DataLife Engine > Çap üçün versiya > Bakıda göydələnlərin divarındakı ölüm təhlükəsi-ARAŞDIRMA
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Bakıda göydələnlərin divarındakı ölüm təhlükəsi-ARAŞDIRMA

Bakıda göydələnlərin divarındakı ölüm təhlükəsi-ARAŞDIRMA


13-09-2018, 12:10. Yerləşdirdi: admin
Kərpic arakəsməli divarlardan asılmış 30-70 kq-lıq kondisionerlərinin texniki etibarlığına kim zəmanət verir?
«Təzadlar»ın apardığı müşahidələr ciddi problemlərin olduğunu üzə çıxarmaqdadır…

…Bakı həm də küləklər şəhəridir. Çünki Abşeron yarımadasında yerləşən bu şəhərin coğrafi ərazisi elədir ki, şəhər daim Xəzər dənizinin nəmişli havası, güclü şimal küləyi ilə təmasdadır. Tarixən şimaldan gələn və bəzən dağıdıcı gücə malik bu küləyin törətdiyi fəsadların izi hələ də xatırlanır. Xəzər dənizindəki güclü dalğaların dəfələrlə neft estakadalarını uçurması, çoxsaylı insan tələfatının olması faktdır…

Göydələnlərin divarlarına pərçim edilmiş kondisionerlərin dayanaqlığına zəmanət varmı?

Mövzumuz Bakıda son illər tikildikcə tikilən göydələnlərin divarlarındakı kondisionerlərin küləkli şəhərin sakinləri üçün təhlükə mənbəyi olub-olmamasını araşdırmaq, gündəmə gətirməkdir.
Apardığımız müşahidələr göstərir ki, paytaxt sakinlərinin mənzillərində iki tip kondisionerlərdən istifadə olunur: binaların çöl divarından asma və pəncərələrdə yerləşdirilən (əsasən Sovet dönəmində istehsal olunan) kondisionerlər. İctimai təyinatlı binalarda isə (otel, xəstəxana, idarə və ya müəssisə, ofis və s.) mərkəzləşdirilmiş soyutma sistemindən istifadə edilir).
«BK» tipli kondisionerlərin divarda dayanma etibarlılığı maksimumdur, çünki kondisionerin kütlə ağırlığı əsasən divara oturur (yarı hissə çöldə qalır, yarı hissəsi isə mənzilin sahəsində).
Paytaxt binalarında istifadə olunan kondisionerlərin isə təxminən 85-90 faizi xaricdə istehsal olunmuş kondisionerlərdir ki, onların soyutma qurğusu mənzilin çöl divarına dəmir künclüklərin («uqolnik») üzərində oturdulmaqla yerləşdirilir.

Kondisionerlərin oturdulduğu metal künclüklər küləkli havalarda 30-70 kq çəkiyə nə dərəcədə dözümlüdür?


Apardığımız kiçik bir müşahidə və araşdırma göstərir ki, mənzilin çöl divarına bərkidilən kondisionerlərin çəkisi kücündən asılı olaraq 30-70 kq həddindədir. Hətta iki sistemli soyutma kameralı kondisionerlərə də rast gəlinir ki, onların kütləsi daha çoxdur. Bəs bu kondisionerlərin üzərinə oturdulduğu künclüklər həmin kütləni uzun müddətdə, özü də Bakı kimi güclü küləkli, havası nəmişli (nəmişli havada bir-birinə qaynaq edilmiş metal künclüklər daha tez korroziyaya uğrayır) bir şəhərdə etibarlı saxlamaq gücündədirmi? Müşahidələr və apardığımız foto-videoçəkilişlər də təsdiqləyir ki, Bakıda elə yaşayış binaları var ki, paytaxtın ən gediş-gəlişli, insan axını çox olan mərnkəzi yerlərində tikilib. Bu binaların hündürlüyü 14-30 mərtəbəlidir. Təsəvvür edin, ağırlığı 30-70 və daha çox olan kondisionerlər həmin hündürlükdən qırılıb yerə düşərsə, nə baş verər!

«Metal künclüklərə satış müəssisələri cavabdehdir…»
 Bakıda göydələnlərin divarındakı ölüm təhlükəsi-ARAŞDIRMA
Kondisioner quraşdırmaqla məşğul olan servis xidmətlərinin bir neçəsi ilə əlaqə saxladıq. Usta Rahim 10 ildən çoxdur kondisioner quraşdırmaqla məşğuldur: «…Bəli, biz də bəzən göydələnlərdə kondisioner quraşdırarkən vətəndaşlara məsləhət görürük ki, onu mümkün qədər külək və qar, yağış tutmayan, Allah elələmimiş, qırılıb yerə düşərsə, daha az ziyan vuracaq yerdə quraşdırmağa çalışsınlar. Metal künclükləri satış təşkilatları verir deyə, biz məsuliyyət daşımırıq… Ş\əxsən mən daha çox eyvanlarda quraşdırıram ki, bir hadisə olsa, daha az ziyanla keçinsin… Əlbəttə, 20-30 mərtəbəli binalarda görürük ki, kondisioner quraşdırıblar. «Uqolnik»lər «5-6»lıq olur və küncü qaynaq edilir. Zavodda düzəldilsə də, istər-istəməz ürəyimizdə qorxu qalır ki, qırılmasına heç kim zəmanət verə bilməz. O hündürlükdən düşən 70-80 kq-lıq kondisionerin dağıdılıcıq təsirini gözününüzün qarşısına gətirin… Odur ki, biz ustalar quraşdırırıq, amma qurğunun dözümlülüyünə cavabdeh deyilik…».

Kərpic divara vurulan metal künclüklərin etibarlılığı nə dərəcədir?


Problem bir də ondadır ki, kondisionerlər monolit binaların arakəsmələrinə hörülmüş kərpic divarlara bərkidilir. Hətta əgər metal künclüklər («uqolniklər») nə qədər etibarlı olsa belə, kərpic divara bağlanmış yivlər («şruplar») bu divarlardan asılmış ağır yükü etibarlı saxlamağa küləkli və qarlı havalarda çətin ki dözsün…


Fövqəladə Hallar Nazirliyində bu barədə nə düşünürlər?

Tikinti-texniki sahələrdə çalışan mütəxəssislərlə söhbətlərimizdə də şahid olduq ki, sanki bu problem indiyədək kimsənin ağlına belə gəlməyib. Halbuki Fövqəladə Hallar Nazirliyi yaşayış binaları istismara veriləndə onun tikinti dayanıqlığını, tikinti qanunvericiliynə və texniki təhlükəsizlik tədbirlərinə cavabdehliyini müəyyən edir, istismara razılıq verir. Amma, məsələn, Allah eləməmiş, kondisioner qırılıb yerə düşsə və insan ölümünə, digər maddi itkilərə səbəb olan hadisə törənərsə, onda hansı dövlət qurumu məsuliyyət daşıyacaq?
Təəssüflər olsun ki, hələki bu və ya digər suallara qanuni əsaslarla cavab verəcək dövlət qurumunu tapa bilmirik. FHN-nin Mətbuat Xidmətinə etdiyimiz çoxsaylı zənglər Dövlət Tikinti və Arxitektura Komitəsinə edilən zənglər kimi hələki cavabsız qalır. Bu sırada Bakı meriyası da var…
 Bakıda göydələnlərin divarındakı ölüm təhlükəsi-ARAŞDIRMA
Odur ki, tanınmış QHT rəhbəri Mirvari Qəhrəmanlının məsələyə dair mövqeyini öyrənməyə çalışdıq. M.Qəhrəmanlının dedikləri:
- Qaldırdığınız mövzu olduqca aktualdır, buna görə sizə təşəkkür edirəm… O ki qaldı problemə, bəli, hazırda sizinlə danışa-danışa pəncərədən bayıra baxıram, qarşıdakı binanın divarında çoxsaylı kondisionerlər asılıb. Bu məsələ rəsmi dövlət qurumları səviyyəsində araşdırılmalıdır və təcili tədbirlər görülməlidir. Bilirsiniz ki, yeni tikilmiş binalar istifadəyə veriləndə ondan çox dövlət qurumu istismara razılıq verir. Bu məsələdə hesab edirəm, məsuliyyət daha çox yerli icra orqanının, FHN-nin, Bakı şəhər İH-nin və Dövlət Tikinti və Arxitektura Komitəsinin üzərinə düşür. Bu qurumlara təklif edirəm ki, xüsusi Təlimat hazırlayıb MTK sahiblərinə versinlər ki, sakinlər gələcəkdə binanın fasadında, divarında nəsə quraşdıranda həmin Təlimata uyğun hərəkət etsinlər. Amma elə olmasın ki, bu Təlimat sonradan sakinlərə baş ağrısı gətirən korrupsiya alətinə çevrilsin. Sadəcə, əhali də bilməlidir ki, Bakı kimi küləkli, nəmişli bir şəhərdə ağır çəkisi olan kondisionerlərin insanların, nəqliyyatın hərəkətdə olduğu ərazilərdə quraşdırılması yolverilməzdir. Türkiyədə neçə il əvvəlki zəlzələ zamanı binalardan yerə ilk növbədə kondisionerlər qırılıb tökülmüşdü… Bakıda da sonuncu dəfə zəlzələ olanda yadınızdadır, nələr baş verdi. Allah eləməsin, belə hallarda təbii ki, kondisionerlərin təhlükəsi daha çox ola bilər… İndi «tarelka»ların divarlardan yığışdırılmasına başlanıldığını deyirlər. Müvafiq dövlət qurumları da təcili surətdə monitorinq aparıb sizin qaldırdığınız bu vacib problemi öyrənməli, göydələnlərin kərpic divarlarından asılmış kondisionerlərin yığışdırılmasını təmin etməli, digər alternativ yollar fikirləşib tapmalıdırlar. Bunlardan biri də kondisionerlərin mənzillərin eyvanlarından asılmasıdır…
***
«Təzadlar» mövzunu davam etdirir və aidiyyəti dövlət qurumlarının da mövqeylərini öyrənməyə çalışırıq…
A.Məmmədli


P.S.Çox maraqlıdır, dünya ölkələrinin şəhərlərinə virtual ekskursiya etdim, heç birində göydələnlərin divarında kondisioner asıldığına rast gəlmədim...
 Bakıda göydələnlərin divarındakı ölüm təhlükəsi-ARAŞDIRMA
 Bakıda göydələnlərin divarındakı ölüm təhlükəsi-ARAŞDIRMA

Geri