DataLife Engine > Çap üçün versiya > TANINMIŞLARDAN ƏDALƏT MURADOVUN VƏ VƏLİ HÜSEYNOVUN KİV SORĞUSU CAVABSIZLIĞINA ETİRAZ - YENİLƏNİB
DataLife Engine Azerbaijan Support > Problem, Manşet, Üst manşet > TANINMIŞLARDAN ƏDALƏT MURADOVUN VƏ VƏLİ HÜSEYNOVUN KİV SORĞUSU CAVABSIZLIĞINA ETİRAZ - YENİLƏNİB

TANINMIŞLARDAN ƏDALƏT MURADOVUN VƏ VƏLİ HÜSEYNOVUN KİV SORĞUSU CAVABSIZLIĞINA ETİRAZ - YENİLƏNİB


12-05-2018, 17:14. Yerləşdirdi: memmedov
Xəbər verildiyi kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Prezident yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi Vəli Hüseynovun qəzetin sorğusuna cavab verməməsi ilə bağlı mülki iddiaya baxılır. Məhkəmənin növbəti iclası mayın 7-də baş tutdu.

Qeyd edək ki, məhkəmə mübahisəsinə səbəb Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun doktorluq və professor diplomu ilə bağlı şübhələrə aydınlıq gətirilməsi üçün “Təzadlar” təxminən 1 il əvvəl rektora sorğu göndərmişdir. Lakin Ə.Muradov sorğunu cavablandırmamışdır. Bundan sonra redaksiya həmin diplomları vermiş Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi V.Hüseynova sorğu göndərmişdir. Cənab V.Hüseynov isə qanunlara məhəl qoymadan 6 aya yaxındır sorğunu cavablandırmır. Redaksiya məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur...

Onu da qeyd edək ki, redaksiyanın 21 noyabr 2017-ci il tarixli, T-21-11-2017-2 saylı sorğusunda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi V.Hüseynovdan iki suala cavab verilməsi xahiş edilmişdir... Belə ki, ADİU rektoru Ədalət Muradovla bağlı redaksiyaya daxil olmuş məlumat və şikayət məktubları əsasında geniş araşdırma aparılmış və məhkəmə mübahisəsinə səbəb olan iki suala dəqiq, rəsmi cavab verilməsi zəruri sayılmışdır. Cavabdehin həmin suallara cavab verməməsi isə qəzet əməkdaşlarının araşdırma yazısının dərcinə imkan verməmişdir.

***

Təəssüflər olsun ki, məhkəmə prosesi gedən müddətdə cənab Ədalət Muradova yaxın saytlar (moderator.az, azpolitika.info, modern.az) “Təzadlar”ın rəhbərliyini məhkəmə iddiasından çəkindirmək məqsədi ilə yalan və böhtan, şantaj yazıları yayımlamaqla bizə təzyiq edirlər.

Bu və ya digər qanunsuz addımlarla bağlı suallarımızı tanınmış hüquqşünaslar Adəm Məmmədov, Yaşar Ağazadə, professor Qulu Məhərrəml və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMM İB) birinci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov cavablandırıblar.

Həmin cavabları təqdim edirik:


"Çox təəssüf ki, qanunlara bəzi məmurlar tərəfindən əməl olunmur"

TANINMIŞLARDAN ƏDALƏT MURADOVUN VƏ VƏLİ HÜSEYNOVUN KİV SORĞUSU CAVABSIZLIĞINA ETİRAZ - YENİLƏNİB Tanınmış jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli informasiya almaq hüququnun həyata keçirilməsi zamanı mövcud qanunun tələblərinin əsas götürüldüyünü bildirdi: “Məlumat almaq haqqında qanunda göstərəilir ki, media qurumu istənilən müəssisəyə məlumat almaq məqsədilə sorğu göndərə bilər. Həmçinin qanunda cavab almaq müddəti də müəyyənləşib. Əgər vacib məlumatdırsa, təcili, təhlilli materialdırsa, lazımi müddətdə cavablandırılmalıdır. Yəni bu, qanundur. Və bu qanuna hər bir müəssisə rəhbəri riayət etməlidir. Amma çox təəssüf ki, qanunlara bəzi məmurlar tərəfindən əməl olunmur. Bəlkə bu, onunla əlaqədardır ki, Azərbaycanda qanunlara tez-tez dəyişikliklər edilir. Eyni zamanda, mətbuatın nüfuzdan düşməsi bəzi məmurlara şərait yaradır ki, onlar göndərilən sorğulara ciddi yanaşmırlar.

Əlbəttə, arzu olunandı ki, belə hallar baş verməsin. Göndərilən sorğular vaxtında və qanunun tələb etdiyi səviyyədə cavablandırılsın. Amma bu, baş verməyəndə, nə mətbuat orqanının, nə də qarşı tərəfin onu ajiotaja çevirməsi doğru deyil. Yəni bütün məsələlər qanun çərçivəsində həll olunmalıdır. Təəssüf ki, bu mədəniyyət bizdə hələ formalaşmayıb.

İkinci bir tərəfdən, “İnformasiya əldə etmək haqqında” qanunun özündə də həddindən artıq boşluqlar var. Deyərdim ki, hətta işləməyən bir qanundur. Hesab edirəm ki, qanunun işləməsi ilə bağlı mövcud problemlər aradan qaldırılmayana kimi bu cür ziddiyyətli münaqişələr davam edəcək. Hesab edirəm ki, sorğuya cavab verməmək qanunlara hörmətsizlikdir”.



«Ədalət Muradov, bu təkəbbürdən, bu eqodan çəkinin!»

TANINMIŞLARDAN ƏDALƏT MURADOVUN VƏ VƏLİ HÜSEYNOVUN KİV SORĞUSU CAVABSIZLIĞINA ETİRAZ - YENİLƏNİB Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMM İB) birinci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov qeyd etdi ki, bu gün cəmiyyətdə ən böyük ictimai nəzarətçi mətbuat orqanları və orada çalışan jurnalistlərdir: “İctimai nəzarətin özü bütövlükdə qeyri-hökumət təşkilatlarının üzərinə düşən bir fəaliyyətdir. Bunu cənab prezident İlham Əliyev deyir, tələb edir, dönə-dönə vurğulayır. “Təzadlar” qəzetinin mətbuat orqanı olaraq məmurlarla vətəndaşlar arasında sağlam münasibət, ünsiyyət, mühit yaratdığını daim izləyirəm. Bildiyim qədər, “Təzadlar” qəzeti Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun doktorluq və professor diplomu ilə bağlı şübhələrə aydınlıq gətirilməsi üçün rektora sorğu göndərib. Bu soğuya cavabın verilməməsi əslində məlumatın doğru olmasının baris nümunəsidir. Əgər sözügedən sənəd saxta deyilsə, - ümid edirəm ki, saxta deyil, - qarşı tərəf ölkə prezidentinin imzaladığı qanunlara, eləcə də dostu, köməkçisi hesab etdiyi jurnalistin soğusunu cavablandırmalı idi. Lakin sorğaya cavab verilmir. Bu azmış kimi, rektoru “çox istəyənlər”, əslində ona quyu qazanlar öz xarakterlərinə uyğun formada, etik normaları pozaraq saytlarda jurnalisti təhqir etməyə, ona böhtan atmağa, hədə-qorxu gəlməyə başlayırlar. Hesab edirəm ki, Ədalət Muradov bu yanlışlığın qarşısını alacaq, məsələnin müsbət həllinə çalışacaq. Çünki münasibətlərin yumşalması, normal məcraya gəlməsi üçün dost-tanışların, tanınmış alimlərin, ziyalıların vaçitəçiliyindən də xəbərim var.

Əgər hər hansı bir idarə, müəssisə və ya vəzifəli şəxs kütləvi informasiya vasitəsinin sorğusuna cavab vermirsə, əslində bu, onun yerində olmadığını göstərir.

Yeri gəlmişkən bir məqamı diqqətə çatdırmaq istəyirəm. Bir dəfə Türkiyənin Kahramanmaraş Universitetinin tektoru, Azərbaycanın böyük dostu professor Durmuş bəy Dəvəçi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun qəbulunda olduq. Həmin görüşdə Ədalət müəllim öz vizit kartını mənə verdi ki, nə zaman lazım olsa əlaqə saxlayım. Üç ilə yaxındır ki, mən Ədalət müəllimlə telefon əlaqəsi yarada bilmirəm. Mən günü-gündən təşkilatlanan, qanunla nəzərdə tutulmuş qaydada fəaliyyət göstərən, yüzlərlə “Şöhrət”, “Şərəf” ordenlini, xalq şairini, xalq yazıçısını, xalq artistini, əməkdar artisti, Prezident təqaüdçülərini, şəhid analarını özündə birləşdirən İctimai Nəzarət Koalisiyasının sədri kimi buradan Ədalət müəllimə müraciət edirəm. Ədalət müəllim, bu dünyada düzəlməyən iş yoxdur, təki ona hansı istiqamətdən yanaşmağı bacarasan. Ona görə də Ədalət Muradov, bu təkəbbürdən, bu eqodan çəkinin!

Bilirsiniz, bu təkəbbürlüyü, öyünməyi yaradan səbəb nədir? Baxın görün, 50 hektar bir ərazidə 160 min tələbəsi olan Türkiyə universitetlərinin rektorları nə qədər sadədirlər. Ancaq bizdəki 7 sot ərazidə 8 min tələbəsi olan, şəxsi yaşayış evi, villası isə 1 hektarda yerləşən rektorların amiranəliyinə, təkəbbürlüynə baxın. Amma həmişə də haqlı tənqidə qarşı dözümsüzlük nümayiş etdirirlər. Ona görə də belə məmurlar dövlət başçısının imzaladığı qanunlara hörmətlə yanaşmalıdırlar.

Ədalət müəllim bilməlidir ki, “Təzadlar” qəzetinin baş redaktoru o Asif Mərzilidir ki, ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev rüşvət hesabına onu həbs etdirəndə cənab Prezident ilk dəfə olaraq məhkəmənin işinə müdaxilə edərək haqsız verilən həbs qərarına etirazını bildirdi. Və Asif Mərzili iki günün içində azadlığa buraxıldı. Əgər Ədalət Muradov cənab Prezidentin müdafiə etdiyi jurnalistin sorğusuna cavab vermirsə, daha deyiləsi sözüm yoxdur. Asif Mərzilinin rəhbərliyi altında 25 ildir fəaliyyət göstərən “Təzadlar” qəzeti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan maliyyə dəstəyi, eyni zamanda heç bir yerdən qrant almadan müstəqilliyimizin və suverenliyimizin keşiyində olmaqla, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir. Asif Mərzili təkcə mətbu nəşr rəhbəri deyil, dərin və hərtərəfli biliyə, yüksək intellektə malik peşəkar jurnalistdir. Başqa sözlə, o, idarəetmə qabiliyyəti, yaradıcı münasibəti, təşəbbüskarlığı, prinsipiallığı ilə fərqlənən bir insandır. Çünki o, həm də İctimai Nəzarət Koalisiyasının sədr müavinidir. Məhz onun bu prinsipiallığına görə evi və maşını da yandırıldı. Bu tərəfdən isə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov onu mənəvi yandırır. Ona görə də istəyirəm ki, bizim əziz Ədalət Muradov kimi əmilərimiz, digər müəllim dayılarımız, bacılarımız haqqa gəlməli, amiranəlikdən, təkəbbürlükdən uzaq olsunlar, özlərini rektor, professor kimi yox, tələbələrin atası, vətəndaşların xidmətçisi, dövlətin qulluqçusu hiss etsinlər”.


"Jurnalistin fəaliyyəti zamanı heç kim ona mane ola bilməz"

TANINMIŞLARDAN ƏDALƏT MURADOVUN VƏ VƏLİ HÜSEYNOVUN KİV SORĞUSU CAVABSIZLIĞINA ETİRAZ - YENİLƏNİB Tanınmış hüquqşünas Adəm Məmmədov təəssüflənir ki, bəzi məmurlar mətbu orqanın informasiya almaq məqsədilə göndərdiyi sorğuya cavab vermək əvəzinə, cavabsızlığını pərdələmək üçün məsələni tamam başqa istiqamətə yönəltməyə, sorğunun mahiyyətini dəyişməyə cəhd edirlər: “Burda məqsəd soruşulan informasiyanı cəmiyyətdən gizlətməkdir. “Kütləvi informasiya vasitələri haqqında” qanunda göstərilir ki, KİV məlumat verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir. Eyni zamanda, jurnalistin qanuni peşə fəaliyyətinə mane olmaqla bağlı Cinayət Məcəlləsində hüquq normaları da mövcuddur ki, belə hallarda münasibətlər hüquq normaları ilə tənzimlənir. Belə ki, jurnalistin qanuni peşə fəaliyyətinə kimsə mane olursa, yaxud zor tətbiq edirsə, Cinayət Məcəlləsinin 163-cü maddəsi buna görə məsuliyyət müəyyən edib. Yəni jurnalistin fəaliyyəti zamanı heç kim ona mane ola bilməz”.

"İnzibati, bürökratik idarəçiliklə idarə olunan bəzi dövlət orqanlarının rəhbərləri məlumatlar verməkdən yayınırlar"

TANINMIŞLARDAN ƏDALƏT MURADOVUN VƏ VƏLİ HÜSEYNOVUN KİV SORĞUSU CAVABSIZLIĞINA ETİRAZ - YENİLƏNİB Hüquqşünas Yaşar Ağazadə bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə yazılı müraciətlər göndərmək hüququ var: “Hər bir müraciətə isə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Yəni burada söhbət təkcə kütləvi informasiya vasitəsindən getmir. Bununla yanaşı, kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edən “Kütləvi informasiya vasitələri haqqında” qanun da mövcuddur. Həmin qanunun 8-ci maddəsində də göstərilir ki, kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Və bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. İnformasiya almaq üçün isə sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər. Lakin inzibati, bürökratik idarəçiliklə idarə olunan bəzi dövlət orqanlarının rəhbərləri məlumatlar verməkdən yayınırlar. Halbuki məlumat almaq hüququnun pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsində də məsuliyyəti müəyyən edən maddələr mövcuddur. Kütləvi informasiya vasitəsi məlumatı verməkdən imtina edən vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məhkəməyə müraciət etmək hüququna malikdir.

Hazırkı halda isə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun doktorluq və professor diplomu ilə bağlı şübhələrə aydınlıq gətirilməsi üçün “Təzadlar”ın rektora və sonra da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına göndərilən sorğuya cavab verilməməsi bir ayıb, digər tərəfdən bir sıra saytların qəzetin fəaliyyətinə mane olmaq, təzyiq göstərmək məqsədilə üzərinə şər-böhtan yağdırmaları ikinci bir ayıb.

Təbii ki, mətbuat orqanının fəaliyyətinin bu formada məhdudlaşdırılması qınanılan hərəkətdir. Ancaq hesab edirəm ki, məhkəmə bu məsələ ilə bağlı ədalətli qərar qəbul edərək soğunun cavablandırılmasını Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzərinə bir vəzifə olaraq qoyacaq”.



E.ŞİRİNOV

Geri