DataLife Engine > Çap üçün versiya > Salmanın oğlu Putini hədələdi - “Üç günə məhv edərik”
DataLife Engine Azerbaijan Support > Siyasət, Son Dəqiqə > Salmanın oğlu Putini hədələdi - “Üç günə məhv edərik”

Salmanın oğlu Putini hədələdi - “Üç günə məhv edərik”


27-06-2017, 21:00. Yerləşdirdi: admin
Bir neçə gün əvvəl Səudiyyə Ərəbistanında kral Salmanın varisi elan edilən 31 yaşlı şahzadə, müdafiə naziri Məhəmməd bin Salman Əl-Səud Rusiyaya qarşı çox sərt mövqedən çıxış etməyə başlayıb.

“TEZADLAR.AZ” “Virtualaz.org”a istinadən xəbər verir ki, iyunun 23-də mətbuat üçün rəsmi bəyanatında şahzadə Məhəmməd Rusiyanı və prezident Putini Səudiyyə Ərəbistanı üçün “başlıca təhdid” adlandırıb. “Hesab edirəm ki, Suriyada başı əzilməli olan bir çox terrorçu qruplar var. Lakin əsas təhdid ruslardır. Ruslar terrorçuluğu Yaxın Şərqdə yaymağa çalışır. Başa düşmək çətin deyil ki, bu terrorçular Rusiyanın onlara dəstək verdiyini və Azad Suriya Ordusunu bombaladığını görəndə necə ruhlanırlar”-gənc varis bildirib.

Davakar varis sonrakı açıqlamalarında bir qədər də irəl gedib, Suriyadakı Rusiya qüvvələrini “üç günə məhv edə biləcəklərini” deyib. “Səudiyyə Ərəbistanı Rusiyaya qarşı yumşaq metodlardan istifadə etmək niyyətində deyil. Biz Putinə ultimatum göndərəcəyik. Əgər Rusiya nizamsız bombardmanları davam etdirəcəksə biz onların qüvvələrinin qarşısını almaq üçün tədbir görməli olacağıq. Rusiya yadda saxlamalıdır ki, bizim hərbi imkanlarımız Suriyadakı Rusiya qüvvələrini üç gün ərzində məhv etməyə kifayətdir”-şahzadə hədələyib.

Kralın varisinin bu hədəsinin nə dərəcədə ciddi olduğu başqa məsələdir. Doğrudur, Səudiyyə Ərəbistanı dünyanın ən iri silah idxalçısı olaraq qalır və ordusunu ən müasir silahlarla silahlandırıb. Lakin bu silahların döyüşdə tətbiqinə gəldikdə vəziyyət fərqlidir. Səudiyyə Ərəbistanı iki ildən çoxdur ki, Yəməndə husi qiyamçılarına qarşı bütün hərbi arsenalını işə salsa da əhəmiyyətli hərbi uğurlara nail ola bilməyib. Bu baxımdan şahzadənin Suriyadakı Rusiya qüvvələrini “üç günə məhv etmək” hədəsi qeyri-ciddi qarşılanır. Bununla belə onun sərt ritorikası Ər-Riyadın Suriya məsələsinə görə Rusiyaya qarşı necə qəzəbli olduğunu göstərir. Və belə deməyə əsas verir ki, səudlar Suriyada Bəşər Əsədə qarşı çıxan qüvvələrə dəstəyi daha da artırmaq niyyətindədir.

Rusiya isə əlbətdə ki, kral Salmanın varisinin təhdidindən çəkinib Suriyanı tərk etmək niyyətində deyil. İsrailin “Mossad”a yaxın “Debka” saytının yazdığına görə Rusiya Suriyanın cənub-şərqində yeni hərbi bazanın tikintisinə başlayıb. İsrail Müdafiə Nazirliyindəki mənbələrin bildirdiyinə görə baza Suriyanın Bir əl-Kasab rayonunda, Qolan təpələrinin və İsrailin 96 kilometrliyində yerləşəcək. Rusiya bazasını Suriya müxalif qüvvələrinə təlim keçən Amerika və İordaniya hərbçilərinin bazasından 185 km məsafə ayıracaq.

Rusiyanın bu bazanı tikməkdə məqsədi Suriyanın cənubundan şərqinə aparan strateji yol qovşaqları üzərində nəzarətdir. Bu, Bəşər Əsədin mövqelərini xeyli gücləndirmiş olacaq. Bildirilir ki, yeni hərbi bazanın tikintisi İordaniyanın paytaxtı Əmmanda Rusiya ilə ABŞ arasında məxfi danışıqların getdiyi bir vaxtda baş verir. Bu danışıqlarda Suriyadakı məsuliyyət zonalarının bölüşdürülməsi barədə müzakirələr gedir. ABŞ Rusiyanın İranın dəstəklədiyi qüvvələrin Suriyada yeni ərazilər ələ keçirməsinə dəstək verməsindən narahatdır.

Bu arada ABŞ administrasiyası xəbərdarlıq edib ki, Suriya rejimi yeni kimyəvi silah hücumuna hazırlaşır. Prezident Trampın mətbuat katibi Şon Spayser Ağ Evdə jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar Bəşər Əsəd rejiminin yeni kimyəvi silah hücumu həyata keçirmək üçün hazırlıqlar apardığını qeydə alıb. “Əgər Əsəd qadın və uşaqların da ölümünə yol açan daha bir kütləvi qətliama əl atarsa buna görə yüksək qiymət ödəməli olacaq”-Spayser xəbərdarlıq edib.

Xatırladaq ki, bu il aprelin 4-də Suriya Rejiminin Xan-Şeyxun qəsəbəsinə kimyəvi silah zərbəsindən sonra ABŞ Əsəd qüvvələrinin aviabazasına “Tomoqavk” zərbələri endirmişdi.

Geri