DataLife Engine > Çap üçün versiya > Rusiya münaqişəli torpaqların həllinə niyə səy göstərmir?
DataLife Engine Azerbaijan Support > Siyasət, Sağ Manşet > Rusiya münaqişəli torpaqların həllinə niyə səy göstərmir?

Rusiya münaqişəli torpaqların həllinə niyə səy göstərmir?


16-05-2016, 17:32. Yerləşdirdi: memmedov
Amil Ağalar,
AKP Ağdam şəhər təşkilatının I katibi


1988-ci ildən Qarabağ və onun ətrafında cərəyan edən hadisələr bu gün hər bir azərbaycanlını və dünya ictimaiyyətini ciddi şəkildə narahat edir. ATƏT, Avropa Birliyi, BMT və ABŞ-ın Qarabağ probleminin həlli istiqamətində göstərdikləri bütün səylər öz müsbət bəhrəsini vermədi. Qəbul olunmuş qərar və qətnamələr demək olar ki, kağız üzərində qalmaqdadır. Rusiyanın diktəsi ilə hərəkətdə olan Ermənistan meydanda at oynatmaqda davam edir. Hadisələrin gedişi bir daha sübut etdi ki, Rusiya Ermənistanı türkdilli ölkələr, xüsusiilə də Azərbaycan üçün bir alətə çevirib. Son hadisələr bir daha göstərir ki, Ermənistana layiqli cavab verilməsə, daha dəhşətli nəticələrl özünü göstərər. Həlli uzanan Qarabağ problemi II Dünya müharibəsinin vurduğu zərbədən də dəhşətli ab-hava yaratmaqdadır. Gəlin görək Qarabağın işğal olunmasına səbəbkar kimdir və nə üçün belə bir oyuna gedilib?

Rusiya kəşfiyyatı SSRİ dağılarkən müstəqillik əldə etmiş dövlətlərin daxilində, Moldova – Dnestryanı, Azərbaycan – Qarabağ, Gürcüstan – Abxaziya, Ukrayna – Krım, Donetsk, Luqansk kimi münaqişəli torpaq məsələləri düşünülmüş şəkildə təşkil olundu. Burada əsas məsələ bu dövlətlərin ərazilərinin bir neçə yerə bölünməsi ilə bağlı gələcəkdə Rusiyadan asılı vəziyyət yaratmaq məqsədi güdürdü. Əfsuslar olsun ki, çox düşünülmüş bir siyasi oyun idi. Hadisələrin belə bir məcraya gəlib çatmasında əsas məqsəd MDB dövlətlərinin Avrasiya Birliyi formasında 15 respublikanın yenidən birliyinə nail olunması dayanır. Rusiyanın baş planı özünə qayıdışla əlaqədar olan bir haldır. Qorbaçov və Yeltsin müstəqillik əldə etmiş dövlətlərə müstəqillik sənədləşməsində tam müstəqillik verildiyindən yol verilən səhvlərin düzəldilməsi məqsədilə respublikalarda düşünülmüş şəkildə ərazilərin işğal olunaraq yenidən Rusiyaya birləşdirmək məqsədi güdürdü. MDB üzvü dövlətlərin birgə müdafiə protokoluna imza atmayan dövlətlərin hər birinə qarşı göstərilən təzyiqlər, münaqişəli torpaq məsələləri sözügedən məqsədə xidmət edir.
2011-ci ildə «Qarabağın həlli yolu Moskvadan keçir» başlıqlı məqaləmə Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan öz rəyini internetdə vermişdi. O, qeyd etmişdi ki, Qarabağın həlli yolu MDB dövlətlərinin birgə müdafiə protokoluna imza atılması yolu ilə həll olunacaq, bu məqalənin mətnini bütün Azərbaycan xalqına çatdırın.
Qəribə görünsə də reallıq bundan ibarətdir. Rusiya prezidenti Vladimir Putinin planı bundan ibarətdir. Onun 15 respublikanın hamısını yenidən birliyə qoşacağı şübhə doğura bilməz. Azərbaycana qarşı bütün təzyiqlər ancaq sözügedən birliyə getmədiyimiz üçün törədilən oyunlardır.
Müstəqillik gözəl nemətdir. Qarabağı itirməmək üçün hələlik razılaşma yerinə düşərdi. Ancaq o şərtlə ki, ermənilər tamamilə Azərbaycan ərazisindən köçürülsün.
Qarabağ hadisələri bir çox dövlətlər üçün Rusiyaya qarşı Azərbaycanı qonşu dövlətlərlə düşmənçiliyə sövq etməkdədir. Açığı desək, ABŞ dövləti ilə əlaqələrimiz Rusiyanı qıcıqlandırır. Dövlət səviyyəsində ABŞ-a nümayəndə heyəti gedərkən Ermənistan tərəfindən Azərbaycana qarşı təxribatlar, hücumlar baş verir. ABŞ ilə son görüşdən dərhal sonra Ermənistanın Azərbaycana qarşı təxribatı təkrar olundu.
23 ildə Qarabağla bağlı hər bir görüşün səmərəsiz başa çatması açıq-aydın göstərir ki, məsələnin həlli yeni yolların tapılmasındadır. «Amerika, Amerika» deyilir. Gəlin, yaxın keçmişə nəzər salaq. ABŞ müsəlman ölkələrinə nə bəxş edib? Şimali Afrika ölkələrinə qarşı müharibələr, kütləvi qırğın, tarixi mədəniyyətlərin məhvi və s. ABŞ Rusiyaya qarşı kəskin münasibəti hesabına əvvəl guya hansısa dövlətə dayaq duracağını bəyan edir, sonra isə arxasından qaçır. Nəticədə, hansısa dövlət Rusiyaya qarşı düşmən mövqedə olur. Rusiya tarixi yeniləşməkdədir. Götürək Gürcüstanı, Ukraynanı, bu respublikaları neçə yerə böldü? Yaxşı yadımdadır, Amerika gəmiləri Qara dənizə daxil olarkən Rusiya nota verdi, əgər gəmilər çıxmasa, vuracağını bildirdi və həmin gün də ABŞ-ın gəmiləri dislakasiya yerinə geri qayıtdı.
Rusiyanın Abxaziyadakı generalı televiziya ilə çıxışında dediyi ifadə indi də yaddaşlardadır: «Əgər Baş Komandan göstəriş verərsə, Gürcüstanı yerlə bir edərik!». Bu gün Rusiyanın mövqeyi və gücü ilə hesablaşmamaq sadəlövhlük olardı. Rusiyanın hərbi qüdrəti bu gün imkan verir ki, öz hegemonluq mövqeyini bərpa etsin. Rusiyanın bugünkü planı qoşun yeritmədən öz təşəbbüsləri ilə respublikaları yeni formada birgə müdafiə birliyinə qoşmaqdır. Rusiya ABŞ-a və Avropa Birliyinə görk üçün Suriya ərazisinə daxil olub İŞİD qruplaşmasına qarşı tədbirlər adı altında özünün hərbi bazasını yaratdı. S-300, S-400 raketlərini Suriya ərazisində yerləşdirməklə Qərbin müdaxiləsinin qarşısını aldı.
Rusiya rəhbərliyi açıq şəkildə deməsə də, məqsədi nədən ibarətdir? Rusiya böyük və çətin imtahan qarşısındadır: ya tam parçalanma, ya da SSRİ məkanında olan dövlətlərin birliyinə nail olmaq. Yekun olaraq on beş respublikanı bir bayraq altında birləşdirmək. Ona görə də məlum dövlətlərin ərazilərinin parçalanmasına yol verildi və həmin dövlətlərin əldən çıxmaması üçün ərazilərin zəbt edilməsinə nail olmaqla bu dövlətləri asılı vəziyyətə saldı. Bu da həmin dövlətlərin tam müstəqilliyinə ciddi zərbədir. Bütün bu oyunların gedişində məqsəd MDB-nın birgə müdafiə protokoluna imza atdırmaqdan ibarətdir.
Hadisələrin gedişi göstərir ki, hazırkı durum düşünülmüş addımların atılmasına zəmin yaradır. Torpaqların azad olunması insan itkisinin qarşısının alınması naminə işğal altında qalan torpaqların qeyri-şərtsiz qaytarılması yolu ilə birgə müdafiə protokoluna imza atılması müsbət hal sayılardı.
Zaman özü hər şeyi göstərəcək. Şuşanı, Laçını, Kəlbəcərin ermənilərin işğalında saxlanılması xalqımıza xəyanətdir. Belə olan halda, dünya dövlətlərinin nifrətinə düçar olarıq. Necə oldu ki, 50 ildən sonra Almaniya birləşdirildi. Rusiya rəhbərliyinin ərazi bütövlüyünə səy göstərməməsi nifrət hissi oyadır. Hadisələrin gedişində ABŞ kartının da mənfi təsiri artıq üzə çıxır. Bu, nədən ibarətdir? ABŞ dövlət rəhbəri, müsəlman dünyasına qənim kəsilmiş Obamanın dəstək durduğu hər bir dövləti sona qədər müdafiə etməməsi, yarı yolda qoyması baş verən hadisələrdən aydın görünür. Ona görə də Qərbin diktəsi ilə hərəkət etməməliyik. Dünya praktikasında uzun illərdir müşahidə olunur. ABŞ-ın Rusiya ilə qarşıdurması özünü bütün sahələrdə göstərir. ABŞ istəyir ki, dünyada öz hökmranlığını qoruyub saxlasın, eyni zamanda Rusiya da hegemonluğunu saxlamaq istəyir.
Azərbaycan-Ermənistan münasibətlərindən istifadə edən Qərb dünyası əmin-amanlıq dövrünü yaşayan Azərbaycan torpaqlarında III Dünya müharibəsinin sınaq və başlanğıc məqsədi güdən planını cızır.
Qərb dövlətləri Suriya hadisələrində belə riskə getmədilər. İndi ABŞ Suriyaya az sayda olsa da, ordu hissələri göndərməklə Bəşir Əsədə qarşı terror planı da nəzərdə tutula bilər. Regionda hadisələrin gərginliyi onu göstərir ki, Pakistan, Türkiyə, İran və İsrail Qarabağla bağlı oyuna cəlb olunsun. Onda Azərbaycan poliqona çevrilə bilər. İndiki durum çox şeydən xəbər verir.
Dünyanın aparıcı dövlət rəhbərləri, din xadimləri Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasına hazır olduqlarını bəyan etsələr də, müsbət nəticə yoxdur. Yeganə həll yolunu Rusiyada görmək daha doğru olardı.
Rusiya silahlı qüvvələrinin baş qərargah rəisinin Ermənistana gəlişi nəyə xidmət edir? Açıqlama olmadığına görə hər an ehtiyatlı olmaq tələb olunur. Hazırkı hadisələrin gedişində Putinin Qorbaçovun etdiyi tarixi cinayətin aradan qaldırılması üzərində işini qurmaq əvəzinə, Azərbaycan torağı hesabına böyük erməni dövləti yaratmaq fikri növbəti cinayət olardı. Rusiyanın Ermənistanı açıq şəkildə dəstəkləməsinə birmənalı baxılması tarixi hadisələrə yanlış mövqedən yanaşma olardı. Putin MDB dövlətlərinin birliyinə gedişdə israrlıdırsa, onda o, mütləq münaqişəli torpaq məsələsinin rəsmi həllində qısa müddədə sözünü deməlidir. Əgər Putin Qarabağın uzun illər işğalda qalmasına və ədalətsizlik göstərərək dədə-baba yurdumuzun ermənilərə verilməsinə dolayı yolla rəvac verərsə, xalqımız hər qarış torpağı uğrunda döyüşə hazırdır. Azərbaycan xalqı heç vaxt Şuşa, Laçın, Kəlbəcər torpaqlarından keçə bilməz.
Azərbaycan ordusu aprel ayında işğalçı Ermənistan üzərindəki üstünlükdən qanunauyğun şəkildə əməliyyatları üç gün davam etdirsəydi, Qarabağda erməni qalmayacaqdı. Rusiyanın xarici işlər naziri Lavrovun, baş nazir Medvedyevin Bakıya və İrəvana səfəri sözün əsl mənasında 70-80 faiz atəşkəsə gedilməsi Azərbaycan üçün zərbə oldu.
Hər şeydən öncə dağlıq ərazi olan Xankəndi, Şuşa, Turşsu, Laçın və Kəlbəcər kimi əvəzsiz, strateji üstünlük hesab olunan ərazilərdə erməni qüvvələrinin daha mütəşəkkil hazırlığına zəmin yarandı. Azərbaycan tərəfi bilməli idi ki, Rusiya tələsinə düşmək Gürcüstan, Ukrayna və Moldovanın teleyini yaşamaq deməkdir.
Azərbaycan gəncliyi, yaşlı nəsil - hər birimiz Qarabağın azadlığı uğrunda səfərbərliyə hazır olmalıyıq. Qoy, Rusiya rəhbərliyi bilsin ki, mövqeyindən asılı olmayaraq hər bir vətən övladı belə bir gündə yumruq kimi birliyə sadiqdir.
SSRİ-nin dağılması sözsüz ki, Azərbaycan üçün özünü tanımaqda yardımçı oldu. Ona görə də dövlət xalq üçün dayaq olmalı, xalq isə onun müdafiəçisidir. Allah Azərbaycan xalqı üçün hər bir neməti bəxş edib.
Hazırkı şəraitdə Qarabağın həlli yolunu müharibədə görmək düzgün olmazdı, lakin Azərbaycan tərəfi atəşkəsə getməsəydi, artıq ermənilər Xankəndini tərk etmiş olardı. Tarixən əldə edilən qələbələr risklər sayəsində mümkün olmuşdur. Qərb dövlətləri Rusiyanın qərb sərhədi Pribaltika da daxil olmaqla hərbi silahlar və ordu ilə mühasirəyə alması III Dünya müharibəsinin hər an başlayacağından xəbər verə bilər. Silahı Azərbaycana və Ermənistana satmaqla, qarşıdurmadan istifadə edərək qan tökülməsi üzərində planlı şəkildə məqsədlərinə çatmaq istəyən Rusiyanın düşünülmüş planı diqqətdən qaçmamalıdır.
V.Putinin mətbuatda «Ermənistanı dəstəkləməliyik» deməsi, Jirinovskinin «Nə qədər ki, Rusiya bayrağı Qarabağda dalğalanmır…» səpkili çıxışının diqqətdə saxlanılması xüsusilə mühüm əhəmiyyət kəsb etməlidir. Və bunun arxasında nələr dayandığının çox ciddi müzakirəyə ehtiyacı var.

Geri