DataLife Engine > Çap üçün versiya > Yüksək mədəniyyət daşıyıcısı
DataLife Engine Azerbaijan Support > Mədəniyyət, Sağ Manşet > Yüksək mədəniyyət daşıyıcısı

Yüksək mədəniyyət daşıyıcısı


28-07-2018, 11:22. Yerləşdirdi: memmedov
Mənim anlamımda mədəniyyəti yaşadan ziyalıları iki kateqoriyaya bölmək olar: birincilər əsərləri yaradanlar – dastançı – aşıqlar, şairlər, bəstəkarlar, rəssamlar, heykəltəraşlar, memarlar; ikincilər isə mədəni irsi qoruyanlar – sənətşünaslar, publisistlər və tədqiqatçılardır.

Yaratmaq – milli “mən”i təsdiqləməkdirsə, onu gələcək nəsillərə olduğu kimi çatdırmaq milli mədəniyyətə xidmət deməkdir. Belə olmasaydı, nə Tusimiz, nə Füzulimiz, nə Nizamimiz, nə Əcəmi Naxçıvanimiz, nə də digər sənət korifeylərin əsərləri uzunömürlülük statusu qazana bilməzdi. Buna görə isə biz Salman Mümtaza, Həmid Araslıya, Sədnik Paşayevə, digər alim – tədqiqatçılarımıza borcluyuq.

Özündə şairi, publisisti, alim – tədqiqatçını, ictimai xadimi birləşdirən azərbaycanlı – Rafael Hüseynov barədə düşündüklərimi bölüşmək istərdim. Çoxsaylı titulların sahibi olmazdan öncə o – dostum, məsləkdaşım və universal biliyə malik bir insandır. Əslində, millət vəkilinin Nizami Gəcəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktoru olaraq bu şəxsiyyətin təqdimata ehtiyacı olmasa belə, onun insani keyfiyyətləri haqqında yazmaq vicdan məsələsidir.

Heç kəsə sirr deyil ki, ucalığa aparan yol ağır zəhmətdən, mütəmadi mütaliədən – alın tərindən keçir ki, Rafael bəy bu mənada həmin mərhələləri vicdanla, bir kəsə yarınmadan keçib. Şair həssaslığı, publisist müşahidəsi, alim ciddiliyi, tədqiqatçı məsuliyyəti – bax, budur Rafael Hüseynovun butövləşmiş vətəndaş obrazı. Onun şərqşünas – alim olması zəngin mədəni keçmişimizi araşdırmaq, vətəndaş – missioner olaraq ölkəmizi beynəlxalq səviyyədə təmsil etmək üçün əsas şərtdir. “Millətlər muzeyi” layihəsini dünya ictimaiyyətinə Rafael bəy tərəfindən dəlil və arqumentlərlə təqdim etməsi yuxardakı fikirlərimi təsdiqləməkdədir. Əlavə etsək ki, alimin araşdırmaları 21 dilə tərcümə olunub, onda gözlərimiz önündə yüksək mədəniyyət daşıyıcısı canlanmış olacaq.

Etiraf etməliyəm ki, çoxsaylı dinləyici auditoriyası Rafael Hüseynovun “Nəğməli ömürlər”, eləcə də “Axşam görüşləri” verilişlərin vasitəsilə mənəvi qida tapıb, tərbiyələnib, vətəndaşlaşıb. Onun “Vaxtdan uca”, “Məhsəti necə varsa”, “Min ikinci gecə”, “Millətimin zərrəsi”, “Yurdun adındakı can”, “Söz heykəli” və adlarını çəkmədiyim digər çoxsaylı əsərləri mübaliğəsiz olaraq milli dəyərimizin “vizit kartı” kimi dəyərləndirilməlidir.

Rafael bəyin kitablarının ümumiləşdirilmiş bir cəhət diqqətimi çəkdi – ağ – qara rənglərin vəhdəti. Gecə - Gündüz, Qaranlıq – İşıq, Şər - Xeyir kimi əbədi anlayışlar müxtəlif duyğular sistemi kimi keçdi ürəyimdən. Bu iki rəngin assosiativ “qovuşması” bəzi xalq məsələləri və inanclarını xatırlatdı mənə. “İlanın qarasın da, ağına da lənət”, “Gecənin xeyrindənsə, sabahın şəri yaxşıdır”, “Hər uzun qaranlığın bir işıqlı sabahı var”, nağıllardakı “Ağ qoç – qara qoç”, “Dədə Qorqud”dakı “qara çadır, ağ çadır” kimi milli – fəlsəfi düşüncəmizin qədimiliyi canlandı hafizəmdə.

Bu mənada, Rafael Hüseynovun kitablarındakı tərtibatında həmin iki rəngə müraciəti əslində müəllifin məqsədini, tədqiqatların məramını – tarixin qaranlıq səhifələrini “ağ günə” çıxarıb xalqın “malına” çevirməsi çox mətləblərdən xəbər verir. Bu yerdə Nazim Hikmətin:

“Mən yanmasam,
Sən yanmasan,
Biz yanmasaq –
Nasıl çıkar karanlıklar
aydınlığa?”


- misraları düşdü yadıma. Düşünürəm ki, Rafael bəyin həyat və fəaliyyət meyarı elə yuxarıdakı misralarda öz bariz ifadəsini tapmışdır. Akademik – vətəndaşın bütün kitablarında “giriş səhifələrin” qara fonunda qəhrəmanlarının aydın ağ şəkillərində ömür cizgiləri peşəkarcasına təsvir edilmişdir. Əslində, bu, müəllifin tərtibat zövqünə güzgü tutan bir detaldır.

Təsəvvürümdə xalqımızın zəngin keçmişinə baş vuran, ürəyində “qara qanlar axan” – tükürpədici faktları ağ kağızlara qəlb ağrısı ilə köçürən və köçürə-köçürə min kərə qocalan, qocala-qocala da ucalan bir “arxiv dərvişi” canlanır. O dərviş ki, bəhs etdiyi hər bir qəhrəmanın vicdan, əzabkeş, azərbaycanlı portretini yaradır. Sözdən, düşüncədən, insani yaşantılardan, xarakterlərdən əmələ gələn insan həyatlarının palitrası – ruhlar qalereyası mənimlə bərabər qədirbilən oxucuları da tarixin labirintlərinə çəkib aparır – hamımızı vətəndaş olmağa çağırır. Rafael Hüseynov “Danko” sayağı əlindəki qələm – çıraqla qaranlığın hakimiyyətinə sədd çəkir, ağlı-qaralı dünyamıza ziyalı, aristokrat nuru çiləyir.

Gecəni gündüzə qatan, tarixi həqiqətlərə çatan, “seytnot”la əlbəyaxa olan tək-tək millət vəkillərimizdən, pedaqoqlardandır Rafael Hüseynov. O, təkcə kitablarla deyil, həm də pedaqoji fəaliyyəti ilə xalqımızın övladlarına “həqiqət dərsini” keçib və keçməkdədir.

Onun diksiyası, auditoriyanı ələ almaq bacarığı, tədbirlərdəki natiqliyi və çıxışların məntiqi hamıya bəllidir və Rafael bəyin universallığını göz önünə çəkir.

Rafael Hüseynovla yaxından təmasada olmaq, onunla dostluq və işgüzar münasibət saxlamaq qisməti mənə də nəsib oldu. İş elə gətirdi ki, 70 illik yubiley tədbirlərim fərdi yaradıcılıq sərgimin keçirilməsi, rəsmlərdən ibarət kataloqumun hazırlanması məhz Rafael bəyə həvalə edilmişdir. Məmnunluqla vurğulamalıyam ki, o, işin öhdəsindən peşəkarcasına gəldi. “Rais Rəsulzadə” kataloquma yazdığı “Adında və fırçasında işıq daşıyan” başlıqlı ön söz mənə verilən ən dəqiq və qiymətli dəyərdir. Yeri gəlmişkən, işbirliyimizlə bağlı onunla ayrı-ayrı məkan və məqamlarda – Milli Məclisdə, direktoru olduğu Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyində baş tutan görüşlər onun insani keyfiyyətlərinin kəşfinə şərait yaratdı: seçicilərlə səmimi münasibəti, imkansızlara əl tutması, ümidverici kadrların işə düzəltməsinin canlı şahidi olmuşam. Həmin məqamlarda onun sadəliyi, prinsipiallığı və obyektivliyi məni qürurlandırırdı.

Səmimi sözümdür – Rafael Hüseynov gözəl zəka sahibi, fitri istedada malik olduğundan onu qorumaq lazımdır, çünki o, dövlətimizin əvəzolunmaz əqli mülkiyyəti, milli sərvətimizdir.

P.S. Bu günlərdə alim dostumun doğum günüdür. Ümumiyyətlə, mən özüm hər doğum gününü ötən ilin hesabatı kimi qəbul edirəm. Qoy, dostum Rafael bəyin hesabat illərinin ardı kəsilməsin. Ona cansağlığı, zirvədə qalmağı və millətə sonrakı illərdə də gərəkli olmağını arzulayıram.

Rais Rəsulzadə,
Azərbaycan Respublikasının Əməkdar Rəssamı

Geri