DataLife Engine > Çap üçün versiya > "AİLƏMİN ÜZÜNƏ BAXA BİLMİRƏM"
DataLife Engine Azerbaijan Support > Problem, Sağ Manşet > "AİLƏMİN ÜZÜNƏ BAXA BİLMİRƏM"

"AİLƏMİN ÜZÜNƏ BAXA BİLMİRƏM"


12-09-2018, 15:21. Yerləşdirdi: admin
""Azərsu" ASC nin Mil-Muğan zonası üzrə 4 saylı Şirvan regional su-kanal idarəsinin rəis müavini Hamlet Hüseynov ailəmi aclığa və səfalətə məhkum edib"

Şirvan şəhəri, Natavan küçəsi, ev 52 ünvanında yaşayan Seyfiyev İbadət Qədir oğlu Pravdainfo.org Analitik İnformasiya Agentliyinin elektron poçtuna şikayət məktubu göndərib. İ.Seyfiyev "Azərsu" ASC nin Mil-Muğan zonası üzrə 4 saylı Şirvan regional su-kanal idarəsinin rəis müavini Hamlet Hüseynovdan şikayətçidir.

Şikayətçi yazır:


"Hörmətli redaksiya!

"Azərsu" ASC nin Mil-Muğan zonası üzrə 4 saylı Şirvan regional su-kanal idarəsinin rəis müavini Hamlet Hüseynovun mənə qarşı törətdiyi qanunsuz hərəkətlərinin dərhal qarşısının alınması və onun qanuazidd fəaliyyətinin araşdırılması məqsədi ilə sizə müraciət edirəm!

Bildirmək istəyirəm ki, ailəmlə birgə uzun illər Rusiyada yaşamışam. Doğma ölkəmizdəki ictimai sabitliyi və demokratik ab-havanı nəzərə alaraq, ailəmlə birgə vətənimə qayıtmışam. Ailəm 8 nəfərdən ibarətdir və ailənin yeganə gəlir mənbəyi "Azərsu" ASC-nin Şirvan Şəhər Sukanal İdarəsində aldığım 250 manat əmək haqqım olub.

Ali təhsilliyəm, Rostov Dəmir yolu Mühəndisləri İnstitutunun mühəndislik fakültəsini bitirmişəm. Son iş yerim "Azərsu" ASC-nin Şirvan Şəhər Sukanal İdarəsində Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə 8-ci dərəcəli mühəndislik vəzifəsi olub. Və vəzifəmin öhdəsindən layiqincə gəlmişəm.

Lakin 11.06.2018-ci ildə Mil-Muğan zonası üzrə 4 saylı Şirvan regional su-kanal idarəsinin rəis müavini Hamlet Hüseynovun şəxsi təşəbbüsü və səyi nəticəsində heç bir əsas olmadan məni işdən çıxartdılar. Əsas olaraq Əmək Məcəlləsinin 70-ci Maddəsinin "b" bəndini (ixtisar) göstərdilər. Baxmayaraq ki, idarədə 120 nəfər çalışır və məndən başqa heç kim işdən çıxarılmadı. Hətta 70 yaşlı işçi belə, işdən çıxarılmayaraq başqa işə keçirildi. Deməli, burada qərəzli münasibət var və ayrı-seçkiliyə yol verilib.

Xatırladım ki, 13.01.2016-cı ildə işə qəbul edilən zaman mənimlə 5 illik əmək müqaviləsi bağlanmışdı və işdən azad edilməyim səbəbsiz olduğuna görə Əmək Məcəlləsinin 68-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Bir sözlə, 8 nəfərdən ibarət aztəminatlı ailənin yeganə çörək qazananı səbəbsiz şəkildə işdən azad edərək aclığa və səfalətə məhkum etdilər.

"AİLƏMİN ÜZÜNƏ BAXA BİLMİRƏM" Hamlet Hüseynova müraciət edərək ailəmin maddi durumunun olduqca ağır olduğunu və işdən azad olunduğum təqdirdə ailəmin faktiki məhv olacağını bildirdim. Lakin H.Hüseynov mənimlə çoxdan apardığı ədavəti və gözügötürməzliyini bir daha büruzə verərək, vətəndaş yalvarışlarıma belə, məhəl qoymayaraq fikrində israrlı olduğunu söylədi.

Xatırladım ki, H.Hüseynov Şirvan Sukanal İdarəsi regional idarəyə çevrilməzdən öncəki illərdə idarənin rəhbəri olub və onun əmək fəaliyyəti bilavasitə korrupsiya və digər hüquqazidd əməllərlə olduqca zəngin olub. Belə olduğu təqdirdə, pozulmuş hüquqlarımın bərpası ilə bağlı 15.06.18 tarixində "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Q.Hüseynova, İnsan Hüquqları Müvəkkilliyinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Şirvan Şəhər İcra Hakimiyyətinə teleqram göndərərək haqq-ədalət tələb etdim. Lakin əfsuslar olsun ki, bu qurumlar bugünədək mənə cavab verməyib. Necə olur ki, işçilərinin sayı 120 nəfər olan bir müəssisədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisi əsassız olaraq işdən azad edilsin və onun ştatı ümumiyyətlə ləğv edilsin?! Axı bu hal Texniki Təhlükəsizlik haqqında AR-nın qanununa ziddir və bilavasitə həmin müəssisədə baş verə biləcək qəzaların qarşısını almağa və baş vermiş qəzaların nəticələrini aradan qaldırmağa yönələn fəaliyyətin tam əksidir.

Hörmətli redaksiya!

Sukanal İdarəsində çalışdığım illər ərzində Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət işini yüksək səviyyədə aparmış, sanitar texniki vəziyyətin yoxlanılmasını, iş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını və habelə, işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmişəm. Sukanal İdarəsi kimi strateji qurumda peşəkar bir işçini şəxsi intriqaya qurban verərək onun xəstə və kasıb ailəsini ölümə məhkum etmək cinayət deyilmi?!

İndi isə Hamlet Hüseynovun korrupsiya tərkibli əmək fəaliyyəti barədə tutarlı arqumentləri qeyd etmək istəyirəm. Belə ki, mən Əli Bayramlı "DRES"-də işlədiyim zaman H.Hüseynov orada həmkarlar ittifaqının sədri işləyirdi. Elə o vaxtdan mümkün korrupsiya üsulları ilə dövlət vəsaitini mənimsəmə hallarına yol verir, həmkarlar ittifaqına yığılan pulu mənimsəyirdi. Eləcə də "Azərsu" MMC-nin sədri Ramil Sadıqov tərəfindən məhkum olunmaq üzrəydi. Buna səbəb: idarənin balansında olan 400 mm diametrli boruları sataraq mənimsəməsi faktı idi. Lakin H.Hüseynov şəhər icra başçısının müavini Şəfahət Əsgərovun köməkliyi ilə məsuliyyətdən yaxa qurtarmağa müvəffəq oldu. Hər bir dövlət məmuru vəzifə borcunu şərəflə yerinə yetirməli olduğu halda, H.Hüseynov bütün dövrlərdə, eləcə də Sukanal İdarəsinə müdir təyin olunandan sonra belə, öz əməllərindən əl çəkməmişdir.

Məlumata görə, 7000 manat verərək oğlu Nurlan Hüseynovu hərbi xidmətdən belə yayındıraraq ona "Lexus" JEEP markalı avtomaşın alan şəxs dövlətinə necə sadiq ola bilər? Digər bir fakt H.Hüseynovun idarədə işçilərdən 1500 manat alaraq öz işindən digər işə keçirməsidir. Hətta orta məktəb təhsilli şəxsin qurumda energetik vəzifəsində işləməsi də yuxarıda sadalanan korrupsiya və rüşvətin bəhrəsidir. O cümlədən, Bədən Tərbiyəsi Kollecinin məzunu hazırkı dövrədək idarədə 11-ci dərəcəli mühəndis işləməsi, Ukraynada statusu bəlli olmayan institutun qiyabi tələbəsinin 12-ci dərəcəli mühəndisin regionala keçməsi qanunazidd əməllər deyilmi? Ali təhsilli mühəndisin qanunsuz olaraq işdən çıxarılması, qeyri-sfera təhsilli və orta təhsilli birinin energetik işləməsi nə dərəcədə düzgündür? Təbii ki, bütün bunlar H.Hüseynovun korrupsiya və rüşvətə olan bağlılığından irəli gəlir.

Növbəti fakt olaraq bildirim ki, əldə olunan məlumata görə, H.Hüseynov bu yaxınlaradək 4 saylı Şirvan regional su-kanal idarəsində vakant ştat olan mexanik ştatına işçi götürərək ondan 3500 manat rüşvət almasıdır. O cümlədən, anbardardan 1500 manat və qurumda qrup rəhbəri vəzifəsində işləyən Şöhrət adlı şəxsdən 1500 manat pul alaraq onların işində dəyişiklik etdi və həmin şəxslər hazırkı dövrədək idarədə işləyirlər.

H.Hüseynovun təyin etdiyi Tarif Şurasının qiymətləri belədir: İşçi qurum daxilində işləmişsə və onun əmək haqqı 400 təşkil edirsə, ondan 1500, quruma yeni işçi qismində gəlirsə, bu zaman onlardan 3500-4000 manat alınır. Vaxtilə AXC fəallarından biri olan, hazırda YAP sıralarında dövlətçilikdən qisas alan Hamlet Hüseynovun korrupsiya sıyahısına onlarla belə faktlar əlavə etmək olar. Bu, hansı qanunvericilikdə yazılıb ki, dövlətə mümkün üsullarla xəyanət edən şəxs vəzifə başında olsun? Digər hüquqpozuntu faktı bu günlərdə keçirilən müqəddəs Qurban bayramı ilə əlaqədardır. Belə ki, Qurban bayramı münasibətilə avqust ayına olan ödəmələrin maliyyələşdirilməsi başa çatmasına baxmayaraq, Şirvan regional su-kanal idarəsinin işçilərinə əmək haqqı verilmədi. Çünki rəhbərlik idarənin adının dəyişdirilməsiylə bağlı bütün məzuniyyət, işdənçıxarma müavinətləri və digər ödənişlərini aldıqları üçün sıravi işçilər əmək haqlarını almaqdan məhrum oldular. İdarədə əmək hüquqları normaları kobud şəkildə pozulur, belə ki, idarə regional quruma keçid dövründə başda H.Hüseynov olmaqla bəzi şəxsləri çıxmaq şərti ilə, qalan işçilər bu günədək pullarını almayıblar və baş verən bu ayrı-seçkilikdən olduqca narahatdırlar.

Mənim atam Qədir Seyfiyev Böyük Vətən müharibəsi illərində cəbhədə vuruşub, müharibə əlili olub. Müqəddəs amal və gələcək günlərimizin xoşbəxtliyi naminə sağlamlığını itirib. Məgər o, bunun üçünmü döyüşüb ki, onun ailəsi hansısa rüşvətxor məmurun əlində oyuncağa çevrilərək ac-yalavac halda dilənçiliyə məhkum edilsin? Bu boyda özbaşınalıq olmaz! Axı bu, ədalətsizlikdir və bunun qarşısı dərhal alınmalıdır. Hamlet Hüseynov buna görə məsuliyyətə cəlb edilməli və barəsində qanuni tədbirlər görülməlidir. Artıq ailəmin üzünə baxa bilmirəm. Kommunal borclar yığılıb qalıb, ödəyə bilmirəm. Çörək almağa belə pulum yoxdur, övladlarımın üzünə baxa bilmirəm. Bu yaxınlarda Qurban bayramı oldu, təəssüflər olsun ki, bizim ailə imkansızlıq ucbatından bayrama qatılmaqdan məhrum olduq. Artıq bu səbəbdən intihar həddinə çatmışam, özümə qəsd etmək istəyirəm. Çünki vəziyyətim çox pisdir və baş verən olaylar səbəbindən nevroz olmuşam.

Hörmətli redaksiya!

Sonda üzümü ölkə sizə tutaraq hər zaman haqqı-nahaqqdan ayıraraq ədaləti dəyərləndirməyi bacaran mətbuatımızdan məsələni ictimailəşdirməyi xahiş edir və bu imkandan istifadə edərək hüquq-mühafizə orqanlarından baş verənlərdə əsas günahkar olan Hamlet Hüseynov barəsində müvafiq tədbirlər görülməsini xahiş edirəm".

Şikayətlə bağlı "Azərsu" ASC nin Mil-Muğan zonası üzrə 4 saylı Şirvan regional su-kanal idarəsinin rəis müavini Hamlet Hüseynovun möqeyini öyrənmək istədik. Lakin təəssüflər olsun ki, zənglərimiz cavabsız qaldı. Odur ki, H.Hüseynovu da dinləməyə hazırıq.

(Pravdainfo.org)

Geri