DataLife Engine > Çap üçün versiya > Yasamal İcra Hakimiyyəti “Sovetski”dəki mübahisəli binanın işığını kəsdi-YENİLƏNİR
DataLife Engine Azerbaijan Support > Problem, Manşet, Üst manşet > Yasamal İcra Hakimiyyəti “Sovetski”dəki mübahisəli binanın işığını kəsdi-YENİLƏNİR

Yasamal İcra Hakimiyyəti “Sovetski”dəki mübahisəli binanın işığını kəsdi-YENİLƏNİR


14-02-2017, 19:06. Yerləşdirdi: memmedov
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovi isə yerində deyil – katibəsinin dediyinə görə

Yasamal Rayon İcra Hakimiyyəti «Təzadlar»da dərc olunmuş «Maliyyə Nazirliyinin “KRU” rəisindən prezidentə şikayət» başlıqlı yazıya münasibət bildirib. Hansı ki, şikayətdə deyilirdi ki, Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov Çingiz Mustafayev küçəsindəki 15 mərtəbəli binanı “qəzalı” bəhanəsi ilə ələ keçirmək istəyir. Bina sakinlərinin sözlərinə görə, neçə illərdir super təmir edərək yaşadıqları mənzillərindən indi çıxarılmaq təhlükəsi ilə üz-üzə qalıblar.
Qeyd edək ki, bu gün "Təzadlar"da dərc olunmuş geniş yazıda isə bildirilirdi ki, bina “Sovetski”nin söküntü işi aparılmış ərazisində - Çingiz Mustafayev 43 ünvanında yerləşir. Şikayətçilər bildirir ki, 50-dən çox mənzili olan binanı hansısa məmur müxtəlif bəhanələrlə ələ keçirmək istəyir...
***
Məsələ ilə bağlı münasibət öyrənmək üçün Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Dedilər ki, “Sovetski” ilə bağlı daha dəqiq və rəsmi məlumatı 533-05-32 nömrəli telefondan öyrənə bilərik. Həmin nömrəni yığdıq. Zəngimizə Yasamal Rayon İcra Hakimiyyəti Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin Baş məsləhətçisi Tural İsayev cavab verdi. Məlum oldu ki, RİH-də məlum mübahisədən artıq xəbərdardırlar... Və qəzetdən olduğumuzu bilən T.İsayev sualımızı cavablandırmağa səlahiyyəti olmadığını desə də, məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə rəsmi sorğu göndərməyimizi təklif etdi.
Qeyd edək ki, bu dəqiqələrdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin adına elektron sorğu göndərildi. Sabah isə redaksiya Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İ.Mehdiyevə rəsmi sorğu ilə müraciət edəcək.

Maliyyə Nazirliyinin "KRU" rəisi isə...

Gün ərzində Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovla isə telefon əlaqəsi saxlamaq cəhdimiz alınmadı. Zəngimizə cavab verən katibəsi Arzu xanım bildirdi ki, Cavanşir müəllim yerində deyil, günortadan sonra olacaq. Əlaqə telefonumuzu Arzu xanıma versək də, günün sonunadək heç bir zəng olmadı. Bununla belə, C.Yusifovu dinləməyə hazırıq...

***

Maliyyə Nazirliyinin “KRU” rəisindən prezidentə şikayət

Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov Çingiz Mustafayev küçəsində - “Sovetski söküntüləri” adlanan ərazidəki 15 mərtəbəli binanı “qəzalı” bəhanəsi ilə ələ keçirmək istəyir?

Ötən həftəsonu redaksiyamıza zəng edən sakinlər başlarına gətirilmiş bir müsibət barədə danışdılar. Onların sözlərindən belə məlum olurdu ki, neçə illərdir super təmir edərək yaşadıqları mənzillərindən indi məhrum edilmək təhlükəsi ilə üz-üzə qalıblar: “Yaşadığımız bina hazırda “Sovetski”nin söküntü və köçürülmə aparılmış ərazisində-Çingiz Mustafayev-43 ünvanında yerləşir. İndi 50-dən çox mənzili olan binanı hansısa məmur min bir bəhanə ilə ələ keçirmək istəyir... Xahiş edirik, kömək ejdin...”.
Deyilənləri öz gözlərimizlə görmək üçün şikayətçilərin xahişi ilə ərazidə olduq...

“Yasamal Rayon İcra Hakimiyyətindən təcili köçməyimiz barədə hədə dolu bildiriş də almışıq...”

Biz “Sovetski”də, böyük söküntü və köçürülmə aparılan əraziyə çatanda binanın həyətində xeyli şikayətçi toplaşmışdı. Sakinlər-Sürahi Şükürova, Əfşan Mehdiyeva, Elsevər Babayev, Elşad Mehdiyev, Natiq Əliyev, Aslan Dəmirov və başqaları ilə söhbət etdik. Onlarla apardığımız söhbəti təqdim edirik:
- Bizi dəvət etmisiniz, buyurun, probleminiz nədir?
- Problem ondadır ki, hər birimiz külli miqdarda, mənzil sahələrinin baha, 1 dolların 78 qəpik olduğu vaxtlarda mənzil almışıq. Çoxumuz bankdan götürdüyümüz kreditləri hələ də ödəməklə məşğuluq. İndi Yasamal RİH-dən bizə bildiriş gətirilib ki, binanı tərk edib çıxın...
- Bildirişdə nə yazılıb? Yəni çıxarılmağınızın səbəbi kimi nəyi göstərirlər? Bina qəzalıdır, yoxsa nə...
- Yazıblar ki, bina dövlət ehtiyacları üçün alınır... Amma biz buna inanmırıq. Bilirik ki, bizə yalan məlumat verirlər, tələbləri əsassızdır... Bizə hər kvm.-ə 1500 manat verirlər. Məsələn, burada bütün mənzillər demək olar tam təmirlidir. Əvvəlki xərclərimizi və mənzil sahəsi qiymətlərini nəzərə alsaq, bu binada hər kvm. sahə bizə 2500-3000 manata başa gəlib. İndi 1500 manata Bakının harasında mənzil almaq olar? Nə qədər deyirik, başa düşmürlər... Binanın vəziyyətinə gəlincə isə, FHN rəy verib, yüksək texniki şərtlərlə istismara qəbul edilib...
***
Sakinlər Prezident İlham Əliyevə və Azərbaycanın 1-ci xanımı Mehriban xanım Əliyevaya, Baş nazirin müavini Abid Şərifova ünvanlı müraciətlərini də bizə təqdim etdilər. Bu barədə az sonra ətraflı bəhs ediləcək.
Qeyd edək ki, 15 mərtəbəli bina “Fuad” MMC tərəfindən yüksək keyfiyyətlə inşa olunub və FHN-nin müsbət rəyi ilə istismara qəbul edilib. Amma sakinləri buradan köçürmək istəyənlər onlara rəsmi hansısa sənəd təqdim etmirlər. Hətta onları hədələyirlər ki, mənzillərinizdə əlavə təmir aparmayın, onsuz da xərciniz batacaq.
***
Hüquqşünas -ekspert Azər Səmədov məsələ ilə bağlı bunları dedi:
- Əgər 15 mərtəbəli, əhalinin yaşadığı bina dövlət ehtiyacları üçün alınırsa, bu barədə Bakı şəhər İH-nin, yaxud Nazirlər Kabinetinin, ən nahayət, zəruri hallarda Prezidentin sərəncamı ilə ərazinin təyinatı bilinir. Dövlət bu binanı nə üçün alır? Alırsa, binadakı mənzillər real bazara uyğun qiymətləndirilməlidir, əhali narazı salınmamalıdır... Mən də hiss edirəm ki, bu bina dövlət ehtiyacları üçün deyil, hansısa məmur tərəfindən şəxsi maraqlar çərçivəsində alınır...
***
Dünən şikayətçilər təkrarən redaksiyamıza müraciət etdilər. Onlar qarşılaşdıqları bir problemi də bizə bildirdilər: “Bizə məlum olur ki, bu binanı su qiymətinə almaq istəyən Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovdur. O, “Sovetski”nin köçürülməsi üzrə Dövlət Komissiyasının aparıcı rəhbər üzvlərindən biridir...”.
Dünən məsələyə aydınlıq gətirilməsi üçün Cavanşir Yusifovun 404 46 66 (410) telefonuna dəfələrlə zəng etsək də, cavab verən olmadı... Onun da mövqeyini öyrənməyə və təqdim etməyə hazırıq.

NAZİM

Geri