DataLife Engine > Çap üçün versiya > Həftəbecər
DataLife Engine Azerbaijan Support > Mədəniyyət, Cəmiyyət > Həftəbecər

Həftəbecər


14-08-2018, 18:42. Yerləşdirdi: admin
“Xəzər” TV-də yayımlanan “Əlimin duzu” proqramının aparıcısı Firuzə Cəlilova (Fira) mətbəxi sevmədiyini bildirərək deyib: “Biz qabyuyan deyilik, biz paltaryuyan deyilik, biz çörək bişirən deyilik. Bunun üçün igid kişilərimiz var...”
P.S.Fira xanım tamamilə düz buyurur. Bəli, kişilərə tarixən igid, qoç, ər deyiblər. Bu baxımdan yanaşanda rəhmətlik Habil Əliyevin Təranə Qumrala dediyi kimi, görünür Fira xanım da qoç görməyib və qoçun nə olduğunu bilmir. Əlbəttə, şou əhli xanımla oturub duran kişi, ər olmaqdan çıxaraq mətbəx qəhrəmanına çevrilməlidir dəə.... Görünür şou əhli xanımlar ağır şərtlər altında gecə də işləyir, gündüz də ki, maviləşmiş kişiləri qadın işləri ilə tam təmin etsinlər. İndi daha patriarxalq yox, matriarxalq dövrüdür dayna...

***

MTRŞ-nin Monitorinq Şöbəsinin müdiri Təvəkkül Dadaşov televiziyalarda göstərilən mənasız seriallarla bağlı danışarkən deyib: “ Çəkilən serialların sujet xətti, məzmunu bizim də xoşumuza gəlmir...”.
P.S. Hörmətli Təvəkkül müəllim, bəs bu düşük, səviyyəsiz serialların millətin mənəviyyatına vurduğu zərbə necə, xoşunuza gəlirmi? Bir dövlət qurumunun rəsmisi kimi dövlətin seriallar üçün ayırdığı milyonların kinodan başı çıxmayan rejissorların, aktyorluq peşəsindən xəbərsiz və səviyyəsiz insanların sayəsində zibilliklərə atılması necə, o da xoşunuza gəlirmi? El dilində belə bir deyim var: “ Hamı dəli olanda mollanın yanına qaçır, bəs molla dəli olanda kimin yanına qaçsın?” Rəhmətliyin oğlu, xoşuna gəlmir televiziyanı bağlayın, çıxıb getsin dəə. ANS-i bir gecənin içində necə bağladınız? O ət tökən seriallara görə bir-iki televiziyanı çox demirəm, bir iki həftəlik bağlayın, görün hər şey düzəlir, ya yox? Dəsmal götürüb “bizim də xoşumuza gəlmir” deyərək ağlamaqla iş düzəlmir e, Təvəkkül müəllim, konkret addım atmaq lazımdır ki, xalq da sizə ürəkdən bir “çox sağ olun” desin.
***
ATV-nin aparıcısı Zaur Baxşəliyevin canlı efirdə şalvarını dəyişib, hind paltarı geyməsi çoxları tərəfindən qınaqla qarşılanıb.
P.S. Burada qınağa səbəb olan heç nə yoxdur. Məgər Zaur birinci dəfədir efiri hamamla səhv salır? Bir müddət əvvəl efirə hamam xalatında çıxmışdı. Indi də efirdə şalvar dəyişir. Yəqin növbəti dəfə onu ailəsinin yataq otağında hər şeyi canlı görəcəyik, İnşallah! Nə qədər ki, efirlə hamamın yerini səhv saldığını bu səviyyəsiz və etikadan kənar adama başa salan olmayacaq, onda Zaur və Zaurkimilər bu biabırçılıqlarını davam etdirərək, xalqı təhqir etməkdə maraqlı olacaqlar.
***
Statistik məlumata görə Nabranda 4 nəfərlik turist paketinin qiyməti 3143 manat, Türkiyənin Antalya və Bodrum istirahət mərkəzlərində isə 400-500 manatdır.
P.S. Atalar nahaq yerə deməyiblər ki, ucuz ətin şörbası olmaz. Rəhmətliyin uşağı 400-500 manata 4 nəfər, özü də xarici ölkədə necə dincələ bilər? Amma qadasını alaram özümüzün, istirahət mərkəzlərində işləyən və işlədən qaqaşlarımızın. Gözünə döndüklərim bir samovar çayını 50 manata sənə elə sırıyır ki, heç ruhun da incimir. Yeməkləri də birə-beş qiymətə bizə yedizdirməsələr, gecələr gözlərinə yuxu getmir ki, qonaqlar birdən narazı qalar. Bir şiş tikə kababın qiyməti Bakıda da 4-5 manat, Nabranda da? Ayıbdır axı, uzun yol gəldiyimizə görə bir şiş kababın qiyməti Nabranda 25-30 manata olması normal haldır. Bu qiymətə qoyun ətinin kababını yeyən müştəri başa düşür ki, bu, adi yox sehirli bir qoyunun ətidir. Həmin əti o baha qiymətə yeyən adam elə həmin qoyun kimi ağzın açıb bircə dəfə də olsun “məəə” eləmir. Türklər belə şeyləri bilmir axı. Biz isə maşallah olsun, “atmaq” məsələsində çoxdanın peşəkarıyıq.
***
Xəbər verilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adiyyəti qurumlarının təqdimatına əsasən ətraf mühitə vurduqları ziyana görə 96 karxanaya Baş Prokurorluqda cinayət işi açılıb.
P.S. Karxanalar haqqında belə cinayət işləri hələ çox açılacaq. Nöşün ki, bunların adı karxanadır. Yəni, Kar və Xana. Bu o deməkdir ki, oranı işlədənlərin və orada işləyənlərin qalxan tozdan qulaqları daş bağlayıb və kar olublar. Kar da ki, ona deyilənləri heç vaxt eşitmir və elə öz işində olur. Bu Kar Xanalara ETSN rəsmiləri nə qədər deyirlər ki, ətraf mühitə dəhşətli ziyan vurursunuz, eşitməyiblər. Ona görə də prokurorluq işə qarışıb. Yalnız bundan sonra bu Karların yeri dönüb olub Xana, yəni kar xana yox, həbs xana...
***
Kaskadyor Əhməd Cəfərov “Bakı Xəbər”ə verdiyi müsahibədə deyib: “Bizim ayrıca yerimiz olarsa, milli kaskadyorluq məktəbini daha yüksək səviyyədə inkişaf etdirə bilərik”.
P.S. Hörmətli Əhməd bəy, xətrinə dəyməsin, görünür hündürlüklərdən o qədər yıxılmısan ki, bəzi şeylərdən xəbərin yoxdur. Olsaydı, görərdin ki, bizim məmurlarımız milli kaskadiyorluq peşəsi üçün yer də ayrıblar, hələ onu ən çətin ifa olunan tryuklarla elə yüksəkliyə qaldırıblar ki, Sizin tryuklar onların yanında heç nədir. Bizim məmurlarımız bir də görürsən, elə tryuk edir ki. bir anın içində milyonlarla manat yoxa çıxır. Və yaxud yüksək səviyyəli, peşəkar bir tryukla bir milyonluq iş, dönüb olur əlli milyon manat. Sənin kimi kaskadiyorluğa təzə başlayanın birisi də baş sındırır ki, bu necə oldu? Bu tryukları öyrənmək üçün nə lazımdır və s.Bizdə hər idarə, İcra hakimiyyəti, nazirlik, ayrı-ayrı şirkətlərdə elə kaskadiyor məmurlar oturur ki, 100 ilin kaskadiyorları onlardan baş aça bilmir. Sən də başlamısan ki, yerimiz olsa, kaskadiyorluq belə inkişaf edər və s. Odey, nə qədər yer, get işlə və öyrən dəə...
***
Tibb elmlər doktoru, professor, dəyərli ziyalı Adil Qeybulla energetik içkilərin ziyanından danışarkən “Şərq”ə belə deyib: “Energetik içkilər ürək əzəzlələrini sıradan çıxarır...”
P.S. Eyni zamanda, Adil müəllim, bu içkiləri respublikaya gətirənlər qazandıqları milyonlarla manat pulla lap ağını çıxarıblar.
***
Müğənni Elnarə Xəlilova “Onun təhsil haqqını mən ödəmişəm” - deyən Röya Ayxana belə reaksiya verib: “Belə olmaz bacım, ömrü boyu mənim paltarlarımı geymisən. İndi “modnu” olmusan, məni bəyənmirsən?”
P.S. Deyəsən yetənə yetib, yetməyənə bir daş atmağı Röya özünə peşə seçib. Gah karifey sənətkar Flora Kərimovaya söz atır, gah “Tolikə döşümdən süd vermişəm” deyir, gah da vaxtilə birgə oxuyub, birgə çörək yediyi Elnarə Xəlilovaya “ilişir”. Deyəsən, Röya xanım ya ağzının danışığını bilmir, ya da ağzının qaytanı yoxdur. Elza Seyidcahan demiş, görəsən, bu Röya Ayxanın ağzını bir tikən tapılacaqmı ki, ona-buna söz atmağı dayandırsın?..
***
Xəbər verilir ki, müğənni sayılan İzzət Bağırov İnstagram səhifəsini bağlayaraq yoxa çıxıb.
P.S. Gün o gün olsun ki, özünü zorən oxutmaqdan, bizi də olmayan səsindən qurtararaq bacarmadığı sənətdən elə birdəfəlik gedərək, yoxa çıxsın ki, hamının gözü-qulağı da dincəlsin.
***
Müğənni Ramal israfilov onu döyməklə hədələyən müğənni Niyam Səlamiyə belə cavab verib: “Hamıya it hürəndə, mənə də çaqqallar ulayır...”
P.S. Ay Ramal, bu nədir? Sənin deməyindən belə çıxır ki, səhnədə, efirlərdə indiyə qədər itlər hürüşüb, çaqqallar ulayıb? Ayıbdır axı...

ELÇİN
elcinmemmedli
[email protected]

Həftəbecər

Geri