DataLife Engine > Çap üçün versiya > Azərbaycan bayrağı “Dədə Qurbani” beynəlxalq festivalında səhnəni bəzədi
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Azərbaycan bayrağı “Dədə Qurbani” beynəlxalq festivalında səhnəni bəzədi

Azərbaycan bayrağı “Dədə Qurbani” beynəlxalq festivalında səhnəni bəzədi


8-08-2018, 17:34. Yerləşdirdi: admin
“Komandanın ən böyük qələbəsi bu idi ki, dünyanın bir çox ölkələrindən gəlmiş nümayəndə heyətlərinin iştirakçısı olduğu Beynəlxalq festivalın böyük səhnəsində Azərbaycanın bayrağını qaldırdıq, festival başa çatanadək bayraq səhnəni bəzədi”
...Ərdəbildə keçirilən “Dədə Qurbani” Beynəlxalq Festivalı başa çatıb. Festival barədə hələ İranda olarkən oxuculara eksklüziv məlumatlar verirdik. Lakin həmin dövrdə daha çox deyilib-danışılası məsələləri yazmaq imkanı texniki cəhətdən problemli olduğundan indi, necə deyərlər, ürəyimi boşaltmalı məqamdır deyə, təəssüratlarımı diqqətli oxucularla bölüşməli oldum...

Üzü Təbrizə, Ərdəbilə, Tehrana doğru...


Qısaca deyim ki, İrana bu dəfəki səfərimiz Şah İsmayıl Xətainin doğulduğu və məzarının olduğu Ərdəbildə keçiriləcək “Dədə Qurbani” Beynəlxalq Festivalda iştirakımızla bağlı idi. Tarixçilər daha ətraflı deyə bilərlər ki, aşıq Qurbani Şah İsmayıl Xətainin ən yaxın dostu, məsləhətçi olub. Bu dostluq sonadək davamlı olaraq şahın sarayına müdriklik ab-havası gətirib, hökmdarla xalq arasında körpü rolunu oynayıb.
***
Beləcə, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, neçə-neçə festivalların qalibi olmuş tanınmış sənətkar, aşıq Sərdar Məmmədlinin başçılıq etdiyi nümayəndə heyətindən ibarət aşıqlar qrupu ilə yol yoldaşlığı edib Azərbaycanın Biləsuvar rayonundakı sərhəd-keçid məntəqəsinə çatırıq. Əvvəlcədən məlumat almışdıq ki, bizi İran tərəfində rəsmiyyət qarşılayacaq.
Onu da deyim ki, biz İran Mədəniyyət Nazirliyinin və İran Aşıqlar Birliyinin rəsmi dəvəti ilə səfərə çıxmışdıq. Bu dəvətə görə İran Aşıqlar Birliyinin sədri, vətənpərvər ziyalı-şair aşıq Səlcuq Şahbaziyə dərin minnətdarlıq edirəm.
***
... Azərbaycan sərhədini qürurlu və rahatlıqla keçdikdən sonra İran ərazisinə daxil olduq. Burada bizi İran Mədəniyyət Nazirliyi Biləsuvar rayon (İrana məxsus rayon) mədəniyyət İdarəsinin rəis müavini Hüseyn Heydərli başda olmaqla İran hökumətinin rəsmiyyəti qarşıladı. Hər birimizə qızıl güllər təqdim olundu. Bu görüş-qarşılanma səhnəsi İran TV-ləri tərəfindən lentə alınırdı.
Sərhəd-keçid məntəqəsindəcə məlumat verdilər ki, İran Biləsuvarının icra başçısı Həsən Qubadi bizi gözləyir. Oradakı akt zalında mətbuat konfransı düzənləndi. Cənab Həsən Qubadi Azərbaycan-İran dostluq və mədəni əlaqələrindən bəhs edərək bizimlə görüşündən çox şad olduğunu söylədi: “Sizlər bizim üçün çox doğmasınız. İran Azərbaycan dostluğu və mehriban qonşuluğu əbədidir, bunun üçün hər iki ölkənin prezidentlərinə dərin minnətdarlıq edirik...”.
Təbii ki, bu mehriban qarşılanmağın, qonaqpərvərliyin özəl mənası, böyük dəyəri var idi...
***
...Həmin gün axşam Ərdəbilin mərkəzindəki məşhur otellərin birində yerləşdik. Başı qarla örtülü Savalan dağının “gözünün qabağında” məskən salmış Ərdəbilin havası bizim dağətəyi bölgələrin təbiətini xatırladırdı. Gecələri sərin, gündüzü isə günəşli...
Həmin gün axşam şah İsmayıl Xətainin məzarını, heykəlini və sarayını, eləcə də onun ulu babası Şeyx Səfinin məqbərəsini və məzarını ziyarət etdik. Aşıqlarımızın müşayiəti ilə yüzlərlə insan məqbərənin həyətinə gəldi, milli aşıq musiqilərimizin sədaları altında saray boyu gəzinti etdilər. Türkiyə aşıq məktəbinin bilicilərindən olan aşıq Kayxan... bu coşqulu mənzərəni belə ifadə etdi: “...Kövrəldim... Bu gün Xətainin toyudur...”.
***
...Səhəri gün “Dədə Qurbani” Festivalında Azərbaycandan, Orta Asiyadan, Türkiyədən, Gürcüstandan və İrandan, Avropadan olan çoxsaylı qonaqlar iştirak edirdilər. 300-dən çox aşığı, saz-söz sənətkarlarını dinləməyə təxminən minədək tamaşaçı toplaşmışdı. Ərdəbilin mərkəzində yerləşən Fərək Mədəniyyət Sarayının səhnəsində iynə atsan yerə düşməzdi. Təşkilatçılar çoxsaylı insanların festivalı izləməsi üçün sarayın qarşısına masalar düzdürmüş, ekran qoydurmuşdu. Bayırdakılar festivalı canlı izləyirdi.
Festivalda İranın Mədəniyyət Nazirliyinin, eləcə də Ərdəbilin rəhbər şəxsləri iştirak edirdilər. İran mədəniyyət nazirinin müavini və nazirliyin Ərdəbil şəhəri üzrə müdiri Seyyid Nasir İshaq və onun komandası sonadək festivalı izlədi... Ən vacibi bu idi ki, festival canlı yayılırdı. İran TV-ləri festivalı ətraflı işıqlandırırdı. Komandamızın ən böyük qələbəsi bu idi ki, festivalın səhnəsində Azərbaycan bayrağı sonadək səhnədə qaldırıldı. Özü də səhnədə birinci qoyulmuşdu. Festivalın səhnəsində Azərbaycanın adı ən azı yüz dəfə çəkildi, ölkəmizin rəhbərliyinin, eləcə də Prezident İlham Əliyevin ünvanına səmimi sözlər səsləndirildi.
Festivalın gedişində mənə, eləcə də aşıqlar qrupunun rəhbəri, Azərbaycanın Mədəniyyət işçisi aşıq Sərdar Məmmədliyə, həmçinin Şirvan aşıqlar qrupunun rəhbəri aşıq Elmana, aşıq Mehdi Mənsimova, aşıq Təbriz Vəliyevə, folklorşünas Hüseyn Məmmədova İran Mədəniyyət Nazirliyinin diplomu və “Dədə Qurbani”nin brüncdən tökmə heykəli hədiyyə olaraq təqdim edildi.
Festivalda Azərbaycanın adına ünvanlanan bütün xoş sözlərə, alqışlara görə İran Aşıqlar Birliyinin rəhbərliyinə, şəxsən sədr aşıq Səlcuq Şahbaziyə minnətdarlıq edirəm. O, Azərbaycanın ünvanına ən xoş sözlərin deyilməsinin müəllifi idi. Onun “Koroğlu heç bir xalqın yox, bütün türk dünyasının qəhrəmanıdır. Harda Koroğlu var, orada Azərbaycan var!” - deməsi heç vaxt yadımızdan çıxa bilməz...

Şah İsmayıl Xətainin və onun ulu babası Şeyx Səfinin məzarı ziyarət olundu...

Azərbaycan bayrağı “Dədə Qurbani” beynəlxalq festivalında səhnəni bəzədi
Onu da deməyi özümə borc bilirəm ki, Azərbaycandan 20-yə yaxın aşığın iştirak etdiyi Beynəlxalq Dədə Qurbani Festivalının təşkilatçısı İran Mədəniyyət Nazirliyi və İran Aşıqlar Birliyi idi. Xüsusi olaraq qeyd edim ki, digər ölkələrdən də nümayəndə heyətləri gəlmişdi. Lakin İran Aşıqlar Birliyinin sədri aşıq Səlcuq Şahbazinin diqqət və xüsusi qayğısı sayəsində Azərbaycandan olan nümayəndə heyətinə hər yerdə böyük təntənə ilə qarşılanmaqda və diqqət göstərilməkdə idi. Amma təəssüflə deməliyəm ki, hamı bizdən Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının da gəlib-gəlmədiyini soruşurdu. Biz də utana-utana deyirdik ki, xeyr, Məhərrəm müəllim bərk xəstədir... Başqa nə deyəydik?! Onlar da “Allah şəfa versin!”, -deyirdilər... Amma sonradan öyrəndim ki, Məhərrəm Qasımlı nəinki festivala gəlib, əksinə, festivala gəlmək istəyənlərin qarşısını alıb, badalaq vurub. Niyə? Bu xəbərdən çox dilxor idim. Amma inanıram ki, əgər Məhərrəm Qasımlı İran Aşıqlar Birliynin bu festivalında olsaydı və Azərbaycan bayrağının 6 saat səhnədə dalğalandığını, Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycan dövlətinin... ünvanına deyilən xoş sözləri, sürəkli alqışları eşitsəydi, içindəki kini Xəzər dənizində yuyub silərdi... Azərbaycanın adına olan bir beynəlxalq tədbirə badalaq vurmaq nə dərəcədə doğrudur? Bu festivalın ilk günündə keçirilən elmi konfransda Azərbaycanın tarixi və mədəniyyəti, türk birliyi və s. barədə səslənən müzakirələri dinləyəndə qürur duyurduq. Yalnız bizim nümayəndə heyətinə xüsusi diqqət o dərəcə idi ki, hətta küçə və parklarda yüzlərlə insan ətrafımıza toplaşaraq aşıqlarımızın ifasını xahiş edirdilər.
Aşıq Sərdarın, Şirvan aşıqlarının ifaları insanları rəqs etməyə, birgə oxumuğa sövq edirdi. Ərdəbil küçələrində “Azərbaycan, Azərbaycan!” sədaları ətrafa yayılırdı və heç bir rəsmiyyət buna mane olmurdu. Əksinə, aşıqlarımızın daha gur ifalarına şərait yaradılırdı. Xüsusən də Xətainin məzarını ziyarət etmək, sarayını addım-addım gəzmək, heykəli ətrafında dövrə vurub sayğı göstərmək, rəqs etmək nə qədər də xoş idi. Mənə elə gəlirdi ki, həmin an Xətainin dirildiyi və bu günümüzə boylanan günü idi. Amma nə düşünüb, nə deyərdi, bunu deyə bilmirəm.
Azərbaycan bayrağı “Dədə Qurbani” beynəlxalq festivalında səhnəni bəzədi
Azərbaycan bayrağı “Dədə Qurbani” beynəlxalq festivalında səhnəni bəzədi
İran Aşıqlar Birliyinin rəsmi saytında yerləşdirilmiş məlumatdan da bəlli idi ki, İranın Mədəniyyət Nazirliyi ilə İran Aşıqlar Birliyi iyulun 29 və 30-da Ərdəbil şəhərində Dədə Qurbaninin 1-ci Beynəlxalq Festivalını keçirdi. Bu festivala Azərbaycan Resbublikasından 2 aşıq qrupu dəvət olunmuşdu. Bir qrup Şirvan Aşıq musiqi məktəbindən Aşıq Amil Dadaşovun başçılığı ilə və Gədəbəy Aşıq musiqi məktəbindən Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, aşıq Sərdar Məmmədovun başçılığı ilə gəlmişdi. Gürcüstan Aşıq musiqi məktəbindən Aşıq Əşrəf Qəriboğlunun başçılığı ilə aşıqlarımız var idi. Türkiyədən Aşıq Camal Kayhan da gəlmişdi. İran Aşıqlar Birliyinin bütün şöbələrindən də qruplar gəlmişdi. Onların ifaları möhtəşəm idi. Bu sırada Təbriz, Ərdəbil, Həmədan, Miyana, Urmiyə, Tikmədaş, Zəncan, Savə, Tehran, Əhər, Meşkimşəhr, Pirsabad, Kərəc, Savıcbulaq, Mərənd, Zərgər, Xalxal aşıqları bu festivalda sənətlərini və sazımızı-sözümüzü nümayış etdirdilər. Bu festivalın baş rejissoru İran mədəniyyət nazirinin Ərdəbil şöbəsinin sədri Dr. Seyin Nasir İsshaqi və icra rejissoru İran Aşıqlar Birliyinin qurucusu və sədri Aşıq Səlcuq Şəhbazi idi. Festivalda Azərbaycandan gələn ikimizə-mən Asif Mərziliyə və Hüseyn Məmmədova ayrıca diqqət göstərdiklərinə görə səbəbkarlara minnətdarlıq edirəm.
Eləcə də mötəbər qonaqlar arasında Türküyədən təşrif buyurmuş Seyfulla Türksoy da var idi.
Festivalda İran mədəniyyət nazirinin mavini və nazirliyin Ərdəbil şöbəsinin rəhbəri Dr. Behnamcu qonaqları salamladı, səmimi sözlərini ifadə etdi.
Azərbaycan bayrağı “Dədə Qurbani” beynəlxalq festivalında səhnəni bəzədi
Azərbaycan bayrağı “Dədə Qurbani” beynəlxalq festivalında səhnəni bəzədi
Onu da deyim ki, İranın Ərdəbil şəhərində keçirilən Dədə Qurbaninin 1-ci Beynəlxalq Festivalının giriş materialları kitab halında çapdan çıxmışdır. İran Mədəniyyət Nazirliyi və İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə nəfis şəkildə çap olunan kitaba İran Aşıqlar Birliyinin sədri aşıq Səlcuq Şahbazinin, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, tanınmış saz ustadı Aşıq Sərdarın, “Təzadlar” qəzetinin baş redaktoru kimi mən Asif Mərzilinin və digər tədbir iştirakçılarının məqalələri daxil edilmişdir.
Məqalələrdə Azərbaycanla İranın iki qonşu, qardaş müsəlman ölkə olduğu vurğulanır və bu iki ölkə arasındakı siyasi və mədəni əlaqələrin inkişafına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevaya və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə minnətdarlıq ifadə olunmuşdur.
***
Bəli, mədəniyyət-musiqi sərhəd və siyasət tanımır. Biz bunu İranda keçirilən “Dədə Qurbani” Beynəlxalq Festivalında gördük. Musiqinin-sazın bir dili var: həmrəylik, mədəniyyətin yaşamı, xalqın itilənən qan yaddaşı...
Yaddaşınız həmişə iti olsun!
Sonda: İrandan geri-Azərbaycana qayıdanda həmkarım Hüseyn Məmmədovla İran Biləsuvarının sərhəd-keçid məntəqəsində böyük növbələrlə qarşılaşdıq. Ticari mübadiləyə getmiş insanların növbəsi ilə bizim dövlət tədbirindəki iştirakımız şübhəsiz ki, uyğun gəlmirdi. Dərhal İran sərhədindəki gömrük və sərhəd xidməti rəsmisi ağayi Zülfüqara müraciət etdik ki, mümkün olarsa, bizi bu növbədə güzəştli etsin. Ona Ərdəbildəki festivalda aşıq Şahbazinin, eləcə də Biləsuvar şəhərinin meri Hüseyn Qubadinin qonağı olduğumuzu deyəndə böyük hörmət göstərdi... Bu diqqətinə görə minnətdarlıq etməyi özümə borc bildim.
Azərbaycan tərəfində isə oradakı növbənin on misli ilə qarşılaşdıq. Yenə də Azərbaycanın adına hesablanmış dövlət səviyyəli mədəni tədbirdən qayıtdığımızı söyləyəndə Naxçıvan sərhəd-keçid məntəqəsinin və gömrük əməkdaşlarının səmimi münasibəti ilə əhatələndik. Yenə də bu diqqətə və həssas münasibətə görə onlara dərin təşəkkürümü çatdırıram...

Asif Mərzili
Bakı-Ərdəbil-Bakı

Azərbaycan bayrağı “Dədə Qurbani” beynəlxalq festivalında səhnəni bəzədi
Azərbaycan bayrağı “Dədə Qurbani” beynəlxalq festivalında səhnəni bəzədi

Geri