DataLife Engine > Çap üçün versiya > Mirvari Qəhrəmanlı Neft Daşlarındakı ucuz ölümlərin statistikasını açıqladı-ŞOK
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Mirvari Qəhrəmanlı Neft Daşlarındakı ucuz ölümlərin statistikasını açıqladı-ŞOK

Mirvari Qəhrəmanlı Neft Daşlarındakı ucuz ölümlərin statistikasını açıqladı-ŞOK


16-12-2016, 11:16. Yerləşdirdi: admin
Neft Daşlarında nə baş verir? 40-50 il əvvəl quraşdırılmış estakalar niyə küləyin zərbəsinə tab gətirmir? Bu və ya digər suallarla bağlı NHMT-nin sədri Mirvari Qəhrəmanlı "Təzadlar"ın suallarını cavablandırdı:
-Məsələ ondadır ki, cəzasızlıq sindromu cinayətin inkişafı deməkdir. İndiyədək baş verən qəzalar və insan ölümlərinə görə hansısa cavabdeh məmur deyil, dənizdə əsən külək və onun yaratdığı dalğalar günahkar bilinir, oxşar faciələr hələ də davam edəcək. Bu da son illərin dənizdəki ölüm statistikası:
- 28 sentyabr 2011-ci il. ARDNŞ işlədiyi “Günəşli” dəniz yatağının 14-cü platformasında şirkətin 2 əməkdaşı həlak olub, 1 nəfər isə ciddi xəsarət alıb. İlkin məlumatlara görə, hadisə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib.
- 17 avqust 2013-cü il. Xəzərin Azərbaycan sektorunda “Bulla-dəniz” qaz-kondensat yatağında “Bulla-dəniz” platformasında kəşfiyyat qazması zamanı qəza baş verib. Bakının 80 kilometrliyindəki quyuda yanğının tam söndürülməsi üç ay davam edib. ARDNŞ yanğını ABŞ-ın BOOTS & COOTS servis şirkətinin mütəxəssisləri ilə birgə səyləri və yanğınsöndürən gəmilərin dəstəyi ilə söndürə bilmişdi.
- 2014-cü ilin mart ayında Neft Daşlarında (Çvonovo 203-də) köhnə estakada uçub. 4 nəfər suya düşüb. Onlardan 3-ü xilas olunub, biri həlak olub.
- 23 oktyabr, 2014-cü il. Bakıdan 40 kilometr cənubda yerləşən Nərimanov adına NQÇİ-nin sahəsində 441 nömrəli platformanın uçması baş verib. Həmin vaxt SOCAR-ın məlumatına görə, platformada olan 41 neftçidən 37-si evakuasiya olunub. İtkin düşən 4 neftçidən üçünün cəsədi platformadan iki kilometr aralıda aşkar olunub. 1 nəfər tapılmayıb. Həmin vaxt ərazidə 30 nəfər işçi olub.
- 2014-cü il oktyabrın sonunda Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-də estakada meydança uçub. Xəsarət alan olmayıb.
- 2014-cü il noyabrın 7-də Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-də 2-ci mədən ərazisində 310 və 312-ci meydançalar arasında 60 metr uzunluğunda estakadanın uçması nəticəsində 5 nəfər işçi dənizə düşüb. Dənizə düşən işçilərdən 3-ü xilas olunub, 2-i həlak olub.
- 2015-ci ilin 4 dekabrında Azneft İB-nin tərkibinə daxil Neft Daşları Neft və Qazçıxarma idarəsinin 501-ci meydançasında- qasırğa nəticəsində içərisində işçilər olan iş otağı estakadadan ayrılaraq dənizə düşüb. Nəticədə 3 nəfər suya düşüb. Cəsədləri hələ də tapılmayıb.
- 2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş verdi. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan 12 nəfər işçinin həyatına son qoydu, 19 nəfər neftçi itkin düşüb, 32 nəfəri isə xəsarət alıb.
İndi siz deyin: bütün bu baş verənlər dərs olmadımı? Niyə bütün bu ölüm və zərərçəkmələrə, itkilərə görə kimsə məsuliyyətə cəlb olunmur, problem dövlət səviyyəsində aradan qaldırılmır? Mən inanıram ki, nəhayət, ölkə Prezidenti bu dəfə sərt qərarlar verəcək...
Qələmə aldı: A.Məmmədli

Geri