DataLife Engine > Çap üçün versiya > VƏLİ HÜSEYNOVUN DOKTORLUQ DİPLOMU SAXTA ÇIXDI-YENİLƏNDİ
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > VƏLİ HÜSEYNOVUN DOKTORLUQ DİPLOMU SAXTA ÇIXDI-YENİLƏNDİ

VƏLİ HÜSEYNOVUN DOKTORLUQ DİPLOMU SAXTA ÇIXDI-YENİLƏNDİ


3-08-2018, 14:52. Yerləşdirdi: admin
Axır ki, AAK-ın sədr əvəzinin professor diplomu saxta çıxan rektor Ədalət Muradovu niyə müdafiə etməsinin sirri bəlli oldu…
Xəbər verdiyimiz kimi, «Təzadlar»ın Araşdırma Qrupu bir müddət əvvəl daxil olan məlumat və faktlar əsasında araşdırma aparmağa başlamışdı. Məlumatlarda ADİU rektoru Ədalət Muradovun professor və doktorluq diplomları ətrafında mövcud olan çoxsaylı qanunsuzluqlara şübhələr olduğu qeyd edilirdi. Biz KİV olaraq qanunun tələbinə uyğun olaraq əvvəlcə rektor Ədalət Muradova sorğu göndərdik. O da məlum idi ki, rektor Ədalət Muradova həmin şübhəli sənədləri, yəni professor və doktorluq diplomlarını verən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasıdır.
Yəqinki heç bir vaxt Vəli Hüseynovun ağlına belə gələ bilməzdi ki, «Təzadlar»ın Araşdırma Qrupu həm də daxil olan məlumat əsasında Vəli Hüseynovun özünün Moskvadakı universitetlərdən birində müdafiə etdiyi elmi işi əsasında aldığı diplomu bu gün ciddi hüquqi mübahisə mövzusu olacaq.
Beləliklə, «Təzadlar»ın Araşdırma Qrupuna daxil olan məlumatların araşdırılmasının ardınca, ADİU-da rektor Ədalət Muradova yaxınlığı ilə seçilən dekanlardan biri redaksiyamıza Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə ünvanlı müraciətin mətnini göndərdi. Bizim araşdırmamızla bu müraciətin məzmun və mahiyyəti necə də üst-üstə düşmüşdü… Müraciətdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi Vəli Hüseynovun doktorluq diplomunun necə qanunsuz olması, indiyədək bu diplomun sayəsində dövlətdən külli miqdarda maaşı necə və hansı əsaslarla alması, status əldə etməsi və s. qanunsuzluqlar və saxtakarlıqlar, eləcə də V.Hüseynovun AAK-dakı qalmaqalları ətraflı şərh edilir…
Müraciətdə deyilir:
-Çox hörmətli Cənab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli Ramiz müəllim!
Sizə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovun AAK-dakı özbaşınalıqları barədə məlumatlar veririk və baş verənlərin qarşısının alınması üçün aidiyyəti üzrə tapşırıqlar verilməsini xahiş edirik.
Diqqətinizə çatdırırıq ki, AAK Rəyasət Heyətinin "Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçıların xarici ölkələrdə dissertasiya müdafiəsi qaydaları haqqında» 25.05.1996-cı il (protokol№15-r) qərarına əsasən 01.02.1994-cü ildən sonra Azərbaycan Respublikasından kənarda müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları AAK-da təkrar attestasiyadan keçməlidir. Yəni, həmin diplomların respublikamızın ərazisində tanınması üçün müvafiq prosedurlardan keçirilməlidir və müsbət qərar verildiyi halda iddiaçılar Azərbaycan AAK-nın diplomunu ala bilər.
Təəssüflə qeyd etmək istəyirik ki, AAK-ın sədr əvəzi Vəli Hüseynov da fəlsəfə doktoru dissertasiyasını "Нейтрин-лептонные процессы во внешном магнитном поле” mövzusunda 21 aprel 1994 -cü ildə Rusiya Federasiyasında müdafiə edərək həmin ilin dekabrında təsdiqini almışdır. Azərbaycanın elm ictimaiyyəti yaxşı bilir ki, həmin dövrdə bu sahədə xaos yaranmışdı və bir çox «alimlər» xarici ölkələrdən bir diplom alıb gətirirdilər və arzularına çatırdılar.
Deməli, AAK-ın Rəyasət Heyətinin məlum qərarına əsasən Vəli Hüseynovun da Rusiya Federasiyasında aldığı elmlər namizədi diplomu təkrar attestasiyadan keçməli idi. Ancaq bu prosedur olmamışdır və Vəli Hüseynov elmlər namizədi diplomunu təkrar attestasiyadan keçirmədən, hətta birbaşa doktorluq dissertasiyasını müdafiə edərək təsdiqini almışdır. Yəni, doktorluq dissertasiyasının müdafiəsində və təsdiqində ciddi qanun pozuntularına yol verilmişdir. Qanunun dili ilə desək, AAK sədrliyinə iddialı olan Vəli Hüseynovun doktorluq dissertasiyası legitim deyildir. Bunun da özəl səbəbi vardır: Vəli Hüseynov uzun illərdir AAK-da çalışır, sonradan AAK sədrinin müavini işlədiyindən hesab etmişdir ki, bu faktın üstünü açan olmayacaq və o, qanunsuz yolla əldə etdiyi doktorluq diplomundan istədiyi kimi istifadə edə biləcək.
Bundan başqa, Vəli Hüseynovun fizika-riyaziyyat elmləri namizədi kimi işlədiyi təşkilatda da aldığı məvacib də qeyri-qanuni sayılmalıdır.
Cənab Prezident! Vəli Hüseynovun əsil elm adamlarının doktorluq və professor diplomlarının verilməsində hansı əngəlləri yaratdığını danışsaq və konkret faktları ortaya qoysaq, bu faktlar hüquq mühafizə orqanları tərəfindən araşdırılsa, o, dərhal həbs edilməlidir. Odur ki, Vəli Hüseynovun barəsində ciddi ölçü götürülməlidir. AAK-ı intriqa yuvasına çevirən, professor və doktorluq diplomlarının verilməsini bazar prinsipləri ilə həll edən, qısası, AAK-ı əsil korrupsiya yuvasına çevirən, bu azmış kimi, özünün doktorluq diplomu qanunsuz olan Vəli Hüseynovun AAK-ın sədr əvəzi vəzifəsində qalması nə dərəcədə əsaslıdır, ədalətlidir? Xahiş edirik, Vəli Hüseynovun doktorluq diplomu ilə bağlı araşdırmaların başlanılması üçün aidiyyəti üzrə tapşırıq verəsiniz. Vəli Hüseynov həmin qanunsuz doktorluq diplomu sayəsində uzun illər dövlət büdcəsindən külli miqdarda yüksək əmək haqqı olmaqla maddi vəsaitlər almışdır.

Redaksiyadan: «Təzadlar» xatırladır ki, bu və ya digər məlumatları bizə məxfi şəkildə rektor Ədalət Muradova çox yaxın olan dekanlardan biri verərkən Vəli Hüseynovun ünvanına hədə-qorxu ilə danışaraq, eyham vurdu ki, «Əgər Vəli Hüseynov "Təzadlar" qəzetinin rektor Ədalət Muradovla bağlı sorğusuna düzgün və qanuni cavab verməsə, biz də onun elmdə biabırçı hadisə olan faktlarını ictimaiyyətə açılamalı olacağıq».
Xatırladırıq ki, əslində, redaksiya Vəli Hüseynovun doktorluq diplomu ilə bağlı bu və ya digər məlumatları araşdırmaq üçün neçə ay idi ki, jurnalist təhqiqatı aparırdı. Maraqlıdır, əgər V.Hüseynovun qanunsuz yolla daşıdığı doktorluq diplomunun verilməsinin günahı AAK-dadırsa, onda nəzərə alaq ki, Vəli Hüseynov özü uzun illərdir AAK-ın sədr müavini olmuşdur. Başqalarından qanuni sənəd tələb edən Vəli Hüseynov özünün qanunsuz doktorluq diplomunu hansı haqla daşıyır??? Bu çox ciddi hadisədir. Sual olunur: Niyə dünyanın nüfuzlu Universitetlərində müdafiə etmiş Azərbaycan vətəndaşları AAK-da min cür əziyyətə salınır, AAK-da təkrar attestasiyadan keçirilir, amma Vəli Hüseynov isə yaxın dostu və müldafiəsinə qalxdığı ADİU rektoru Ədalət Muradov kimi, bu prosedurdan kənarda qalır?
«Təzadlar» məsələnin ciddiliyini nəzərə alaraq, Prezident yanında AAK kimi nüfuzlu bir dövlət qurumuna rəhbərlik edən məsul şəxsin qanunsuz yolla əldə edilmiş sənədlərə sahib olmasını hüquqi müstəvidə araşdırmaq qərarına gəldi. Bunun üçün müvafiq sənədlər toplanılaraq Baş Prokurorluğa göndəriləcək. Bunun üçün ölkənin tanınmış vəkillərindən biri ilə bu gün rəsmi müqavilə də bağlanıldı…
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu


Geri