DataLife Engine > Çap üçün versiya > “Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər”
DataLife Engine Azerbaijan Support > Problem, Manşet, Üst manşet > “Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər”

“Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər”


24-04-2018, 12:51. Yerləşdirdi: memmedov
Bəs Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və ondan istifadə olunması barədə prezident sərəncamının icrası nə yerdədir?

Bakının inzibati rayonları sırasında Suraxanının tarixi Azərbaycanda Sovet hakimiyyətinin bərqərar olduğu ilə təsadüf edir.

Suraxanı 1920-ci ilin may ayında inzibati rayon statusu alıb. 122 kv.km ərazisi olan rayonun 210,5 min nəfərdən çox əhalisi var. Əmircan, Bülbülə, Qaraçuxur, Hövsan, Yeni Suraxanı və Zığ qəsəbələrini özündə birləşdirən rayon ötən 98 il ərzində neft-sənaye rayonu kimi tanınıb. İri sənaye müəssisələrinin sayına görə Bakının digər rayonlarından fərqi ondadır ki, bu rayonda tarixən neft-maşınqayırma və digər sənaye müəssisələri fəaliyyət göstərmişdir. Bu sənaye müəssisələrinin fəaliyyəti təbii olaraq paytaxtın ekologiyası ilə bağlı olmuşdur. Ona görə də yazımızın əsas mövzusu hazırda rayon ərazisində fəaliyyət göstərən 58 iri sənaye müəssisəsinin ekoloji problemlərlə əlaqəliliyi, eləcə də bu müəssisələrin sənaye tullantılarının axıdıldığı Zığ gölünün ekoloji durumu ilə bağlıdır...

Prezidentin hər il baş çəkdiyi rayonda sosial-iqtisadi inkişaf...

Suraxanı rayonunun sosial-iqtisadi inkişafı barədə rayon İcra hakimiyyətinin rəsmi saytındakı rəqəmlərdən də görmək olar... Və bu rəqəmlərdən aydın olur ki, rayonda aparılan iqtisadi islahatlar ilbəil təkmilləşdirilir, yeni layihələr icra olunur. Təbii ki, bu inkişaf rayonda aparılan tikinti-quruculuq işlərində, yeni ticarət və iaşə müəssisələrinin, əhalinin ixtiyarına verilmiş çoxsaylı istirahət parklarının sayında da özünü göstərir...
Prezident İlham Əliyevin Suraxanı rayonuna müntəzəm səfərləri də elə yeni yaradılmış sənaye müəssisələrinin-iri obyektlərin fəaliyyətinə xeyir-dua verməsi ilə bağlı olmuşdur. Belə ki, Prezidentin bu təyinatlı səfərlərinin-açılış mərasimlərinin statistikasına nəzər yetirəndə diqqətimi o çəkdi ki, ölkə başçısı 2005-ci ildən bəri Suraxanı rayonunda 10 dəfə olmuşdur. Bu özü dövlət başçısının rayondakı sosial-iqtisadi inkişafa verdiyi diqqətin təzahürüdür.
Görünür elə Prezidentin 2014-cü ildə Suraxanı rayonuna etdiyi növbəti səfərində də Xəzər dənizi və Zığ qəsəbəsi ərazisi üçün mühüm əhəmiyyət kəsb edən Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalaması da təsadüfi deyildir. Bu, rayonun ekoloji problemlərinə dövlət başçısının xüsusi diqqətinin nümunəsidir...

Bəs Zığ gölünün ekoloji problemlərinə dair prezident sərəncamının icrası nə yerdədir?

“Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər” Apardığım araşdırmalar maraqlı məqamları üzə çıxardı. Söhbətimizin mövzusu da bu istiqamətlidir.
Oxucular üçün daha da aydın olsun deyə, xatırladıram ki, Azərbaycan Prezidenti İlham Əliyev 15 oktyabr 2014-cü il tarixdə Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında sərəncam verib. Sərəncama əsasən, Zığ gölündən istifadə və onun mühafizəsi sahəsində idarəetmə İqtisadiyyat və Sənaye Nazirliyinə (hazırda İqtisadiyyat Nazirliyi) verilib. Həmçinin, sərəncama əsasən, İqtisadiyyat Nazirliyinə Zığ gölünün mühafizə zonasının bərpası, gölün mühafizə zonasının istehsalat və məişət tullantılarından təmizlənməsi, mühafizəsi, ekoloji vəziyyətinin yaxşılaşdırılması və gələcəkdə ondan səmərəli istifadənin təmin edilməsi həvalə edilmişdir. Nazirliyə, eləcə də gölün qorunub saxlanmasına nəzarəti həyata keçirməsi tapşırılıb.
Ən maraqlısı, sərəncamda “Azərsu” ASC-yə və Dövlət Neft Şirkətinə Zığ gölünün mühafizə zonasına tullantı sularının təmizlənmədən axıdılmasının qarşısını almaq üçün zəruri tədbirlər görmək, Bakı Şəhər İcra Hakimiyyətinə Zığ Gölünün mühafizə zonasına istehsalat və məişət tullantıları atılmasının, Zığ gölünün kiçilməsinə səbəb olan kənardan torpaq gətirilib yayılmasının qarşısının alınmasını təmin etmək tapşırılıb.
Beləliklə, Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı prezidentin eyni tarixli başqa bir sərəncamı da imzalanıb. Sərəncama əsasən, nəzərdə tutulan texniki-təşkilati işlərin həyata keçirilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinə ilkin olaraq 2 milyon manat pul ayrılıb. Amma...

Zığ gölündə batırılan milyonlar...

...Suraxanı rayonunun Zığ qəsəbəsi ilə təmas xəttində, Xəzər dənizi sahilində “Duzlu göl” adlı bir ərazi və bu ərazidə salınmış “Qum adası” qəsəbəsi var. Neçə min əhalisi olan bu qəsəbənin bir qrup sakini redaksiyamıza şikayət ərizəsi ilə müraciət etmişdi... Zakir Mürsəlov, Zahid Mahmudov və digərlərinin şikayəti son iki ildə evlərinin zirzəmisinə qrunt sularının dolmasından idi. Onların ilkin izahından məlum olurdu ki, son iki ildə mənzil söküntüsü və tikintisi ilə məşğul olan bir sıra şirkətlərin rəhbərləri Zığ gölünü tullantı poliqonuna çeviriblər: “İri yük maşınları əsasən də gecələr burada cərgəyə düzülürlər. Tikinti və sənaye tullantıları mərkəzə yaxın məsafə olduğundan bura daşınıb tökülür. Ona görə də gölün yatağı tullantılarla dolur və suyun səthi qalxdığından evlərimizə qurunt suları dolmağa başlayıb...”.
Təbii ki, sakinlərin söylədiklərinə inanmadıq və deyilən ünvana yollandıq... Ona görə ki, prezident İlham Əliyevin “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” sərəncamında aydın şəkildə yazılıb ki, söhbət bu gölün təbii forması saxlanılmaqla, onun ekoloji vəziyyətinin yaxşılaşdırılmasından və gələcəkdə istifadəsi üçün görüləcək əlavə tədbirlərdən söhbət gedir. Və aidiyyəti dövlət qurumlarına verilən tapşırıqların icrası da 2014-2016-cı illəri əhatə edir. Bu isə o deməkdir ki, Suraxanı rayonunun, eləcə də paytaxtın digər rayonlarının sakinləri, qonaqlar artıq Zığ gölündə istirahət etməli, xoş anlar keçirməlidir.

Zığ gölü qurudulur?

“Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər” Ərazidə olub yerli sakinlərlə görüşdüm, Zığ gölünün ekoloji vəziyyəti ilə yaxından tanış oldum. Təəssüf hissi ilə deməliyəm ki, Prezidentin sərəncamında nəzərdə tutulan işlərin həyata keçirilməsinin burada şahidi olmadım.
Ətraf evlərin bir neçəsinin sakinləri isə evlərinin zirzəmisinə son iki ildə qrunt sularının dolmasından danışdılar. Bunları öz gözlərimlə gördüm. Odur ki, səbəb məlum olduğundan səbəbkarların ünvanlarını axtarmalı oldum. Səbəbkarlar isə uzaqda deyildi, Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması həvalə edilmiş, hətta bunun üçün 2 milyon manat vəsait də ayrılmış İqtisadiyyat Nazirliyi hədəfdə idi.
Diqqəti çəkən isə bu idi ki, prezident sərəncamında Zığ gölünə əlavə tullantılar tökülərək səthinin kiçildilməsinin yolverilməz olduğu deyilsə də, ərazidə çəkilən yol genişləndirilməsi tədbirləri zamanı işlərə mane olan təpəciklərin yığıntıları gölə tökülmüşdür. Bunu yerli sakinlər də dedilər. Hətta gölün sahilindəki tikinti materiallarının törtöküntüsü, digər məişət tullantılarının yığıntıları da bunu təsdiqləyirdi (foto və videokameranın yaddaşına köçürülüb).
***
Daha bir vacib məqam: sərəncamda “Azərsu” ASC-yə və Dövlət Neft Şirkətinə Zığ gölünün mühafizə zonasına tullantı sularının təmizlənmədən axıdılmasının qarşısını almaq üçün zəruri tədbirlər görmək, Bakı Şəhər İcra Hakimiyyətinə Zığ gölünün mühafizə zonasına istehsalat və məişət tullantıları atılmasının, Zığ gölünün kiçilməsinə səbəb olan kənardan torpaq gətirilib yayılmasının qarşısının alınmasını təmin etmək tapşırılıb. Amma gölün qarşı tərəfinə-Xəzər dənizinə tərəf atılmış lağım vasitəsilə tullantı sularının göldən dənizə axıdılmasını görəndə təəssüflənməli olduq. Belə çıxırdı ki, ya gölü qurutmaq istəyirlər, ya da gölə haradansa axıdılan tullantı suları vardır və gölün daşıb ətrafı basmaması üçün suyunun bir hissəsinin dənizə axıdılmasına qərar verilib.
Yerli sakinlər isə bunun səbəbini belə izah etdilər: “Gölə kənardan tullantılar gətirib poliqon kimi istifadə edildiyindən yatağı doldu, su səthi qalxdı, nəticədə gördülər ki, kənardan axıdılan tullantı suları gölün daşmasına gətirib çıxaracaq, ona görə də açıq kollektor vasitəsilə suyunun dənizə axıdılmasına başlayıblar...”.
Göldən dənizə axıdılan suyun rəngindən isə açıq-aydın görünürdü ki, gölə axıdılan tullantı suları təmizlənmədiyindən, göldən axan su da eyni rəngdə və tərkibdədir. Halbuki, yuxarıda dedim, sərəncamda “Azərsu” və ARDNŞ-nə Zığ gölünə tullantı sularının təmizlənmədən axıdılmasının qarşısını almaq üçün zəruri tədbirlər görmək tapşırılıb. Bəs bu tapşırıq niyə yerinə yetirilməyib? Axı prezident bunun üçün dövlət büdcəsindən hələ 2014-cü ildə 2 milyon manat pul da ayırıb. Bu mənzərəni görənlərdə isə belə yalnış təsəvvür yarana bilər ki, ərazi Suraxanı rayonuna aid olduğundan, deməli, Suraxanı RİH rəhbərliyi və rayonun aidiyyəti qurumları bu problemin müəllifidir. Halbuki, sərəncamda bütün bu işlərin həyata keçirilməsinə rəhbərlik İqtisadiyyat Nazirliyinə tapşırılıb, 2 milyon manat pul vəsaiti də bu nazirliyə verilib...

Bəs İqtisadiyyat Nazirliyinin Zığ gölünün bərpası ilə bağlı hesabatı ilə real vəziyyət niyə ziddiyyət təşkil edir?

“Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər” Məsələyə aydınlıq gətirilməsi üçün dəfələrlə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə zəng vursam da, məsul şəxslə danışmaq mümkün olmadı. Əslində, buna ehtiyac da yox idi. Çünki nazirliyin rəsmi saytında Zığ gölü ilə bağlı maraqlı bir hesabata rast gəldim. 2014-2016-cı illərdə başa çatdırılmış (?) işlərdən bəhs edən hesabat “Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın icra vəziyyəti haqqında” adlanır. Hesabatda paytaxt ərazisində olan göllərin ekoloji vəziyyətindən, həmçinin Zığ gölündən danışılır. Sən demə, Zığ gölünün taleyi Hollandiyanın “Witteveen Bos” şirkətinə etibar edilib, İqtisadiyyat Nazirliyi şirkətlə müqavilə imzalayıb. Hətta Zığ gölünün bərpası üçün layihə də hazırlanıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, FHN, ARDNŞ, “Azərsu” ASC və Suraxanı rayon İH ilə razılaşdırılıb, rəy alınıb.
Nəhayət, Prezidentin 15 oktyabr 2014-cü il tarixli 774 nömrəli məlum sərəncamının icrası ilə bağlı bir sıra işlər görülüb. Tədbirlər planında yazılır ki, “Artıq “Bahar Enerji” və “Abşeron Operating” şirkətləri tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim olunan lay sularının idarə olunması ilə bağlı tədbirlər planının icrasına nəzarət davam etdirilmiş, Zığ gölünün su mühafizə zonasında aşkarlanmış 3 qeyri-qanuni tullantı sahəsi təmizlənmiş, 560 ton tullantı Balaxanı poliqonuna daşınaraq zərərsizləşdirilmiş, gölün mühafizə zonası boyu qurulmuş 4 mühafizə məntəqəsi vasitəsi ilə tullantıların atılmasının qarşısı alınmış, Zığ gölünün bərpası layihəsi üzrə... açıq tender keçirilmiş və tenderin qalibi ilə danışıqlara başlanılmışdır” və sair.
Bunlar 2014-2016-cı illər ərzində həyata keçirilmiş tədbirlərin siyahısıdır.
İndi 2018-ci ildir və İqtisadiyyat Nazirliyinin hesabatında həyata keçirildiyi deyilən tədbirlərlə Zığ gölünün bu günkü mənzərəsi təzad təşkil edir...
Zənnimcə, əlavə şərh verməyə ehtiyac da yoxdur, bunun nə dərəcədə doğru olduğunu görmək üçün Zığ gölünün sahilində dayanıb hər şeyi öz gözlərimizlə görməyimiz yetər.
***
Əlbəttə, bu yazıda məqsədim kiminsə sərt tənqid olunması deyil. Məqsədim Suraxanı rayonunun, eləcə də Bakının ekoloji vəziyyətində mühüm rol oynayan Zığ gölünün gələcək taleyinə hesablanmış və düz 4 il əvvəl imzalanmış prezident sərəncamının icrasının nə yerdə olduğunu diqqətə çatdırmaq idi. Təbii ki, Suraxanı rayon İcra Hakimiyyətinin rəhbərliyi öhdəsinə düşən tapşırıqları mümkün qədər yerinə yetirib, bunun özüm də şahidi oldum... Lakin əsas və vacib işlərin icrası İqtisadiyyat Nazirliyinin üzərində qalır... Mənim isə jurnalist olaraq üzərimə düşən mövcud problemi diqqətə çatdırmaq idi...

Asif Mərzili

Yazı Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

Geri