DataLife Engine > Çap üçün versiya > «NikoilBank»da əmanətçini niyə döyüblər? - NAZİRƏ MÜRACİƏT
DataLife Engine Azerbaijan Support > Problem, Manşet, Üst manşet > «NikoilBank»da əmanətçini niyə döyüblər? - NAZİRƏ MÜRACİƏT

«NikoilBank»da əmanətçini niyə döyüblər? - NAZİRƏ MÜRACİƏT


2-11-2016, 10:31. Yerləşdirdi: admin
Zərərçəkən Fatma Əliyeva daxili işlər naziri Ramil Usubova müraciət etdi…
Bakı şəhəri, Naxçıvanski küç., ev-1, mən.-109-da yaşayan Əliyeva Fatma Heydər qızı daxili işlər naziri cənab Ramil Usubova ünvanlı şikayət ərizəsinin bir surətini də «Təzadlar»a göndərib. Şikayət ərizəsindən məlum olur ki, o, əmanətçisi olduğu «Nikolibank»ın əməkdaşları tərəfindən döyülüb və qolu sındırılıb. Döyülmə və bədən xəsarəti alma ilə bağlı həkim-ekspertin verdiyi rəy də bunu təsdiqləyir(redaksiyamıza təqdim olunub).

Bəs əmanətçi niyə bank işçiləri tərəfindən döyülüb?

Dünən şikayətdə yazılan digər xüsusatlara aydınlıq gətirilməsi üçün şikayətçi Fatma Əliyevanı redaksiyaya dəvət etdik… F.Əliyeva ərizəsində yazılanları bir daha təsdiq etdi və məlum oldu ki, o, həm də ərazi üzrə Nərimanov rayon Polis İdarəsinə şikayət verib. Az qala 2 ilə yaxındır ki, Nərimanov RPİ-nin təhqiqat şöbəsində «araşdırılan» ərizə üzrə toplanmış material nəhayət, RPİ-nin istintaq şöbəsinə verilib. Hazırda həmin fakt üzrə toplanmış material Nərimanov RPİ-nin istintaq şöbəsinin müstəntiqi Elnur Məmmədyarovun icraatındadır.
Bəs necə olub ki, bank işçiləri öz əmanətçiləri ilə belə davranıblar, ona bədən xəsarəti yetiriblər? Və hansı səbəbdən adi bir hadisənin araşdırılması 2 ildir ki, acı bağırsaq kimi uzadılır?
Şikayətçi Fatma Əliyevanın ərizəsindən sitatlar:
Azərbaycan Respublikasının daxili işlər naziri cənab Ramil Usubova!
Çox hörmətli cənab nazir!

Obyektivliyinizi nəzərə alaraq ərizəmlə Sizə müraciət edir və kömək istəyirəm. Müraciətimə səbəb odur ki, «NikoilBank» İnvestisiya Kommersiya Bankında mənə qarşı edilən əməllər nəticəsində mənim pul vəsaitimi mənimsəyib korrupsiya halına yolverilmişdir. Belə ki, qeyd edilən bankla mənim aramda bağlanan 24 noyabr 2014-cü il tarixli, 21-G-1-0-593-14 saylı kredit müqaviləsi ilə mənə 12.500 (on iki min beş yüz) manat pul vəsaitinin verilməsi və həmin kredit vəsaitinin təminatı kimi mənim mənzilimə dair 24.11.2014-cü il tarixli, 21-G-1-0-593-14 №-li ipoteka müqaviləsi baglanılmışdır. Həmin ipoteka müqaviləsi ilə də AZN ekvivalenti ilə rəsmləşdirlmişdir.
Elə həmin vaxt mənə 12.500(on iki min beş yüz) manat kredit əvəzinə, faktiki 10.000 (on min) manat verilmişdir. Qalan 2500(iki min beş yüz) manat bankın əməkdaşları özləri tələb etməklə mənimsəmişlər. Bunu məndən Bankın xərcləri adı altında almışlar. Mən həmin pul vəsaitinin mənzilimin təmiri və digər xərcələr üçün xərcəldikdə mənə əlavə 3000 (üç min) manat pul tələb olundu. Buna görə mən təkrar həmin banka gəlib 3000 (üç min) manat kredit əlavə istədim, çünki onlar artıq mənim 2500 manat pulumu vermədən mənimsəmişdilər. Buna görə «NikoilBank» İnvestisiya Kommersiya bankının 9 saylı filialı mənimlə təkrar 19 dekabr 2014-cü il tarixli, 21-G-2-0-0-671-14 №-li kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləni mənə oxutdurmadan imzalatdırmışlar və mənə bu müqavilə üzrə cəmi 3000 (üç min) manat pul ödənildi. Lakin sonradan mənə məlum olmuşdur ki, 19 dekabr 2014-cü il tarixli müqavilə üzrə kredit pul vəsaitinin verilməsi ABŞ dolları ilə sənədləşdirilmiş və məbləğ də 24.300 (iyirmi dörd min üç yüz) ABŞ dolları kimi qeyd olunmuşdur.
Kreditin təminatı kimi 19 dekbr 2014-cü il tarixli 21-G-21-0-671-14 № li İpoteka müqaviləsinə əsasən mənim mülkiyyətimdə olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küç. Ev-1 ünvanda yerləşən 109 saylı mənzilim olmuşdur.
Mənə faktiki ABŞ dolları əskinazları verilməmiş, mənə ikinci dəfə cəmi 3000 (üç min) manat pul əskinazları ilə verilmişdir. Məni aldatma yolu ilə oxutdurmadan, tanış etmədən müqaviləni imzalatdırıb, mənə ikinci dəfə 19 dekabr 2014-cü il tarixdə faktiki aldığım 3000 manat əvəzinə həmin müqaviləyə 24.300 (iyirmi dörd min üç yüz) ABŞ dolları qeyd etmişlər. Bankın əmkdaşları mənə verilməyən, özlərinin mənimsədiyi məbləği almadığım pul vahidini yazmaqla vəzifələrindən sui-istifadə etmişlər və faktiki mənə bu qaydada maddi ziyan vurulmuşdur.
Mən heç vaxt bankdan ABŞ dolları pul vəsaiti kredit vasitəsi kimi istəməmişəm. Mənimlə bağlanan 24 noyabr 2014-cü il tarixli 21-G-1-0-593-14 saylı kredit müqaviləsi ilə mənə 12.500 (on iki min beşyüz) manat pul vəsaitinin verilməsi və həmin kredit vəsaitinin təminatı kimi qeyd edilən mənzilə dair 24.11.2014-cü il tarixli, 21-G-1-0-593-14 №-li ipoteka müqaviləsi baglanılmışdır. Həmin ipoteka müqaviləsi ilə də AZN ekvivalenti ilə rəsmləşdirilmişdir.
Elə həmin vaxt mənə 12500 (on iki min beş yüz) manat kredit əvəzinə, faktki 10.000(on min) manat verilmişdir. Qalan 2.500 manatı bankın əməkdaşları özlərində saxlamışlar. Bankın xərcləri adı altında. Mən həmin pul vəsaitinin mənzilimin təmiri və digər xərclər üçün istifadə edildikdə, mənə əlavə 3000 manat pul tələb olunmuşdu. Buna görə də mən təkrar həmin banka gəlib 3000 (üç min) manat kredit əlavə istədim, çünki onlar artıq mənim 2500 manat pulumu saxlayıb verməmişdilər. Mən ikinci dəfə bankdan 3000 manat AZN əskinazı ilə pul almışam.
Cənab nazir! Beləliklə də mən bankdan iki dəfəyə cəmi 13000 manat kredit almışam.
Lakin aldatma qaydasında mənə güya 24.300 ABŞ dolları məbləgində pul vəsatinin verilməsi 19 dekabr 2014-cü il tarixdə sənədləşmə aparılmışdır. Daha sonra məni aldatma qaydasında bu cür müqaviləyə imzalatdırmaqları 12500 manat mənim tərəfimdən guya bir dəfəyə 24 noyabr 2014-cü il tarixli kredit müqaviləsi ilə ödəniş etməyim barədə mədaxil sənədi tərtib etmişdilər.

Şikayətçi haqqını tələb etdiyi üçün bank işçiləri tərəfindən döyülür…

Onlar mənim bir otaqlı mənzilimi əlimdən zorla almaq istəyirlər. Belə ki, 19 dekabr 2014-cü il tarixdə mənim 12500 manat pul vəsaitim olsaydı belə, təkrar mənim kredit almaq üçün müraciətə ehtiyacım yox idi. Mən bir dəfəyə heç vaxt 12500 manat pul ödəniş etməmişəm. Bunu bankın işçiləri özləri sənədləşmə aparıb və mənim bunları başa düşməmiş, oxumadan, aldatma qaydasında mən imzalamışam. Bundan başqa, Azad Abıyevdən həmin saxtakarlıqla yazdığı kredit müqaviləsi ilə mənim pulumu mənimsəməsini araşdırarkən, o məni 14 iyun 2016-cı il trixdə bankda ictimai qaydanı kobud surətdə, qərəzli pozaraq mənim qolumu sındrmış, mənə az ağır xəsarət yetirmişdir. Bankın əməkdaşları Azad Abıyev və filial müdiri Səlimov Teymur tərəfindən korrupsiya hərəkətləri etməklə mənim pul vəsaitimi mənimsənilməsini, qolumu sındırmasını nəzərə alaraq onların məsuliyyətə alınmasını və mənimsənilən pul vəsaitinin qaytarılması üçün qanuni tədbir görülməsini xahiş edirəm.
Onu da deyim ki, mənim ərizəm əsasında Nərimanov RPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırma 2 ildir aparılır. Amma müstəntiq Elnur Məmmədyarov işi uzadır. Min bir bəhanə deyir. Amma eşidirəm ki, o, bank işçiləri ilə dəfələrlə görüşüb və bununla da məsələ qəlizə salınıb. Xahiş edirəm, müstəntiqə tapşırıq verilsin ki, o, işinə məsuliyyətlə yanaşsın.
***
Qəzet çapa gedərkən müstəntiq Elnur Məmmədyarovun mobil telefonuna dəfələrlə zəng etsək də o, zəngimizə savab vermədi. Onun da mövqeyini öyrənib təqdim etməyə çalışacağıq.
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu

Geri