DataLife Engine > Çap üçün versiya > XOCALI SOYQIRIMI BƏYNƏLXALQ MİQYASDA SƏSLƏNİB!
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > XOCALI SOYQIRIMI BƏYNƏLXALQ MİQYASDA SƏSLƏNİB!

XOCALI SOYQIRIMI BƏYNƏLXALQ MİQYASDA SƏSLƏNİB!


10-03-2017, 21:55. Yerləşdirdi: memmedov
Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Qars Valiliyi, Qars Bələdiyyəsi və Qars Qafqaz Universitetinin birgə təşkil etdiyi Xocalı soyqırımının 25 iliyinə həsr olunmuş „Müasir Zamanda İnsan Faciəsi: Xocalı Soyqırımı“ konfransı və „Səsimizə səs verənlər“ Xocalı soyqırımı beynəlxalq şeir müsabiqəsinin izdihamlı tədbiri Qars Qafqaz Universitetində keçirilib.
BEYNƏLXALQ MİQYASDA 177 ŞAİR XOCALI SOYQIRMINI HAYQIRIB!

Xocalı soyqırımının 25-ci iliyinə həsr olunmuş „Səsimizə səs verənlər“ Xocalı soyqırımı beynəlxalq şeir müsabiqəsinə Türkiyə, Azərbaycan, İran, Şimali Kipr Türk Respublikası, Qırğızıstan, Gürcüstan, Almaniya və Amerikadan iştirak edən 177 şair 234 şeirlə Xocalı soyqırımını hayqırıb!
Qars Qafqaz Universiteti Fən Ədəbiyyat Fakültəti Müasir Türk Ləhcələri Bölməsi sədri Dos. Dr. Mitat Durmuşun rəhbərliyində təşkil olunan münsiflər heyətinin üzvləri Dos. Dr. İlkin QULİYEV, Yrd. Dos. Dr. Afina BARMANBAY, Yrd. Dos. Dr. Adəm POLAT, Yrd. Dos. Dr. Adəm BALQAYA və Dos. Dr. Ella QƏRAYZADƏ tərəfindən aparılan qiymətləndirmə əsasında „QARDAŞIM” və „DÖYÜR” adlı şeirləri ilə Almaniya / Berlindən iştirak edən şair Abdulqadir İnaltəkin qalib gəlib. „Adım Xocalıdır“ şeiri ilə Türkiyə / Erzincandan şair Mehmet Cihad ÜSTÜN ikinci, „Tarixə Qara Düşdü“ şeiri ilə Türkiyə / Qaysəridən şair Fazil Əhməd BAHADIR üçüncü, „Şəhid Xocalının Şəhid Balası“ adlı şeiri ilə Gürcüstan-Borçalıda şair Şurəddin MƏMMƏDLİ isə təşviq mükafatına layiq görülüb.
ABDULQADİR İNALTƏKİN KİMDİR?
Azərbaycanlı elm adamlarının, sənət aləminin və mətbuatının yaxından tanıdığı 1958-ci il təvəllüdlü Abdulqadir İnaltəkin Türkiyənin paytaxtı Anqara vilayətinin Şərəfliqoçhisar qəzası Göllü kəndində anadan olub. 1980-ci ildən Almaniyanın paytaxtı Berlində yaşayan şair Türkiyə türkü olmasına baxmayaraq Azərbaycan ləhcəsində yazıb–yaradan, beynəlxalq konfranslardakı çıxışları ilə Azərbaycanın ədəbiyyatını, incəsənətini və Qarabağ münaqişəsini təbliğ edən, məqalələri yayımlanan A. İnaltəkin həqiqi mənada Azərbaycanın vurğunudur.
Xocalı Soyqırımının 25-ci ili münasibətilə təşkil olunan „Müasir Zamanda İnsan Faciəsi: Xocalı Soyqırımı“ konfransı və „Səsimizə səs verənlər“ Xocalı soyqırımı beynəlxalq şeir müsabiqəsinin izdihamlı mərasimi Qars Qafqaz Universitetinin Baytarlıq Fakultəti Prof. Dr. Necdət Ləloğlu konfrans zalında keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulu Nuri Quliyev, Qars bələdiyyə başçısı müavini Yaqub Yıldız, Təhlükəsizlik Müdiri Faruq Qaraduman, Qafqaz Universiteti rektor müavini Prof. Dr. Selçuq Ural, Ticarət və Sənaye palatası sədri Fəxri Ötegen, Ticarət birjası sədri İsmət Çelik, Milli Təhsil müdiri Gökhan Altun, AK Partiya vilayət sədri Adəm Çalkın, Milliyətçi Hərəkat Partiyası (MHP) vilayət sədri Yavər Özcan, münsiflər heyətinin üzvləri, sədir Dos. Dr. Mitat Durmuş, dekanlar, elm adamları, müxtəlif qeyri-hökumət təşkilatının (QHT) nümayəndələri, şairlər, tələbələr, Azərbaycan, Naxçıvan, Gürcüsdan və Almaniyadan gələn qonaqlar, Türkiyə və Azərbaycan mətbuatının nümayəndələri iştirak edib. Tədbir, Xocalı şəhidlərinin əziz xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Türkiyə və Azərbaycan milli marşlarının oxunmasından sonra protokol heyəti öz çıxışlarını ediblər.
Qars Qafqaz Universiteti Fən Ədəbiyyat Fakültəti Müasir Türk Ləhcələri Bölməsi sədri Dos. Dr. Mitat Durmuş öz çıxışında: „İnsan deyilən varlığı digər canlılardan fərqləndirən əsas xüsusiyyət onun ağıllı, yaradıcı və mənəvi dəyərlərə sahibi olmağıdır. Yaradıcı olmayan, dəyərlərini qorumayan və sonrakı nəsillərə ötürməyən insan yalnızca biolojik varlıqdan ibarətdir. Belə bir varlıq adicə əşyadan və ya hər hansı bir obyektdən fərqli deyildir. İnsanı insan edən, cəmiyyəti ayaqda saxlayan onun dəyərləridir. Dəyərlərini qoruyub–saxlamayan, ona qarşı ehtiram bəsləməyən, zəfərini, həzimətini, hüznünü və sevincini ürəyində duymayan yəni dəyərlərinə bağlı olmayan insanı insan kimi adlandırmaq əlbəttə ki, çox çətindir. Bizi nəfər ikən topluluq halına gətirən: insan və millət kimi formalaşdıran, eyni „dəyərlər“ ətrafında bizi bir-birimizə bağlayan mənəvi deyərlərimizdir.
Şeir müsabiqəsinin təşkil olunmasındakı əsas səbəblərdən biri Xocalı soyqırımının 25-ci ildönümündə bütün dünyanın diqqətini yenidən Xocalı faciəsinə çəkməkdir. Digər tərəfdən universitetimizin 25. illik yubileyi də Xocalı soyqırımı ilə eyni tarixə düşür. Xocalı qırğını Qafqaz coğrafiyasında yaşanarkən dünya bu vəhşətə səs verməmiş olsa da bizlər həm Qafqaz coğrafiyasında yaşayan insanlar olaraq, həm də Qafqaz Universitetinin bir nümayəndəsi kimi bütün insanlığı səsimizə səs verməyə dəvət edirik. Çağırışımıza Türkiyə, Azərbaycan, İran, Şimali Kipr Türk Respublikası, Qırğızıstan, Gürcüstan, Almaniya və Amerikadan 177 şairimiz 234 şeir ilə səsimizə səs verib.
Yaşanan acı–ağrılar zamanla bəlkə unudula bilər. Ancaq, yaşanan faciələrin ədəbi mətnlərlə insanlıq yaddaşına həkk olunması əsrlər sonra da həmin ağrıların yenidən duyulmasına imkan yaradar. Çünki ədəbi mətnlər, duyğuların ölümsüzləşməsinə, yenidən duyulmasına xidmət edir.”
“BİZ ÖLMƏYİ BACARA BİLİRİK, ÖLDÜRMƏYİ İSƏ ƏSLA BACARA BİLMİRİK”
Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulu Nuri Quliyev öz çıxışında:
„Xocalıda bir gecədə 613 şəhid verdik. Şəhidlərin arasında qadınlarımız, kişilərimiz, qocalarımız, cavanlarımız, körpə balalarımız vardı. Döyüşün də hüququ, qayda–qanunu vardır. Amma Xocalıda, umum Qarabağda döyüş hüququna, qayda–qanunlarına riayət edilmədi! Dinc əhali, günahsız körpələr, ağsaqqal qocalar, ağbircək nənələr, gəlinlər, qızlar, cavanlar vəhşicəsinə qətlə yetirildi. Gələcəkdə tarix bu hüquqsuzluğu yazacaq və günahkarlar öz cəzalarını alacaqlar, biz bu ümidlə yaşayırıq.“ dedi. N. Quliyevin çıxışı bu sözlərlə yekunlaşıb: „Səsimizi dünyaya eşitdirməyə çalışırıq. Dünya səsimizi eşitmirmi? Əlbəttə ki, eşidir. Səsimizi eşidən dünya dövlətləri, səsimizə niyə səs vermirlər? Çünki tələbimiz onlara əl vermir. İkili standart dediyimiz hüquqsuzluq dünya ictimaiyyətində artıq qayda–qanuna çevrilib. Dünya dövlətləri marağı olmamış bizim dərdimizi nə dinləyən, nə anlayan, nə də qəbul edən olmayacaq. Xocalıda yaşanan soyqırım içimizi 25 ildir yandırır. Bu günləri Xocalımızın 25-ci ilini yad edirik. Bəzən deyirik ki, biz bu ağrımızı daha nə qədər dilləndirməliyik ki, göz yaşlarımızı dünyaya göstərə biləlim? Bizim milli fitrətimizdə işğalçılıq, dinc əhalini öldürmək, günahsız körpələri vəhşicə qətlə yetirmək yoxdur. Biz ölməyi bacara bilirik, öldürməyi isə əsla bacara bilmirik.”
“BİR İNSANLIQ FACİƏSİ KİMİ XOCALI SOYQIRIMI”
Xocalı Soyqırımı qurbanlarına həsr olunmuş konfransda Prof. Dr. Hacali Nəcəfoğlunun rəhbərliyində Azərbaycan Milli Elmlər Akademiyasından Prof. Dr. Vəli Baxşəliyev „Xocalı Soyqırımının tarixi və Strateji Səbəbləri“, Qars Qafqaz Universitetindən Dos. Dr. Mitat Durmuş „Bir insanlıq faciəsi kimi Xocalı soyqırımı“ və Qars Qafqaz Universitetinin elmi işçisi Könül Quliyeva „Azərbaycan və Türkiyədə Xocalı soyqırımının şeirə əks etməsi“ başlıqlı öz məruzələrini çıxış etdilər.
„Səsimizə səs verənlər“ Xocalı soyqırımı beynəlxalq şeir müsabiqəsinin qalibi Abdulqadir İnaltəkin isə, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulu Nuri Quliyevdən plakatini aldıqdan sonra öz çıxışında: „İlk öncə onu qeyd etmək istəyirəm ki, bu mükafatı, Xocalı soyqırımının 25-ci ildönümünə görə yox, Qarabağın zəfəri şərəfinə almağı arzu edərdim. İnşallah, gözlənilən zəfər bizlərə nəsib olsun və bu borcun əvəzini gələcək nəsillər ödəmək məcburiyyətində qalmasınlar“ dedi. Qarabağın işğalına və beynəlxalq siyasətə diqqət çəkən A. İnaltəkin: „Qarabağda yaşanan soyqırım sadəcə Azərbaycanın deyil o cümlədən Türk Dünyasının, İslam aləminin və İnsanlığın məsələsidir. Ermənistan, %20-dən artıq Azərbaycan torpaqlarını işğal edib. İşğal olunan on iki rayonun şəhər, qəsəbə, və kəndlərində yaşayan bir milyondan artıq azərbaycanlı doğma yurdlarından sürgün edilib. Torpaqlarından didərgin düşən qaçqınlar iyirmi beş ildir ki, öz doğma vətənlərində mühacir kimi çadırlarda, qatar vaqonlarında, xaraba evlərdə yaşayırlar. İndiyədək həyata keçirilən, fərdi yaşayış evlərinin tikinti layihəsi çərçivəsində qaçqınların və məcburi köçkünlərin bir qismi yeni məskun bölgələrə yerləşdirilsələr də onlar hələ də yurdlarına, doğma torpaqlarına qayıda bilmillər. Ermənilərin Qarabağda tətbiq etdiyi soyqırım dünyanın gözü qabağında baş versə də, tarix şahid oldu ki; „Avropa insan hüquqları“, „demokratiya“, „qlobal sülh“ „BMT“ „qadın hüquqları“, „uşaq hüquqları“ kimi deyimlərin içi boşdur! Və bu deyimlərin içi güc sahibi dövlətlər tərəfindən necə lazımdırsa elə doldurulur, necə lazımdırsa elə də tətbiq olunur. Azərbaycan, Bosniya-Herseqovina, Çeçenistan, Əfqanıstan, İraq, Suriya, Fələstin, Kəşmir, Somali, Şərqi Türkistan və Myanma / Arakanda yaşanan vəhşət və soyqırımlar bunun ayanı–sübutu olmuşdur. Xocalı soyqırımının 25-ci il dönümü münasibətilə təşkil olunan şeir müsabiqəsi mənalı olduğu qədər beynəlxalq miqyasda təsirini göstərməsi baxımından da əhəmiyyət kəsb edir.” A. İnaltəkinin səsləndirdiyi „QARDAŞIM“ və „DÖYÜR“ adlı şeirləri zaldakı dinləyənlərin kövrəlməsinə səbəb olub.
Tədbirin qapanış çıxışında Dos. Dr. Mitat Durmuş, “inşallah, Sarıqamış şəhidlərinin əziz xatirəsinə həsr olunmuş konfrans və şeir müsabiqəsi də keçirəcəyik“ deyə muştuluq verdi. Qonaqlarla xatirə şəkil çəkiləndən sonra tədbir başa çatdı.
MÜSABİQƏNİN QALİBİNIN HƏR İKİ ŞEİRİNI TƏQDİM EDİRİK:
QARDAŞIM
(Qarabağ şəhidlərinin əziz xatirəsinə ithafdır)

İçim qan ağlayır, üzdən gülürəm,
Gecələr yuxumu qırxa bölürəm,
Göz yaşımı bayramlarda silirəm,
Dönübdü zəhərə süfrədə aşım,
Məni torpağıma yetir, qardaşım!

Gen üfüqlər xəyalıma dar gəlir,
Yurdsuz qalmaq nər kişiyə ar gəlir,
Bu ağrıya dözmək mənə zor gəlir,
Neçə il bu həsrətlə yanım, alışım?
Məni torpağıma yetir, qardaşım!

Qaldı deyilməmiş sözlər dilimdə,
Sındı çalmadığım sazlar əlimdə,
Ümidim yol gözlər Vətən çölündə,
Sönmür ürəyimdə yanan atəşim,
Məni torpağıma yetir, qardaşım!

İçimdə ah qalıb, sinəmdə haray,
Atam da, babam da, nənəm də haray!
Yol gözləyən gəlin Sənəm də haray,
Buna görə ağrım, acım, təlaşım,
Məni torpağıma yetir, qardaşım!

Yaman çəkdi tarix bizi sınağa,
Hardan gəldi vaxtsız xəzan bu Bağa?
Tər çiçəklər səpələndi torpağa,
Fəsilləri çaşdı baharım, qışım,
Məni torpağıma yetir, qardaşım!

Dilim piltə-piltə alovdu, oddu,
Ahım göyə qalxdı, cahanı tutdu,
Dünya bu vəhşəti necə unutdu?
Qarabağda qaldı, kəsilən başım,
Məni torpağıma yetir, qardaşım!

Daha dünən bizim olan o yerlər,
Oldu nədən bu gün talan, o yerlər?
Dədə-babalardan qalan o yerlər,
Əsarət altında tarix sirdaşım,
Məni torpağıma yetir, qardaşım!

Məndə qalan Şuşa, Ağdam, Füzuli,
De! Kimlə bölüşüm düşdüyüm halı?
Taleyinə küsüb, ağlar Xocalı,
Gəlsin elim-obam, dostum, yoldaşım,
Məni torpağıma yetir, qardaşım!

Sel-suları nazlı-nazlı axardı,
Gözəlləri yaylaqlara çıxardı,
Xocavənd baharda cənnət qoxardı,
İndi ona ağı deyir göz yaşım,
Məni torpağıma yetir, qardaşım!

Yol gözləyir Hadrut, Kəlbəcər, Laçın,
Bağlanan yolları yenidən açın,
Külək olub əsin, quş olub uçun,
Zəfər gününədək sürsün savaşım,
Məni torpağıma yetir, qardaşım!

Ağdərədə axan qanı unutma!
Cəbrayılı, Zəngilanı unutma!
Xankəndini, Əsgəranı unutma!
Nəsillərə keçsin qanlı yaddaşım,
Məni torpağıma yetir, qardaşım!

Qazın məzarımı yolunun üstə,
Yatım sinəsində, qolunun üstə,
Doğma vətənimin, elimin üstə,
Azadlıq rəmzi tək qoyulsun daşım,
Məni torpağımda basdır qardaşım...
© Abdulkadir İnaltekin
Almanya, Berlin–2011

DÖYÜR
Gecədi, qar yağır, hava soyuqdu,
Külək əsir, pəncərəmi qar döyür.
Həsrətindən sinəm oyuq-oyuqdu,
Ürəyimi bir Qaragöz yar döyür.

İçim əsir, çöldə əsən tufandan,
Tufan susub, içimdəki üsyandan.
Yollarımı bağlayıbdı hər yandan,
Qaranlığı bir qəribə sirr döyür.

Düşüncəmin sərhədi yox, sonu yox,
Qoşulub tufana əsir, yönü yox.
Qarabağın harayı yox, ünü yox,
Dağ çəkiblər, sinəsini nar döyür.

Hər şey bir fasilə dayandı, bu dəm,
Ötənlər gözümdə oyandı, bu dəm,
Harayından ürəyim yandı bu dəm,
Vətən sinəsini ahı-zar döyür.

Dağlarda baharı gözləyir alı,
Hardasa toy gedir, çalır vağzalı.
Rəqs eləyir ocağımın tonqalı,
Ərzurumda dadaşlarım bar döyür.

Qan bağlayıb sızıldayır yara, bax!
Məni dərddən-dərdə salan yara bax!
İllər ötür, yaddan çıxır Qarabağ,
Araz ağlar, sahilləri Kür döyür.

Kimdir görən, eldən atan bu yurdu?
Qorqud eli, ulu Vətən bu yurdu.
Səs verdi torpaqda yatan, buyurdu:
–Şəhidlərin qanı hələ yer döyür?

Döyüşlərdən qayıtmayan igidlər,
Torpağıma qan çiləyən şəhidlər,
Hаrdа görən, tapılmayan meyitlər?
Vicdanların qapısını qor döyür…

Düşmən tapdağında qaldı, Xocalı.
Parça–parça talan oldu, Xocalı.
İgidlərin nakam öldü, Xocalı!
Xıyabanda nalə çəkir, car döyür.

İndi bizsiz, görən nolub о yurdlar?
Kol da bitmir, örən qalıb о yurdlar.
Bayquş oxur, viran olub о yurdlar,
Muğam çalır, sarı simi tar döyür...
© Abdulkadir İnaltekin /Almanya, Berlin–2007


Geri