DataLife Engine > Çap üçün versiya > CEK LONDON: "Sarı Dəsmal" (Yellow Handkerchief) (hekayə)
DataLife Engine Azerbaijan Support > Mədəniyyət, Köşə > CEK LONDON: "Sarı Dəsmal" (Yellow Handkerchief) (hekayə)

CEK LONDON: "Sarı Dəsmal" (Yellow Handkerchief) (hekayə)


27-08-2018, 15:55. Yerləşdirdi: admin
CEK LONDON
Sarı Dəsmal
(Yellow Handkerchief)
(hekayə)

– Dostum, əlbəttə ki, bu mənim işim deyil,- Çarli dedi, - amma sonuncu basqını nahaq yerə təşkil etdin. Sən dəfələrlə təhlükəli vəziyyətlərə düşmüsən, təhlükəli adamlarla işin olub, amma sənə heç nə olmayıb. İndi bu axır vaxtlarda sənə bir şey olsa , heç yaxşı olmayacaq.
– Axırıncı basqı olmasaydı, nə edə bilərdim? Hər şeyin bir axırı olmalıdır. Neyləmək olar? Hansısa basqım axırıncı ola bilər,- deyə mən özünə güvənən bir gənc kimi etiraz etdim.
Çarli ayağını ayağının üstünə aşırıb stula söykəndi və nə barədəsə fikirləşməyə başladı.
– Nə deyirəm?- nəhayət o dilləndi. – Amma Demetrios Kontosa qarşı olan basqını niyə də sonuncu hesab etməyəsən? Bu işdən sağ-salamat qayıtdın və yaxşı hamamlandın və ...- deyə o bir anlığa susub sonra davam etdi: - Bir sözlə, əgər sənə bir şey olsa, bunu özümə heç vaxt bağışlamaram.
Mən Çarlinin bu qorxu hisslərinə güldüm, amma məni sevən bu adamın yalvarışlarına tab gətirə bilmədim və söz verdim ki, bir daha basqı olmayacaq. Biz iki il olardı ki, bir yerdə idik. İndi isə şəhərə gedib təhsilimi başa vurmaq istəyirdim və buna görə balıqçı patrulunu tərk etməli oldum. Orta məktəbi qurtaracağım üç il ərzində ehtiyacın nə olduğunu bilməmək üçün xeyli pul topalamışdım.Düzdür, dərs ilinin başlanmasına xeyli müddət qalsa da, qərara almışdım ki, qəbul imtahanlarına yaxşı hazırlaşım.
Əşyalarımı matros sandıqçasına yığıb qatarla Oklendə getməyə hazırlaşırdım ki, Neyl Partinqton Benişiyə gəldi. O, “Şimal Maralı” nı Aşağı buxtaya aparmalı və yolüstü də Oklendə baş çəkməli idi. Neyl bu şəhərdə yaşayırdı. Mən məktəbi qurtarana kimi onun yanında qalmağa hazırlaşırdım. Ona görə də o mənə birlikdə üzməyi və sandıqçamı şlyupun (şlyup- jelkənli gəmi növü-Ş.Q.) göyərtəsinə qaldırmağı təklif etdi.
Mən sandıqçamı gəmiyə qaldırdım. Günün axırında şvartovları açıb yelkənləri qaldırdıq. Payız ayı idi. Çox pis hava var idi. Bütün yayı əsən sabit sahil küləyi indi şıltaq, kəskin küləklərlə əvəz olunmuş, səma isə sıx buludlara qərq olmuşdu. Ona görə də üzməyimizin nə qədər çəkəcəyini qabaqcadan demək çətin idi.Çəkilmə başlayanda yola düşdük.Karkinez körfəzindən keçəndə Terner tərsanəsində nə vaxtsa “Lankaşir kraliçası” na hücum edib yunanların kralı Böyük Aleki ələ keçirdiyimizi yada saldım və bu xatirələrlə limana vidaedici bir nəzər saldım. Körfəzdən çıxanda bir neçə gün əvvəl Demetrios Kontosin müdaxiləsi olmasa, bata biləcəyim yerə maraqla baxdım.
Qabaqda, San-Pablo körfəizinin üzərinə qatı duman çökmüşdü. Bir neçə dəqiqədən sonra “Şimal maralı” qatı dumanda kor-koranə irəliləməyə başladı. Qatı duman olmasına baxmayaraq, Çarli şlyupu çox ustalıqla idarə edirdi. Bunu necə etdiyini bizə izah edə bilmirdi. O, möcüzəli bir incəliklə küləyi, axını, məsafəni, vaxtı, dreyfi, gəminin sürətini hesablaya bilirdi.
– Deyəsən, duman çəkilir,- deyə Neyl Partinqon dilləndi.- Neçə saatdır ki, kor-koranə üzürük. Çarli, səncə biz indi haradayıq?
Çarli saatına baxdı.
– İndi saat altıdır. Çəkilmə hələ üç saat davam edəcək, - deyə o oturduğu yerdən dilləndi.
– O halda, indi haradayıq?- Neyl təkidlə soruşdu.
Çarli bir qədər fikirləşdikdən sonra cavab verdi:
– Çəkilmə bizi yolumuzdan uzaqlaşdırıb. Amma duman çəkilsə, görəcksiniz ki, biz Mak-Nira limanından min mildən çox olmayan bir məsafədəyik.
– Bir az dəqiqləşdirsəydin, - deyə Neyl qaşqabaqlı halda iradını bildirdi.
– Bir dəqiqə, - deyə Çarli dilləndi.- O limana qədər məsafə olsa-olsa, dörddə bir mil qədər olar, artıq yox, - deyə o inamla bildirdi.
Külək əsməyə və duman yavaş-yavaş seyrəkləşməyə başladı.
– Liman, bax oradadır,- deyə Çarli küləyin əsdiyi istiqaməti göstərdi.
Üçümüz də dumanı, onun çəkilməsini həyəcanla seyr edirdik. Qəfildən “Şimal maral” cırıltılı bir səslə nəyəsə dəydi və dayandı. Biz gəminin burun hissəsinə qaçdıq. Buşpritimiz ( buşprit- gəminin burnunda irəli uzanan tir-Ş.Q.) qısa və yoğun dor ağacı olan gəminin takelajına (takelaj- gəminin bütün ipləri-Ş.Q.) dolaşmışdı. Sonra aydın oldu ki, biz lövbər salmış çin conkası (conka-Çində yelkən gəmisi-Ş.Q.) ilə toqquşmuşuq. Biz gəminin qabaq hissəsində olanda, beş çinli sanki hirsləndirilmiş arılar kimi dar kayutlarından qaçıb çölə çıxmışdılar.
Göyərtədə ilk peyda olan adam iri cüssəli, əzəmətli bir görkəmə malik idi. Onun hamar olmayan sifəti və başında isə ipəkdən sarı dəsmal var idi və onun bu görünüşü elə ilk andan mənim gözümə sataşmışdı. Bu, mənim köhnə tanışım, bir il əvvəl krevetlərin qanunsuz tutulmasına görə həbs etdiyimiz çinli idi. O vaxt o, “Şimal maralı”nı az qala batırmışdı. Onun günahı ucundan indi də az qala batmışdıq. Çünki, o, üzmə qaydalarını kobudcasına pozmuşdu.
– Ey, sarı meymun, siqnal-zad vermədən farvaterin (farvater-dənizdə gəminin keçə biləcəyi yer-Ş.Q.) tən ortasında sənin nə itin azıb?- deyə Çarli kinli-kinli çinliyə qışqırdı.
– Nə itin azıb burada?- deyə Neyl sakitcə soruşdu.- Bir yaxşı bax.
Biz Neylin göstərdiyi yerə baxdıq.Conkanın anbarı demək olar ki, ağzınacan yenicə tutulmuş krevetlərlə dolu idi. Anbarda krevetlərlə birlikdə təxminən dörddə bir dyüm böyüklüyündə çoxlu xırda balıqlar da var idi. Sarı Dəsmal qabarmaya qədər torunu yığışdırıb yenidən atmış və havanın dumanlı olmasından istifadə edib sırtıqcasına lövbər salmış və suyun gəlməsini gözləyiridi. Söz yox ki, o yenə krevet tutmaq istəyirdi.
– Sən bir işə bax!- deyə Neyl peysərini qaşıya-qaşıya dilləndi. – Mən nə vaxtdır ki, brakonyerləri tutmaqla məşğulam və bu yolda nələr görməmişəm. Amma bunun kimi qanunu pozub brakyonerliyinə davam edən sırtıq adam heç görməmişəm. Çarli, indi biz bununla nə edək?
– Onları yedəkdə San-Rafaelə apararıq, vəssalam,- deyə Çarli üzünü mənə tərəf çevirib bildirdi. – Ey dost, sən conkanda qal və mən indi yedəyin ucunu sənə atacam. Əgər küləyin istiqaməti dəyişməsə, biz çayı keçə bilərik . San-Rafaeldə gecələyər, səhərisi gün günorta vaxtı da Oklenddə olarıq.
Bu sözlərdən sonra Çarli və Neyl “Şimal maralı” na qayıtdılar. Biz conkanı yedəyə alaraq yola düşdük. Mən ələ keçirdiyimiz gəminin komandanlığını öz üzərimə götürdüm və gəmini köhnə, xəlbirə oxşayan,deşik-deşik olmuş rumpelin ( rumpel- gəmi sükanını çevirmək üçün qol-Ş.Q.) köməyi ilə idarə etməyə başladım.
Duman artıq çəkilmişdi. Çarli yerimizi düzgün müəyyən etmişdi. Mak-Nira limanı bizdən haradasa yarım mil uzaqda idi. Biz qərb sahili boyunca irəliləyirdik. Pedro burnunu keçib çin qəsəbələrinin yanından keçəndə çin balıqçıları arasında qorxunc bir çaxnaşma qopdu. Çaxnaşmaya səbəb isə onların conkasının balıqçı patrul şlyupun yedəyində aparılması idi.
Kəskin və qeyri-sabit sahil küləyi əsirdi. Küləyin sakitləşməsinə ümid edirdik. Əsirləri San-Rafaeldə hakimiyyətə təhvil verməyi nəzərdə tuturduq. San-Rafaelə qədər üzəcəyimiz çay saysız- hesabsız bataqlıqlardan keçir .Çəkilmə zamanı belə bataqlıqlardan keçmək çox çətin olur, su az olanda isə üzmək tamamilə mümkün olmur.
Su, demək olar ki, iki dəfə azalmışdı və biz tələsməliydik. Amma şlyupun yedəyindəki ağır conka buna mane olurdu.
– Əmr elə yelkənləri qaldırsınlar!- nəhayət Çarli qışqıraraq bildirdi. – Mənim səhərə qədər sayada oturmağa həvəsim yoxdur.
Mən bu əmri Sarı Dəsmala bildirdim. Sarı Dəsmal xırıltılı səsi ilə adamlarına nə isə dedi.O, deyəsən bərk soyuqlamışdı. Kəskin öskürəkdən titrəyir, gözləri qanla örtülmüşdü. Onun çox sərt görünüşü var idi və o, qeyzlə mənə baxanda, mən səksəndim və onun ucbatından keçən dəfə həyatımın tükdən asılı olduğunu xatırladım.
Onun komandası fallara (fal- gəmilərdə yelkənləri, siqnal bayrağını və s. qaldırmaq üçün ip-Ş.Q.) çox həvəssiz girişdi və qəhvəyi rəngli yelkəni qaldırmağa başladı. Səmt küləyi əsirdi. Sarı Dəsmal şkotu (şkot- gəmi yelkəninin aşağı küncünə bağlanan ip-Ş.Q.) bağladıqdan sonra conkanın sürəti artmağa başladı və yedək kanatı zəiflədi. “Şimal maralı” sürətli bir gəmi olsa da, conka ondan da sürətli idi. Conkanın şlyup ilə toqquşmaması üçün kursu küləyə görə uğunlaşdırmağa çalışdım. Amma mənim bu cəhdim conkanın sürətini azaltmadı və bir neçə dəqiqədən sonra conka şlyupun küləkdöyən köndələn tirinə yaxınlaşdı. Yedək kanatı indi hər iki gəmiyə nisbətən düz bucaq altında dartılmışdı və çox gülməli bir vəziyyət yaranmışdı.
– Yedəyi aç!- deyə mən qışqırdım.
Çarli tərəddüt etdi.
– Qorxma!- deyə mən təkidlə bildirdim. – Hər şey qaydasında olacaq. Biz qalsı (qals-gəminin külək istiqamətinə görə manevr etməsi-Ş.Q.) dəyişmədən çayı keçərik, siz isə San-Rafaelə qədər bizim ardımızca gələrsiniz.
Çarli yedəyi açdı və Sarı Dəsmal adamlarından birinə kanatı almağı əmr etdi. Hava artıq qaralmaq üzrə idi. Mən çayın qabaqda olan mənsəbini güclə görürdüm. Oraya daxil olanda isə sahili güclə seçirdim.
“Şimal maralı” çayın əyri-üyrü, dar məcrasını manevr edə-edə arxada qalmışdı. Amma necə olsa da, Çarli yaxında idi və mən beş çinli əsirdən qorxmurdum.Düzdür, qaranlıqda onları izləmək çətin idi. Mən hər ehtimala qarşı tapançamı şalvar cibimdən çıxarıb gödəkçəmin yan cibinə qoydum ki, çıxarmaq asan olsun.
Yalnız Sarı Dəsmal mənə çox qorxulu görünürdü və bunu o özü də hiss edirdi və tezliklə siz də buna əmin olacaqsınız . O məndən bir neçə addım aralıda, bortun küləkdöyən tərəfində oturmuşdu. Mən onu qaranlıqda güclə görə bilirdim. O məndən gizlənmirdi. O yavaş-yavaş, hiss olunmadan mənə yaxınlaşdı.Mən isə gözümü ondan çəkmirdim. Sol əlimlə rumpeli idarə edir, sağ əlim isə tapançamda idi.
Budur, o daha da yaxınlaşdı və mən ağzımı açıb “Geriyə!” qışqırmaq istəyirdim ki, güləkdöyən bort tərəfdən ağır bir şey üstümə atıldı. Bu, çinlilərdən biri idi. O mənim ağzımı yumub sağ əlimi elə sıxdı ki, əlimi cibimdən çızxara bilmədim. Əlbəttə, mən əlimi azad eləyib köməyə çağıra bilərdim, amma elə bu an Sarı Dəsmal gözlənilmədən üstümə atıldı.
Mən conkanın döşəməsinə yıxıldım və müqavimət göstərməyə başladım, amma çinlilərlə bacara bilmədim və onlar mənim əl-ayağımı bağlayıb ağzıma da əsgi dürtdülər. Sarı Dəsmal pıçıltılı səslə komanda verərək sükanı ələ aldı. Mən harada olduğumuzu xatırlayıb çinlilərin yelkənlərin yerini dəyişməsindən başa düşdüm ki, onlar conkanı bataqlaşmış kiçik bir körfəzə tərəf yönəltdilər. Bir neçə dəqiqədən sonra biz sahilə yanaşdıq və çinlilər yelkənləri salladılar. Çinlilər siçan kimi səslərini kəsmişdilər.Sarı Dəsmal yanımda oturdu və mən hiss etdim ki, o, quru, əzabverici öskürəyini güclə saxlayır. Yeddi-səkkiz dəqiqə keçəndən sonra Çarlinin səsini eşitdim. Onun səsi körfəzin yanından keçən şlyupdan gəlirdi.
– Deməyə sözüm yoxdur. Bu oğlanın balıqçı patrulunda xidmətini başa vurmasına çox şadam, - deyə Neyl söhbət edirdi və mənu onun hər bir sözünü çox aydın eşidirdim.
Neyl yenə nəsə dedi və mən bu dəfə onun nə dediyini eşitmədim, amma Çarlinin dediklərini eşitdim:
– O həqiqətən əsl dənizçi oldu. Əgər o məktəbi qurtarıb dəniz işlərini bir az da öyrənsə, sizi inandırım ki, bir müddətdən sonra ondan yaxşı kapitan olar və istənilən gəmini ona etibar etmək olar.
Əlbəttə, bütün bunları eşitmək mənim üçün xoş idi. Amma mən bu dəqiqə conkanın döşəməsində uzanıqlı vəziyyətdə, əsirlərim tərəfindən əlim-qolum bağlanmış, ağzımda da əsgi tıxac. Dostların səsləri isə artıq uzaqdan gəlirdi. “Şimal maralı” San-Rafaelə tərəf irəliləyirdi və etiraf etməliyəm ki, indiki vəziyyətimlə xoşbəxt gələcək barədə arzularım heç də uyğun gəlmirdi. Mənim son ümidim “Şimal maralı” ilə birlikdə yoxa çıxdı. Məni nə gözlədiyini bilirdim. Çinlilər xüsusi bir məxluqdurlar və mənə onların xarakteri tanış idi və inanmırdım ki, onlar mənimlə ədalətli rəftar etsinlər.
Çinlilər bir neçə dəqiqədən sonra yelkənləri yenidən qaldırdılar və Sarı Dəsmal conkanı San-Rafael çayının mənsəbinə tərəf sürməyə başladı. Çayın dayazlaşması gəmiyə çox maneçilk yaradırdı və çayın mənsəbindən çıxmaq çox çətin idi. Mən onun saya oturacağına ümid edirdim, amma Sarı Dəsmal conkanı körfəzdən çıxarmağı çox uğurla bacardı.
Bundan sonra çinlilər qızğın mübahisə etməyə başladılar və belə düşündüm ki, mübahisə mənim üstümdədir. Sarı Dəsmal çox qəzəbli idi. Qalan dörd çinli də onun bu qəzəbinə qarşı daha qəzəbli görünürdülər.Çox güman ki, o məni öldürmək istəyirdi, yoldaşları isə məsuliyyətdən qorxurdular. Mən çinliləri yaxşı tanıyırdım və bilirdim ki, mənə divan tutmalarından onları yalnız qorxu hissi çəkindirir. Amma başa düşə bilmirdim ki, onlar qaniçən Sarı Dəsmalın planına qarşı hansı plan qurmuşdular.
Mənim bu dəqiqələrdə nələr çəkdiyimi təsəvvür etmək çətin deyildi. Həyatım tükdən asılı idi. Çinlilərin mübahisəsi davaya keçdi. Sarı Dəsmal sükanın ağır rumpelini yerindən qoparıb üstümə atıldı. Amma qalan dörd çinli onun yolunu kəsib əlindəki rumpeli almağa çalışdılar. Nəhayət, onlar birlikdə Sarı Dəsmalın öhdəsindən gələ bildilər və o, narazı halda gəminin arxa tərəfinə qayıtdı, ardınca isə pis söyüşlər eşidildi.
Çinlilər tezliklə yelkənləri yığışdırdılar və conka avarla, yavaş –yavaş irəliləməyə başladı. Sonra conkanın yumşaqcasına lilə necə oturmasını hiss etdim. Uzunboğaz çəkməli üç çinli bortdan tullandı, iki çinli isə məni gəminin məhəccərindən aşağı tulladı. Sarı Dəsmal ayaqlarımdan, onun iki yoldaşı isə çiynimdən yapışıb qatı lili şappıldada- şappıldada sahilə çıxdılar. Budur, onlar daha inamla, daha möhkəm addımlamağa başladılar. Mən tezliklə harada olduğumuzu başa düşdüm: San-Rafael çayının mənsəbinin yaxınlığında yerləşən, qayalıq, kiçik Marin arxipelaqının adacıqlarının birində.
Çinlilər qabarma nəticəsində lil basmış sahilə çıxdılar və məni yerə tulladılar. Sarı Dəsmal qəzəbli-qəzəbli böyrümə bir təpik vurdu və sonra onların üçü də geriyə - conkaya tərəf getdilər. Bir neçə saniyədən sonra küləyin təsirindən silkələnən yelkənlərin səsini eşitdim. Sonra araya bir sakitlik çökdü və mən tək qaldım. Mənim başqa çıxış yolum yox idi və bu bədbəxtlikdən öz gücümlə çıxmalı idim.
Mən foksçuların xüsusi bir cəldliklə burularaq iplərdən necə məharətlə azad olunmalarını xatırladım. Amma mən hərəkət edə bilmədiyimdən, qollarımdakı möhkəm düyünləri qətiyyən zəiflədə bilmirdim. Hoppana-hopana sahil boyu irəliləmyə çalışırdım. Yeriyə bilmirdim. Çünki, əllərimlə yanaşı ayaqlarım da bağlı idi. Bir az keçmiş bir yığın boş balıqqulağına rast gəldim. Görünür ki, yaxtaçıların hansısa kompaniyası burada ocaq qalamış və molyusk bişirmişdilər. Qəfildən ağlıma gözəl bir fikir gəldi. Əllərim bağlanmış kəndiri balıqqulağı ilə kəsməyə cəhd eləməliydim. Mən bir balıqqulağı götürüb qayalara tərəf yaxınlaşdım.
Uzun axtarışdan sonra nəhayət, qayaların arasında dar bir çat tapdım və balıqqulağını çata pərçimlədim. Balıqqulağının kənarları iti idi və mən bağlı qollarımdakı kəndiri kəsməyə çalışdım. Amma balıqqulağı çox kövrək imiş və mən ona toxunan kimi o qırıldı. Mən yenidən balıqqulağı olan yerə qayıtdım və bu dəfə hər iki əlimə sığışdıra biləcəyim qədər balıqqulağı götürdüm. Mən kəndiri kəsməyə başlayanda çoxlu balıqqulağı sındırdım, əllərimi kəsdim, ayaqlarım qıc oldu, ayaq üstə güclə dura bildim.
Bir az keçmiş, kəndiri kəsməyi dayandırdım.Nəfəsimi dərmək istəyirdim. Birdən körfəzin üstündən tanış bir səs eşitdim. Bu, Çarlinin səsi idi və o məni axtarırdı. Mən taqətsiz halda sahildə uzanmışdım və ağzımda əsgi tıxac olduğundan səsimi çıxara bilmədim. Çarli isə avar çəkə-çəkə adanın lap yanından keçərək uzaqlaşdı.
Mən yenidən kəndiri kəsməyə davam etdim və nəhayət, yarım saatdan sonra kəndiri kəsə bildim. Qalan şeylər isə çox asan oldu. Əllərimi azad edən kimi ayaqlarımı açdım, ağzımdakı tıxacı çıxardım. Materikdə, yaxud adada olmağıma əmin olmaq üçün bütün sahil ətafında dövrə vurdum. Bəli, bu,Marin arxipelaqının qumlu çimərliklə, qatı lillə əhatə olunmuş adalarından biri idi. Bir yolum qalmışdı: səhərə kimi gözləmək və soyuqlamamaq. Kaliforniya üçün xarakterik olmayan soyuq bir gecə idi və külək adamın sümüklərinə işləyirdi və mən soyuqdan titrəməyə başladım.
Qızışmaq üçün adanı on dəfə dövrə vurdum, bir o qədər də qayalıqlara dırmaşdım. Bu nəinki məni qızışdırdı, eyni zamanda, sonralar mənim üçün yaxşı bir xidmət oldu. Adanın ətrafında qaçarkən birdən ağlıma belə bir fikir gəldi: görəsən,qumluqda bir şey salıb itirməmişəm ki? Bu fikirlərlə ciblərimi gəzdim, amma nə tapançamı, nə də qatlanan bıçağımı tapdım.Tapançamı əlbəttə ki, Sarı Dəsmal almışdı, bıçağı isə yəqin ki, qumluqda salıb itirmişdim.
Mən bıçağı axtarmağa başladım. Birdən avar cırıltısına oxşar zəif bir səs eşitdim. Əvvəlcə elə bildim ki, bu Çarlidir. Amma sonra fikirləşdim ki,Çarli niyə belə səssiz üzməlidir. Qarışıq hisslər məni bürüdü. Marin arxipelaqı səhralıq və səssiz-səmirsiz bir yerdir. Gecə vaxtı buralara heç kim üzüb gəlməzdi. Birdən, bu Sarı Dəsmal ola bilərmi? Avarların səsi daha yaxından eşidilməyə başladı. Avarların ritmindən onun yalik (yalik-iki və ya dörd avarlı qayıq-Ş.Q.) qayığı və sahildən təxminən əlli addım aralıda olduğunu müəyyən etdim. Mən quru, boğucu öskürəyi eşidəndə ürəyim guppuldadı. Bu, Sarı Dəsmal idi. Mənimlə hesablaşmaqda yoldaşlarının ona mane olmaması üçün o çox güman ki, gizlincə qəsəbəni tərk etmiş və təkbaşına üzüb gəlmişdi.
Beynimdə cürbəcür fikirlər dolaşmağa başladı. Mən bu gözdənuzaq adada silahsız və köməksiz idim və bu sarı vəhşinin mənimlə hesablaşmasına qarşı çıxmağıma tam əsasım var idi. Vəziyyətin çox pis olduğunu, adada qalmağımın təhlükəli olduğunu görüb özümü suya, daha doğrusu lilə atdım. Sarı Dəsmal lilli bataqlığa çevrilmiş sahillə addımlamağa başlayanda, mən onun əks istiqamətində hərəkət etməyə başladım.Mən çinlilərin məni sahilə tullayıb öz conkalarına qayıtdıqları lildəki izləri ilə getməyə çalışdım.
Sarı Dəsmal əmin idi ki, mənim əl-ayağım bağlı və əvvəlki yerimdəyəm və qorxmadan həmin yerə addımlayırdı və ayaqlarının altından lilin şappıltısı eşidilirdi. Bu şappıltının sayəsində sahildən əlli addaım aralaşa bildim. Sonra bataqlığa uzandım.
Lil çox soyuq və yapışqan idi. Bütün bədənim titrəyirdi, amma qorxumdan ayağa qalxmırdım. Çünki, bilirdim ki, çinlinin çox iti gözləri var. O, sakitcə məni qoyub getdikləri yerə yaxınlaşdı.Mən çox heyifslənirəm ki,qoyduğu yerdə məni tapmayanda onun sifətinin nə hala düşməsini görə bilmədim.Amma mənim bu cür düşünməyə halım yox idi. Çünki, soyuqdan dişlərim dişlərimə dəyirdi.
Onun sonra nə edəcəyini yalnız ehtimal edə bilərdim. Çünki, ulduzların solğun işığı fonunda heç nə görə bilmirdim. Amma mən əmin idim ki, o birinci olaraq adanı başdan ayağa gəzib başqa qayığın adaya gəlib-gəlməmisini yoxlayacaq. Çünki, hər hansı bir qayığın və ya gəminin lildə izi qalmalı idi.
Mənim adanı tərk etmədiyimə əmin olan Sarı Dəsmal adanı axtarmağa başladı. Balıqqulağı topasına rast gələn Sarı Dəsmal dalbadal kibrit yandıra-yandıra mənim izimlə getməyə başladı. O hər dəfə kibriti yandıranda mən onun qorxunc sifətini aydın görürdüm.Yanan kükürdün iyindən onun boğazı daha da qıcıqlanır və öskürəyi güclənirdi. Mən isə daha çox titrəməyə başladım və soyuq lildə tərpənməyə qorxurdum.
İzlərin çox olması onu hiddətləndirdi. Amma o tezliklə başa düşdü ki, mən haradasa sahilin lap yaxınlığındayam. O, mənə tərəf bir neçə addım atdıi və çöməltmə oturub gözünü qaranlığa zillədi. Bizim aramızdakı məsafə on beş futdan çox olmazdı. Əgər o bir də kibrit yandırsaydı, məni çox asanlıqla görə bilərdi.
Amma o, sahilə qayıtdı və kibrit yandırıb qayalığa dırmaşmağa başladı. Təhlükənin yaxın olması məni xilas yolu axtarmağa məcbur etdi.Mən ayağa qalxmağa qorxdum.Çünki, Sarı Dəsmal ayaqlarımın səsini eşidə bilərdi və bundan qorxub sürünməyə başladım. Mən çinlilərin qoyduğu izlə suya qədər sürünərək suyun üç fut dərinliyinə girdim və sahil boyu irəliləməyə başladım.
Birdən ağlıma Sarı Dəsmalın üzüb gəldiyi yaliki tapmaq və bu qayıqla qaçmaq kimi bir fikir gəldi. Amma o, sanki mənim bu fikrimi başa düşürmüş kimi sahilə yaxınlaşıb yalikə yanaşdı və onun yerində olub-olmadığına əmin oldu. O, qayığın yerində olduğuna əmin olduqdan sonra geri qayıtdı. Mən boğazıma qədər suya batmış halda conkanın əvvəl durduğu yerdən təxminən yüz fut aralaşdım.Sonra yenidən lilə tərəf irəliləyib lilin içində uzandım.
Sarı Dəsmal yenidən sahilə çıxdı, bütün adanı ələk-vələk etdi və balıqqulağı olan yerə qayıtdı. Mən sanki onun fikrini oxudum. Çox güman ki, o, belə düşünürdü ki, lildə iz qoymadan heç kim adaya gələ ,yaxud da adanı tərk edə bilməz. Buna baxmayaraq, o, yalnız iki izə rast gəlmişdi. Birinci iz yalikdən, ikinci iz isə conkanın durduğu yerdən başlayırdı. Mən isə adada yox idim. Deməli, mən iki izdən biri ilə getmişdim. O yenicə öz yalikinin yanına getmiş və mənim orada olmdığıma əmin olmuşdu. Deməli, mən conkadan başlayan izlə getmişdim. O bu fikrini yoxlamaq qərarına gəldi və kibrit yandıraraq lillə addımlamağa başladı.
O, mənim birinci dəfə uzanıqlı halda qaldığım yerə çatdı və dayandı. Çox güman ki, o, mənim bədənimin ağırlığından yaranmış çüxuru gördü və mənim izimlə suya girdi və şübhəsiz ki, suda izimi itirdi. Üç fut dərinlikdə iz görmək hər adama nəsib olmaz. Çəkilmə hələ qurtarmadığından o, conkadan qalan çüxuru çox asanlıqla tapdı. Adanın sahilinə yaxınlaşan hər gəmi belə bir iz buraxa bilərdi. Əgər iz yoxdursa, deməli mən lilin hansısa bir yerində gizlənmişdim.
Amma gecə vaxtı böyük bir bataqlıqda adam axtarmaq samanlıqda iynə axtarmaq kimi bir şeydir və çinli bütün səylərinin əbəs olduğunu başa düşdü. O, adaya qayıtdı və yenidən sahildə vurnuxmağa başladı. Mən tamamilə donmuşdum..Nəhayət, o, öz yalikinə minib adanı tərk etdi. Məni şübhələr bürüməyə başladı. Bəlkə bu bir tələ idi? Bəlkə də o, qəsdən belə edirdi ki, mən onun tamamilə çıxıb getdiyinə əmin olum və sahilə çıxım.
Mənə elə gəlirdi ki, o, sahildən uzaqlaşarkən avarları suya çox bərk vururdu. Mən hələ də soyuq lilin içində uzanıqlı vəziyyətdə idim.Mən tir-tir əsir, belim dəhşətli dərəcədə ağrıyırdı. Canımı dişimə tutub uzandığım yerdən qalxmırdım.
Xoşbəxtlikdən, mən gizləndiyim sığınacaqdan çıxmamışdım və bir saatdan sonra sahildə hansısa kölgənin dolaşdığını hiss etdim. Mən gözlərimi diqqətlə qaranlıq sahilə zillədim.Amma nəsə görməkdən qabaq tanış öskürəyi eşitdim. Sən demə, Sarı Dəsmal məni qəfil yaxalamaq üçün adaya digər tərəfdən gizlincə yaxınlaşmış və indi də məni tutmaq ümidi ilə sahili dolaşırdı.
Bundan sonra lilli bataqlıqda daha bir saat qalası oldum.Baxmayaraq ki,artıq Sarı Dəsmalın səsi gəlmirdi, amma mən yenə də ehtiyat edir və sahilə çıxmağa qorxurdum. Bəzən mənə elə gəlirdi ki, bu soyuğa tab gətirməyib öləcəm. Ömrümdə bu cür dəhşətli əzablara düçar olmamışdım. Soyuqdan bədənim o dərəcədə keyimişdi ki, artıq titrəmirdim. Amma əzələlərim və sümüklərim dözülməz dərəcədə ağrıyırdı. Qabarma çoxdan başlamışdı və mən sudan xilas olmaq üçün fut fut sahilə tərəf hərəkət edirdim. Qabarma gecə saat üçdə başa çatdı və mən yarımcan halda sahilə çıxa bildim. Əgər Sarı Dəsmal mənim bu vəziyyətimdə üstümə atılsaydı, mən barmaqlarımı belə tərpədə bilməzdim.
Amma bəxtimdən o burada deyildi. O, mənə tupurmüş və Pedro burnundakı qəsəbəsinə qayıtmışdı. Buna baxmayaraq, halım çox acınacaqlı idi və hər dəqiqə ölə bilərdim. Yeriməyə, ayaq üstə durmağa halım yox idi. Lilə batmış paltarım bədənimi buza döndərmişdi. Elə görünürdü ki, paltarımı heç vaxt çıxara bilməyəcəm. Barmaqlarım keyimiş və qatlanmırdı. Bütün gücüm tükənmişdi. Nəhayət, bir saat əlləşdikdən sonra ayaqqabılarımı çıxara bildim. Dəri qıyları açmaq çox çətin idi. Bir neçə dəfə donmuş əllərimi daşa çırpdım ki, əllərimə qan işləsin. Bəzən elə düşünürdüm ki, elə bu dəqiqə öləcəm.
Nəhayət, paltarımı soyuna bildim. Su mənim iki addımlığımda idi. Mən sürünə-sürünə suya girib lili bədənimdən yudum. Ayağa dura bilmirdim. Amma hərəkətsiz halda uzansaydım, dona bilərdim. Yeganə çarə ibiz kimi sahil boyu irəli- geri sürünmək idi. Mən tam əldən düşənə kimi süründüm və səhər açılanda isə demək olar ki, tamamilə haldan düşmüşdüm. Səma çəhrayı rəngə boyandı, günəş üfüq üzərindən qalxmağa başladı və şüaları ilə mənim balıqqulağı topasının üstündəki hərəkətsiz bədənimi qızdırmağa başladı.
Sonra sanki yuxuda görürmüşəm kimi tanış yelkən gördüm. Bu, San-Rafael çayının mənsəbindən çıxan “Şimal maralı”nın yelkənləri idi. Bu gözəl yuxum yarımçıq qaldı və çox şeyləri yadıma sala bilmədim. Bircə onu xatırlayıram ki, “Şimal maralı”nın yelkənləri göründü, sonra o, sahildən bir neçə fut aralıda lövbər saldı və kiçik qayıq gəmidən aralaşıb sahilə yan aldı. Bir də kayutda qıpqırmızı qızarmış sobanı, başdan ayağa ədyala bürünmüş halda uzanıqlı halımı, çılpaq çiynimi və sinəmi ovxalayan Çarlini, mənə isti qəhvə içirdən Neyl Partinqtonu xatırlayırdım.
Bir şeyi qeyd edim ki, bu hal mənim üçün çox xoş idi. Biz Oklendə gələndə mən yenidən gümrah,tam sağlam idim. Düzdür, Çarli və Neyl mənim sətəlcəm olmağımdam qorxurdular, misis Partinqton isə məktəbdə oxuduğum altı ay müddətində elə hey gözləyiridi ki, mən tezliklə vərəm xəstəliyinə tutulacam.
Vaxt tez gəlib keçir. On altı yaşımın olması, balıqçı patrulunun şlyupunda üzməyim sanki dünən olmuşdu. Bu gün səhər isə kapitanı olduğum “Jnets” gəmisi ilə Çindən qayıtmışdım. Səhərisi gün isə Neyl Partinqtonu və ailəsini görmək üçün Oklendə, sonra isə Çarli Le Qrantu ilə keçmişi xatırlamaq üçün Benişiyə üzəcəkdim. Amma yox, Beneşiyə getməyə ehtiyac yoxdur. Çünki, tezliklə toy olacaq və mən də bu toyda aparıcı bir rol oynayıram. Nişanlımın adı Alisa Partinqtondur. Çarli mənim sağdişim olmaq təklifimə razı olmuşdu və Oklendə özü gələcəkdi.

Tərcümə edəni: Şakir Millət oğlu Qurbanov


Geri