DataLife Engine > Çap üçün versiya > Heydər Əsədov getdi, bəs onun yarıtmaz kadrlarının taleyi necə olacaq?
DataLife Engine Azerbaijan Support > Problem, Manşet, Üst manşet > Heydər Əsədov getdi, bəs onun yarıtmaz kadrlarının taleyi necə olacaq?

Heydər Əsədov getdi, bəs onun yarıtmaz kadrlarının taleyi necə olacaq?


26-04-2018, 19:16. Yerləşdirdi: memmedov
"Cənab nazir, sizdən xahiş edirik, bizi Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanovun əlindən xilas edin!"

Məlum olduğu kimi, prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabinetinin üzvləri arasında xeyli dəyişiklik edildi.

Dəyişikliklərdən biri də kənd təsərrüfatı naziri Heydər Əsədovun vəzifəsindən uzaqlaşdırılaraq, əvəzinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin keçmiş sədri İnam Kərimovun kənd təsərrüfatı naziri təyin olunmasıdır.

Belə hesab etmək olar ki, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun vəzifəsindən uzaqlaşdırılması onun işinin öhdəsindən gələ bilməməsi, kənd təsərrüfatı sahəsində ciddi porblemlərin aşkar edilməsi ilə bağlıdır. Əldə etdiyimiz məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin keçmiş rəhbərinin maliyyə maxinasiyası aidiyyəti qurumlar tərəfindən araşdırılacaq. Bu da onu deməyə əsas verir ki, Heydər Əsədov qeyri-qanuni yolla əldə etdiyi milyonlarla manat pulun hesabını verməli olacaq. Hətta onun məsuliyyətə cəlb olunma ehtimalı da təxmin edilir.

Halbuki dövlət başçısı cənab İlham Əliyev dəfələrlə etdiyi çıxışlarında, həmçinin bu il yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bir daha korrupsiya, rüşvətxorluqla məşğul olan bəzi dövlət məmurlarına xəbərdarlıq etmişdi.

Görünür, məmurlar bu xəbərdarlıqdan lazımi dərs almayıblar və nəticədə, bəziləri vəzifə kreslolarını tərk etməli oldular. Elə Heydər Əsədov kimi. Məgər bununla problem həll olundu? Bəs vəzifəsindən uzaqlaşdırılan Heydər Əsədovun yarıtmaz kadrları? Onlar necə olacaq? Təbii ki, yarıtmaz kadrlardan bütövlükdə Azərbaycan xilas olmalıdır.
Misal üçün, regionlardan daxil olan şikayətlər əsasında uzun zaman mətbuatın gündəmindən düşməyən Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisi Azər Süleymanovun vəzifə kreslosundan sui-istifadə edərək necə milyonçu olması, ölkəyə gətirilən yararsız vaksinlərin malqaranın xəstəliklərdən qorumaması nəticəsində, heyvan sahiblərinə külli miqdarda zərər dəyməsi öz əksini tapıb.

Azər Süleymanov kimdir?

Qısa arayış: Azər İdris oğlu Süleymanov 1965-ci il avqustun 21-də Göygöl rayonunun Pənahlılar kəndində anadan olub. Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetini bitirib. Əmək fəaliyyətinə Göygöl rayonunun Kuybişev adına kolxozda kolxozçu kimi başlayıb. 08.1988-10.1992-ci illərdə Göygöl rayonunda Heyvanların xəstəlikləri ilə mübarizə stansiyasında aparıcı baytar həkim və rəis müavini işləyib. 1992-2014-cü illərdə Göygöl Rayon Baytarlıq İdarəsinin rəisi olub. 12.06.2014-07.09.2015-ci illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavini kimi çalışıb. 07.09.2015-01.02.2018-ci illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində rəis vəzifəsini icra edən Azər Süleymanov 01.02.2018-ci ildə kənd təsərrüfatı naziri Heydər Əsədovun müvafiq əmri ilə rəis vəzifəsinə təyin edilib.

Azər Süleymanovun bu vəzifədəki "fəaliyyəti" ilə bağlı konkret faktlara müraciət edək. Belə ki, ötən illər ərzində ictimaiyyətə Quba rayonunun Fıstıqlı kəndində bir gecədə heyvanların kütləvi tələf olması, Biləsuvarda Cəbrayıl rayonundan məcburi köçkünə məxsus iribuynuzlu heyvanların nəməlum xəstəlikdən qırılması, Astarada malqarası ölən kəndlinin intihara cəhd etməsi, respublikanın şəhər qəsəbələrindən birində bir ailənin bütün üzvlərinin brusellyoza yoluxması, insanların qarayarayla xəstələnməsi, heyvan mənşəli qidadan sonsuzluq əmələ gətirən xlamidioza yoluxması və quduz it dişləməsindən ölməsi barədə "Xəzər", "ATV", "Space" və digər telekanallarda geniş məlumatlar çatdırılmışdı.

Həmçinin, ölkə KİV-lərində Azər Süleymanovun qanunsuz fəaliyyətinin dairəsini genişləndirmək məqsədilə dayısı oğlu Elşad Rzayevi Respublika Baytarlıq Laboratoriyasında direktor müavini və tələbə yoldaşlarını Dövlət Xidmətinin mühüm postlarında yerləşdirməsi, yaxın adamı, sektor müdiri Aydın Hüseynovun dövlət başçısının sahibkarlara qarşı yaradılan süni manelərin aradan qaldırılması tapşırığının əksinə gedərək, ölkəyə heyvandarlıq məhsulları idxal-ixrac edən iş adamlarının get-gələ salması barədə də geniş məlumatlar verilmişdi.

Zaman-zaman "Təzadlar"a daxil olan şikayətlərdə də Dövlət Baytarlıq Nəzarəti Xidmətində sahibkarlara əlavə problemlər yaradılmasından bəhs edilirdi. Həmin şikayətlərdə vurğulanırdı ki, bütün heyvan mənşəli məhsulların, diri heyvanların, heyvan yemlərinin, baytarlıq preparatlarının idxalına və dəri xammalın ixracına icazə üçün hər birinin öz qiyməti olmaqla əlavə ödənişlər tələb edilirdi. Bu cür problemlərlə üzləşən sahibkarlar dərdlərini redaksiyamızın əməkdaşları ilə bölüşərək, yana-yana danışırdılar ki, A.Süleymanov DBNX-nin rəhbəri olaraq ölkədə sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin və sahibkarlığa dövlət dəstəyi sahəsində dövlət tənzimləməsinin həyata keçirilməsi üçün heç bir iş görmür: "DBNX-nin rəhbəri Azər Süleymanov bir dəfə də olsun regionlarda mal-qara sahibləri, iş adamları ilə görüş keçirərək onların baytarlıq xidmətindən ehtiyaclarını öyrənib problemlərini həll etməyib".

Məsələ burasındadır ki, DBNX-nin rəisi Azər Süleymanov Kənd Təsərrüfatı Nazirliyindəki havadarlarının köməyi ilə regionlarda mal-qaranın xəstəliklərdən ölməsi barədə efirlərdə gedən xəbərləri, habelə qanunsuz hərəkətləri barədə sosial şəbəkələrdə gündəmdən düşməyən məqalələri, qəzet səhifələrində yer alan şikayətləri, eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbəsinin A.Süleymanovun yarıtmaz fəaliyyəti barədə hazırladığı xüsusi arayışa məhəl qoymayaraq və əhalidən daxil olan şikayət-müraciətlərini daim ört-basdır edərək təkzib edirdi. Halbuki bu "işləri" görənədək o, DBNX-nin rəisi vəzifəsini müvəqqəti icra edirdi. Məhz bütün bunlardan sonra isə o, kənd təsərrüfatı naziri Heydər Əsədovun xeyir-duası ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyin edildi.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi A.Süleymanovun yarıtmaz fəaliyyətindən canı doğazına yığılan sahibkarlar redaksiyamıza zəng edib, prezident İlham Əliyevin sərəncamı ilə dövlət strukturlarındakı dəyişiklikləri alqışlayaraq, yeni kənd təsərrüfatı naziri İnam Kərimovun nazirlikdə ciddi kadr islahatları aparacağına və nəticədə, uzun zamandır üzləşdikləri problemlərin həll olunacağına ümid edirlər: "Hörmətli cənab nazir, sizdən xahiş edirik, bizi Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanovun əlindən xilas edin!".

E.ŞİRİN

Geri