DataLife Engine > Çap üçün versiya > FƏRHAD ƏLİYEV BAKIDADIR, BƏS FİKRƏT YUSİFOVLA GÖRÜŞÜBMU?-1-Cİ YAZI-ŞOK
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > FƏRHAD ƏLİYEV BAKIDADIR, BƏS FİKRƏT YUSİFOVLA GÖRÜŞÜBMU?-1-Cİ YAZI-ŞOK

FƏRHAD ƏLİYEV BAKIDADIR, BƏS FİKRƏT YUSİFOVLA GÖRÜŞÜBMU?-1-Cİ YAZI-ŞOK


10-08-2017, 17:33. Yerləşdirdi: admin
Bir sıra Azərbaycan KİV-inin yazdığının əksinə, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev Bakıdadır. Hətta Virtualaz.org-un müxbiri onunla İçərişəhərdə gəzərkən rastlaşıb. Fərhad Əliyev eksklüziv müsahibə almaq xahişi ilə ona müraciət edən əməkdaşımıza bildirib ki, indi bunun üçün münasib vaxt deyil. Bununla belə, o, yaxın gələcəkdə belə bir imkanı istisna etməyib.
***
"Təzadlar" 3 il əvvəl dərc etdiyi bu yazını indi təkrar təqdim etməyə lüzum gördü:

Fikrət Yusifov, Fərhad Əliyev bir söz deyir, ABŞ isə başqa söz...
23/12/2014


“Azərbaycan” qəzetinin 19 dekabr tarixli sayında dərc olunmuş “ABŞ-Azərbaycan münasibətlərinə kiçik ekskurs və gələcək haqqında düşüncələr” adlı məqalə, nədənsə, son günlər bəzi KİV-lərin diqqətlə təhlil etdiyi yazıya çevrilib... Yazıda Azərbaycanın müstəqillik illərində müntəzəm olaraq Qərbin ikili standartları ilə üz-üzə qalmasından, bu cür yanaşmanın kökündə müxtəlif xarici dairələrin, xüsusilə ABŞ-ın geosiyasi və strateji maraqlarının durduğu və s. qeyd olunur.
“...Azərbaycan ABŞ və Qərb dövlətləri ilə münasibətlərində həmişə səmimi olub, müxtəlif istiqamətlərdən yönəlmiş təzyiq və təhdidlərə baxmayaraq, əməkdaşlıq əlaqələrini inkişaf etdirib və ümumi işə öz töhfəsini verib. Bəs bunun qarşılığında nə alıb? Qərb də Azərbaycanla münasibətlərində səmimi olmağı bacarıbmı?”, deyə sual verən qəzet sonra yazır: “Cavab birmənalıdır: YOX!
Çünki artıq 1990-cı illərin ikinci yarısından etibarən ABŞ-ın müəyyən dairələri Azərbaycanla bağlı müxtəlif bədbin ssenarilər hazırlamağa və həyata keçirməyə başlıdılar. İnsan haqları məsələsinin süni şəkildə qabardılması, seçki prosesinin gözdən salınması, korrupsiya haqqında miflərin yaradılması və digər bu kimi əsassız ittihamların başlıca məqsədi böyük iradə və əzmkarlıq göstərərək uğurla inkişaf edən, qısa zamanda beynəlxalq aləmdə nüfuz sahibinə çevrilən, zəngin enerji potensialını öz xalqının rifahına yönəltməyə çalışan bir müsəlman ölkəsini sarsıtmaq, onu milli dövlət quruculuğundan, ümummilli problemlərinin həllindən yayındırmaq, dünya ictimaiyyəti qarşısında imicini korlamaq idi. Artıq ümummilli lider Heydər Əliyevin vəfat etdiyi 2003-cü ildə bu ssenarinin ilk konturları özünü açıq şəkildə büruzə verməyə başladı. Qeyd edək ki, həmin illərdə əvvəlcə Serbiyada, sonra isə Ukrayna, Gürcüstan və Qırğızıstanda rəngli inqilablar vasitəsilə hakimiyyət çevrilişləri həyata keçirildi. 2005-ci ildə də ABŞ-ın səfiri Rino Harnişin rəhbərliyi ilə bu bədniyyətli ssenarinin Azərbaycanda reallaşdırılması istiqamətində addımlar atıldı. Mövcud müxalifətin heç bir işə qadir olmadığını özü üçün aydınlaşdıran ABŞ strateqləri hakim komandanın daxilində müxalifət formalaşdırmaqla onun radikal qruplarla əlaqəli şəkildə fəaliyyətini təmin etməyə çalışdılar. Radikal müxalifət başçılarının, konkret cinayət əməllərinə görə Azərbaycanda məsuliyyətə cəlb olunmuş və beynəlxalq axtarışa verilmiş, uzun illərdir ABŞ-da yaşayan Rəsul Quliyevin və “hakimiyyətdaxili müxalifət” olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hakimiyyətə gətirilməsi planı da məhz ABŞ-a məxsus idi...”. Və sair...
Bəs əslində nə baş verib, kim haqlı, kim haqsızdır???

Fikrət Yusifov 2005-ci il dövlət çevrilişi cəhdindən danışdı...


Ötən illərin tarixindən hamı bilir ki, yazıda adı çəkilən dövlət çevrilişinə cəhd məsələsində adı keçənlər-Əli İnsanov, Fərhad Əliyev, Fikrət Yusifov, Fikrət Sadıqov, Akif Muradverdiyev... barəsində cinayət işi başlandı... Neçə ay əvvəl Fərhad Əliyev, ondan neçə il əvvəl isə Fikrət Yusifov həbsdən çıxmışlar... Fikrət Sadıqov ev dustağı edilib, Akif Muradverdiyev həbsdən çıxandan bir müddət sonra bu yaxınlarda yenidən həbs olundu... Əli İnsanov isə hələ də həbsdədir...
***
...Fikrət Yusifov öz vəzifəsini keçmiş müdafiə naziri Səfər Əbiyevlə sərt hakimiyyətdaxili mübarizədə itirmişdi. O, sonralar Rusiyaya köçmüş, Sankt-Peterburq Universitetində kafedra müdiri və professor kimi fəaliyyət göstərirdi... Lakin F.Yusifovun adı 2005-ci il dövlət çevrilişi cəhdinin iştirakçıları arasında keçdi. O zamankı iqtisadi inkişaf naziri Fərhad Əliyev, səhiyyə naziri Əli İnsanov və siyasi elitanın “narıncı inqilab” hazırlamaqda ittiham olunan digər nümayəndələri 2005-ci ildə məhz F.Yusifovun ifadələri əsasında həbs edildilər. Keçmiş nazirin bu yaxınlarda virtualaz.org saytına müsahibəsində bir məqam diqqəti çəkir. Jurnalistin “Siyasətlə məşğul olmadığınızı deyirsiniz. Amma adınız 2005-ci il dövlət çevrilişi cəhdi kontekstində hallanır...”, sualına keçmiş nazir belə cavab verir:
-O zaman mən özüm xəyanətin qurbanı oldum. Məni o vaxt deputatlığa namizədlərdən birinə dəstək vermək üçün Bakıya dəvət etmişdilər. Lakin bura gələndən sonra əslində nələrin baş verdiyini görəndə anladım ki, ölkənin təhlükəsizliyinə ciddi təhlükə var.
-Yəni dövlət çevrilişi təhlükəsi real idi?
-Bəli... Dövlət çevrilişi təhlükəsi onda real idi. Mən də dövlətçiliyə sadiq adam kimi bunu o dəqiqə hesabladım. Gəlin bu söhbəti burada saxlayaq. Bu, əsl və böyük bir xəyanət idi...

Fərhad Əliyevdən fərqli cavab və təkzib...


Qeyd etdiyimiz kimi, dekabrın 19-da “Azərbaycan” ABŞ-Azərbaycan münasibətlərinə dair məqalə dərc etmiş və məlum dövlət çevrilişinə toxunmuşdu... Həmin yazıda adı çəkilən Fərhad Əliyev “Media forum” saytına danışaraq məqalənin bu məqamına münasibət bildirib. 2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb. Fərhad Əliyev Fikrət Yusifovdan fərqli olaraq deyib:
-2005-ci ilin oktyabrında baş verən hadisələrlə əlaqədar Azərbaycanın müvafiq hüquq mühafizə orqanları bir il yarım ərzində istintaq-təhqiqat işləri aparıb. Son 10 il ərzində yerli və xarici mətbuat isə vaxtaşırı olaraq bu hadisələri çox geniş şəkildə işıqlandırıb. Hazırda yeni bir şey baş vermədiyinə görə özümü müdafiə etmək niyyətindən uzağam. Mən hansısa səfirin və ya diplomatın Azərbaycanda dövlət çevrilişi etmək imkanına malik olmasına inanmıram. Eyni zamanda dünyanın hər yerində lazım gələndə ən xırda məsələlərə münasibət bildirən Amerika kimi nəhəng dövlətin Azərbaycanda dövlət çevrilişi etmək istəyi barədə ittihamlara da cavab verməməsi təəccüb doğurur...

“Təzadlar” 2005-ci ildə baş vermiş məlum cinayətin əsas qəhrəmanlarının istintaqa verdiyi ifadəsini əldə edib...

Xatırladaq ki, 2005-ci ilin parlament seçkiləri ərəfəsində bir çox məşhurlar, o cümlədən iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı, “Azpetrol” şirkətlər qrupunun prezidenti Rafiq Əliyev, YAP-ın yaradıcılarından biri, səhiyyə naziri Əli İnsanov, Prezident Administrasiyasının təsərrüfat işləri müdiri Akif Muradverdiyev (ötən il yenidən həbs edildi), “Azərkimya” Dövlət Şirkətinin keçmiş prezidenti Fikrət Sadıqov, sabiq maliyyə naziri Fikrət Yusifov, Milli Elmlər Akademiyasının prezidenti Eldar Salayev və Nəsimi RPİ-nin rəis müavini İlqar Rəhimzadə həbs olunmuşdular... Məlum həbsləri Milli Təhlükəsizlik Nazirliyi həyata keçirmişdi. Nəhayət, bu həbslərin ardınca Baş Prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri birgə rəsmi məlumat yaymışdılar.
“Təzadlar” indi (2017) 12 il əvvəl baş vermiş məlum cinayətin əsas qəhrəmanlarının istintaqa verdiyi ifadəsini əldə edib... Beləliklə, həmin dövrdə istintaq yolu ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev və “Azərkimya” Dövlət Şirkətinin keçmiş prezidenti Fikrət Sadıqov külli miqdarda dövlət əmlakını talamaqda, qulluq mənafeyi əleyhinə cinayətlər törətməkdə təqsirləndirilən və barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunmuş və ABŞ-da yaşayan Rəsul Quliyev, eləcə də sabiq səhiyyə naziri Əli İnsanov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, sabiq maliyyə naziri Fikrət Yusifov və hakimiyyətin zorla ələ keçirilməsində maraqlı olan digər şəxslərlə cinayət əlaqəsinə giriblər (MTN-nin, Respublika Prokurorluğu və DİN-in rəsmi arayışdan): “...Onlar Novxanı-Sumqayıt yolunun kənarındakı “Flaqman” restoranında, habelə paytaxtdakı və ətraf rayonlardakı müxtəlif mənzillərdə, eləcə də bağ evlərində keçirdikləri gizli görüşlərdə hakimiyyətin zorla ələ keçirilməsi, planlaşdırılan kütləvi iğtişaşlara cəlb ediləcək təxribatçı dəstələrin təşkili və bu işlərin maddi təminatı məsələlərində razılığa gəliblər... Həmçinin istintaq araşdırmaları göstərib ki, təqsirləndirilən şəxs qismində cəlb olunmuş Fikrət Yusifov Rəsul Quliyevin tapşırığı ilə “Azərkimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqovla onun xidməti kabinetində görüşərək, Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi üçün maliyyə vəsaitlərinin gərəkli olduğunu bildirib. Bu təşəbbüsü dəstəkləyən Fikrət Sadıqov onunla mütəmadi olaraq görüşərək, ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul verib.

Akif Muradverdiyevin istintaqa ifadəsində şok ifadələr...


Hələ 2005-ci ilin oktyabrın 22-də Akif Muradverdiyev Baş prokurorun adına ərizə ilə müraciət edərək, dövlət hakimiyyəti əleyhinə hazırlanan cinayətlə bağlı ona məlum olan faktları açıqlamaq istədiyini bildirib. O, ərizəsində 2005-ci ilin oktyabr ayının 13-də sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin xidməti kabinetində görüşdüyünü və Fərhad Əliyevin indiki hakimiyyətin sonuna az qaldığını, özünün və Əli İnsanovun heç nədən qorxmadığını, bu baxımdan mövcud iqtidara qarşı fəaliyyətin gücləndirilməsinin vacibliyi barədə danışdığını qeyd edib...

Əli İnsanovun “yaxın silahdaşı” Fikrət Yusifov nə günah
işlətmişdi?


Azərbaycan MTN-nin, Respublika Prokurorluğunun və DİN-in rəsmi arayışından: “...Prezidentin İşlər İdarəsinin müdiri Akif Muradverdiyevin Novxanıdakı bağ evində aparılan axtarış zamanı 32.700 ABŞ dolları, 14.000 avro, 9.100 Böyük Britaniya funt-sterlinqi, habelə başqa xarici valyutalar, 209 ədəd müxtəlif nominallı qızıl pul, 40 ədəd qızıl saat və digər zinət əşyaları aşkar edilərək maddi sübut kimi götürülüb: “...İstintaq-əməliyyat tədbirləri nəticəsində hakimiyyətin zorla ələ keçirilməsinə hazırlıq cinayətində şübhəli bilinən 1947-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Xızı rayonu Şurabad bələdiyyəsinin sədri Nəcəfqulu Quliyev də tutulub...”

“Həbs olunan Bələdiyyə sədri Əli İnsanovun və Akif Muradverdiyevin Xızı rayonu Altıağac bələdiyyəsinin Qızılqazma kəndi ərazisindəki bağ evlərində tez-tez
görüşdüklərinin və hakimiyyətin zorla ələ keçirilməsinin zəruriliyi barədə söhbətlər apardıqlarının şahidi olduğunu bildirib”


“...O, istintaqa ifadəsində sabiq səhiyyə naziri Əli İnsanovun və Akif Muradverdiyevin Xızı rayonu Altıağac bələdiyyəsinin Qızılqazma kəndi ərazisindəki bağ evlərində tez-tez görüşdüklərinin, həmin şəxslərin iqtidar əleyhinə fikirlər söylədiklərinin, son aylarda isə onların hakimiyyətin zorla ələ keçirilməsinin zəruriliyi barədə söhbətlər apardıqlarının şahidi olduğunu bildirib. Nəcəfqulu Quliyev ayrı-ayrı görüşlərdə Fikrət Sadıqovun və tanımadığı digər şəxslərin də iştirak etdiyini vurğulayıb... İstintaq araşdırmaları ilə müəyyən edilib ki, Rəsul Quliyev 2005-ci il oktyabr ayının əvvəllərində yaxın münasibətlərdə olduğu və 1980-ci illərdə rəhbərlik etdiyi “Azərneftyağ” zavodunda müqavilə əsasında rəssamlıq işləri görən Sabir Baxşəliyevlə gizli telefon nömrəsi vasitəsilə əlaqə yaradaraq, Bakı hava limanında onun həbsinə maneçilik törədilməsində özünün iştirakı və bu işə başqalarını da cəlb etməsi barədə şəxsən tapşırıqlar verib... Bununla əlaqədar zəruri iş aparan Sabir Baxşəliyev, eyni zamanda 2005-ci il 17 oktyabr tarixdə polis orqanları tərəfindən asayişin mühafizəsi üzrə görüləcək qabaqlayıcı tədbirlər barədə məlumat əldə etmək üçün məqsədyönlü addımlar atıb. Belə ki, o, əvvəllər “Azərneftyağ” İstehsalat Birliyində fəhlə işləmiş, 1992-ci ildən tanıdığı və yaxın münasibətlərdə olduğu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin rəis müavini İlqar Rəhimzadə ilə əlaqə yaradaraq, 2005-ci il 16 oktyabr tarixdə sonuncunun dəvəti ilə onun iş otağında görüşüb. Vəzifə borcuna xəyanət edən İlqar Rəhimzadə Bakı şəhərində ictimai təhlükəsizliyin qorunması üzrə həyata keçiriləcək işləri əks etdirən və icra olunması üçün ona verilmiş tədbirlər planı ilə Sabir Baxşəliyevi tanış edib. Həmin planın üzünü köçürən Sabir Baxşəliyev onun məzmunu, polis qüvvələrinin dislokasiyası barədə məlumatları İlqar Rəhimzadənin iş otağından telefon vasitəsilə müvafiq maraqlı şəxslərə ötürüb...”.
“...Fikrət Yusifov Rəsul Quliyevin tapşırığı ilə Fikrət Sadıqovla onun xidməti kabinetində görüşərək,
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi üçün maliyyə vəsaitlərinin gərəkli olduğunu bildirib...”.
(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu

Geri