DataLife Engine > Çap üçün versiya > Kərəm Həsənov və Miri Qəmbərovdan prezidentə şikayət edildi
DataLife Engine Azerbaijan Support > Problem, Manşet, Üst manşet > Kərəm Həsənov və Miri Qəmbərovdan prezidentə şikayət edildi

Kərəm Həsənov və Miri Qəmbərovdan prezidentə şikayət edildi


24-04-2018, 11:32. Yerləşdirdi: memmedov
“Azərmetal”ın baş direktoru Şahin Abbasov: “Çox hörmətli cənab prezident! Kərəm Həsənovla Miri Qəmbərov təxribatla məşğuldur, onlar Sizin 19 may 2016-cı il tarixli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanınızın icrasını qəsdən uzadırlar, “Azkontrakt”ın özəlləşməsinə imkan vermirlər...”

“Azkontrakt” Dövlət Korporasiyasının tabeliyindəki “Azərmetal” Birliyinin baş direktoru Şahin Abbasov kollektiv adından Prezident İlham Əliyevə ünvanlı müraciət yazıb. Surəti “Təzadlar”a göndərilən müraciəti təqdim edirik:

Çox hörmətli cənab Prezident!
İlk növbədə Sizi yenidən 7 il müddətinə Azərbaycanın prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, Azərbaycanın çiçəklənməsi yolunda fəaliyyətinizdə Sizə uğurlar diləyirəm.
Cənab Prezident!
Biz “Azərmetal” Birliyinin kollektivi, Sizə yenidən müraciət edərək bildiririk ki, Prezidentin 19 may 2016-cı il tarixli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq bir ildən çoxdur Əmlak Komitəsinin mütəxəssisləri tərəfindən müvafiq araşdırma və sənədləşdirilmə aparılaraq idarələrimizin balansında qalan torpaq sahəsi və digər əmlakların hərraca çıxarılaraq satılması qərara alınmışdır. Lakin “Azkontrakt” SC-nin sədri Miri Qəmbərovun və Əmlak Komitəsinin sədri Kərəm Həsənovun laqeydliyi üzündən yarandığı gündən fəaliyyətsiz olan bir qurumun əmlakının özləlləşdirilməsi üçün addım atılmır. Axı hər bir baş idarənin rəhbərliyi tabeliyində olan strukturların bütün problemlərinin məsuliyyətini daşıyır. Lakin Miri Qəmbərov Prezidentin 19 may 2016-cı il tarixli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanının icrası üçün Kərəm Həsənovdan addım atmağı tələb etmir. Biz 20 ilə yaxındır fəaliyyətsizik, “Azkontrakt” ölü can kimi qalmaqdadır. Elə isə, bu məmurlar kimi və nəyi gözləyirlər? Maraqlıdır ki, Kərəm Həsənov Əmlak Komitəsinin rəhbəri olaraq Respublikanın ən ucqar bölgələrindəki çayxana və ticarət budkaları, sınıq-salxaq texnikaları hərraca çıxarır, gözdən pərdə asmaq üçün yuxarılara və ictimaiyyətə hesabat verir, amma bizim Bakı şəhəri, H.Əliyev prospektində (“Atletlər Evi” ilə üzbəüzdə) yerləşən idarə binasının və torpaq sahəsinin, digər əmlakımızın hərraca çıxarılmasını hələ də təmin etmir? Ya bizə bildirilsin ki, Prezidentin 19 may 2016-cı il tarixli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı bizə aid deyil, ya da qanuni addım atsınlar.
Cənab Prezident! Miri Qəmbərovla Kərəm Həsənov bizim torpaq sahəmizin demək olar əsas hissəsini Prezident Administrasiyasının sabiq şöbə müdiri Yusif Hümbətova və digər məmurlara satıblar. Bu gün idarəmizin inzibati binasına daxil olmağa qapımız belə yoxdur, Yusif Hümbətov tərəfindən hasarlanıb. Axı “Azərsutikinti” SC-nin sədri, Prezident Administrasiyasının sabiq şöbə müdiri olmuş Yusif Hümbətovun “Azkontrakt”a nə aidiyyəti var? O, bizim başımızın üzərindən bazamızın torpaq sahəsini elə formada özəlləşdirib ələ keçirib ki, indi vaxtilə balansımızda olmuş 12 ha sahədən bizə qalan 85 sot torpaq sahəsini necə özəlləşdirəcəyimizi belə bilmirik. Neçə illərdir ki, hətta biz idarəmizə daxil ola bilmirik, birliyin darvazası Yusif Hümbətovun ələ keçirdiyi ərazidə qalıb. Yusif Hümbətov faktiki olaraq bizi oyundan kənar vəziyyətə salıb, torpaq sahəmizi elə bir kökə salıb ki, eskiz sənədlərindən heç bir memar belə baş çıxara bilməz, o cümlədən Dövlət Əmlak Komitəsinin mütəxəssisləri də.
Cənab Prezident! Ulu Öndər Heydər Əliyevin 1996-cı il 17 dekabr tarixli fərmanı ilə yaradılmış “Azkontrakt”ın tabeliyinə verilən idarə və müəssisələri, onların milyard manatlarla ölçülən əmlaklarını da Miri Qəmbərov satıb məhv edib. Baş nazirin 05.07.1997-ci il tarixli, 131 saylı sərəncamında bu əmlakların siyahısı göstərilmişdi. Həmin sərəncamla “Azərkontrakt”ın strukturuna daxil edilmiş müəssisə və obyektlərin siyahısı təsdiqləmişdi. 21 il əvvəlki Siyahı belə idi:
-”Azərmetal” topdansatış ticarəti birliyi və onun Bakı şəhəri, Moskva prospekti, 98 ünvanda yerləşən anbar təchizat şahəsi (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)
-”Azərmaşavadanlıq” idarəsi və onun Bakı şəhəri, Nobel prospekti, 36 və
M.Qaşqay küçəsi, 100 ünvanlarında yerləşən anbar tesərrüfatları (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)
-”Yüngül və yeyinti sənayesi məhsullarının topdansatış birliyi”, “Azəryüngülyeyintisənaye” və onun Bakı şəhəri, Nobel prospekti, 10 və Nizami küçəsi, 149 ünvanlarında yerləşən anbar təsərrüfatları(”Azərkontrakt” Səhmdar Cəmiyyəti)
-”Azkontrakt” Səhmdar Cəmiyyəti (“Azərkontrakt” Səhmdar Cəmiyyətinin Moskva şöbəsi)
-Texniki vasitələrin kirayə müəssisəsi-”Azərkirayə” (“Azərkontrakt” Şəhmdar Cəmiyyəti)
-”Azərətsüd”- icarə müəssisəsi və onun Bakı şəhəri, Montin qəsəbəsi, Köndələn küçəsi-2 ünvanda yerləşən soyuducu bazası (keçmiş Ticarət Nazirliyi)
-”Baqqaliyyə malları üzrə respublika topdansatış ticarəti “Azərbaqqaliyyə” kontoru və onun Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 507-ci məhəllədə yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət Nazirliyi).
-”İstehsalat avtoekspedisiya” birliyi və onun Bakı şəhəri, Xırdalan qəsəbəsi, Şamaxı şossesi, 6 ünvanda yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət Nazirliyi)
-”Azintreyd” xarici ticarət birliyi (keçmiş Ticarət Nazirliyi)
-Qax rayonunda yerləşən istirahət evi (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)”.

İndi soruşmaq yəqinki yerinə düşər, hanı həmin müəssisələr və onların əmlakları, torpaq sahələri? Yoxdur! Çünki özəlləşmədən qabaq onları ələ keçirib özününküləşdiriblər. Bunu araşdırmaq dövlət orqanlarının işidir. “Azkontrakt” ASC-nin tabeliyindəki müəssisələrin əmlaklarının hərraca çıxarılmasının təmin edilməsi üçün Əmlak Komitəsinin rəhbərliyinə təsir edilməli, göstəriş verilməlidir. Müraciətlərimiz isə həmişə cavabsız qalır. Bu məmurlar Prezidentin 19 may 2016-cı il tarixli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanını niyə yerinə yetirmək istəmirlər?

Dərin hörmətlə:

Şahin Abbasov,
“Azərmetal” Topdansatış Birliyinin baş direktoru


Geri