DataLife Engine > Çap üçün versiya > «Təzadlar» köşklərdə niyə tapılmır?-ŞOK SƏBƏB
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > «Təzadlar» köşklərdə niyə tapılmır?-ŞOK SƏBƏB

«Təzadlar» köşklərdə niyə tapılmır?-ŞOK SƏBƏB


26-07-2018, 12:40. Yerləşdirdi: admin

Redaksiyanın apardığı monitorinq zamanı eşitdiklərimiz: «Bu qəzet qalan deyil, dərhal satılır…»

«Təzadlar»ın son sayında şikayəti dərc olunmuş Bakı şəhər sakini (adını oxucular təxmin edəcək) redaksiyanı monitorinq keçirməyə sövq etdi. Məsələ ondadır ki, həmin şikayətçiyə qarşı dələduzluq edilib, zərərçəkmiş kimi tanınıb, müstəntiqlər isə…
Keçək mətləbə: qəzetdə yazı dərc olunan kimi aləm bir-birinə dəydi, iki-üç gündür qarşı və ya maraqlı tərəflərin sorğu-suallarına cavab verməkdəyik. Əsas odur ki, buz əriyir, artıq zərərçəkəni adam yerinə qoyurlar.
Amma nə baş verir: bir ildən çoxdur müstəntiqlərə zəng vuran, istintaqın uzanmasından canı boğazına yığılan, vəkillərinə bir ətək pul verən, heç bir təsəlliverici nəticəyə də nail ola bilməyən şikayətçi zəng vurur ki, «Mənə bir neçə qəzet saxlayın, gəlib götürəcəyəm…».
Ona utana-utana, tər tökə-tökə başa salırıq ki:
-Biz redaksiyaya qəzet daşımırıq, satışı ilə firmalar məşğul olur, köşklərdən alın…
-Köşkləri gəzmişəm, yoxdur…
Təəccüb qalırıq. Adətən «vozvrat»ı başımıza qaxanc edən firmalar bəs niyə satışın yaxşı olmasını müjdələmirlər?
Nə isə, iki gündür özümüz monitorinq keçirməli olduq: məqsədimiz həm də vəkilə 3-5 min manat verən, bir il ərzində müstəntiqin «get-gəl»indən şəkərə tutulan, heç bir nəticə də əldə etməyən şikayətçinin yalanını üzə çıxaraq ki, o, 30 qəpiyindən keçib niyə bir qəzet almaq istəmir???
Məlum oluduğu kimi, Bakıda əsasən 3 firma qəzet satışı ilə məşğul olur: «Qasid» abunə üsuluna keçib, köşkləri yoxdur… «Qaya» və «Əks-Səda» firmaları Bakı oxucularını qəzetlə təmin edir.
Monitorinqə dünən kolxoz bazarlarından, bu gün isə Şah İsmayıl Xətainin heykəlinin yanındakı köşklərdən başladıq. Buradakı məşhur Döğum Evinin qarşısındakı köşkün vitrinində «Təzadlar» yox idi deyə, satıcıdan istədik, dedi, «4 qəzet var idi, burada «raskuladuşka» qoyub yatan «QAİ» işçiləri alıb aparıblar…».
«Neftçilər» xəstəxanasının tinində «Əks-Səda»ya aid köşkdə KİVDF-dən ildə 100-160 min manat yardım alan qəzetlərin hansını istəsəniz, görə bilərsiniz. Əslində, bütün köşklərdə eyni mənzərədir… Adlarını yazsaq, təxminən 33-38 qəzet edir… Siyahını bildiyinizdən, əlavə yer tutmasın deyə, yazmırıq. Kim inanmırsa, vicdanının səsi ilə küçədə rastına çıxan köşkdəki vitrində asılıb səbrsizliklə oxucu gözləyən qəzetlərin siyahısını tutsun.
Nə isə, satıcıdan «Təzadlar» qəzetini soruşuruq. Əyilib vitrinə baxıb deyir:
-Yoxdur…
-Gəlməyib, yoxsa…
-Yox, satılıb… Hər dəfə 6-8 ədəd alıram, bir saata alıb aparırlar…
-Bəlkə altda ilişib qalıb, baxın, vacib lazımdır…
-Vallah yoxdur…
Sonrakı monitorinqimiz 28 may küçəsindən başlayır, Sahil bağının ətrafındakı (Mərkəzi Kitabxanın tini də daxil) 4 köşkə dəyirik. Birində bir ədəd tapılır…
Sonra «Baksovet»i, oradan da SPACE-nin qarşısındakı köşkə dəyirik (Gimnaziyanın tini). Satıcıdan «Təzadlar»ı istəyirik:
-Mümkünsə, bir ədəd…
-Yoxdur…
-Niyə yoxdur, bir baxın…
-O qəzet qalan deyil, 10 ədəd alırıq, həmin gün qurtarır…
Gəlirik Vergilər Nazirliyinin qarşısındakı köşkə. Burada da eyni mənzərədir, «Təzadlar» yoxdur…
Sonra metronun «Elmlər Akademiyası» metrosunun qarşısındakı iki köşkə dəyirik. Birindən bir ədəd tapırıq, o birisində satılıb… Oradan dönüb gəlirik «Politexnik»in tininə. Burada qələbəlikdir, bu gün abituriyentlər, daha doğrusu, valideynlər imtahan verir… Hava isti olduğundan buradakı köşkün qarşısında dayanıb sərin su almaq istəyən valideynlərdən icazə alıb köşkdəki yaraşıqlı oğlandan «Təzadlar» qəzetini istəyirik. Söz ağzımızdan çıxmamış: «Yoxdur!» deyir…
-Alta baxın, olmamış olmaz…
Əyilib haranısa eşələyir və bir qəzet tapır,
-Buyurun, -deyir…
-Niyə alta qoymusunuz?
Susur… Nəhayət, dillənir:
-Sifariş verən var, iki gündür zəng vurur, bir azdan gələcək. Yaşlı kişidir, deyəsən, professordur…
Beləcə, monitorinqi bitirib redaksiyaya gəlirik. Düşünürük: dövlətdən bir manat belə yardım almayaraq öz gücümüzə qəzet buraxırıq, satılır… Amma dövlətdən ildə 100-160 min manat yardım və status alan qəzetlər isə meyvə bazarında qalaq-qalaqdır… «Yaşıl bazar»da, «Meyvəli bazar»da, 8 km bazarında foto və video çəkilişlər apardıq… Sadəcə, anti reklam və bazaröldürmə etmək istəmirik. Amma bu qəzetlərə yardım ayıran, mənzil verən, status paylayan, müsabiqələrdə birinci yer verən, diplom paylayan məmurlara sözümüz var: adını çəkmədiyimiz, lakin meyvə bazarlarında qalaq-qalaq «vozvrat»lanan bu qəzetlərə ildə yüz minləri niyə ayırırsınız? Yardım dirçəlmək üçündür. Fermerlər yaxşı bilir, arıq dananı bordağa bağlayıb yemləyirlər və 4-5 aydan sonra kökəldib satırlar, yaxud kəsirlər… 10 ildir hər il 100 min manatlar, mənzillər, pul mükafatları verirsiniz-yemləyirsiniz, bu qəzetlər isə «kökəlmir», dirçəlmir. Heyvan kökəlməyəndə, baytar həkimə müraciət edirlər ki, xəstədir, çıxdaş edirlər… Bəlkə bir «həkim»ə müraciət edilsin, əgər bu qəzetlər dirçəlib qurtarmırsa, kimə və nəyə lazımdır? Onlar yalnız bir yerdə lazımdır: meyvə bazarında-meyvə bükməyə! İnanmırsınızsa, buyurun meyvə bazarlarına…
«Təzadlar» köşklərdə niyə tapılmır?-ŞOK SƏBƏB
İkincisi, bu qəzetlərin əməkdaşları hər il neçə dəfə müsabiqələrdə 1-ci yeri tutur. Olsun! Əgər onların yazıları bu qədər aktualdırsa, ictimai rəyə təsir edəndirsə (müsabiqə şərtlərindən birincisi budur), bəs niyə həmin məqaləli qəzetlər meyvə bazarlarını bəzəyir, qəzet köşklərində isə satılmır, daha doğrusu, alınmır???
Sonda: atalar doğru deyib ki, xalqın gözü tərəzidir! Bu mənada, indi oxucuların da gözü və oxu tərzi tərəzidir, gəlin oxucuları və ən vacibi, özümüzü aldatmayaq!
Asif Mərzili
P.S.Səhv etmirəmsə, Peyğəmbərimiz (ə.s.) deyib ki: «Kim məni aldadırsa, ona lənət olsun! Kim məni ikinci dəfə aldadırsa, mənə lənət olsun!».

Geri