl yaşda deyil, daş-başdadır”.
***
Xəbər verilir ki, Gürcüstan Ermənistanı blokadadan çıxara biləcək, 20 ildir bağlı qalmış, Abxaziyadan keçən dəmir yolunu açmaq niyyətindədir.
P.S. Gürcüstan belə bir işə qol qoyarsa, onda gərəkdir ki, Azərbaycan Gürcüstana çox ucuz qiymətə verdiyi qazın “ventil”ini bir balaca bursun. Bu, elə gürcülərə bir qulaq burması da ola bilər.
***
Politoluq Elxan Şahinoğlu mətbuata belə deyib: “N.Paşinyan “Cini şüşədən çıxardıb” geri sala bilmir”.
P.S. Ermənistanda cin şüşədən hələ 1988-ci ildən çıxıb. Ona görə də çox maraqlıdır ki, N.Paşinyan kimi geri sala bilmir: özünü, yoxsa Serj Sarkisyanı?

***
Həmkarlarımızdan biri öz yazısında belə bir suala vavab axtarır: “Qarabağa qanunsuz səfərlərin sayı artıb- nə etməli?”.
P.S. Rəhmətliyin oğlu, neçə yəni nə etməli? Topun, raketin ağzını tuşlayırsan Qarabağa, gələn maşına ya vertalyota atəş açmaqla birini vururb salırsan yerə. Ondan sonra görək Azərbaycanın icazəsi olmadan hansı daşnak və ya xarici qonaq köpək oğlu risk edib Qarabağa gələr?
***
Yazar Pərviz Hüseyn pulla ad, san, “Qızıl Qələm” alanları iynəli sözləri ilə babat tənqid edərək yazıb: “Yeri gəlmişkən, elə tanışınız yoxdur? Düz-qoş eləyin “hörmət”inizi də edərəm. Mən də 200 manatımı verim “Qızıl Qələm” alım”.
P.S. Hörmətli Pərviz bəy, sən 200 manata “Qızıl Qələm” almaq istəyirsən? İnformasiyan yanlışdır, əzizim. Öz aramızdır, ucuz yerini göstərim, sonra mənim də “hörmət”imi edərsən. Gəlirsən “Azərbaycan” nəşriyyatının II mərtəbəsinə, orada kimdən soruşsan, sənə 30 manata verilən “Qızıl Qələm”in ünvanını göstərəcəklər. Bax, görürsən 170 manat qabaqsan. Amma Pərviz bəy, sən 30 manatlıq “Qızıl Qələm”i 500 manatlıq kimi də göz soxa bilərsən. Baxır o sənin fərasətinə. Əvvəlcədən “Qızıl Qələm”ini təbrik edirəm, Pərviz bəy!
***
Kino-rejissor Rüstəm İbrahimbəyovun çəkdiyi azərbaycanlıları vəhşi, cəllad, erməniləri isə alicənab, sülhsever kimi göstərən “Qafqaz üçlüyü” filmi xalqımızı “Daş yuxular”dan ayıldaraq, ayağa qaldırıb. Hərə R.İbrahimbəyova etirazını və nifrətini özünəməxsus şəkildə bildirir.
P.S. A kişilər, bu qədər danışıb, sözləri havaya sovurmaqdansa, ortaya konkret iş qoymaq lazımdır. Məsələn, bizim nə qədər kino-rejissorlarımız var. Zəhmət çəkib “Qafqaz üçlüyü”nə cavab olaraq “Qafqaz küçüyü” adlı bir film ərsəyə gətirsinlər. Həmin filmdə Rüstəm İbrahimbəyovun obrazı yaradılsın və göstərilsin ki, o, ermənilərə küçük kimi necə yallanıb, bu yal ona necə və harada verilir və s. Qalanı rejissorun fantaziyasından asılı olaraq, təqdim edilə bilər. “Qafqaz küçüyü” də “Qafqaz üçlüyü” filminə alternativ olaraq yayılır və bu da olur konkret iş. Yoxsa sən burada bir üzünü söyürsən, Rüstəm müəllim orada o birini üzünü çevirir... “Tem bole” üzündəki saqqal hədəfə çatmağa imkan vermir.
***
Faiq Ağayev bir verilişdə ona verilən “Son günlər sizi Flora Kərimova ilə eyni tədbirdə tez-tez görürük, barışıq ola bilərmi” - sualına belə cavab verib: “Sabahı gözləməyən insanlar mənim uçun uzaq durduqlarımdır. Mən ondan uzağam...”
P.S. Faiq bəy, əlbəttə, uzqdasan. Sənin Flora xanımın sənətinə və şəxsiyyətinə çatmaq üçün yaşadığın ömrün üstünə, 5 ömür də qoysan bəs eləməz. Amma sənətin ən hündür zirvəsində olan ecazkar səs sahibi Flora Kərimovadan uzaqda olduğunu etiraf eləməyin sənin haqq yoluna dönmək cəhdin kimi də qiymətləndirmək olar. Beləcə həqiqəti görüb, ağı qaradan seçməyi bacarsan, bəlkə sənətə təzə başladığın vaxtda olduğu kimi, Flora xanım yenə əlindən tutub, qalxmış olduğu o uca zirvəyə doğru sənin bir addım atmağına şərait yarada bilər. Faiq bəy, onu da yaddan çıxarma ki, öyrənmək heç vaxt gec deyil.

ELÇİN

Həftəbecər

Geri