DataLife Engine > Çap üçün versiya > CEK LONDON: "Şübhənin faydası" (The Benefit of the Doubt)-HEKAYƏ
DataLife Engine Azerbaijan Support > Mədəniyyət, Köşə > CEK LONDON: "Şübhənin faydası" (The Benefit of the Doubt)-HEKAYƏ

CEK LONDON: "Şübhənin faydası" (The Benefit of the Doubt)-HEKAYƏ


14-06-2018, 11:57. Yerləşdirdi: admin
CEK LONDON

Şübhənin faydası
(The Benefit of the Doubt)
(hekayə)
I


Karter Vatson qoltuğunda jurnalın təzə nömrəsi ətafı maraqla seyr edə - edə küçə ilə ağır-ağır addımlayırdı. O axırıncı dəfə bu küçədə iyirmi il əvvəl olmuşdu və bu müddət ərzində küçə möhtəşəm və valehedici dəyişikliklərə məruz qalmışdı. O vaxtlar, o hələ uşaq olanda, bu qərb şəhərciyinin küçələrində çox avaralanmışdı. İndi bu şəhərciyin üç yüz min əhalisi olardı. O vaxtlar isə cəmi-cümlətanı otuz min adam yaşayırdı. Onun indi dolaşdığı bu küçə o vaxtlar sakit bir fəhlə kvartalında yerləşirdi. Bu axşam o əmin oldu ki, nə vaxtsa sakit bir rayon olan bu yerləri özbaşınalıq, azğınlıq başına götürüb. Küçə çin və yapon dükançıları və ağ adamlar üçün aşağı səviyyəli yeməkxanalar və fahişəxanalarla dolu idi. Gənclik illərinin sakit küçəsi indi şəhərin ən azğın bir kvartalına çevrilmişdi.
O, saatına baxdı. Altının yarısı idi. Bu vaxtlar rayon hələ yuxuda olurdu. O bunu yaxşı bilirdi, amma maraq onu götürmüşdü. O, yer kürəsinin bütün ölkələrində keçirdiyi və sosial şəraitləri öyrəndiyi bu iyirmi il ərzində doğma şəhərini xatirələrdində tez-tez canlandırırdı. Onunla baş verən metamorfoza (metamorfoza- bir haldan başqa hala keçmə-Ş.Q) çox heyranedici idi. Doğma şəhərinin bu dərəcədə rüsvayçılığa yuvarlanmasını görmək üçün o öz gəzintisinə mütləq davam edəcəkdi.
Karter Vatson çox həssas ictimai və vətəndaş vicdanlı bir adam idi.O, kübar cəmiyyətin təşkil etdiyi çay içmələrə, naharlara getməyi xoşlamırdı. O, akrisalara, cıdır atlarına və bu kimi əyləncələrə də biganə idi. Baxmayaraq ki, onun fəaliyyəti əsasən qalın jurnallarla, üç aylıq məcmuələrlə əməkdaşlıq etmək və fəhlə sinfinə, xarabalıqlarda yaşayanların həyatına həsr etdiyi kitabları nəşr etdirmək idi, o,geniş miqyaslı bir islahatçı kimi az da olsa əxlaq dəlisi idi.
Onun yazdığı iyirmi yeddi məqalədə “ İsa Yeni Orleanda görünsəydi ”, “ Özünü əldən salmış fəhlə”, ” Berlində mənzil islahatı”, “ İngiltərədə kənd xarabalıqları”, “İst-Saydın əhalisi”, “İnqilaba qarşı islahat”, “Universitet şəhərciyi radikalizmin istixanası kimi”, “Sivilizasiyanın mağara adamları” kimi başlıqlara rast gəlmək olardı.
Buna baxmayaraq, Karter Vatson nə dəli, nə də fanatik idi. O, müxtəlif dəhşətli faktlarla rastlaşanda özünü itirmir, onları öyrənir və ifşa edirdi. Onda uşaq coşqunluğu da yox idi. İllərlə topladığı təcrübə, təbii yumor və mühafizəkar fəlsəfi temperament onun köməyinə gəlirdi. O, ildırım sürətli dəyişikliklər nəzəriyyəsinin də tərəfdarı deyildi. O hesab edirdi ki,cəmiyyət yalnız təkamülün əzablı, uzun və çətin bir prosesi nəticəsində təkmilləşə bilər. O, nə qısa yolları, nə ani dirçəlişləri qəbul etmirdi. Keçmişdə həyata keçirilən bütün sosial dəyərlər kimi, bəşəriyyətin də təkmilləşməsi ümidsiz mübarizə və iztirablar bahasına başa gəlir.
Amma həmin yay axşamı Karter Vatsonı maraq götürdü. O, küçədə dolaşa-dolaşa giriş hissəsindəki lövhədə “Vendom” yazılan barın qarşısında dayandı. Barın iki giriş qapısı vardı. Qapının biri görünür ki, bufetə açılırdı. O, bu qapı ilə maraqlanmaqdı. Digər giriş isə dar dəhlizə açılırdı. O, qapıdan keçib stol və stullar düzülmüş böyük bir otağa daxil oldu. Zəif işıqlandırılmış uzaq küncdə pianino var idi. O bu stollar arxasında kimlərin içdiyini öyrənmək üçün yenidən buraya qayıdacağını düşünərək otağın divarıları tərəfə addımladı.
Otağın qurtaracağında kiçik bir dəhliz var idi və bu dəhliz kiçik bir mətbəxə qədər uzanırdı. Mətbəxdəki stol arxasında “Vendom”un sahibi Petsi Horan tənhalıqda oturmuşdu və yemək yeyirdi. Görünür ki, o, yeməyini axşama, müştərilər gələnə kimi qurtatmaq istəyirdi.Petsi Horan bütün dünyaya qəzəbli idi. Sanki o, səhər sol ayağı ilə qalxmış və buna görə də işləri düz gətirmirdi.Əgər qulluqçularından onun halının necə olmasını soruşsaydılar, onlar Petsinin sıxıntı keçirdiyini deyərdilər. Amma Karter Vatson bunu bilmirdi. O, dəhlizlə addımlayanda Petsi Horanın qaşqabaqlı baxışları təsadüfən Karterin qoltuğundakı jurnala sataşdı. Petsi Karter Vatsonu tanımırdı və onun qoltuğundakı şəkilli jurnaldan da xəbərsuz idi. Sıxıntıdan üzülmüş Petsi tanımadığı bu adamın onun otağının divarlarına reklam yapışdıran və divarları korlayan adamlardan olduğunu zənn etdi. Jurnalın ala-bəzək üz qabığı ona reklam kimi görünmüşdü.Hər şey də elə bundan sonra başladı. Petsi əlindəki bıçaq və çəngəllə Karter Vatsonun üzərinə atıldı.
- Rədd ol buradan!- deyə Petsi qəzəblə qışqırdı.- Bilirəm sənin hoqqalarını!
Karter Vatson diksindi. Onun qarşısında sanki bir şeytan peyda olmuşdu.
- Mənim divarlarımı korlamaq istəyirsən?- deyə Petsi qışqıra-qışqıra söyüş söydü.
- Əgər mən sizi bilməyərəkdən narahat etdimsə...
Amma Petsi onun sözünü kəsdi və əlindəki bıçağı, çəngəli havada yellədərək bir daha Karter Vatsona qışqırdı:
- Mumla! İtil buradan!
Vatsonın xəyalında bir anlığa böyrünə sancılmış çəngəl canlandı və o, ağzını mumlamasa, ehtiyatsız hərəkət etmiş olacağını başa düşdü və dönərək çıxışa tərəf addımladı. Onun sakitcə geri çəkilməsi Petsi Horanı daha da hiddətləndirdi və o yenidən Karter Vatsonun üzərinə atıldı. Petsi Horan yüz səksən funt ağırlığında idi və Vatsonun da çəkisi bir o qədər olardı. Bu nisbətdə onlar demək olar ki, bərabər idilər. Petsi inadçıl, kobud və davakarın biri, Vatson da boksçu idi. Vatsonun üstünlüyü də məhz boksçu olmasında idi. Petsinin Vatsona endirdiyi yumruq boşa çıxdı. Vatson ona soldan zərbə vurub qaçmalı idi. Amma Vatsonun başqa üstünlüyü də var idi. Xarabalıqları və bütün dünyanın gettolarını öyrənərkən topladığı boksçu və digər təcrübə onun özünü ələ almasına kömək etdi. O, dabanları üstə çönüb rəqibinə zərbə endirmək əvəzinə ondan qorunmaq üçün aşağı əyildi və Petsidən yapışdı.Öküz kimi irəli atılan Petsinin əl-qol atması üçün meydan geniş idi,Vatsonun isə belə bir imkanı yox idi. Nəticədə hər ikisi özlərinin üç yüz altmış funt çəkiləri ilə döşəməyə yıxıldılar və Vatson rəqibinin altında qaldı. Onun başı otağın böyük arxa divarına toxundu. Küçə buradan yüz əlli fut aralıda idi və bir şeylər etmək lazım idi. Hər şeydən əvvəl səsdən uzaqlaşmaq lazım idi. Karter uşağlığının keçdiyi və bir çox doğmaları və ailə dostlarının yaşadığı şəhərin qəzetlərinə adının düşməsini istəmirdi.
Ona görə də o, əllərini üzərinə uzanmış adamın bədəninə dolayıb möhkəmdən sıxdı və davanın səsinə gələcək köməyi gözləməyə başladı. Kömək gəldi. Bufetdən çıxıb gələn altı kişi yerdə uzananları əhatəyə aldılar.
- Onu məndən aralayın! – deyə Vatson kişilərə bildirdi.- Mən ona heç nə eləmədim və dava etmək də istəmirəm!
Amma kişilər susurdu.Vatson rəqibini tutub saxlamaqda davam edirdi. Petsi bir neçə dəfə Vatsona güc gəlmək istədi, amma bacarmadığını görüb dedi:
- Burax məni!
Vatson onu buraxdı, amma Petsi ayağa qalxıb davaya davam etmək üçün yenidən yerdə uzanan Vatsonun üzərinə əyildi.
- Qalx!- deyə Petsi əmredici tonda dilləndi.
Onun səsi qiyamət günü Allahın səsi kimi qüdrətli və amansız idi və Vatson burada mərhəmət gözləməyin xeyri olmadığını başa düşdü.
- Kənara çəkil, - deyə o etirazla bildirdi.
- Əgər centlemensənsə, qalx!- Petsi dedi. Onun açıq mavi gözləri qəzəbdən alışıb yanırdı, zərbə endiməyə hazırlaşırmış kimi yumruğu da sıxılmış vəziyyətdə idi.
Həmin anda o, rəqibinin sifətinə təpik vurmaq üçün ayağını geri çəkdi.Vatson əllərini sifətində çarpazlaşdırıb zərbəni dəf etməyə çalışdı. Sonra gözlənilmədən ayağa qalxdı və hətta zərbə endirməyə hazırlaşan Petsidən yapışdı.O, Petsini buraxmayaraq hadisəni seyr edən şahidlərə müraciət etdi:
- Onu məndən uzaqlaşdırın! Görürsünüz ki, mən onu vurmuram və mənim dava ilə işim yoxdur və buradan çıxıb getmək istəyirəm.
Onları əhatə eləyənlər sakit və hərəkətsiz dayanmışdılar. Sükut qorxunc bir hal aldığından Vatsonun ürəyi çırpınmağa başladı. Petsi onu döşəməyə yıxmağa cəhd etdi, amma bu onunla qurtardı ki,Vatson onu arxası üstə itələdi və çıxışa doğru addımladı. Amma tamaşaçılardan ibarət divar onun yolunu kəsdi. O, diqqətini onların heç vaxt günəş görməyən, solğun, təbaşir kimi ağ sifətlərində cəmləşdirdi və başa düşdü ki, onun qabağını kəsən bu adamlar şəhər xarabalıqlarının gecə yırtıcılarıdır. Bu adamlar onu başını aşağı sallayaraq yenidən onun üzərinə atılmağa hazırlaşan Petsiyə tərəf sıxışdırdılar. O isə özünü itirməyib yenidən rəqibindən yapışdı və ətrafdıkalara müraciət etdi. Amma onun müraciətinə fikir verən olmadı. Vatsonu dəhşət bürüdü. Çünki, o, bu cür yerlərdə tək adamın fiziki zorakılığa məruz qalmağını,qabırğalarının sındırılmasını, sifətinin əzişdirilməsini və döyülərək ölümcül hala salınmasını dəfələrlə görmüşdü. O bir şeyi də başa düşürdü ki, belə vəziyyətdə xilas olmaq üçün nə hücum edənə, nə də onun əlaltılarına zərbə endirmək lazım deyil.
Ancaq onun hiddəti son həddə çatmışdı. Yeddi nəfərin bir nəfərə qarşı çıxmasını heç bir halda düzgün oyun hesab etmək olmazdı! O, artıq hirslənməyə başlamışdı və onda hər bir insanda yatmış və döyüşə hazır olan heyvani hiss oyanmağa başladı. Amma o öz arvadı, uşaqları, sona çatdırılmamış kitabı, çox sevdiyi rançosunun on minlərlə akr torpağını, otlaqlarını xatırladı. Mavi səma, cürbəcür çiçəklərlə örtülmüş yaşıl çəmənliyə işıq saçan günəş, dizinə qədər çayın içində tənbəl-tənbəl kəfşəyən mal-qara,çayın soyuq suyunda üzən qızıl balıqlar da bir anda onun gözünün önündən keçdi. Həyat gözəl idi, həddindən artıq gözəl idi və ani bir heyvani hisslə bu cür həyatı riskə məruz qoymağı Karter Vatson istəmirdi.Bütün bunları xəyalında canlandıran Vatson qorxdu və hirsi soyumağa başladı.
Vatsonın məngənəsindən xilas olmaq istəyən Petsi onu itələməyə çalışırdı. Vatson Petsini yenidən döşəməyə yıxdı və ondan aralaşdı, amma yenə də solğun sifətli adamların əhatəsi onu geriyə, Petsi tərəfə sıxışdırdı. Petsi isə yumruğunu havada yellədib onun üzərinə atıldı. Vatson başını aşağı əyərək Petsinin atdığı yumruqdan yayına bildi, eyni zamanda yenidən Petsidən yapışdı. Əlbəyaxa mübarizə bir neçə dəfə təkrar olundu.Vatson özünü itirməyib sakitliyini və təmkinini saxlaya bilsə də, düşməni ilə bacara bilməyən Petsi isə vəhşi bir qəzəblə daha da qızışırdı. Rəqibinin qollarının arasından çıxa bilməyən Petsi başı ilə Vatsona zərbələr vurmaq istəyəndə alnı Vatsonun burnuna dəydi. O, sifətini Petsinin sinəsində gizlətməyə çalışdı.Qəzəblənmiş Petsi başı ilə zərbə endirmək istəsə də, daha çox öz gözünü, burnunu, yanaqlarını zədələdi. Petsi özünün daha çox əzildiyini gördükcə Vatsonun başına daha amansız zərbələr endirirdi.
Bu birtəfli döyüş on iki, on beş dəqiqə çəkdi. Bu müddət ərzində Vatson bir dəfə də olsun zərbə endirmədi, yalnız özünü qorumağa çalışdı. Arada müəyyən bir fasilə yarananda o, masaların arasından keçib çıxışa yaxınlaşmağa çalışsa da, təbaşir sifətli adamlar onu tutub yenidən Petsi tərəfə atırdılar.Vatson da hər dəfə Petsini döşəməyə yıxıb qapıya tərəf itələməyə çalışırdı və buna demək olar ki, az da olsa nail ola bilirdi.
Nəhayət, burnu əzilmiş, gözləri qana bulaşmış, saçları dağılmış və papaqsız Vatson səkiyə çıxdı və polismenlə üzləşdi.
- Həbs edin bu adamı, - deyə Vatson boğula-boğula bildirdi.
- Allo, Petsi, - polismen dedi.- bu nə çığır-bağırdır?
- Allo,Çarli, bu tip daxil olur...
- Polis, həbs edin bu adamı!- deyə Vatson yenidən polisə müraciət etdi.
- Sürüş buradan, sürüş!- Petsi dedi.
- Sürüş! – deyə polismen əlavə etdi.- Əgər getməsən, səni həbs eləyəcəm.
- Bu adamı həbs etməyincə, heç yerə getməyəcəm. O, mənə hücum edib və heç bir səbəb olmadan mənə qarşı zorakılıq göstərib.
- Petsi, bu düzdür?- polismen soruşdu.
- Çarli, Allaha and olsun ki, hər şeyi sənə danışacam.Mənim şahidlərim də var. Mən öz mətbəximdə oturub sup yeyəndə qəfildən bu adam içəri daxil oldu və mənimlə əylənməyə başladı. Mən onu heç tanımıram. Əlavə edim ki, o, sərxoş idi...
- Polis, bir mənə baxın, -deyə hiddətlənmiş sosioloq etirazını bildirdi. – Məgər mən sərxoşam?
Polis Vatsona qaşqabaqlı və düşməncəsinə baxdı və sonra başı ilə Petsiyə davam etməyi işarə etdi.
- Bu adam mənə sataşır. O deyir ki, “Əllər yuxarı! Mən Tim Mak Qretəm” və istədiyimi sənə edə bilərəm. Mən onun bu sözlərinə gülümsədim, amma o məni bir neçə dəfə vurdu və supumu da yerə tökdü. Mənim gözlərimə bax. Güclə sağ qalmışam!
- Polis, siz nə etmək fikrindəsiniz? – Vatson soruşdu.
- Get buradan! İtil! Yoxsa, səni həbs edərəm!
Karter Vatson bərk hiddətləndi və polisə öz etirazını bildirdi:
- Cənab polis, mən etiraz edirəm...
Polis onun bu sözlərini eşidən kimi onun əllərindən tutub elə bir güclə dartdı ki, Vatson az qala yerə yıxılmışdı.
- Mənimlə gedəcəksən! Sən həbs olunursan!
- Onu da həbs eləyin!- deyə Vatson tələb etdi.
- Heç vaxt! O sakitcə yeməyini yeyirdi.Sən niyə ona hücum etdin?- deyə polis sərt bir tərzdə bildirdi.

II

Karter Vatson son dərəcə hiddətlənmişdi. O nəinki səbəbsiz yerə hücuma məruz qalmış, döyülmüş və həbs edilmişdi, eyni zamanda bütün səhər qəzetləri onun sərxoş halda bədnam “Vendom” un sahibi ilə davasından yazırdı. Demək olar ki, heç bir qəzet həqiqəti yazmırdı. Əksinə, Petsi Horan və onun tərəfdarları davanı bütün detalları ilə təsvir edirdilər. Bütün bu xəbərlərdə onun sərxoş olması daha çox qabardılırdı. Güya, onu üç dəfə kanalizasiya borusuna atmışlar, amma o qana susamış halda geriyə qayıdıb kafeni darmadağın etmək istəmişdi.Qəzetlərdən biri onun iri bir portretini qəzetin birinci səhifəsində yerləşdirib “MƏŞHUR SOSİOLOQ SƏRXOŞ VƏZİYYƏTDƏ HƏBS EDİLİB” adlı başlıqla vermişdi.Digər başlıqlar da belə idi:
KARTER VATSON ÇEMPİON TİTULUNU ƏLDƏ ETMƏK İSTƏYİR!
KARTER VATSON DƏRSİNİ ALDI!
MƏŞHUR SOSİOLOQ ŞÜBHƏLİ KAFENİ DAĞITMAĞA ÇALIŞIR!
KARTER VATSON PETSİ HORAN TƏRƏFİNDƏN ÜÇ RAUND DÖYÜLMÜŞDÜR!
Zaminliyə buraxılmış Karter Vatson səhərisi gün “ Xalq Petsi Horana hücum edilməkdə və onun döyülməsində ittiham olunan Karter Vatsona qarşı” şikayəti üzrə cavabdeh qismində polis məhkəməsinə gəldi. Ancaq, “xalqı” incidənləri ittiham etdiyinə görə yaxşı pul alan prokuror işə başlamamışdan əvvəl Vatsonu bir kənara çəkib qeyri-rəsmi söhbətə başladı.
- İşi dayandıraqmı?- prokuror soruşdu.- Cənab Vatson, mən sizə belə bir məsləhət verərdim: cənab Horanla bir-birinizin əlini sıxın və barışın və biz bu işi elə o dəqiqə dayandırarıq. Hakimə bircə söz deyilən kimi sizə qarşı qaldırılan iş dayandırılacaq.
- Ancaq mən işin dayandırılmasını istəmirəm. Məncə, sizin vəzifəniz bu subyektlə barışmağı təklif etmək yox, mənə qarşı ittiham irəli sürməkdir!- deyə Vatson etirazını bildirdi.
- Siz heç narahat olmayın, sizi ittiham edərəm!- deyə prokuror kəskin şəkildə bildirdi.
- Siz Petsi Horana qarşı da ittiham irəi sürməlisiniz, - Vatson xəbərdarlıq etdi.- Mən istəyirəm ki, mənə hücum edib məni döydüyünə görə onu həbs edəsiniz.
- Ən yaxşısı, bir-birinizin əlini sıxmaq və işi dayandırmaqdır, - deyə prokuror təkrar bildirdi. Bu dəfə onun səsində sanki bir hədələmə hiss olunurdu.
Bir həftədən sonra hər iki işə baxmaq hakim Vitberqə həvalə edildi.
- Prosesi udmağa sizin heç bir şansınız yoxdur, - deyə Vatsonun uşaqlığının köhnə dostu, şəhərin ən iri qəzetinin keçmiş direktoru izah etməyə başladı. – Hamıya məlumdur ki, bu subyekt sizə hücum edib.Onun çox pis repurasiyası var. Amma son şərait sənə heç cür kömək etməyəcək. Hər iki iş bağlanacaq. Yalnız ona görə ki, sən, elə sənsən. Adi adam olsaydın, səni mühakimə edərdilər.
- Mən heç nə başa düşmürəm!- deyə sosiloloq təəccüblə bildirdi.- Bu subyekt heç bir xəbərdarlıq olmadan üzərimə atılmış və məni amansızcasına döymüşdü. Mən bir dəfə də olsun ona zərbə endirməmişəm.Mən...
- Bunun işə heç bir dəxli yoxdur, - deyə prokuror onun sözünü kəsdi.
- O halda, dəxli olan nədir?
- İndi sənə izah edim.Sən hal-hazırda yerli polisə və bütün siyasi maşına qarşı üsyan edirsən.Sən kimsən? Bu sənin daimi yaşayış yerin deyil. Sən şəhərdən kənarda yaşayırsan. Sənin burada seçki senzin yoxdur.Bir də ki, seçicilərə sənin təsirin çox azdır. Bu kafenin sahibi isə çoxsaylı seçicilər üzərində komandalıq edir və onun çox uzun sapa düzülmüş muncuq qədər səsi var!
- Yəni sən demək istəyirsən ki, hakim Vitberq öz vəzifə borcunu və andını pozaraq bu heyvanı azadlığa buraxmağa qadirdir?
- Özün görəcəksən. O, bunu çox ustalıqla edəcək! O, bizim dilimizdə hüquq və ədaləti bildirən qanuni , hüquqi bir qərar verəcək.
- Bəs qəzetlər necə olsun? Qəzetlər hələ ki, mövcuddur!- deyə Vatson uca səslə bildirdi.
- Hal-hazırda onlar administrasiya ilə dava etmirlər. Onlar sənə ziyan vuracaqlar. Bax, onlar sənə necə ziyan vurmuşlar!
- Belə çıxır ki, fırıldaq polislər protokolda həqiqəti yazmayacaqlar?
- Onlar həqiqətə yaxın elə şeylər yazacaqlar ki, hamı insansın. Məgər sən onların təlimatların hesabatını necə yazdıqlarını bilmirsən? Onlara əmr edəcəklər ki, faktı təhrif etsinlər, həqiqətə başqa don geyindirsinlər və s. Bundan sonra sən artıq heç nə edə bilməzsən. Ona görə də ən yaxşısı işi indi ləğv etməkdir. Yoxsa, işlərin yaxşı olmayacaq.
- Axı işə baxılmaq üçün vaxt təyin olunmayıb?
- Sən sözünü de, onlar işi bağlayacaqlar. Əgər arxan yoxdursa, bu maşına qarşı çıxmağa gücün çatmaz!

III

Amma Karter Vatson çox inadkar bir adam idi .O başa düşürdü ki, bu maşın onu əzər. Amma o, bütün ömrü boyu özünün sosial təcrübəsini zəngilləşdirməyə səy göstərmişdi, amma onun düşdüyü bu şərait tamamilə yeni bir hadisə idi.
Səhərisi, məhkəmə təhqiqatından əvvəl, prokuror işi bağlamaq üçün bir daha cəhd etdi.
- Əgər siz bu fikirdəsinizsə, mən işin aparılması üçün vəkil dəvət etmək istəyərdim, - Vatson bildirdi.
- Buna ehtiyac yoxdur,- prokuror dedi. - Camaat ona görə mənə pul verir ki, mən ittiham edim və mən bunu da edəcəm. Amma sizə deyim ki, sizin heç bir şansınız yoxdur. Biz hər iki işi birləşdirəcəyik. Ona görə də gözünüzü açıq tutun!
Hakim Vitberq Vatsonda xoş təəssürat yaratmışdı.O, kifayət qədər gənc, orta boylu, lazımi dərəcədə dolğun, tərtəmiz qırxılmış üzü, ağıllı sifəti olan xoş bir insan təəssüratı bağışlayırdı. Ondakı bu cür xoş təəssüratın yaranmasına gülümsəyən dodaqları, qara gözlərinin künclərindəki gülüş qırışları da təsir edirdi. Ona nəzər salan və onun xarici görünüşünü öyrənən Vatson əmin oldu ki, onun köhnə dostunun dedikləri düz gəlmir. Amma çox keçmədi ki, Vatson bu fikrindən daşındı. Petsi Horan və onun köməkçilərindən iki nəfər yalançı şahidlikdən böyük bir dağ yaratmışdılar! Vatson bunu öz qulaqları ilə eşitməsəydi, inanmazdı. Ən əhəmiyyətli dörd şahidi isə onlar inkar edirdilər. Şahidlik edən iki nəfərdən biri mətbəxdə olarkən Vatsonun heç bir səbəb olmadan Petsiyə hücum etdiyini təsdiq edirdi. İkinci şahid isə Vatsonun iki, üç dəfə kafeyə qayıdıb Petsiyə yenidən hücum etdiyinin şahidi olduğunu bildirirdi. Onun ünvanına səsləndirilən söyüşlər son dərəcə iyrənc idi və Vatson başa düşdü ki, onlar bununla öz işlərini korlayırlar. Onun bu cür sözlər deməsi imkansız idi. Amma şahidlər Petsinin sifətinə onun endirdiyi zərbələri təsvir edəndə, Vatson güldü və eyni zamanda kədərləndi. Məhkəmə prosesi bir məzhəkəyə çevrilirdi. İnsanların ağır-ağır olsa da tərəqqinin zirvəsinə qalxdığını hesab edən Vatson məhkəmədəki insanlara baxıb onların özlərini necə alçatmasını düşündü.
Vatson özünü tanıya bilmirdi. Şahidlərin təsvir etdikləri kimi, hətta ən qatı düşmən belə onun davakar olmasına inanmazdı. Amma dolaşıq, yalançı şahidlikdə həmişə olduğu kimi, burada da bəzi boşluqlar və ziddiyyətlər mövcud idi. Hakim nədənsə onlara fikir vermir, prokuror və Petsi isə bu boşluqlardan yan keçməyə çalışırdıllar. Vatson müdafiəçi dəvət etməyə səy göstərməmişdi və indi bunu etmədiyinə görə sevinirdi.
Bununla yanaşı, o, hakim Vitberqə etibar etməyə bənzər bir hiss keçirirdi. O, kürsüyə yaxınlaşıb izahat verməyə başladı.
- Cənab hakim, mən təsadüfən küçədən keçirdim, - deyə Vatson hadisəni danışmağa başladı.
Amma hakim onun sözünü kəsdi.
- Biz burada sizin əvvəlki hərəkətlərinizi mühakimə etmək üçün toplaşmamışıq, - deyə hakim Vitberq bağırdı. – İlk zərbəni kim vurdu?
- Cənab hakim, -Vatson davam etməyə başladı, - bu davada mənim şahidlərim yoxdur və danışdıqlarımın həqiqət olduğuna əmin olmaq üçün mənə axıra kimi qulaq asmaq lazımdır.
Onun sözünü yenidən kəsdilər.
- Biz burada jurnal nəşr etmirik!- deyə hakim Vitberq qəddar bir bədxahlıqla Vatsona baxıb nəriltili bir səslə bildirdi. Vatson inana bilmirdi ki, bu adam bir neçə dəqiqə qabaq zahiri görünüşünə görə qiymət verdiyi həmin o adamdır.
Daha sonra prokuror məhkəmənin gedişinə müdaxilə etməyə başladı. O birləşdirilmiş bu iki işdən hansına baxıldığının və Petsinin vəkilinin məhkəmənin bu mərhələsində hansı haqla söz almasının izah edilməsini tələb etdi. Petsinin vəkili bu tələbə məhəl qoymadı. Hakim Vitberq bu iki işin birləşdirilməsindən məlumatının olmadığını elan etdi. Bunu aydınlaşdırmaq tələb olunurdu. Həlledici döyüş onunla qurtardı ki, hər iki hüquqşünas hakimdən və bir-birindən üzr istədilər. İşə baxılması beləcə davam etdi.Vatsona elə gəldi ki, namuslu adamın ətrafında fırlanaraq başını qatan, digərlərinin isə onun pul kisəsini çıxaran cibgirlər onun qarşısında dayanıb. Bir sözlə, maşın işə buraxılmışdı, vəssalam...
- Pis reputasiyası olan bu yerdə sizin nə işiniz vardı?- deyə Vatsondan soruşdular.
- Mən uzun müddətdir ki, iqtisadiyyatı, sosiologiyanı öyrənirəm və yerlərdə bunun necə baş verdiyi ilə tanış olmaq istəyirəm...
Vatson yalnız bu kəlmələri deyə bildi.
- Sizin bu maraq dairəniz bizim üçün maraqlı deyil, - deyə hakim Vitberq hiddətlə bildirdi.-Məsələ aydındır. Suala aydın cavab verin. Siz sərxoş idiniz? Sualın bütün mahiyyəti məhz bununla bağlıdır.
Vatsonun Petsinin başını onun bədəninə vuraraq sifətini əzməsindən danışamağı zalda qəhqəhə, gülüş doğurdu və hakim Vitberq yenidən onun sözünü kəsdi.
- Yalnız həqiqəti danışacağınız barədə and içdiyiniz və bu andın müqəddəs olduğu sizə məlumdurmu?- deyə hakim soruşdu. – Çünki, siz bizə nağıl danışırsınız! Şüurlu insanın özünü şikəst etməsi, sifətinin ən zərif üzvü ilə başınıza zərbə endirməsi kimi nağıllar hansı məntiqə uyğundur? Axı siz ağıllı insansınız və ağıllı olan adam da belə nağıllar danışar?
- Qəzəbli olan insanlar ağılsız olurlar, - deyə Vatson mülayim bir tonda bildirdi.
Hakim Vitberq bir az pərt oldu və qəzəblə soruşdu:
- Siz nə haqla bu cür danışırsınız?- deyə hakim qışqıraraq soruşdu. – Danışdıqlarınızın heç bir əsası və işə dəxli yoxdur. Siz burada, cənab,yalnız məhkəmənin aşkar etdiyi hadisənin şahidisiniz. Nə düşündüyünuzdən asılı olmayaraq, sizin fikirləriniz məhkəməni maraqlandırmır.
- Cənab hakim, mən ancaq suallara cavab verdim,- deyə Vatson itaətkarcasına etirazını bildirdi.
- Elə şey yoxdur! Bir də cənab, icazənizlə sizə xatırladım ki, bu cür cəfəngiyyatınız məhkəməyə hörmətsizlik kimi qiymətləndiriləcək. Ona görə sizə bir daha xəbərdarlıq edirəm və bildirirəm ki, biz bu balaca məhkəmə zalında qanunlara və nəzakət qaydalarına riayət etməyi bacarırıq. Sizin yerinizə mən utanıram!
“Vendom” da baş verən hadisələr barəsində Vatsonun ifadələrini yarımçıq kəsən qanunşünaslar arasında kiçik hüquqi mübahisə getdiyi zaman o, xəyalən ölkəni idarə edən bu nəhəng dövlət maşınının detalları ilə birlikdə əsl üzünü, minlərlə şəhərdə cəzasız və utanmaz rüşvətxorluğu həyata keçirən və bu maşınının əsasını təşkil edən hörümçəyə bənzər həşəratları gördü.Və budur, bu dövlət maşını onun təzyiqi altında minlərlə seçicinin səsindən istifadə edən qumarxana sahibi qarşısında yaltaqcasına əyilən məhkəmə, hakimlər sifətində onun qarşısında durub. Bu yalnız həmin o mürəkkəb ictimai mexanizmin bütün şəhərləri və ştatları bürümüş, ölkə adına kölgə salan saysız-hesabsız təzahürlərinin kiçik bir hissəsi idi. O təzahür ki, miskinliyi və çirkinliyi ikarh hissi doğururdu.
Onun qulaqlarında tanış bir ifadə səsləndi: “Bu sadəcə olaraq gülməlidr!”. Mübahisənin ən qızğın vaxtında onu gülmək tutdu və hakim Vitberq onun bu gülüşünə cavab olaraq ona qaşqabaqlı və qəzəbli-qəzəbli baxdı. Vatson belə qərara gəldi ki, bu davakar hüquqşünaslar və hakimlər ticarət gəmilərində həm dalaşmağı, həm də müdafiə olunmağı bacaran davakar şturmanlardan min dəfə pisdir.Bu xırda yaramazlar qanunun böyüklüyü altında gizlənirdilər. Onlar hücum edirdilər, amma türmə kameraları və şikayətlərə qarşı peşəkar adamdöyən, davakar küt polislərin dəyənəyi arxasında gizlənərək hücumu dəf etməyə imkan vermirdilər. Amma o, özündə qəzəb hiss etmirdi. Kobudluq və bütün prosedurun çirkinliyi inanılmaz komiklik fonunda unudulur, təbii yumor hissi onu xilas edirdi.
Bütün təqibə və yersiz iradlara baxmayaraq, o sonda davanın aydın və düzgün təsvirini verməyi bacardı və dindirmənin açıq-aydın qərəzli xarakterinə baxmayaraq, onun ifadələrinin heç bir xırda detalıi təkzib edilmədi. Petsinin və onun iki yalançı şahidlərinin ifadələri isə tamamilə başqa xarakter daşıyırdı.
Petsinin müdafiəçisi və prokuror heç nəyə etiraz etmədən ittihamı dəstəklədilər. Vatson bu sistemə qarşı etirazını bildirdi.Amma prokuror onun sözünü kəsərək bildirdi ki, o, ictimai ittihamçıdır və nə edəcəyini də yaxşı bilir.
- Petsi Horan sübut etdi ki, onun həyatı təhlükədə olub və o özünü müdafiə etməyə məcbur olub,- hakim Vitberqin çıxardığı verdikt bu sözlərlə başlayırdı. – Cənab Vatson da özü haqqında ifadə verib.Tərəflərin hər biri and içərək təsdiq edir ki, ilk zərbəni qarşı tərəf vurub. Onların hər biri and içir ki, heç bir səbəb olmadan rəqibinin hücumuna məruz qalıb. Hüququn aksiomlarından biri belə səslənir ki, şübhə, cavabdehin xeyrinə həll edilir. İndiki halda əsaslı şübhə göz qabağındadır. Ona görə də “ Xalq Karter Vatsona qarşı” işində şübhə Karter Vatsonun xeyrinə həll edilir və bununla da o həbsdən azad edilir. Eyni şey “Xalq Patrik Horana qarşı” işinə də aiddir. Şübhə onun xeyrinə həll edilir və o da həbsdən azad edilir. Mən hər ikisinə bir-birinin əlini sıxmağı və barışmağı tövsiyyə edirəm.
Axşam qəzetlərinin ilk xəbər başlığı “KARTER VATSON BƏRAƏT QAZANIB!” idi. İkinci qəzetdə isə belə bir başlıq getmişdi:KARTER VATSON CƏRİMƏDƏN YAYINDI! Amma KARTER VATSON ƏLA OĞLANDIR! sözlərii ilə başlayan başlıq ən yaxşı başlıq idi. Mətndə deyilirdi ki, hakim Vitberq hər iki rəqibə bir-birinin əlini sıxmağı məsləhət görüb, onlar da bunu ediblər. Mətnin davamı belə idi:
“ - Nə deyirsən, bu hadisəni qeyd edəkmi?- Petsi Horan dedi.
- Əlbəttə!- deyə Karter Vatson razılaşdı.
Və onlar əl-ələ verib yaxındakı kafeyə tərəf yollandılar”.

IV

Ümumilikdə isə, bu macəra Karter Vatsonun qəlbində acı bir iz buraxmadı. Bu, aydınlaşdırılmamış xüsusiyyətin “sosial təcrübə” si idi və bu hadisədən sonra Vatson “ POLİS MƏHKƏMƏSİ. Analizin təcrübəsi” adlı kitab da yazdı.
Bir ildən sonra, bir yay səhəri Vatson rançosunda atla gəzintiyə çıxmışdı. O, keçən qış əkdiyi dağ ayıdöşəyilərinə baxmaq üçün atdan düşüb kiçik bir dərədən keçərək ayıdöşəyi əkilən yerə yaxınlaşdı. O, dərəni keçdikdən sonra çoxlu çiçəklər bitmiş və ona məxsus çəmənliyə çıxdı. Bu, digər yerlərdən ayrılmış, alçaq təpəciklədən və ağaclardan ibarət, tənha və füsunkar bir yer idi.O burada çox güman ki, balaca şəhərcikdən bir mil aralıda yerləşən mehmanxandan gəzintiyə çıxmış bir adama rast gəldi. Onlar bir-birnə yaxınlaşdılar və Vatson bu adamı tanıdı. O, hakim Vitberq idi. Başqasının mülkünün sərhədinin pozulması faktı göz qabağında idi. Düzdür, Vatson buna bir o qədər əhəmiyyət verməsə də, ona məxsus torpaqlarda sərhəd nişanları qoymuşdu.
Hakim Vitberq əlini Vatsona uzatdı, amma Vatson özünü elə göstərdi ki, güya hakimin əl uzatmasını görmədi.
- Siyasət çirkil şeydir! Elə deyilmi, cənab hakim?- o dedi. – Mən sizin əlinizi görürəm, amma onları tutmaq istəmirəm! Qəzetlər yazırdılar ki, güya mən məhkəmədən sonra Petsi Horanın əlini sııxmışam. Siz bilirsiniz ki, belə şey olmayıb. Bilin ki,mən min dəfə Petsinin və onun alçaq köməkçilərinin əlini sıxaram, amma sizin yox!
Hakim Vitberq çox ağrılı bir utancaq hissi keçirdi. O öskürdü, dili topuq vura-vura danışmaq istəyəndə, Vatsonun ağlına gülməli, müəyyən tərzdə də fırıldaq bir fikir gəldi.
- Mən düşünmürdüm ki, bilikli və dünyagörmüş insanda bu qədər kin olar, - deyə hakim danışmağa başladı.
- Kin? Xeyr!- deyə Vatson etirzını bildirdi.- Belə bir hiss mənim təbiətimə xas deyildir.İcazə verin, buna sübut olaraq heç vaxt görmədiyiniz bir şeyi göstərim. Vatson yerdən yumruq boyda kələ-kötür bir daş götürdü və dedi:
- Bunu görürsünüz? İndi isə mənə baxın!
Bu sözlərdən sonra Karter Vatson yerdən götürdüyü daşı güclü bir zərbə ilə yanağına çırpdı. Daş yanağını parçaladı və çapılam yerdən qan fışqırdı.
- Daş çox iti imiş, - deyə o, onun dəli olduğunu hesab edən hakimə izah etdi. – Onu bir az yontumalıyam. Belə işlərdə realizm əsas şərtdir!
Karter Vatson bir neçə hamar daş tapdı və daşları bir-bir yanağına vurub yoxladı.
- Aha,- deyə o donquldandı.- bir neçə saatdan sonra yanaqlarım qara-yaşıl rəng alacaq və bu çox inandırıcı olacaq!
- Siz dəli olmusunuz! – deyə hakim Vitberq titrək bir səslə mızıldandı.
- Siz nə cürətlə mənə qarşı kobudluq edirsiniz?- deyə Vatson özündən çıxdı. – Məgər siz əzilmiş və qana bulaşmış sifətimi görmürsünüz? Siz sağ əlinizlə iki dəfə məni vurdunuz! Necə də vəhşi, səbəbsiz bir hücum! Mənim həyatım təhlükədədir! Mən müdafiə olunmaq məcburiyyətindəyəm?
Hakim Vitberq Vatsonun qorxunc yumruğu qarşısında geri çəkildi.
- Əgər siz məni vursanız, əmr edəcəm sizi həbs etsinlər,- deyə hakim Vitberq hədələyici tonda dedi.
- Mən də Petsiyə elə sizin kimi dedim - deyə Vatson cavab verdi.- Bunu eşidən Petsi blirsiniz nə etdi?
- Yox.
- Çox təəssüf!
Bu sözlə bərabər, Vatson sağ yumruğu ilə hakim Vitberqin burnuna güclü bir zərbə endirdi və hakim zərbənin gücündən dalı üstə otluğa yıxıldı.
- Qalxın! – deyə Vatson əmr etdi.- Əgər siz alicənabsınızsa, o zaman ayağa qalxın. Petsi mənə bunu demişdi: siz ki, bunu bilirsiniz!
Hakim Vitberq qalxmaqdan imtina etdi. Vatson onun boynundan yapışıb ayağa qaldırdı və hakimin gözünün altına bir zərbə də endirdi. Hakim bu dəfə də arxası üstə yıxıldı. Bundan sonra o, hakimi qırmızı dərili hinduların üsulu ilə, acımadan döyməyə başladı. Sonda hakimi ağzı üstə otun üstündə sürüməyə başladı. O, hakimi döyə-döyə vaxtilə Petsinin də eynilə bu cür hərəkət etdiyini ona göstərirdi. Hiddətlənmiş sosioloq bəzən ehtiyatla qançır yaradan zərbələr endirir, yazıq hakimi qaldırıb qəsdən burnunu onun başına vururdu. Bu zərbədən sonra onun burnundan qan axmağa başladı.
- Görürsünüz? – deyə Vatson qışqıraraq geriyə çəkilib burnundan axan qanı köynəyinə yaxdı. – Bunu siz etdiniz.Yumruğunuzla! Bu dəhşətdir. Mən ölümcül hala qədər döyülmüşəm. Mən yenidən müdafiə olunmağa məcburam!
Vatson yenidən hakimə yumruq zərbəsi endirdi və Vitberq yenə otun üstünə yıxıldı.
- Mən sizi həbs edirəm, - deyə o hıçqıraraq mızıldandı.
- Mən də Petsiyə elə bu cür demişdim.
- Bu vəhşi - hı,hı...- heç nə ilə- hı,hı...izah olunmayan hücumdur.
- Mən də Petsiyə elə bu cür demişdim.
- Mən sizi həbs edəcəm, şübhəniz olmasın!
- Düşünürəm ki, yox. Amma sizi yaxşıca əzişdirdim... – Vatson Karter bu sözlərdən sonra dərəyə endi, atına minib şəhərə yollandı.
Bu hadisədən bir saat keçdikdən sonra hakim Vitberq axsaya-axsaya qaldığı mehmanxanaya gəldi. Burada isə onu Karter Vatsonun şikayətinə əsasən həbs etdilər.Vatson şikayətində hakimin ona hücum etdiyini və onu döydüyünü göstərmişdi.


V

- Cənab hakim,- deyə o ertəsi gün otuz il qabaq kənd məktəbini bitirmiş, varlı fermer, kənd hakimi qarşısında izahat verirdi. – Bu Sol Vitberqin mənə hücum edib məni döyməsi azmış kimi, o da mənim ona hücum etdiyim barədə şikayət edib. Ona görə də hər iki işi birləşdirməyi və birgə baxılmasını təklif edirəm.Hər iki hadisədə şahidlərin ifadələri və faktlar eynidir.
Hakim bu təkliflə razılaşdı və hər iki işə eyni zamanda baxılmasına icazə verdi. Vatson ittihamçı qismində birinci ifadə verməyə başladı:
- Mən şəxsi torpağımda bitən çiçək yığırdım və hər hansı bir təhlükənin olacağını ağlıma belə gətirmirdim. Qəflətən bu adam ağacların arasından çıxaraq üzərimə atıldı. “ Əllər yuxarı! Mən Dodoyam və istədiyim qədər səni əzişdirə bilərəm”. Mən güldüm. Amma qəflətən o, mənə zərbələr endirməyə başladı və məni yerə yıxdı, çiçəklərimi də dağıtdı,ardınca da pis söyüşlər etdi! Bu, heç bir səbəb olmadan mənə qarşı edilən hücum idi! Mənim yanaqlarıma, burnuma baxın! Mən onun bu hərəkətindən heç nə başa düşə bilmədim! Çox güman ki, o, sərxoş idi. Mən təəccübdən hələ özümə gəlməmiş, o yenidən mənə zərbələr endirməyə başladı. Həyatım təhlükə altında idi və mən müdafiə olunmaq məcburiyyətində qaldım! Cənab hakim, hadisə məhz bu cür olub. Sonda onu demək istəyirəm ki, mən hələ də heyrət içindəyəm. O, özünü niyə Dodo adlanırırdı?”. Heç bir səbəb olmadan niyə mənə hücum etdi?
Beləliklə, Sol Vitberq yalançı şahidliyə görə yaxşıca dərs almış oldu. O əyləşdiyi yüksək kreslodan andiçmə adı altında polislərin qurduğu yalan “işlərə” çox qulaq asmışdı. Amma ilk dəfə idi ki, yalançı şahidlik onun özünə qarşı yönəlmişdi. Əsas fərq də onda idi ki, o bu dəfə hakim kreslosunda polis pristavlarının, polis dəyənəyinin, türmə kameralarının mühafizəsi altında oturmurdu.
- Məhkəmə sağ olsun!- deyə o az qala bağırdı. – Mən ömrümdə bu cür abırsız yalançının dedikləri qədər yalan eşitməmişəm...
Vatson etiraz etmək üçün ayağa qalxdı və dedi:
- Məhkəmə sağ olsun, mən etiraz edirəm! Güman edirəm ki, nəyin yalan, nəyin doğru olduğunu aydınlaşdıracaqsınız. Baş vermiş hadisənin doğru olub-olmaması barəsində şahid ifadə verməlidir. Onun şəxsi və ya mənim haqqımda fikrinin işlə heç bir əlaqəsi yoxdur!
Hakim başını qaşıdı və hiddətli bir görkəm aldı.
- Tamamilə doğrudur, - deyə o qərara gəldi. – Cənab Vitberq, mən sizin kimi hakim adına iddialı, hüquqi praktikada təcrübəsi olan birisinin bu cür qeyri-qanuni işlərlə əlaqəsini başa düşə bilmirəm. Sizin bu xasiyyətiniz və hərəkətləriniz sizi böhtançı kimi xarakterizə edir! Biz kimin birinci zərbə endirdiyini müəyyən etməliyik. O ki qaldı sizin cənab Vatsonun şəxsi keyfiyyətlərinə verdiyiniz qiymətə, bunun bizə heç bir dəxli yoxdur. İndi isə davam edin!
Əgər hakim Vitberq xəstə olmasaydı, çəkdiyi peşmançılıqdan əzilmiş və şişmiş dodaqlarını dişləyərdi. O özünü ələ aldı və hər şeyi aydın, doğru və düzgün izah etməyə başladı.
- Möhtərəm hakim, mən təklif edərdim ki, ondan mənim torpqalarımda nə işi olduğunu soruşasınız, - deyə Vatson təklifini bildirdi.
- Məntiqli sualdır. Cənab, sizin cənab Vatsonun mülklərində nə işiniz vardı?
- Mən həmin yerlərin ona məxsus olduğunu bilmirdim.
- Möhtərəm hakim, bu, başqalarının sərhədlərini pozmaqdır! – deyə Vatson iradını bildirdi.- Bir də ki, hər yerdə nişanlar qoyulub!
- Mən heç bir nişan görmədim, -Vitberq dedi.
- Mən özüm onları gördüm!- deyə hakim sərt şəkildə bildirdi. – Onları görməmək mümkün deyil! Bir də ki, cənab, sizə xəbərdarlıq edib deyirəm ki, əgər siz belə xırda şeylərlə həqiqətdən yayınacaqsınızsa, o zaman ifadələrinizin daha əhəmiyyətli hissəsini şübhə altına almış olursunuz! Siz nəyə görə cənab Vatsonu vurdunuz?
- Möhtərəm hakim, mən bu barədə danışmışam və yenə də bildirirəm ki, mən ona bir dəfə də olsun zərbə endirməmişəm.
Hakim əvvəlcə Karter Vatsonun əzilmiş, şişmiş sifətinə, sonra isə Sol Vitberqə baxdı.
- Bu adamın sifətinə bir baxın,- deyə o, acıqlı-acıqlı bildirdi. – Əgər siz ona zərbə endirməmisinizsə,o zaman onun sifəti niyə o gündədir?
- Mən artıq bu barədə məlumat vermişəm...
- Ehtiyatlı olun!- deyə hakim ona xəbərdarlıq etdi.
- Mən ehtiyatlı olacam cənab, yalnız həqiqəti söyləyəcəm. O, özü-özünə daşla zərbələr endirib. O özünü iki müxtəlif daşla vurub.
- Ruhi xəstə istisna olmaqla hansı ağıllı insan özünə xəsarət yetirər və daşla üzünün ən zərif hissəsinə vurmağa davam edər?- deyə Karter Vatson soruşdu.
- Bəli, bu lap sehrli nağıla oxşadı, - hakim dedi. - Cənab Vitberq, siz içkili idiniz?
- Yox, cənab hakim.
- Yəni heç vaxt içmirsiniz?
- Bəzi hallarda.
Hakim özünə dərin məna təsiri bağışlayan bir görkəm verdi. Çox güman ki, o, bu cavab üzərində fikirləşirdi.
Vəziyyətdən istifadə edən Vatson Sol Vitberqə göz vurdu. Amma vaxtilə bir çox iztirablara məruz qalmış Sol Vitberq bu vəziyyətdə gülməli bir şey görmədi.
- Qəribə, çox qəribə bir haldır!- deyə hakim hökmü səsləndirməmişdən əvvəl dedi.- Hər iki tərəfin ifadələri bir-birinə zidddir. Hadisənin əsas iştirakçılarından başqa bir şahid yoxdur.Onların hər biri hücumu digərinin etməsini təsdiq edir və həqiqəti müəyyən etmək üçün də mənim formal imkanım yoxdur. Ancaq mənim şəxsi fikrimə görə cənab Vitberq, mən sizə cənab Vatsonun ərazilərinə yaxınlaşmamağı və ölkənin bu hissəsini tərk etməyinizi məsləhət görərdim.
- Bu dözülməzdir! – deyə Sol Vitberq donquldandı.
- Cənab, oturun yerinizə!- deyə hakim ucadan əmr etdi.- Əgər siz bir daha məhkəmənin sözünü kəssəniz, məhkəməyə hörmətsizliyə görə sizi cərimə edərəm. Və xəbərdar edirəm: çox güclü cərimələyərəm! Siz bir hakim kimi məhkəmənin ləyaqətini gözləməlisiniz! İndi isə hökmü oxuyacam.
- Qanunun qaydalarından birində deyilir ki, şübhə müttəhimin xeyrinə həll edilir. Mən təkrar xatırladım ki, kimin birinci zərbə vurmasını müəyyən etməyə mənim heç bir formal üsulum yoxdur. Çox təəssüf ki, - deyə o azacıq dayanıb Sol Vitberqə tərəf baxdı, - mən hər iki iş üzrə şübhəni cavabdehin xeyrinə qərar verməyə məcburam... Cənablar, hər ikiniz azadsınız.
- Nə deyirsən, bu hadisəni qeyd edəkmi?- deyə onlar hakimin kamerasını tərk edərkən Vatson Vitberqə müraciət etdi. Amma bu dəfə təhqir olunmuş Vitberq Vatsonla birlikdə yaxındakı kafeyə getməkdən imtina etdi...

Tərcümə edəni: Şakir Millətoğlu

Geri