DataLife Engine > Çap üçün versiya > CƏLİLABADDAKI “ORXAN” ŞADLIQ SARAYINDA BİABIRÇILIQ
DataLife Engine Azerbaijan Support > Problem, Manşet, Üst manşet > CƏLİLABADDAKI “ORXAN” ŞADLIQ SARAYINDA BİABIRÇILIQ

CƏLİLABADDAKI “ORXAN” ŞADLIQ SARAYINDA BİABIRÇILIQ


16-07-2017, 14:32. Yerləşdirdi: memmedov
Görəsən, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin bu şadlıq sarayının yarıtmaz fəaliyyətindən xəbəri varmı?

Bu yaxınlarda Cəlilabad rayonunda fəaliyyət göstərən “Orxan” şadlıq sarayında keçirilən toy məclisində iştirak edən əməkdaşımız gördüyü mənzərədən dəhşətə gəlib. Ofsiantların xidmət etdikləri məclis iştirakçılarından pul istəməsi həm əməkdaşmızın, həm də digər qonaqların etirazına səbəb olub. Anlaşılan odur ki, görünür, şadlıq sarayının rəhbərliyi öz işçilərinə əmək haqqı vermir, ona görə də ofsiantlar məcbur olub toya gələn qonaqlardan pul tələb edirlər.

“Orxan” şadlıq sarayında xidmət, demək olar ki, yox dərəcəsindədir. Ortalıqda yığılıb qalmış çirkli qablar, boşalmış butulkalar sanki dilə gəlir ki, bizi bu boş masalardan götürün. Əməkdaşımızın yaxın qohumu olan bəy deyib ki, ofsiantlar onun sadəliyindən və insanlığından sui-istifadə edərək ondan 100 manat alıblar. Üstəlik də, şadlıq sarayına daxil olan bəydən lenti kəsərkən pul tələb olunub və o, məcbur olub 10 manat verib.
Zala daxil olan bəylə gəlinə içmək üçün adi qazlı su ilə dolu bakalları verərək, sonra da bir fişəng partladıblar. Bəy qazlı suyu ofisiantlara qaytararaq özlərinin içməsini məsləhət görüb. Bundan sonra ofsiant bəyə yaxınlaşaraq pul istəyib. Bəy də dedib ki, o, su içdi ki, pulunu da versin? Aldığı cavabdan pərt olan ofsiant geri qayıdıb.
Hansı ki, bütün bu işlər şadlıq sarayına ödənilən pulun içindədir. Bəy bildirib ki, yerinə oturan kimi ofsiant gəlinə və ona su süzərək yenə pul istəyib. Bəy də məcbur olub 10 manat verib. Pulu alıb aradan çıxan ofsiantın ardınca başqa biri yaxınlaşaraq bəy-gəlinə yemək çəkib və o da pul istəyib: «Ona da məcbur olub 5 manat verdim. Bir az keçdi, başqa bir ofsiant iki kofe gətirib masamıza qoydu və dedi ki, pul ver. Hansı ki, mən kofe-zad istəməmişdim. Bu ofsianta da 5 manat verdim. Sıraya düzülüb məndən pul qoparmağa çalışan ofsiantların digər masalara xidmət etmələri yaddan çıxmışdı. Bir az sonra dedilər ki, məclisə aş gəlir. Balaca buludda az öncə qonaqlara verdikləri aşdan qoyub, ortasına da spirtli pambığı yandıraraq onu masamıza qoyan ofisiant da pul istədi. Yenə əlimi cibimə atıb ona 10 manat verdim.
Məclisin sonunda zala tort gətirdilər. Xanımımla birlikdə tortu kəsdik. Ofsiant yenə yaxınlaşıb dedi ki, pul ver. Mən yenə ofsianta 10 manat verdim. Yerimizdə əyləşdikdən sonra başqa bir ofsiant həmin tortdan gətirib bizim qarşımıza qoydu və dedi ki, tort gətirmişəm, pul ver. Dedim ki, axı indi tortu kəsəndə verdim. Dedi ki, o pulu mənə verməmisiniz. Bir az keçəndən sonra gördüm ki, video çəkən kameranı sifətimə tuşlayıb, getmir. Məlum oldu ki, o, da pul istəyir. Ona da 10 manat verdim. Qonaqlar isə xidmətin zəif olmasından narazılıq etdiklərinə görə məcbur olub qohum-əqrəba ofsiantların əvəzinə işləməyə başladılar».
Bax beləcə, həyatında bir dəfə olan xoş gündə adamı yalnız “Orxan” şadlıq sarayında evlənməyə peşman edirlər.
Hesab edirik ki, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən tezliklə Cəlilabad rayonunda fəaliyyət göstərən “Orxan” şadlıq sarayında dövlət nəzarəti tədbirləri həyata keçirəcək. O zaman müəyyən olunacaq ki, bu şadlıq sarayındakı zallarda istifadə olunan masa və oturacaqların ölçüləri, onlar arasındakı məsafələr dövlət standartının tələblərinə belə uyğun deyil, zalda qonaqların sərbəst hərəkət etməsi üçün müvafiq şərait yoxdur və personalın xidməti olduqca aşağı səviyyədədir.

Vasif Əlihüseyn

Geri