DataLife Engine > Çap üçün versiya > MUSTAFA ÇƏMƏNLİ-70 İLİN YOLÇULUĞU
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > MUSTAFA ÇƏMƏNLİ-70 İLİN YOLÇULUĞU

MUSTAFA ÇƏMƏNLİ-70 İLİN YOLÇULUĞU


13-10-2017, 22:57. Yerləşdirdi: admin
Bu gün Azərbaycanın dəyərli yazıçı-publisisti, tanınmış ziyalı Mustafa Çəmənlinin 70 illik yubileyi R.Behbudov adına Mahnı Teatrında təntənəli qeyd olundu. Yubiley tədbirində iştirak edən "Təzadlar"ın baş redaktoru Asif Mərzili bildirdi ki, yubiley mərasimini tanınmış dramaturq Əli Əmirli açaraq Mustafa Çəmənli yaradıcılığından bəhs etdi, onun keçdiyi həyat yolundan danışdı. Sonra Azərbaycanın görkəmli yaradıcı insanları-tənqidçi Vaqif Yusifli, Xalq artisti Arif Babayev, şair Ramiz Məmmədli, Xalq artisti Ramiz Quliyev, Azərbaycanın Əməkdar müəllimi Səlim Əzimov, Əməkdar İncəsənət xadimi Sərdar Fərəcov və başqaları çıxış etdilər.
Tədbir boyu muğam ifaçıları Əməkdar artistlər Sevinc Seyidova, Ehtiram Hüseynov, Zakir Əliyev... yubiley mərasimini musiqiləşdirdilər.
Tədbir yubilyarın yekun çıxışı ilə tamamlandı...

***
Mustafa Çəmənli-10 sentyabr 1947-ci ildə Ağdamda anadan olub. O, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvüdür.
1947-ci il sentyabrın 10-da Ağdam rayonunun Çəmənli kəndində anadan olan M.Çəmənli ilk təhsilini doğma kəndində, daha sonra Mingəçevir şəhər məktəbində almışdır. Əmək fəaliyyətinə Mingəçevir maşın hissələri təmiri zavodunda qəlibçi kimi başlamışdır (1966-1970). Bakıda "Kommunist" nəşriyyatında çapçı köməkçisi, "Paris Kommunası adına gəmi təmiri zavodu"nda qəlibçi olmuşdur (1970-1972). ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Təyinatla göndərildiyi "Yazıçı" nəşriyyatında redaktor, böyük redaktor, klassik ədəbiyyat və folklor redaksiyasının müdiri (1978-1988), nəşriyyatın nəsr redaksiyasının müdiri vəzifələrində işləmişdir (1988-1992). "Gənclik" nəşriyyatında baş redaktor vəzifəsində çalışmışdır (1992-2006). Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. İlk hekayəsi "Ləpirlər" 1973-cü ildə "Mingəçevir işıqları" qəzetində çap olunmuşdur. Povest hekayə və radiopyeslər qələmə almışdır. "Layla" (1985) pyessenarisi klublara, xalq teatrlarına göndərilmişdir. Milli musiqi ifaçılığı sənətinin təbliğinə görə mətbuat fondunun "Dan ulduzu" (1993) mükafatına, ön cəbhədə çıxışlarına və hərbi vətənpərvərlik ruhlu məqalələrinə görə Yazıçılar Birliyinin diplomuna (1993), "Xallı Gürzə" tarixi romanına görə "Yaddaş" milli mükafatına, Milli Mədəniyyəti Təbliği Mərkəzinin "Uğur-2008", "Ölüm mələyi" tarixi romanına görə Azərbaycan Republikası Mədəniyyət və Turizim Nazirliyinin "Qızıl Kəlmə" ədəbi mükafatına layiq görülmüşdür.
A.Məmmədli

Geri