DataLife Engine > Çap üçün versiya > Babək və onun mübarizəsi bizim üçün niyə şanlı tarixdir?
DataLife Engine Azerbaijan Support > Sağ Manşet, Köşə > Babək və onun mübarizəsi bizim üçün niyə şanlı tarixdir?

Babək və onun mübarizəsi bizim üçün niyə şanlı tarixdir?


10-08-2018, 12:48. Yerləşdirdi: admin
Abdulla İsmayıloğlu

Yazıya başlamazdan öncə oxuculara, xüsusiylə də Babək sevdalılarına onu bildirim ki, ölməz qəhrəmanımıza qarşı ilk dəfə təxribatçı çıxışlar edən deputat Fazil Mustafaya "168 Saat" qəzetinin 8 may 2015-ci il tarixli № 05 (666) nömrəsində "Bizim açıq qalan Babək problemimiz" məqaləsi ilə tənqidi cavab yazmışdım.

Hətta “Xan Xəzinəsi” kitab mağazasında çalışdığım zaman, daha dəqiq desək, 19 oktyabr 2017-ci ildə adı çəkilən deputat mağazamıza təşrif buyurdu. Onunla səmimi söhbət etdik, söhbət əsnasında vaxtilə Babək haqqında söylədiyi fikirlərə görə onu tənqid etdiyimi bildirdim. Mağazada olduğu 20 dəqiqəyə yaxın müddətdə biz yenidən Babək mövzusuna qayıtdıq və mən onu yenə də sərkərdəmizə qarşı çıxış etdiyi mövqeyinə görə tənqid etdim. O, bildirdi ki, “biz tariximizdə faydalı məsələləri saxlamalı, təbliğ etməli, şərəf duymalıyıq; Babək haqqında isə 1-2 abzaslıq məlumat verilsə bəs edir”. Ona cavab olaraq, bildirdim ki, Oliver Kromvel İngiltərə tarixində ən qaniçən hökmdar kimi iz qoyub, ingilislər onu sevməsələr də, tarixdən çıxartmadılar, hətta qürurla qeyd edirlər ki, Kromvel olmasaydı İngiltərə böyük imperiyaya çevrilə bilməzdi. Bu cavabımdan sonra Fazil bəy qısa bir cavab verdi: «Bu, sizin fikrinizdir». Xöşbəxtlik mənə həm mətbuatda, həm də üz-üzə Fazil Mustafanı tənqid etməyi nəsib etdi.

Qayıdaq yenidən deputatın yanlışlarına. Fazil bəy, “Lider” televiziya kanalındakı “Status” verlişində bildirirsiniz ki, “tariximizi düzgün dərk etmək üçün M.Ə.Rəsulzadəyə müraciət etməliyik. Həmçinin, vaxtilə ANS televiziyasında efirə gedən “Açıq söhbət” verlişində də demişdiz: “Azərbaycan tarixində M.Ə.Rəsulzadə maştabında tarixə doğru baxış ortaya qoyan ikinci bir siyasi kimlik və bilgili adama mən rast gəlməmişəm. Birinci mənbə Rəsulzadənin dedikləridir”.

Hörmətli Fazil bəy, M.Ə.Rəsulzadə Azərbaycan çağdaş tarixinin ən görkəmli nümayəndəsidi, hətta əminliklə deyə bilərik ki, XX əsr dövlətçiliyimiz tarixində flaqmanlıq edən şəxsdir. Doğrudur, XX yüzillikdə daha 5 nəfərin - Nəriman Nərimanov, Mir Cəfər Bağırov, Şıxəli Qurbanov, Heydər Əliyev, Əbülfəz Elçibəyin adlarını da qeyd etməliyik. Onların heç biri Rəsulzadə qədər olmasalar da, ən azından böyük hünərlər göstərərək, Azərbaycan tarixi və bizlər üçün çox böyük işlər gördülər. Tarixə obyektiv yanaşılsa, görərik ki, bu 5 şəxsiyyətin fəaliyyətlərinin bir-birilərinə zəncir kimi bağlılıqları var.

Nəriman Nərimanov güclü siyasi fiqur olmasa da, bir marifçi, həkim kimi qara camaatın ağ günə çıxması üçün az iş görməyib. Elə onun Azərbaycanda ilk qiraətxananın açılması, milli teatrın, kinonun inkişaf etdirilməsi, kasıb insanların marifləndirilməsi, ən əsası 1923-cü ildə milli satqınlar olan Əliheydər Qarayev, Mirzə Davud Hüseynov, Ruhulla Axundov kimilər Qarabağı ermənilərə peşkəş etmək istəyəndə Nərimanov onlara qarşı təkbaşına mübarizə apararaq DAĞLIQ QARABAĞ ERMƏNİ MUXTAR VİLAYƏTİ adından "erməni" sözünü götürdü və Qarabağ Azərbaycanın ayrılmaz tərkibi olaraq muxtar vilayətə çevrildi. Eləcə də digər fəaliyyətlərini göstərmək olar. Təbii ki, bununla yanaşı, onun mənfi xüsusiyyətləri də olub ki, onlardan ən birincisi və bağışlanmazı “Mart soyqrımları” zamanı 26-lar cəbhəsində olması, soydaşlarımızın başına gətirilən qırğınların qarşısını almaq üçün açıq etiraz bildirməməsidir. Elə bu barədə özünün yazdığı “Ucqarlarda inqilabımızın tarixina dair” xatirələrində kifayət qədər sanballı məlumatlar var. Həmin yazılarda yalnış cəbhədə aparılan mübarizə, gəlişi gözəl vədlərlə aldadılaraq bir əşya kimi istifadə edilmiş, ümidləri puça çıxan bir solçunun həddindən çox gecikmiş etirafını görmək mümkündü. Eyni zamanda, həmin yazını oxuyanda bəlli olur ki, Nərimanov bütün şərq regionunda inqilab edib güclü sosialist dövlətləri ittifaqı yaratmaq istəyirdi, hətta Leninə məktublarında Əfqanıstanda, Hindistanda fəhlələri və ingilislərin zülmündən cana gəlmiş insanları maarifləndirməyi, silahlandırmağı ən başlıça məqsəd olmasını israrla vurğulayırdı. O, qeyd edirdi ki, adı çəkilən ölkələrdə proletar inqilabı üçün cox gözəl şərait yetişib, əgər bundan istifadə etməsək, şərq xalqlarının gözündə nüfuzumuzu itirəcəyik və ingilislər bundan istifadə edərək onları bizə qarşı qaldıracaq. Unutmayın ki, Avropada fəhlələri kapitalist istismarçılarına qarşı qaldırmaq üçün “Qərb kapitalistlərini” Şərqdə sarsıdıcı məğlubiyyətə uğratmalı, onların ayağını buralardan birdəfəlik kəsməliyik. Əgər biz şərqdə proletar inqilabını gerçəkləşdirsək, qərb özü-özlüyündə boğulacaq. Lakin onun çağırışları söz olaraq da qaldı. Nərimanovla bağlı son olaraq maarifçi, yazıçı, ən əsası mövcud olan və olmayan “təhsil sistemimizlə” müqayisədə xalqın maariflənməsində daha çox xidmətləri olan, son nəfəsini verənə qədər də bu yolu davam etdirəcək Xan Rəsuloğlunun ifadəsini qeyd etmək yerinə düşər: “İndi, az qala 300 milyonluq türk dünyasının qaytara bilmədiyi Qarabağı dövlətçiliyimizin ən zəif və hələ ki, ancaq kağız üzərində bizim olduğu bir vaxtda, Nərimanov tərkibimizdə saxlamağı bacarmışdı, özüdə üstündən "erməni" sözünü götüzdürməklə”.

Mir Cəfər Bağırov partiyanın sadiq əsgəri olsa da, o, daim Azərbaycanın bütövlüyü üçün çalışmışdı. Bu gün bir çox boşqab dibi yalıyanlar, saray tarixçiləri və özlərini “vətənpərvər” kimi göstərən qərbə satılmışlar M.C.Bağırovu xalqın gözündən salmaq üçün əllərindən gələni edirlər. Unutmayaq ki, Bağırov olmasa idi, bütün Azərbaycan xalqı Kazaxıstan çöllərinə sürgün ediləcək, torpaqlarımıza isə ermənilər köçürüləcəkdi. Bağırov Ruhulla Axundovu (1925-1926-cı ildə MK I katibi olsa da, müqəvvadan başqa bir şey olmayıb və sözün hər mənasında daşnak, yəhudi-bolşevik ağalarına qulluq edib) çıxmaq şərti Azərbaycana rəhbərlik etmiş ilk şəxsdi. Onun 20 ildən bir az artıq rəhbərliyi dövründə respublikanın bütövlüyünü qoruyub saxlaya bildi, xalqın kütləvi halda məhvinin, köçürülməsinin qarşısını aldı, erməni dığalarının Qarabağ və Naxçıvan iddialarına qarşı təkbaşına mübarizə apararaq onların arzularını gözlərində qoydu, ən əsası bütün vasitələrlə Cənubi Azərbaycanda Milli hökumətin yaranması üçün əlindən gələni etdi. O, şimallı-cənublu torpaqlarımızı birləşdirərək, bütöv Azərbaycan Sovet Sosialist Resbuplikasını yaratmaq istəyirdi. Amma Stalin buna imkan vermədi...

Şıxəli Qurbanov Azərbaycan dilini, yegənə milli bayramımız olan Novruzun, digər milli mənəvi dəyərlərimizi bərpa etmək üçün mübarizə apardı. Məhz Ş.Qurbanovun sayəsində Azərbaycan türkləri Novruzun gəlişini uzun həsrətdən sonra kütləvi halda məhz 1967-ci ildə daddılar. Azərbaycan dilinin dövlət dili statusu verilməsi uğrunda Moskva qarşısında məsələlər qaldırdı. Lakin onun müəmmalı ölümü (sui-qəsd faktı) bu işi gerçəkləşməsini 11 il yubatdı.
Məhz 11 il sonra, yəni 1978-ci ildə Heydər Əliyevin sayəsində Azərbaycan SSR-nın yeni qəbul olunan Konstitusiyasında Azərbaycan dili Respublikanın dövlət kimi qəbul etdirildi. Eləcə də, ölkədə yerli mütəxəssislərin yetişdirilməsində, vəzifələrdə irəli çəkilməsində, xüsusən də hərbi kadrların hazırlanmasındakı xidmətləri danılmazdır. SSRİ-də siyasi vəzifələrdə önə çəkilən 3 (Nərimanov, Bağırov, Əliyev) azərbaycanlı (türk) olub ki, onlar içərisində ən yüksək vəzifə tutan məhz Heydər Əliyev idi. O, SSRİ MK-nin üzvü olmaqla yanaşı, SSRİ Nazirlər Soveti Sədrinin I müavini vəzifəsinə irəli çəkilmişdi. Şübhəsiz ki, o, SSRİ-nin Prezidenti olmağa da layiq idi. Savadı, bacarığı, zəngin idarəçilik təcrübəsi buna imkan verirdi, lakin o, rus, ukrain, yəhudi olmadığına görə daha irəli çəkilmədi. Amma buna baxmayaraq, biz H.Əliyevin Azərbaycanın 3-cü prezidenti olmasından çox, onun SSRİ-də yüksək vəzifə tutması ilə daha çox fəxr etməliyik. Bir azərbaycan türkü olaraq dünyanın ən böyük dövləti olmuş SSRİ-də yüksək vəzifə tutmaq hələ heç kimə nəsib olmamışdı.

Əbülfəz Elçibəyə gəlincə o, bizlərə etnik mənşəyimizi və dilimizin türk olduğunu, AXC dövrünü, və s. geri qaytardı; Rus ordusunun torpaqlarımızdan çıxarılmasında danılmaz xidmətləri oldu. Lakin ətrafındakılar onun humanistliyindən istifadə edərək, şəxsi mənfəətlərini güddülər ki, nəticədə, ölkədə xaos yarandı. Bu gün də bəziləri şəxsi mənfəətləri üçün mərhum Elçibəyin ideyalarının pərdəsi altında gizlənərək özlərini millətçi-demokrat, Rəsulzadə-Elçibəy yolunun ardıcılları kimi qələmə verirlər.

Şəxsiyyətə düzgün qiymət verilməlidir. Rəsulzadə tarixçi, şərqşünas deyildi ki, Babəkə məhz onun nəzəriyyələrinə görə qiymət verək. Unutmayaq ki, Rəsulzadə kimi nəhəng dahi belə zaman-zaman fikirlərini süzgəcdən keçirərdi. Məsələn, 1913-cü ilə kimi Rəsulzadə qatı islamçı meyilli milliyətçi idi. Sonda millətçi-demokrat oldu. Ümumilikdə götürsək Rəsulzadə nə Babək, nə Şah İsmail Xətai nə də digər şəxsiyyətlərimizi aşağılayaraq tarixdən çıxarmağı səsləndirməyib. Qaldı ki, Babəklə bağlı iyrənc iftiralara, bu ərəb tarixçilərinin qərəzli yanaşmalarıdır. Siz bunu ya görmürsüz, ya da görmək istəmirsiz... Yalnız Səid Nəfisinin Babək haqqında 1990-cı ildə nəşr olunan kitabına nəzər yetirsəniz, görərsiniz ki, orda bir-birinə zidd olan nə qədər mənbələr var. Elə daim haqdan danışan Elşad Miriyə də bu kitabı oxumağa çağırıram. Elşad Mirinin Babəklə bağlı həqiqətə uyğun olmayan dediklərinə nəzər yetirsək görərik ki, onun Babək haqqında oxuduqları yalnız sosial şəbəkələrdə (əsasəndə din meyilli) olan qərəzli məlumatlardır.

(Davamı var)

Geri